“Bakı məktəblərində müəllimlərin
əməkhaqqı 35 faiz artıb”
Bakı şəhəri
təhsil işçilərinin “Sentyabr konfransı”
keçirilib. Layihə çərçivəsində təqdim
etdiyimiz yazıda konfransda təhsillə bağlı
müzakirə olunan məsələlərə
toxunacağıq. Qeyd edək ki, əvvəlcə
tədbir iştirakçıları Fəxri xiyabana gələrək
müasir müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu, xalqımızın ümummilli lideri Heydər
Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi
önünə əklil qoyublar. Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi
ehtiramla anılıb, məzarı üzərinə tər
çiçəklər düzülüb. Konfransda təhsil
nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti
icra edən Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib.
1546 müəllim kompüterlə
mükafatlandırılıb
Bir sıra məsələlərə toxunan C.Bayramov bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarıdır. O bildirib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb: “Hazırda bu fərq 6 faiz təşkil edir”. C. Bayramovun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.
“Son iki
ildə müsabiqə yolu ilə
79 nəfər
yeni direktor müavini təyin edilib”
Bildirilib ki, “Bu günün və sabahın
direktorları” layihəsi çərçivəsində
2014-cü ildə 15 nəfər ümumi təhsil müəssisəsinin
direktoru vəzifəsinə təyinat alıb”. O qeyd edib ki, 2015-ci tədris
ilində təlimlərdə 162 nəfər iştirak edib və
çoxmərhələli seçim əsasında 24 nəfər
ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə
təyinat alıb: “Son iki ildə müsabiqə yolu ilə 79
nəfər yeni direktor müavini təyin edilib”. Nazir
müavini elektron informasiya sisteminə əmək müqavilələrinin
bağlanmasına dair 39775 ədəd bildiriş daxil edildiyini
söyləyib: “46 min 105 nəfər təhsil
işçisinin elektron kadr uçotu yenidən
aparılıb və bununla da tam şəffaf bir məlumat
bazası yaradılıb. Təhsil alan 300
mindən artıq şagird elektron üsulla proqrama daxil edilib,
sağlamlıq imkanları məhdud 4276 nəfər
uşağın elektron uçotu aparılıb”. C. Bayramov
qeyd edib ki, BŞTİ-yə tabe olan 319 təhsil müəssisəsinin
saytı fəaliyyət göstərir: “87 məktəbdə
3006 uşaq məktəbə hazırlıq kurslarını
uğurla bitirib”.
"Müsabiqə
nəticəsində
427 nəfər
müəllim işə qəbul edilib"
C.Bayramovun sözlərinə görə, hesabat
dövründə Bakı şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən Təhsil Nazirliyinin müəllimlərin
işə qəbulu və yerdəyişməsi ilə
bağlı keçirdiyi müsabiqəyə ümumilikdə
644 vakant yer çıxarılıb. C. Bayramov bildirib ki, vakant yerlərin
375-i ibtidai sinif müəllimi ixtisası üzrə olub: “ Təhsil Nazirliyinin keçirdiyi yerdəyişmə
müsabiqəsi nəticəsində digər rayonlar, şəhərlər
üzrə 51 nəfər müəllimin iş yeri Bakı
şəhərinə dəyişdirilib. Müəllimlərin
işə qəbulu üzrə mərkəzləşdirilmiş
müsabiqənin I, II və III turları nəticəsində
427 nəfər müəllim işə qəbul edilib”.
Nazir müavininin sözlərinə görə, məktəbdənkənar
təhsil müəssisələrində 2 862 dərnəkdə
34 776 uşaq məşğul olub: “Məktəblilərin asudə
vaxtının səmərəli təşkili, onların
yaradıcılıq mərkəzləri və idman məktəblərində
dərnək, klub və studiyalara cəlb edilməsi həyata
keçirilib”.
C. Bayramov
qeyd edib ki, “Dahi şəxsiyyət barədə dərslər”
layihəsi üzrə 2014 - 2015-ci tədris ilinin noyabr-may
ayları ərzində Heydər Əliyev irsinin gənc nəslə
öyrədilməsi məqsədi ilə lektoriyalar təşkil
edilib. Onun sözlərinə görə,
mühazirə-dərslərdə Bakıda fəaliyyət
göstərən 470 ümumtəhsil məktəbinin 22 453 XI
sinif şagirdi iştirak edib”.
