“15 ildir heç kimdən dərs almadan
rəssamlıqla məşğul oluram”
Rüfət Şahbazov: “Azərbaycanın cizgi film industriyasını yenidən canlandırmaq, inkişaf etdirmək kimi bir arzum var. Bunun uşaqların öz doğma dilimizdə cizgi film izləməsi və milli obrazlarımızı daha yaxşı tanımalarına böyük faydası olacağına inanıram”
“Bəzi müasir rəssamlar kətan üzərində
mənasız rəsmlər çəkir, mənasız rənglər
işlədir və bunun adına incəsənət
deyirlər”
Bəzən elə istedadlar olur ki, onları cəmiyyətə təqdim etməyə böyük ehtiyac yaranır. Çünki bu istedadlı şəxslərin gənc yaşlarından ortaya qoyduğu bacarıqlara nəzər salanda, əmin olursan ki, belə vətəndaşlarımız perspektivli gələcəyə malik olmaqla yanaşı ölkəmiz, dövlətimiz üçün də çox işlər görəcək, parlaq istedadları ilə məşğul olduğu sahədə böyük uğur qazanacaqlar. Belə istedadlı gənclərdən biri də Rüfət Şahbazovdur. Rüfət rəssamlıqla məşğul olur və onun bu sahəyə olan marağı, rəssamlıq haqqındakı fikirlərini oxuculara təqdim edirik:
-Özünüz barədə məlumat verərdiniz.
- Mən, Rüfət Şahbazov, 6 fevral 1995-ci ildə Bakı şəhərində doğulmuşam. 2012-ci ildə 45 saylı orta məktəbdən məzun olmuşam. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin 4-cü kurs tələbəsiyəm. Hazırda rəssam kimi də fəaliyyət göstərirəm və nə qədər qəribə səslənsə də, rəssamlığa həvəsim bir televiziya verilişi ilə yaranıb. Verilişə baxarkən hansısa bir dizaynerin sürətli video vasitəsi ilə sadə karandaş ilə necə avtomobil çəkdiyini göstərirdi. Onun çəkdiyi rəsmin perspektivi, detalları, kölgələri o qədər mükəmməl idi ki, bu mənim həvəslənib əlimə qələm-kağız alıb çəkməyə başlamağıma səbəb oldu.
-Bu
təxminən nə zaman olmuşdu?
Yəni, bu sənətə maraq hansı yaşdan
başladı?
-6 yaşım var idi. Əlbəttə bu videonu izləyərkən 6 yaşında olduğum üçün çox da yaxşı rəsmlər yarada bilmirdim. Amma 6 yaşlı bir uşağın gözünə xoş dəyəcək qədər yaxşı bir rəsm alınmışdı. Beləliklə rəsm həyatım başladı. Hər gün nə isə cızma-qara edir, avtomobillərin rəsmini vərəqə köçürürdüm. Bundan sonra əsl avtomobil həvəskarı da olmuşdum. Hər markada və hər tipdə avtomobil növləri çəkirdim. Hətta məktəbdə, evdə, həyətdə belə, rəsmlər çəkirdim. Artıq rəsm mənim həyatımın ayrılmaz bir parçasına çevirilmişdi. 14-15 yaşıma kimi avtomobillərlə maraqlandım. Başqalarının avtomobillərini çəkməkdən bezib, “Niyə öz avtomobil markamı yaratmıram?”- deyə özümə sual verdim. Bundan sonra öz avtomobil markamı- kağız üzərində “Nimbus auto” adlı bir marka da yaratdım və öz avtomobillərimi dizayn etməyə başladım. Çoxları məndən “Nimbus”-un nə məna verdiyini soruşurdu. Mən buna cavab verə bilmirdim, çünki mən bu adı “Harry Potter” filmindəki “Nimbus 2000” adlı uçan süpürgədən həvəslənib seçmişdim. Hətta “Nimbus auto” üçün emblem də yaratmışdım. Artıq bir-iki il də böyümüşdüm. Artıq avtomobillərə olan həvəs elə həvəs kimi də bir kənarda qaldı. Artıq yaponların “Anime” adlanan filmlərindən həvəslənib insan və insana bənzəyən başqa məxluqları çəkməyə başlamışdım. Oyun və kino kimi personajlardan da ilhamlanıb yeni obrazlar yaradırdım. Bəzi sevdiyim və bitməsini istəmədiyim filmlər üçün öz beynimdə süjetin ardını yazıb, yeni personajlar yaradırdım. Artıq 19-20 yaşlarımda “dijital” rəsmə həvəs oyandı. Ölkəmizdə bu sahənin çox yayılmadığını bildiyimdən bu sahə üzrə peşəkar olmağı özümə hədəf qoydum.
