“Kitabxana
innovatikası” fənninin bizim fakültədə
tədris olunmasını çox istərdim”
Nərminə Abdullayeva: “Kitabxana
işi haqqında” qanuna
əlavələr işlənib hazırlanmalı və orada kitabxanalara rəhbər
vəzifələrə təyinat zamanı namizədin
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq,
kitabşünaslıq ixtisası üzrə təhsilə malik olması vacib şərt
kimi göstərilməlidir”
İnsanın
savadlanması, mütəxəssis kimi
formalaşması və dünyagörüşünün
formalaşmasında həlledici rolu olan kitabları özündə birləşdirən
kitabxanalar həmişə məktəblilərin,
tələbələrin və alimlərin, eləcə də
geniş oxucu kütləsinin
daim üz tutduğu ən vacib yerlərdən biridir. Amma yeni dövrdə günün tələblərindən irəli
gələrək, kitabxanaların yenidən qurulması, bunun üçün tədqiqatlar
aparılması, dünya
praktikasının tətbiqi və sair vacib məqamlar sırasındadır.
Bu baxımdan layihə çərçivəsində müsahibimiz AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanaşünaslıq ixtisası üzrə doktorantı, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Kitabxanasının müdiri Nərminə Abdullayevadır. N.Abdullayeva bildirir ki, özünə ziyalı deyən hər bir kəs kitabxanalara, kitabxana işinə və zəhmətkeş kitabxanaçıların əməyinə hörmətlə yanaşmalı, “dirnaqarası” münasibət göstərməməlidirlər. Onun fikrincə, bəzən bu sahədə çalışan bəzi insanlar, istər bu ixtisasdan olsun, istərsə də qeyri-ixtisasdan kitabxanada işləmələrinə baxmayaraq, bundan utanc hissi keçirirlər, bəzən hətta kitabxanaçının işini primitiv, lazımsız və ya çox asan hesab edənlər də olur. Sanki kitabxanada hər kəs işləyə bilər, bunun üçün ixtisasçı olmaq lazım deyil, kitabxana işini “Kitabı rəfdən götürüb oxucuya vermək və əksinə, oxucudan alıb rəfə qoymaq” kimi dar mənada düşünən fikirlər təbii ki, doğru deyil. N.Abdullayeva deyir ki, əslində, kitabxana işi çox mürəkkəbdir və bu sistem daxilində proseslərin müəyyən ardıcıllığı var. Ona görə, bu ardıcıllıq pozularsa, bütün sistem pozular. N.Abdullayeva bu baxımdan kitabxanaçılıq sahəsində təhsildə vacib məqamlarla bağlı fikirlərini bildirdi.
-Təhsil
aldığınız ixtisasın və elmi
sahənin Azərbaycan üçün
aktuallığını necə ifadə edərdiniz?
- Təhsil aldığım Kitabxanaçılıq-informasiya fakültəsi Azərbaycan Respublikasında kitabxanaşünas-informasioloq, biblioqrafiyaşünas, kitabşünas və nəşriyyat redaktoru ixtisasları üzrə kadr hazırlayan yeganə fakültədir. Fakültənin maddi-texniki bazası, elmi-pedaqoji potensialı tədrisin dünya standartları səviyyəsində təşkilinə imkan verir. Kitabxanaçılıq-informasiya ixtisasının hazırkı dövrün tələbatına uyğun şəkildə yeniləşməsində ABŞ-ın İllinoys və Urbana-Şampeyn universitetlərinin, Fransanın Nitsa Universitetinin Lion Ali Məktəbinin, Belçikanın Namur Ali Kitabxanaçılıq Məktəbinin, eləcə də Rusiya ali məktəblərinin təcrübələrindən geniş istifadə edilmişdir. Bu ixtisas üzrə doktorantura və dissertantura təhsili verən elmi müəssisələr isə bu fakültə ilə yanaşı, hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutudur. Burada fil.e.d. Aybəniz xanım Əliyeva-Kəngərlinin elmi rəhbərliyi ilə kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq ixtisası üzrə yüksək səviyyədə gənc tədqiqatçı ordusu yetişir. Bu ixtisasın elmi əsaslarının öyrənilib araşdırılması kitabxana proseslərinin daha da inkişafına xidmət etməkdədir. Alimə, elmi tədqiqatçıya, ümumiyyətlə, ziyalı şəxslərə kitabxana hər zaman hava və su kimi lazımdır. Kateqoriyasından asılı olmayaraq hər bir oxucunun da kitabxana-informasiya tələbatını yüksək səviyyədə ödəyəcək müasir xidmət növlərini təşkil etmək üçün mütləq və mütləq yüksəkixtisaslı peşəkar kitabxanaçı-biblioqraflara böyük ehtiyac duyulur və duyulacaq..