Bakı şəhəri üzrə Təhsil İdarəsi
Bakının müxtəlif yaşayış massivlərində
qeyri-bərabər məskunlaşma nəticəsində
şagird qəbulu ilə bağlı yaranan problemin həlli
üçün təkliflərini müvafiq qurumlara təqdim
edəcək.
Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin rəisi səlahiyyətlərini
icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil
işçilərinin sentyabr konfransında
çıxışı zamanı deyib.
Son illərdə
ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər
nəticəsində şagirdlərin sayının əhəmiyyətli
dərəcədə artdığını deyən
C.Bayramaov qeyd edib k, şəhərin müxtəlif
yaşayış massivlərində qeyri-bərabər məskunlaşma
nəticəsində Binə, Binəqədi və Sulutəpə
kimi yaşayış qəsəbələrində şəbəkədə
həddən artıq sıxlıq yaranıb.
Nazir
müavini qeyd edib ki, bu il elektron vasitələrlə
I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin
müəyyənləşdirilməsinə imkan yaratdı:
"Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və
Təhsil Nazirliyinə müraciətlərin böyük əksəriyyəti
məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul
kampaniyası başa çatdıqda bu istiqamətdə
müvafiq təkliflər təqdim ediləcək”.
Nazir
müavini qeyd edib ki, bu günlərdə 133¹-li məktəb
“Elitar” Gimnaziyaya, 150¹-li məktəb isə 6¹-li məktəb-liseylə
birləşdirilib, 28 nömrəli məktəbin
şagird-müəllim kontingenti 44 nömrəli məktəbə
köçürülüb: "Düşünürəm
ki, şəbəkənin rasionallaşdırılması
işi qarşıdakı illərdə də davam etdirilməlidir”.
Mikayıl
Cabbarov: “Korrupsiya və rüşvətxorluğa qarşı
iki istiqamətdə mübarizə aparırıq”
Təhsil naziri Mikayıl Cabbarov da
çıxışında bir məsələlərə
aydınlıq gətirib. Nazir qeyd edib ki, hazırda
Bakının iki keçmiş məktəb direktoru haqda
qanunvericiliyə uyğun olaraq cinayət işi
aparılır: “Təhsil Nazirliyi olaraq korrupsiya və
rüşvətxorluğa qarşı iki istiqamətdə
mübarizə aparırıq”. Nazir bildirib ki, birinci istiqamət
üzrə istər vətəndaşların müraciətlərinə
əsasən, istərsə də nazirliyin aidiyyəti
qurumları tərəfindən işlər həyata
keçirilir: “Son tədris ilində təhsil sahəsində
çalışan bir neçə işçimizi cəzalandırmışıq.
İkinci istiqamət üzrə isə biz təhsil
alanla təhsil verən arasında kontaktları minimuma
endirmişik. Bakı şəhərində
ilk dəfə tətbiq etdiyimiz I sinfə elektron qəbulu
nümunə göstərmək olar”.
M. Cabbarov
yeni tədris ilinə hazırlığın tam həcmdə
həyata keçirildiyini söyləyib: “Ölkə ərazisində
onlarla məktəb, o cümlədən Bakıda bir sıra
yeni məktəblər tikilib və yaxud da əsaslı şəkildə
təmir olunub”.
Nazirin
sözlərinə görə, son illər Azərbaycanda
müsbət demoqrafik nəticələr olduğuna görə
ildən-ilə I sinfə gedən uşaqların sayı
artır: “İbtidai siniflərdə həmin uşaqların təhsil
alması üçün zəruri şərait
yaradılıb. Dərsliklərin təminatı
ilə də bağlı hər hansı çətinlik
gözlənilmir. Yeni tədris ilinin ilk bir
həftəsində monitorinq qrupu yaradılır. Dərslik təminatında problem yaranarsa, bu problem
operativ şəkildə həllini tapacaq. Bu il 2000-dən çox yeni müəllim işə
qəbul olunub. 50 yeni məktəb direktoru təyin
edilib. Onlardan 28-i Bakı şəhərində
çalışacaq”.
