“Kitabxana işi çox mürəkkəb bir sistemdir”

 

Nərminə Abdullayeva: “Yerli tədqiqatlarda elmi metodologiyanın daha çox analiz, sintez, müşahidə tədqiqat metodlarından istifadə olunursa, xarici tədqiqatlarda layihələndirmə, proqnozlaşdırma, öncəgörmə metodlarından irəli gələrək mövzular işlənilir”

 

Layihə çərçivəsində müsahibimiz AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanaşünaslıq ixtisası üzrə doktorantı, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxanasının müdiri Nərminə Abdullayevadır.

-Öncə aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.

- Mən - Nərminə Abdullayeva AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq xtisası üzrə doktorantı, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxanasının müdiriyəm. 1998-ci ildə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 2004-cü ildə magistraturanı bitirib, Kitabxanaşünaslıq kafedrasının nəzdində və BDU-nun Elmi Kitabxanasının bazasında yaradılmış, Azərbaycanın görkəmli kitabxanaşünas alimi tarix e.d., prof. Abuzər Xələfovun rəhbərlik etdiyi “Kitabxanaların kompüterləşdirilməsi” ETL-də elmi işçi olaraq iş fəaliyyətinə başlamışam. Burada işlədiyim müddətdə ETL-in profilinə və tədqiqatların prioritet istiqamətlərinə uyğun (məs., informasiyalaşdırılmış cəmiyyətdə kitabxana fəaliyyətinin yeni forma və metodları, elektron kataloq, kitabxana innovasiyaları, Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri və s.) mövzularda elmi məqalələrim çap olunub. Bununla yanaşı olaraq, o illərdə BDU-nun Elmi Kitabxanasının elektron kataloqunun yaradılması üçün Rusiyanın “Libnet” şirkətinin “İRBİS-64” proqramı əldə edilmişdi və kitabxana işçilərinə bu proqramın tədrisi təlimlərində də yaxından iştirak etmişəm. 2012-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) doktorantura pilləsinə qəbul olmuş, bundan sonra iş həyatımı da Akademiya ilə bağlamışam. Belə ki, 2012-ci il sentyabr ayından Mərkəzi Elmi Kitabxananın Azərbaycanşünaslıq şöbəsinin müdiri vəzifəsinə işə dəvət olunmuşam. Bu şöbənin əsas məqsəd və vəzifəsi, sadə dillə desək, Azərbaycan haqqında və ya azərbaycanlı müəlliflərın ölkə daxilində və xaricdə çap olunmuş elmi məqalələrini toplayıb yığmaq, sistemləşdirmək, elektron bazaya daxil edərək, oxuculara biblioqrafik informasiya xidməti göstərmək idi. Çox təəssüf ki, hazırda bu şöbə yoxdur və artıq bu işlər yerinə yetirilmir. 2015-ci ilin ilk aylarından başlayaraq MEK-də aparılan struktur dəyişiklikləri nəticəsində bir sıra məsələlər kimi bu şöbənin də işinə xitam verilib. Ümumiyyətlə, yeni struktur yaradılmamışdan qabaq AMEA MEK elmi-tədqiqat institutu statusuna malik idi, burada doktorantura və dissertantura təhsil pillələri üzrə elmi-tədqiqat işləri aparılırdı, AAK-ın qəbul etdiyi dövri nəşrlərin siyahısına daxil olan “AMEA Mərkəzi Elmi Kitabxananın Elmi Əsərləri” adlı elmi-nəzəri jurnal çap olunurdu. İldə 4 dəfə çap olunan bu jurnalda kitabxananın işçiləri ilə yanaşı, gənc tədqiqatçıların, doktorant, dissertant və magistrlərin məqalələri çap olunurdu. Bu, sahə mütəxəssisləri üçün bu bir avantaj idi, çünki kitabxanaçılıq elmləri üzrə AAK-ın siyahısında olan elmi jurnalların sayı o qədər də çox deyil. Ümid edirəm ki, nə vaxtsa, gələcəkdə bütün bunlar yenidən bərpa olunar.

Beləliklə, MEK-də işlədiyim qısa müddətdə (2012-2015) bir sıra yerli və xarici beynəlxalq konfranslarda kitabxananı təmsil etmiş, “Azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq elmi konfransı, Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən “Gənc tədqiqatçıların beynəlxalq elmi konfransı” və s.-də davamlı olaraq (2012-2015) məruzələrlə çıxış etmişəm. 2013-cü ildə Prezident yanında Elmin İnkişafı Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə elan etdiyi İKT-2 məqsədli qrant müsabiqəsinin qalibi olmuşam. “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında əhəmiyyətli rolu olan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlanan layihə çərçivəsində Belarus Milli Kitabxanası, Polşa Milli Kitabxanası və İstanbul Universiteti Mərkəzi Kitabxanasında elmi ezamiyyətlərdə olmuşam və bu kitabxanaların iş təcrübəsi ilə yaxından tanış olmuşam. 2015-ci ilin may ayında qrant layihəsi uğurla yekunlaşdı və "Kitabxana innovatikasının elmi-nəzəri və təcrübi əsasları" adlı monoqrafiyam işıq üzü gördü. Ümumilikdə 20-yə yaxın elmi məqalə və tezisim və 1 monoqrafiyam çap olunub. Hazırda isə MEK-də doktorantura təhsil pilləsi ləğv olunduğuna görə təhsilimi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda davam etdirməkdəyəm. Onu da qeyd edim ki, noyabr 2013 - sentyabr 2015-ci il tarixləri müddətində AMEA MEK Gənc Alim və Mütəxəssislər Şurasının sədri olmuşam.

-Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?

-İlk növbədə onu deyim ki, ixtisasıma böyük hörmətim var. Məncə, özünə ziyalı deyən hər bir kəs kitabxanalara, kitabxana işinə və zəhmətkeş kitabxanaçıların əməyinə bu cür hörmətlə yanaşmalı, “dirnaqarası” münasibət göstərməməlidirlər. İnsanlar tanıyıram ki, istər bu ixtisasdan olsun, istərsə də qeyri-ixtisasdan kitabxanada işləmələrinə baxmayaraq, bundan utanc hissi keçirirlər, bəzən hətta kitabxanaçının işini primitiv, lazımsız və ya çox asan hesab edənlər də olur. Sanki kitabxanada hər kəs işləyə bilər, bunun üçün ixtisasçı olmaq lazım deyil, kitabxana işini “Kitabı rəfdən götürüb oxucuya vermək və əksinə oxucudan alıb rəfə qoymaq” kimi dar mənada düşünən fikirlər təbii ki, doğru deyil. Əslində kitabxana işi çox mürəkkəb bir sistemdir. Bu sistem daxilində proseslərin müəyyən ardıcıllığı vardır ki, bu ardıcıllıq pozularsa, bütün sistem pozular. Sadə bir misalla fikrimi çatdırım: Düşünün ki, yüz minlərlə və ya milyondan çox fonda malik olan bir kitabxanadan sizə lazım olan informasiyanı qısa müddətə əldə etmək hər bir kəsin arzusudur. Bunun üçün isə həmin kitabxananın güclü və geniş spektrli axtarış aparatı olmalıdır. Bu axtarış aparatına ənənəvi kitabxanalarda əlifba və sistemli kataloq, predmet kataloqu, dövri nəşrlər kataloqu, dövri mətbuatın əks olunduğu sistemli kartoteka (elm sahələri üzrə) və s. daxildir. Yeni informasiyalaşdırılmış əsrin tələbi olan elektron kataloqlar isə bütün bunların bir yerdə cəmlənməsilə və oxucuya uzaq məsafədən də xidmət edə bilmə üstünlüyü ilə fərqlənir. Amma bu o demək deyil ki, elektron kataloq varsa, ənənəvi kataloq və kartoteka sistemini ləgv etmək və ya istifadəsini məhdudlaşdırmaq olar. Mən bunu oxucunun informasiya əldə etmək hüququnu pozmaq kimi qiymətləndirərdim. Çünki ən inkişaf etmiş dünya kitabxanalarında, ABŞ Konqres Kitabxanasından tutmuş, Avropa və MDB ölkələri kitabxanaları da ən qədim kataloq kartoçkalarını belə qoruyub saxlayır və oxucuların istifadəsinə verirlər. İnformasiya-Axtarış aparatı kitabxana fondunun güzgüsüdür. O, doğru tərtib edilməsə və qorunmasa qızıldan dəyərli informasiyanin nəsildən-nəslə ötürülməsində problemlər yaranar. İkinci bir məsələ, kitabxanalarda elektron kataloqların tərtibi, hazırlanması prosesinin necə aparılmasıdır. Bu gün araşdırsaq, görərik ki, ölkə daxilində fəaliyyət göstərən iri, əhəmiyyətli elmi kitabxanaların elektron kataloqlaşdırma üçün hər biri ayrı-ayrı proqramla işləyir. Əgər bu iri kitabxanalar vahid mərkəzdə birləşsə və Vahid Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemindən istifadə etsə, bu həm oxucu üçün əlverişli olar, həm də milli-mədəni irsimizin əsas növlərindən olan sənəd-informasiya fondlarının qorunub saxlanmasına, istifadəsinə, dünya oxucularına əlyetərliliyin təmin olunmasına imkan verər. Onu da qeyd edim ki, hazırda bəzi kitabxanalar nəinki belə bir proqram təminatı sistemini əldə etmək istəmir, MS WORD mətn və ya MS Excel cədvəl redaktorunda yazılmış siyahını elektron kataloq hesab edərək bununla kifayətlənirlər. Təbii ki, bu doğru deyil, işə qeyri-peşəkar yanaşmadan irəli gələn fikirlərdir. Sözlərimi, əminəm ki, ixtisasçılar çox gözəl başa düşürlər. Bu mənim təhsil alaraq fəaliyyət göstərdiyim sahədəki problemlərdən çox cüzi bir hissəsidir. Ümid edirəm ki, yaxın gələcəkdə kitabxanaçılıq-informasiya xidməti sahəsinə dövlət nəzarəti güclənər. Əks halda, qeyri-ixtisasçıların işə qeyri-peşəkar yanaşması mədəni irsimizdə müəyyən boşluqların yaranması ilə nəticələnə bilər. Tədqiqat apardığım sahə kitabxana innovatikası, kitabxanaların innovativ siyasətidır. Bu mövzu, demək olar ki, ölkəmizdə işlənməyib. İlk olaraq doktoranturaya qəbul olduğum zaman dissertasiya işimin mövzusu olaraq təqdim etdim və elmi rəhbərim tərəfindən müsbət qarşılandı. Kitabxana innovatikası - kitabxanaşünaslığın yeni bir istiqaməti kimi kompleks multidissiplinar elmdir və özündə müxtəlif elmlərin nailiyyətlərini (innovasiya və elmşünaslığın, pedaqogika və psixologiyanın, idarəetmənin (menecment) və marketinqin, kitabxanaşünaslığın və informatikanın ümumi nəzəri əsaslarını) birləşdirir, respublikanın müasir hərtərəfli inkişafı şəraitində kitabxanaların innovasiya fəaliyyətlərinin təcrübi effektivliyinin artırılması məqsədi daşıyır. Kitabxana innovatikası kitabxana fəaliyyətinin effektiv dəyişilməsi prosesini araşdırıb öyrənir. Bu proses, müasir ictimai tərəqqi dövründə kitabxana işinin səmərəli inkişafına təkan verən ideyaların hazırlaması (kitabxanaşünaslıqda və onunla sıx əlaqəli elmlərdə), onların kitabxana fəaliyyətinin (tətbiqi elmi tədqiqatlar vasitəsilə) konkret şəraitinə uyğunlaşdırılmasından başlamış, kitabxana sahəsində və əlaqədar sferalarda innovasiya layihələrinin geniş yayılmasına qədər və s. məsələləri əhatə edir. Tədqiqat işimin məqsədi Azərbaycanda olan iri kitabxanaların innovasiya fəaliyyətini tədqiq etmək, müsbət və mənfi cəhətləri ortaya çıxarmaq, xarici təcrübə ilə müqayisə etmək, nəticələri analiz və sintez edərək sonda kitabxanaların innovativ fəaliyyətinin inkişaf konsepsiyasına dair müəyyən təkliflər irəli sürməkdir.