-Rəsmlərinizi
sadə qələm, marker və qrafik planşet ilə
yaradırsınız. Hansı üsul daha asandır? Ümumiyyətlə, indi ən çox nələri
təsvir etməyi xoşlayırsınız?
-Rəsmlərimi mürəkkəb qələm ilə çəkirdim. Daha sonra sadə karandaş ilə daha yaxşı nəticə aldığımı görüb, onunla çəkməyə davam etdim. Yaponların “manga” ( cizgi roman) adlandırdığı sənəti çox sevirəm. “Manga”da hər şey qara qələm ilə təsvir olunduğundan daha sonralar sadə karandaşlı işlərimi qara mürəkkəbli “rapidoqraf” (çertyoj qələmi) ilə sintez etdim və “manga”dakılara yaxın nəticələr almağa başladım. Bundan həvəslənərək öz “manga”m üçün süjet yazmağa da başladım. Süjetimdəki obrazları xəyal etdim, onların hər birini kağız üzərində yaratdım. Ölkəmizdə çoxlarına məlum olmayan “Komiks” üslubunda cizgi film stilində çəkməyi xoşlayıram. “Dijital” rəsm öyrəndiyim zaman canlı insanların cizgi film obrazlarını çəkirdim. Ən çox “Marvel” və “DC comics” kimi studiyaların yaratdığı personajları təsvir etməyi, xoşladığım tarixi şəxsiyyətlərin portretini, bəyəndiyim sərkərdələrin dəbilqələrini çəkməyi sevirəm. Rəsmlərin çoxunda qorxulu və neqativ obrazlar olduğu üçün ölkəmizdə çox insan bu cür rəsmləri anlamır.
-Heç
bir peşəkar rəssamdan dərs
almamısınız. Bəs, rəssamlığın sirlərini
necə öyrənirsiniz? Müəllimsiz çətin deyil ki?
-Əlbəttə, dərs almadan öyrənmək çox çətindir. Amma, bir işi insan həvəslə edirsə, mütləq nəticə əldə edir. 15 ildir ki, heç kimdən dərs almadan sevərək rəsm ilə məşğul oluram. Uşaqlıq illərində öyrənmək çətin idi, amma indi internetin imkanları ilə daha çox məlumat tapa bilirəm və özümü daha asan inkişaf etdirə bilirəm. Bu, bir xeyli vaxtımı aldı, amma öyrənməyi bacardım. Hər şeyi əla bildiyimi də deyə bilmərəm. Çünki rəsmlərimdə səhvləri özüm də görə bilirəm və bunları düzəltməyə çalışıram. Gün keçdikcə daha çox şey öyrənməyə səy göstərirəm.
-Əsərlərinizdən
nə zamansa cizgi filmlərinin
hazırlanmasını istərdinizmi? Filmlərdə rəssam
kimi iştirak arzunuz varmı?
-Qeyd etdiyim
kimi yaponların “manga”
janrını çox sevirəm. Həmçinin “Marvel” və “DC comics” studiyalarının
komiks janrını da. Ən böyük arzum
özüm yaratdığım
personajlarla hekayəmdən
cizgi romanı çəkməkdir. Bundan əlavə
“dijital” rəsmi ona görə sevirəm ki, bu sahə müasir
dünyada hər yerdə tələb olunur. İzlədiyimiz məşhur filmlər,
oynadığımız oyunlar
“digital artist” deyilən rəssamlar
tərəfindən “storyboard” çəkilərək hazırlanır.
Sevdiyim fantastik filmlərdəki və ya oyunlardakı
personajları dizayn etməyi də çox istəyərdim.
Onların səhnələrinin konsept rəsmini hazırlamağı arzulayıram.
-Bəs, sırf bu sahə üzrə
ya xaricdə, ya da öz
ölkəmizdə təhsil
almaqla bağlı maraqlanırsınızmı? Dünya rəssamlarından
nələri öyrənmək
istərdiniz?
-Əlbəttə bu
sahə üzrə təhsil almağı çox istəyərdim. Amma ailəmin
məsləhəti ilə
memar kimi təhsil almağa başladım. Peşman olduğumu
deyə bilmərəm,
amma yenə də rəssam kimi də təhsilimi
davam etdirmək istərdim. Dünya rəssamlarının rəsmlərini çox bəyənsəm də onların üslubunda heç nə çəkmək istəməzdim.
Hazırda möhtəşəm qabiliyyəti olan “dijital” rəssamlar incəsənətə dəyər
verilmədiyindən tanınmır.