Nazir qeyd
edib ki, 2012-ci illə müqayisədə, yəni son
üç ildə Azərbaycanın ümumi təhsil müəssisələrində
9-cu sinfin məzunları arasında müsbət qiymət alan şagirdlərin sayı 14 faiz artıb. Hər
il bu göstərici yüksəlir. O,
hazırda ölkədəki ümumi təhsil qiymətləndirilməsində
yalnız 9-cu sinfi bitirmiş şagirdlərin iştirak
etdiyini deyib: “Biz onların akademik nəticələrini əldə
etdikdən sonra hər hansı müdaxilə
üçün məktəblərdə demək olar ki, vaxt
qalmır. Bu mövzu ictimaiyyət
üçün yeni mövzu olsa da, həmkarlarımızla
fevral ayında bunu müzakirə etmişik. Düşünürəm ki, şagirdlərin daha
erkən siniflərdə akademik nailiyyətlərinin qiymətləndirilməsi
prosedurunu tətbiq etdiyimiz təqdirdə təhsil göstəricilərinin
yaxşılaşdırılması üçün əlavə
imkan qazanacağıq. Biz aydın şəkildə
hansı şagirdin, hansı məktəbin, hansı bölgənin
hansı istiqamətdə çatışmazlığı
olduğunu biləcəyik. Düşünürəm
ki, 6-sı sinfin, yaxud da ibtidai sinfin sonunda erkən qiymətləndirmənin
tətbiqi ilə təhsil sistemi göstəricilərinin
yüksəldilməsinə nail olacağıq”.
“Dərsliklə
bağlı vəziyyət
bizi qane
edə bilməz”
“Dərsliklə bağlı irəliləyiş olsa da,
indiki vəziyyət bizi qane edə bilməz”. Nazirin sözlərinə
görə, iki il öncə Azərbaycanda
ilk dəfə olaraq bir il qabağa praktikası
başlayıb: “Əsas məqsəd ondan ibarət idi ki, pilot
məktəblərdə, valideynlərdə dərslikləri
sınaqdan keçirək. Bu işi hələ
də başa çatdırmamışıq. Müvafiq şöbəmiz, Təhsil Problemləri
İnstitutu bu işdə daha fəal olmalıdır”.
Nazir
bildirib ki, hazırda ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi
yalnız icbari təhsil müddəti başa
çatdıqdan sonra həyata keçirilir: “IX sinif məzunları
buraxılış imtahanı verirlər. Lakin təhsil
işçiləri razılaşa bilərlər ki, eyni bilgi
6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər
üçün olsaydı, bu, bizə təhsil prosesində,
metodikasında müşahidə etdiyimiz boşluqları
özümüz üçün daha tez müəyyənləşdirməyə
daha çox imkan verər və lazım olan müdaxilələri
məhz onların təhsil müddətində edərdik”.
M. Cabbarov Təhsil Nazirliyinin müvafiq şöbələrinin
bununla bağlı layihə hazırlayıb təqdim etməli
olduğunu da qeyd edib.
“Uzun illərdən
sonra bu il
ali məktəblərə
qəbulda balların
endirilməsinə getmədik"
Nazir onu
da bildirib ki, uzun illərdən sonra bu il
ilk dəfə ali məktəblərə qəbulda elan
olunmuş balların endirilməsinə getmədik: “Bu
prinsipial şəkildə verilən qərardır. Bilik səviyyəsi
danışıqlar mövzusu ola bilməz.
Bilik ya var, ya da yoxdur”. Nazirin sözlərinə
görə, bu il ali məktəblərə
qəbul planı 85 faizdən çox yerinə yetirilib. O da
vurğulanıb ki, valideynlər övladının qəbul
imtahanlarında daha yaxşı nəticə əldə etməsi
üçün çıxış yolunu onun 10-11-ci siniflərdə
məktəbə getməməsində görürlər: “Həm
valideyn, həm də şagirdlər icbari təhsildən sonra
keçirilən əlavə fənləri lazımsız
hesab edirlər. Düşünürəm ki, təmayülləşmə
tətbiq edilən məktəblərin sayı bu halı
aradan qaldırmağa kömək edəcək”.
Nigar Abdullayeva
Palitra.-2015.-15 sentyabr.-s.11.