“Gənc nəsli vətənpərvər ruhda böyüyən yaradıcı vətəndaşlar
kimi yetişdirməliyik”
Günay Şirinova:
“Hər bir müəllim pedaqoji
peşə qabiliyyətlərini daim inkişaf etdirməli, elmin
son nailiyyətlərini öyrənməli
və şagirdə çatdırmağı
bacarmalıdır”
Layihə çərçivəsində
müsahibimiz Bakı şəhər, Xəzər
rayonu 324 saylı məktəbin ibtidai sinif müəllimi Günay Şirinovadır. O, müsahibəyə
gənc nəslin təlim-tərbiyəsinin təşkili
haqqında məlumat verməklə başladı:
- Biz sürətlə dəyişən, elmin, texnika və texnologiyanın daim inkişaf etdiyi dünyada yaşayırıq. Daim dəyişən həyatda müəllimin yeniliyə uyğunlaşması, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarması, özünüinkişafa və özünü təkmilləşdirməyə sövq etməyi zəruridir. Azərbaycan təhsil sistemində aparılan yeni islahatın şəxsiyyətyönümlü xarakterdə olması gənc nəslin hərtərəfli bilik və bacarıqlara malik vətəndaş kimi formalaşmasını tələb edir. Bu tələbin reallaşdırılmasında müəllim aparıcı rola malikdir. İnformasiya əsri adlanan bu dövrdə müəllim daima axtarışda olmalı, gənc nəslin cəmiyyət üçün məntiqi təfəkkürə malik, müstəqil düşünməyi, münasibət bildirməyi bacaran şəxsiyyət kimi yetişdirməlidir. Respublikamızda gedən böyük iqtisadi irəliləyiş və məqsədyönlü dövlət siyasəti nəticəsində respublikamız son illər İKT-nin inkişaf sürətinə görə dünya ölkələri arasında lider dövlətlərdən birinə çevrilib. İnformasiya cəmiyyətinə doğru sürətlə getdiyimiz dövrdə İKT sahəsində bacarıqlara yiyələnməyin ictimai əhəmiyyəti getdikcə artır. Təhsil prosesində əsas sima müəllimdir. Şagirdlərdə elmin ilk təməlini qoyan biz, ibtidai sinif müəllimləri çətin, məsuliyyətli, həm də şərəfli bir vəzifə yerinə yetiririk. Ulu öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Müəllim vəzifəsi ona görə qiymətlidir ki, o, cəmiyyət üçün dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır”. Hər bir müəllim pedaqoji peşə qabiliyyətlərini daim inkişaf etdirməli, elmin son nailiyyətlərini öyrənməli və şagirdə çatdırmağı bacarmalıdır. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməkdə qazanmaq olar. L.N.Tolstoya görə, öz işini sevən yaxşı müəllim, bununla yanaşı, uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir.
-Siz tədris prosesini necə təşkil edirdiniz?
-Mən öz pedaoqoji təcrübəmə
görə deyə bilərəm ki, bir müəllim kimi şagirdlərimə dərsdə müəyyən
bilik, bacarıq, dəyər və keyfiyyətlər formalaşdırır,
intellektual səviyyələrini
inkişaf etdirir, onlara nəcib, milli dəyərlərə
uyğun əxlaqi keyfiyyətlər aşılayıram.
Şagirdləri müstəqil çalışmağa,
öz işinə yaradıcılıqla yanaşmağa
sövq edirəm.
Hər bir müəllim kimi mən də
dərs prosesində öyrədici, nəzarətedici,
tərbiyəedici amilləri
bir-birindən ayırmamağa
çalışıram. Hər bir yaradıcı müəllimin elmi səviyyəsi, pedaqoji qabiliyyəti, psixoloji biliyi yüksək səviyyədə olmalıdır.
Bu keyfiyyətləri olmayan
müəllimi görkəmli
pedaqoqlar “iynəsi, bizi olmayan çəkməçiyə”
bənzədirlər: O, əlindəki
dərini o tərəf
bu tərəfə çevirib baxır, lakin ondan heç
nə tikə bilmir. Mən belə fikirləşirəm
ki, müəllim hər zaman öz üzərində işləməli, təcrübəsini
genişləndirməlidir. Dövlətimiz təhsil sahəsində
müəllimlərin yeniliklər
əldə etməsi üçün bir çox işlər həyata keçirir, müasir metodlardan istifadə etmək, onları dərsdə tətbiq etmək üçün kurslar təşkil edilir, müəllimlərdə yeni
metoda qarşı həvəs oyadılır.
Bunun üçün mən bir müəllim kimi təlimlərə qoşulmağı özümə
borc bilirəm. Təlimlərə qoşularaq öz
təcrübəmi artırmağa
çalışıram. Müəllim şagirdə təkcə
elm öyrətməklə kifayətlənməməli, həm
də onun bir şəxsiyyət kimi formalaşmasına təkan verməlidir.
Hər bir müəllim kimi, mən də şagirdlərimi gələcək üçün
hərtərəfli inkişaf
edən, nəticə
çıxarmağı bacaran,
informasiya-kommunikasiya texnologiyalarından
istifadə etməyi bacaran, dərin bilikli, vətənpərvər
ruhda böyüyən
yaradıcı vətəndaşlar
kimi yetişdirməyə
çalışıram. Dünyanın ən məşhur
insanları öz sevgilərini müxtəlif
aforizimlərlə bildiriblər.