-Bu
ixtisasınız yönündə Azərbaycan təhsilində
və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- İxtisasım yönündə ən az ölkəmizə dil və coğrafi cəhətdən yaxın olan Rusiya Fed. və Türkiyə Cümhuriyyətinin universitet və ali təhsil ocaqlarının kitabxanaçılıq elmləri sahəsində əldə etdikləri nailiyyətləri, yenilikləri davamlı izləyib, tədris proqramını onlarınkı ilə uyğunlaşdırmaq və eyni zamanda ölkəşünaslıq özəlliklərini saxlamaqla yeni fənləri mütəmadi olaraq proqrama daxil etmək lazımdır. Misal üçün, tədqiqat mövzum olan “Kitabxana innovatikası” fənninin də bizim fakültədə tədris olunmasını çox istərdim. Və fakültədə mövcud olan ixtisasların sırasında “Kitabxana meneceri”, “Kitabxana proqramçısı” ixtisaslarının da olmasını, bu istiqamətdə də yüksəkixtisaslı peşəkar kitabxanaçıların hazırlanmasını istərdim. Daha sonra onu da qeyd edim ki, təcrübəsini öyrəndiyim bir sıra xarici təhsil müəssisələrində kitabxanaçılıq fakültələri “Sənəd-informasiya idarəçiliyi-menecmenti”( İnformation and Knowledge Management) kimi də adlandırılır. Düşünürəm ki, bu, həm ixtisasın profilini genişləndirir, həm də əhəmiyyətini artırır. Ümumiyyətlə, çox hörmətli, dəyərli kitabxanaşünas alimlərimizdən bir ricam olardı ki, Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” Qanununa əlavələr işlənib hazırlansın və orada bir sıra bəndlərlə yanaşı, kitabxanalara rəhbər vəzifələrə təyinat zamanı namizədin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq ixtisası üzrə təhsilə malik olması vacib şərt kimi göstərilsin. Atalar demişkən, zər qədrini zərgər bilər... Bu, mənim arzularımdır.
-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?
- Tədqiqatçısı olduğum elm sahəsi üzrə çox təkliflər ola bilər... Bir neçəsini əvvəlki sualın cavabında səsləndirdim. Keçmişdə olduğu kimi, ucqar dağ kəndlərində səyyar - yeriyən kitabxanaların təşkil olunmasını istərdim. Kitabxanalarda oxucular arasında ədəbiyyatla bağlı müzakirələrin, “dəyirmi masa”ların, tələb olunan yazıçı ilə ədəbi-bədii gecələrin keçirilməsini, oxucuların ixtisasları üzrə dünyada çap olunan ədəbiyyat barədə ekspres informasiyaların, bukletlərin hazirlanıb çap olunmasını istərdim. Ümumilikdə isə düşünürəm ki, müasir dövrdə hər bir gənc təhsil almalıdır, savadlı olmalıdır, xarici dil, inormasiya-kommunikasiya texnologiyaları üzrə biliklərə sahib olmalıdır. Bunun üçün əlindən nə gəlirsə, etməlidir. Cünki əhalisi, xüsusilə də gəncləri savadlı, təhsilli olan ölkə inkişafa məhkumdur. Elmə gənclərin cəlb olunması məsələsinə gəldikdə, hər nə qədər sosial problemlər olsa da, elmi işçilərin müavinətlərinin günümüzün reallığı ilə tərs mütənasib olmasına baxmayaraq, elmə həvəsi olan insan əsla öz yolundan dönməyəcəkdir. Əsas da budur. Çox çalışmaq. Öz yolunla getmək. Əsla geri çəkilməmək... Qarşımıza qoyduğumuz məqsədlərin ardınca getməkdən əsla imtina etməməliyik. Bir gün istədiyimizə çatacağıq. Tale bizi mükafatlandıracaq. Buna inanıram...
-Xaricdə təhsil
alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri
tövsiyə edərdiniz?
- İstərdim ki, xaricdə təhsil alan gənclərimiz və elmi tədqiqatçılarımız orada görüb öyrəndikləri yenilikləri, innovasiyaları, elmi nəticələri ölkəmizdə təbliğ etsinlər, buradakı həmkarları ilə bölüşsünlər, çünki həyat paylaşınca gözəldir, bilik, informasiya paylaşılması savadlı gənclərimizin sayının artmasına gətirib çıxarar, gənclərdə motivasiya yaranar elmə, biliyə, inkişafa... Vətənimizin elmi potensiallı gənclərinin inkişafı yönündə müəyyən tədbirlərın həyata keçirilməsi müasir dövrün ən əsas zərurətidir, deyə düşünürəm.
-Gələcək
plan və fəaliyyətinizlə
baglı nələri bölüşərdiniz?
- Gələcək üçün
planlarım çoxdur. İlk
növbədə yaxın gələcəkdə dissertasiya işimi
müdafiə etmək istəyirəm. Pedaqoji
fəaliyyətlə də məşğul olmaq
istərdim. Gənc kitabxanaçıların inkişafı
ilə bağlı ictimai birlik
yaratmaq niyyətim var.
Arzular sonsuzdur. Çox çalışmaq, çox
mütaliə etmək və inkişaf etmək
lazımdır. Hər zamanın zərurəti budur. Keçmişdə də belə olub, indi də belədir,
gələcəkdə də belə olacaq.
İlkin AĞAYEV
Palitra.-2015.-17 sentyabr.-S.11.