“Rusiyadakı diasporumuz birləşməsə, heç bir təsirli fəaliyyətdən söhbət gedə bilməz”

 

Şamil Tağıyev: “Mənə etibar

olunmuş vəzifə gördüyüm işləri daha da rəsmi şəklə gətirəcək”

 

Xaricdəki bir çox gənclərimiz artıq diaspor fəaliyyətində özlərini təsdiq etməkdədirlər. Məhz bunun nəticəsidir ki, onlar diaspor sahəsində məsul vəzifələrə təyin olunurlar. Gənc diaspor fəalı Şamil Tağıyevə bu günlərdə Ümumrusiya Azərbaycan Konqresində (ÜAK) vəzifə verilməsi buna bariz nümunədir. İctimai fəaliyyətini elə ÜAK-ın gənclər təşkilatının tərkibində başlayan Ş.Tağıyev bundan sonra qurumun Moskva nümayəndəliyinin icraçı direktoru vəzifəsini icra edəcək. Qeyd edək ki, Ş.Tağıyev, eyni zamanda Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondunun təsisçisidir. Fond rəhbəri Rusiyada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-bədii cəmiyyəti, “Azərbaycan-Slavyan gəncləri birliyinin Rusiya nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT), “Əhli-Beyt” cəmiyyəti, “AmorNewsinformasiya portalı, “İnterAz” televiziyası və digər Azərbaycan, eləcə də əcnəbi diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edib.

-Diaspor işində vəzifənin hər hansı önəmi varmı?

- Mən artıq 10 ildən çoxdur ki, diaspor sahəsində fəaliyyət göstərirəm. Hansısa bir işi mükəmməl görmək üçün insana vəzifə yox, həvəs və istək lazımdır. Əgər fəal bir gənc, diaspor sektorunda keyfiyyətli işlər görürsə, vəzifədən asılı olmayaraq hər bir zaman onun işləri keyfiyyəti ilə seçiləcək.

-Siz gənc diaspor fəalı olaraq çoxşaxəli fəaliyyətlə məşğulsuz. Yeni vəzifəniz digər diaspor işlərinizi həyata keçirməyə mane ola bilərmi?

-Bizim fəaliyyətimiz birtərəfli deyil. Baxmayaraq ki, bizdə əsas sektor mədəniyyət və təhsildir. Biz başqa sektorlarda da çox fəal işlər görürük. Və mənə etibar olunmuş yeni vəzifə isə gördüyüm işləri daha da təntənəli və rəsmi şəklə gətirəcək.

-Rusiyadakı diasporumuzun daha aktiv və həmrəy olması üçün nə etmək lazımdır?

-Mən dəfələrlə demişəm, Rusiyadakı diasporumuz birləşməsə, bir nöqtəyə gəlməsə, heç bir təsirli fəaliyyətdən söhbət gedə bilməz. Və Azərbaycan dövlətinin xaricdə yaşayan vətəndaşlarına yönəlmiş siyasəti də budur ki, bir olun, həmrəy olun. Bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlıların qurultayında fikir səsləndirmişdi.

-ÜAK gənclərdən lazımi qədər bəhrələnə bilirmi?

-ÜAK -ın əsas tərəfdarları yaşlı və ziyalı təbəqə olduğundan, ÜAK ançaq bu təbəqənin insanlarını əhatə etməkdədir, amma gənclər üçünçox şərait yaradılmaqdadır. Və əsası da ondadır ki, gəncliyin yönəldiyi ünvan Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Bu təşkilat tərəfindən gənclik daim diqqət mərkəzindədir.

-Yeni vəzifənizlə bağlı perspektiv planlarınız nədən ibarətdir?

-Yeni vəzifə ilə bağlı perspektivlərimiz təşkilatın aktiv bir işləyən təşkilatlar sırasına qoşulması olacaq. Azərbaycanlıların səsi artıq Dövlət Dumasından, siyasi partiyalardan, yüksək vəzifələrdən gəlməlidir. ÜAK-ın Moskva nümayəndəliyi olaraq həmyerlilərimizin Rusiya cəmiyyətinə inteqrasiyası və Rusiya Federasiyasının ictimai, siyasiiqtisadi həyatında daha yaxından iştirak etməsi üçün yeni layihələrə start veriləcək. Bacardığımız qədər çalışmalıyıq ki, heç olmasa, regional təşkilat olaraq biz sözümüzü əhatə etdiyimiz məmləkətdə deməyə qadir olaq.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-17 sentyabr.-S.7.