Üzeyir Hacıbəyliyə həsr edilmiş elmi konfrans
Dünən
Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir
Hacıbəyli adına VII Beynəlxalq Musiqi Festivalı
çərçivəsində görkəmli bəstəkarın
130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
Konfransda mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, bir sıra sənətşünas alimlər də iştirak edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Xalq artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib. Vurğulanıb ki, bu il görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bəstəkarın həyat yolu və yaradıcılığından söz açan Firəngiz Əlizadə diqqətə çatdırıb ki, ustad sənətkarlarımızın xatirəsi Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlər, konsertlər, konfranslar və anım mərasimləri ilə qeyd olunur. Elmi konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova "Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı" mövzusunda məruzə ilə çıxış edib. Zemfira Qafarova görkəmli bəstəkarın Bəstəkarlar İttifaqındakı böyük fəaliyyətindən, dünya konservatoriya praktikasında ilk dəfə olaraq şərq kafedrasının banisi olamasından və ilk dəfə olaraq notlu orkestr yaratmasından söz açıb. Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvi, sənətşünaslıq elmləri doktoru, professor Zemfira Səfərovanın müəllifi olduğu və macar dilində nəşr olunan "Üzeyir Hacıbəyli və onun görkəmli sələfləri" kitabının təqdimatı olub.
Nigar
Palitra.-2015.-23 sentyabr.-s.13.