“Artıq gənclər siyasətinin Azərbaycan
modeli yaranıb”
Çingiz Səfərov: “Könüllü
gənclər ölkəmizdə yürüdülən gənclər
siyasətinin əsas tərkib hissəsidir”
Müsahibimiz Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvü, təşkilatın İşçi Qruplarla İş Departamentinin direktoru Çingiz Səfərovdur:
-Azərbaycanda son illərdə yürüdülən gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik.
-Son illərin uğurlu siyasəti gənclərdən də yan keçməyib. Ölkə gəncləri dövlətin xüsusi qayğısı ilə əhatə olunmuş və günbəgün inkişaf edib. Müstəqilliyimizin ilk illərindən başlayaraq gənclər və idman sahəsində görülən işlər hər kəsə məlumdur. Azərbaycanda gənclərlə bağlı görülən işlər onu deməyə əsas verir ki, ölkə gəncliyinin inkişafı üçün hər cür şərait yaradılır. Məsələyə beynəlxalq müstəvidən baxsaq görərik ki, ölkəmiz bir çox dünya ölkələrini qabaqlayır. Artıq gənclər siyasətinin Azərbaycan modeli yaranıb. Dünyanın əksər ölkələrində gənclərlə bağlı keçirilən tədbirlərdə dövlət rəsmilərinin iştirakı müşkül məsələdir. Bizim ölkədə isə dövlət tədbirləri ilə yanaşı, kiçik layihələrdə də həmçinin ölkənin aparıcı ictimai-siyasi xadimlərini görmək, çıxışlarını dinləmək və tövsiyələrindən faydalanmaq mümkündür. Ümumilikdə aparılan müşahidələr onu göstərir ki, bütün dövlət qurumları, müəssisə və təşkilatlarda gənclərə xüsusi önəm verilir və onların potensiallarının üzə çıxarılması üçün hər cür şərait yaradılır.
- Bəs ölkədə gənclərlə bağlı görülən hansı işləri daha çox əhəmiyyətli hesab edirsiniz?
-Fikrimcə, hər bir fəal gənc gənclər siyasəti ilə bağlı prosesləri yaxından izləməli və bütün bunlardan faydalanmağa çalışmalıdır. Görülən işlər hər birimizi əhatə edir və bütün gənclərin inkişafı üçündür. Bildiyimiz kimi, ölkə başçısı ilin əvvəlində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Gənclər və İdman Nazirliyindən bildirildi ki, sərəncamın icrası ilə bağlı bir sıra dövlət proqramları hazırlanaraq icra olunacaq. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektorunun yaradılması da öz növbəsində atılan ən uğurlu addımlardan biridir. Gənclərlə bağlı qəbul edilən ən uğurlu sənədlərdən biri olan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində görülən işlərin əksəriyyəti gəncləri birbaşa əhatə edir. Dövlət proqramı çərçivəsində yaradılan Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu tərəfindən yaradıcı gənclər cəlb edilərək onların vasitəsilə daha çox gənci maarifləndirmək, inkişaf etdirmək ən unikal vasitədir. Fondun yaradılması ilə ölkənin istənilən nöqtəsindən olan istedadlı gənclərin ideyalarını üzə çıxarmaq və ölkə gəncliyinin inkişafına yönəlmiş bu ideyaların həyata keçirilməsi reallığa çevrilib. Dövlət proqramının qəbul edilməsində gənclərin fikir və ideyaları, tövsiyələrinin nəzərə alınması gənclərin daha çox marağına xidmət edir.
-Bəs siz yaradılan bu imkanlardan necə faydalanmısınız?
-Könüllülük fəaliyyətimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında həyata keçirib, burada təcrübə toplamışam. Bununla belə, təşkilatın reallaşdırdığı bir çox layihələrin həyata keçirilməsində də yaxından iştirak etmişəm. Fərdi qaydada olaraq isə, aktiv gənc olaraq da müəyyən fəaliyyətlər göstərmişəm. Gənclər Fondu tərəfindən reallaşdırılan 6-cı qrant müsabiqəsinin qalibi olmuşam və “Qarabağnamə - Tələbələrarası İntellektual Yarışması” adlı sosial layihəni Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin dəstəyilə televiziya ekranında reallaşdırmağa müvəffəq olmuşam. Hazırda isə fondun maliyyə dəstəyi ilə həyata keçirəcəyim “Bayraq” kuboku adlı layihənin üzərində işləyirəm. Bundan başqa fəaliyyətim çərçivəsində maraq doğuran müxtəlif təkliflərlə çıxış etmişəm. Hazırda isə bəzi planlarım üzərində çalışıram.