Stanley Lau adlı çinli rəssam favoritimdir. Ondan “dijital” rəsmin
incəliklərini oyrənməyi
çox istəyərdim.
-Müasir rəssamlıq sənəti
ilə klassik, keçmiş rəssamlıq
arasında hansı fərqləri görürsünüz?
-Müasir rəssamlığı
hər insan fərqli anlayır. Bəzi müasir rəssamlar kətan üzərində
mənasız rəsmlər
çəkir, mənasız
rənglər işlədir
və bunun incəsənət deyirlər.
Mənim
fikrimcə, bu cür insanlar rəssam deyil, sadəcə asan yola əl atırlar.
Rəssamın yaratdığı əsər rəsmə baxılan zaman hamı tərəfindən
başa düşülməlidir.
Mənası olmasa da nə təsvir olunduğunu hamı görə bilməlidir.
Klassik rəsmləri bəyənsəm
də heç vaxt klassik əsərlər
çəkmək arzusunda
olmamışam. Klassik rəsm
deyilən zaman daha çox antik dövrdə yaşayıb-yaradan ustadları
xatırlayıram. Bəzi insanlar
müasir rəssamlığın
klassik qədər cəlbedici və gözəl olmadığını
təsdiqləyir. Mənim fikrimcə
isə müasir rəssamlıq daha üstündür.
-Azərbaycanda rəssamlıq sənətinə
maraq və qayğı əvvəlki
illərə nisbətən
artıb. Bu barədə
nələri düşünürsünüz?
-Mənim fikrimcə, rəssamlığa maraq artıb, amma kreativlik və oriqinallıqdan əlamət
yoxdur. Rəssam gənclərin çoxu
hansısa rəssamın
işlərinə baxıb
eynisini çəkirlər.
Bu isə yanlışdır.
Rəssam öz xəyal
gücünü beynindəki
fikirləri kağıza
tökməlidir. Olan rəsmi hamı baxıb çəkə bilər, amma beynindən nəyisə yaratmaq çətindir.
Rəssam digər insanlardan
yarada bildiyinə görə fərqlənməlidir.
Ən böyük ironiya odur ki, özü
yaradan gənclərimiz
yox, başqalarının
işlərini, ideyalarını
oğurlayan insanlar rəssam kimi tanınır. Bu vəziyyətin dəyişəcəyinə
ümidli deyiləm amma dəyişməsi şərtdir.
-Rəssam olmaq istəyən gənclərə hansı
məsləhətiniz var?
-Rəssamlıq insanın bütün həyatını
yaxşıya doğru
dəyişir. Amma hər
şeyin bir “bədəli” var. Onların
hamı tərəfindən
başa düşülməyəcəyinə
hazır olmalarını
məsləhət görərdim.
Bəli,
rəssamlar həm xasiyyət, həm də kağız üzərində yaratdığı
rəsmlər cəhətdən
başa düşülmür,
başa düşülməyənə
də təbii ki, dəyər verilmir. Bu, çox
böyük ruh düşkünlüyünə yol açır. Ruhdan düşməmələrini məsləhət
bilirəm. Çünki çoxluq bir fikri təsdiq edirsə, bu onların düz dediyinə sübut deyil. Onlar rəsmləri ilə
düşündürməyə, yeni şeylər yaratmağa davam etməlidir.
-Gələcək
planlarınız barədə
də söz açardınız.
-Düzünü desəm rəssam kimi işləməyi həm istəyirəm, həm də yox. Ən çox
sevdiyim, üzümdə
təbəssüm yaradan,
bütün mənfi düşüncələrdən azad edən bir məşğuliyyət
olduğu üçün
istəyərdim. Ona görə
də gələcəkdə
memar kimi də davam etmək
fikrindəyəm. Öz yaratdığım
bir korporasiyam olmasını çox istərdim. Bundan əlavə ölkəmizdə
digər rəsm incəsənət bölmələri
xaricində “dijital rəsm” kimi bir fakültə olmasını və ya “dijital” rəsmi
gənclərə, həvəsi
olanlara öyrətmək,
ölkəmizdəki incəsənət
səviyyəsini daha da yüksəltmək istəyərdim. Həmçinin, Azərbaycanın cizgi film
industriyasını yenidən
canlandırmaq, inkişaf
etdirmək kimi bir arzum var. Bunun uşaqların öz doğma dilimizdə cizgi film izləməsi və milli obrazlarımızı
daha yaxşı tanımalarına böyük
faydası olacağına
inanıram.
Tural TAĞIYEV
Palitra.-2015.-11 sentyabr.-S.10.