-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?

- Bildiyimiz kimi, innovasiya - yüksək səmərəliliyə malik yeniliyin tədbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsidir. İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər hallar hesab edilir. Dünya təcrübəsi göstərir ki, kitabxanalarda yeniliklərin (innovasiyaların) tətbiqi problemləri həmişə aktual olub. İdarəetmə, təşkilati, məzmun, texnoloji və digər inkişafa təkan verən yeniliklər “innovasiya” termini altında formalaşdı ki, bu da kitabxana işində ilk dəfə 1997-ci ildə meydana cıxdı. O zaman innovasiya kitabxananın həyata keçirdiyi məhsul və xidmətlərin yenilənməsi, onun texnologiyasının, idarəetmənin forma və metodlarının yenilənməsi kimi müəyyən olunurdu. Bu da müasir imicin dəstəklənməsi və təkmilləşdirilməsi demək idi. Məhz kitabxana fəaliyyətində olan innovasiya proseslərinə həsr edilmiş ilk xarici nəşrlər 1970-ci illərdə işıq üzü görüb. Xarici mütəxəssislər, bir qayda olaraq, əsasən elektron informasiya resurslarından istifadə və onlara çıxış vasitələrinə aid problemləri yenilik olaraq görürdülər və bu məsələləri təhlil edirdilər. Kitabxana innovasiyaları məsələlərinə rus mütəxəssislərinin marağı 1980-ci ilin sonlarında artmağa başlamış və bu problem əsasən kitabxanaların metodik işinin inkişafıyla əlaqələndirilirdi. Rusiya kitabxanalarının innovasiya fəaliyyətinin təcrübəsini, yenilənmənin vəziyyətini, onların inkişaf problemləri və perspektivlərini xarakterizə edən elmi işlər üstünlük təşkil edirdi. Xüsusi tədqiqatlar Y.S. Martin, N.A. Tolkanyuk və N.T. Çuprina tərəfindən aparılıb. Bu problemə müxtəlif illərdə S.A. Basov, A.N. Vaneev, N.S. Kartaşov, S.Q. Matlina, E.Y.Kaçanova, E.N. Quseva və b. müraciət ediblər. Ümumi və fərqli cəhətlərə gəldikdə, yerli tədqiqatlarda elmi metodologiyanın daha çox analiz, sintez, müşahidə tədqiqat metodlarından istifadə olunursa, xarici tədqiqatlarda layihələndirmə, proqnozlaşdırma, öncəgörmə metodlarından irəli gələrək mövzular işlənilib əsaslandırılır. Bu şəxsi fikrimdir. Yanıla da bilərəm.

İlkin Ağayev

Palitra.-2015.-16 sentyabr.-s.11.