-Artıq yeni dərs ili başladı. ATGTİ də yəqin hər il olduğu kimi, tələbələrlə aktiv işləyəcək. Ümumiyyətlə, bu təşkilatın fəaliyyəti haqqında da söz açardınız.
-Bildiyiniz kimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) özündə ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatlarını birləşdirməklə böyük tələbə kütləsini əhatə edir. Qarşıya qoyulan əsas hədəflərə çatmaq üçün hər zaman mehriban və olduqca doğma kollektiv çalışır. Bu kollektiv “ATGTİ ailəsi” adı altında birləşir. Ailəmiz İttifaqın işini reallaşdırmaq üçün böyük əzmlə çalışır. Məhz bunun nəticəsində ATGTİ yarandığı qısa müddət ərzində ölkənin ictimai həyatında aparıcı rol oynayan təşkilata çevrilib. ATGTİ-nin fəaliyyətindən bəhs etdikdə yüzlərlə kiçik və orta miqyaslı, onlarla genişmiqyaslı layihədən söz salmaq mümkündür. Sözsüz ki, ölkəmizdə könüllülük hərəkatının inkişaf etdirilməsində ATGTİ-nin rolu böyükdür. Bütün bu uğurların əldə olunmasında sədrimiz Şahin İsmayilov başda olmaqla ATGTİ ailəsinin İttifaq yaranandan bəri fəaliyyət göstərən üzvlərinin böyük əməyi vardır. Uğurlarımızın əsas səbəbi ATGTİ məktəbini keçməkdir.
-Könüllülük fəaliyyəti ilə bağlı gənclərə hansı tövsiyələriniz olardı?
-Könüllülük fəaliyyəti
ilk növbədə uğurlu
gələcəyə sərmayədir. Könüllülük
sözünü “pulsuz
görülən iş” kimi
qəbul etmək arzuolunmazdır. Bu eyni zamanda dostluq,
təcrübə və geniş imkanlar qazandırır. Təhsillə
yanaşı ictimai fəaliyyətin olması
ilk növbədə dünyagörüşünün
inkişaf etdirilməsinə səbəb olur. İctimai fəaliyyətə
yeni başlayan gənclərin
ruh yüksəkliyi və yüksək enerji ilə çalışması vacib məsələlərdəndir. Bu prinsiplə görülən bütün işlər şəxsi inkişafa təkan verir.
Ölkədə keçirilən yerli və
beynəlxalq layihələrin, mötəbər tədbirlərin
təşkilinə bilavasitə könüllü
gənclər cəlb olunur. Bu da könüllü
gənclərə böyük işlərin
bir parçası olmaq
kimi qürurverici hissləri
yaşadır. Könüllü gənclər
ölkəmizdə yürüdülən gənclər siyasətinin
əsas tərkib hissəsidir. Tövsiyə olaraq
demək istəyirəm ki, beyninizin məhsulu olan
ideyaların həyata keçirilməsi üçün
olduqca çox
çalışmaq lazımdır. Bunun üçün geniş imkanlar mövcuddur.
Reallığa çevrilməsi üçün
addım atılmayan ideyalar daha çox məqsədsiz
arzulara bənzəyir. Əgər hər
hansı bir maraqlı təklifiniz varsa həyata keçirilməsi üçün planlı şəkildə strategiya qurmalısınız. Düşünün,
sizin təklif etdiyiniz
hər hansı bir ideya
elə bir ilk ola bilər ki,
özünüzə çox böyük uğur gətirə
bilər. Bundan başqa
ictimai fəaliyyət çərçivəsində
görülən bütün işlərdən
təcrübə əldə etmək könüllülük
fəaliyyətinin qızıl qaydasıdır. Uğur bacarıqdan, bacarmaq
istəkdən, istək isə yalnız və yalnız
özümüzdən asılıdır.
Tural TAĞIYEV
Palitra.-2015.-16 sentyabr.-S.6.