Müəllimi Günəşə,
bağbana, mühəndisə
bənzədiblər. Deyiblər ki,
müəllim Günəş
kimi gənc qəlbi və ağlı işıqlandırır,
uşaqlara bağban qayğısı göstərir,
mühəndis kimi insan qəlbinin layihəsini cızır.
D.Roman deyirdi ki, “yer
üzərində müəllimlikdən
başqa, şərəfli
peşə tanımıram”.
Bu, doğrudan da, belədir - müəllimlik peşəsi
şərəfli olduğu
qədər də çətin və məsuliyyətlidir. Hər bir
müəllim uşağa
öz davranışı,
həyat tərzi, geyimi ilə də təsir edir. Çünki uşaqlar daha
çox müəllimin
hərəkətlərini izləyir,
onu təqlid edirlər. Ona görə də
müəllim hər zaman geyiminə, davranışına, nitqinə
fikir verməlidir.
Müəllim tələbkar olarsa,
sagirdləri bir o qədər məsuliyyətli
olar. Müəllim hər bir şagirdinə həssaslıqla,
qayğıkeşliklə, məhəbbətlə, təkidlə,
səbir və təmkinlə yanaşmalıdır.
Mən hər zaman şagirdlərimə şəxsiyyət
kimi yanaşıram.
-Şagirdlər
yeni bilikləri necə qavrayır?
-Şagirdlərimin yeni biliyi müstəqil qazanmaları, mənimsəmələri və təfəkkürlərini müntəzəm inkişaf etdirmək üçün interaktiv təlimin metod və texnikalarından dərsdə istifadə edirəm. Təlim üsulları təlim prosesinin səmərəliliyini təmin edən faktorlardan biridir. Nəzərdə tutulan bacarıqların formalaşdırılmasının ən real yolu təlim prosesini mahiyyətcə yeni prinsiplər əsasında- fəal təlim üsullarından istifadə etməklə təşkil etməkdir. Fəal - interaktiv təlim - təlim prosesinin elə təskili formasıdir ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə, yeni bir vəzifəni- bələdçi (fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Təqdim olunan komplektdə bacarıqlar fəal təlimin bütün formalarından istifadə etməklə formalaşdırılır. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemin qoyulmasına imkan verən motivasiya yaradılır. Nəticədə tədqiqat sualı müəyyənləşdirilir. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra problemin araşdırılması üçün şagirdlər irəli sürülmüş fərziyyələrin doğruluğunu yoxlamaq üçün bilik mənbələrindən istifadə etməklə tədqiqat işlərinə cəlb olunur. Alınan nəticələr iş vərəqlərində qeyd edilir. İş vərəqlərində işlər tamamlandıqdan sonra məlumat mübadiləsi aparılır. Hər qrup öz tədqiqatlarının yekunları ilə sinfi tanış edir. Sonra təqdim olunan işlər arasında rabitə, əlaqələr yaradılır. Məlumatlar sistemləşdirilərək ümumiləşdirilir. Həmin ümumiləşdirmələr ilkin fərziyyələrlə müqayisə olunur və nəticə çıxarılır. Bundan sonra biliyin tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu kimi, fəal- interaktiv təlimdə şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafı qayğısına qalınır, təlim prosesinə tədqiqat xarakteri verilir. Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti yaradıldığından iştirakçıların yüksək fəallığı təmin edir. Əsas məsələ təlim məqsədinin nəzərdə tutulan şagird bacarıqlarının müəllim tərəfindən düzgün qiymətləndirilməsi və bu bacarıqların formalaşdırılması üçün şagirdlər tərəfindən iş planının hazırlanmasıdır. Dərsin əsas məqsədi tapşırıqların bütün uşaqlar tərəfindən yerinə yetirilməsi deyil, seçilmış məşğələ və tapşırığın yerinə yetirilməsində bütün şagirdlərin iştirakıdır. Şagirdlərin məntiqi təfəkkürünün inkişafında krossvordların, oyun və tapmacaların əhəmiyyəti böyükdür. Odur ki, dərsdə didaktik materiallara geniş yer vermək lazımdır. Lakin hər dərsin öz müəllifi var - o da müəllimdir. Dərslərin oyunlar şəklində qurulması şagirdlərdə müstəqil öyrənməyə maraq yaradır. Bu gün təhsilin məqsədi də şagirdlərin müstəqil oyrənməsinə təkan verməkdir. Biz şagirdlərin qabiliyyətlərini üzə çıxarmalı və inkişaf etdirməliyik. Şagirdlər sərbəst şəkildə düşünməyi, asanlıqla sual qurmağı, öz fikirlərini ifadə etməyi, oxuduqlarında məna tapmağı bacarmalıdırlar. Ailədə uşaqlara lazımınca diqqət yetirilməlidir. Kiçikyaşlıların sualları çox olduğuna görə valideynlər onların verdiyi sualları cavablandırmalıdır. Uşaqlar nə qədər çox söz eşidərlərsə, söz bazaları bir o qədər geniş olar. Nitqimizi təşkil edən sözlərin mənası təkcə məktəbdə deyil, ailədə də başa salınmalıdır. Bir sözlə, müəllim, şagird, valideyn əməkdaşlığı daim olmalıdır.
Anar Miriyev
Palitra.-2015.-18 sentyabr.-S.11.