“Turizm Azərbaycanın ən gəlirli
sahələrindən biri ola bilər”
Xanoğlan
Qasımov: “Gedənlər üçün
viza məsələsində problem hələ də var.
Dünyanın heç bir ölkəsində bu qədər sənəd
istəmirlər. Asanlaşdırılmış viza sisteminə
keçildiyi bildirilsə də, çoxlu sayda sənəd tələb
edirlər”
Bu gün dünyanın bir
sıra ölkələrinin əsas gəlir mənbəyinə
çevrilən turizm sektorunu inkişaf etdirmək ölkəmiz
üçün də vacibdir. Məhz
bu baxımdan ölkədə turizmin inkişafı ilə
bağlı bu sektorda fəaliyyət göstərən hər
bir qurumun üzərinə mühüm vəzifələr
düşür. Mütəxəssislər
bu sahədə mövcud problemlərin həlli və yeni təkliflərlə
çıxış edirlər. Müsahibimiz "AzərCo
Tur" turizm şirkətinin rəhbəri Xanoğlan
Qasımovdur:
- Azərbaycanda
hazırda qanuni şəkildə fəaliyyət göstərən
350-dən artıq turizm şirkəti var. Bizim turizm şirkəti
18-19 il bundan əvvəl fəaliyyətə
başlayanda, cəmi 4-5 şirkət vardı. Bu rəqəm
hər il getdikcə artır. Tur firmalar turistləri göndərmək kimi fəaliyyət
növü ilə məşğul olurlar. Hər tur firmada 5-6 nəfər
çalışır. Ümumilikdə
götürdükdə 350 şirkətdə xeyli insan işlə
təmin olunur. Bizim şirkət də
ötən müddət ərzində normal fəaliyyət
göstərib, nə Mədəniyyət və Turizm Nazirliyi,
nə də vətəndaşlar tərəfindən irad daxil
olmayıb. Nazirlik tərəfindən
diploma layiq görülmüşük, başqa mükafatlar
almışıq. Ancaq elə firmalar var
ki, insanlar problemlərlə üzləşirlər. Elə vaxt olub ki, biz xaricə 4-5 min turist göndərmişik.
Turfirmaların sayı az olduqda çoxlu
turistlər qəbul edirdik. İndi Azərbaycanda
online sistemi mövcuddur, xaricə gedən müştərilər
özləri çox vaxt internet vasitəsilə bron edirlər,
gedirlər. Biz yenə də həm ölkə
daxilinə, həm xaricə bir neçə min turist göndəririk.
Əsasən Karlovı Varı şəhərinə,
Kislavodsk, Yessentuki, Antalya, Bodrum şəhərlərinə
gedənlərin sayı çoxdur. Bir
azdan qış mövsümü başlayacaq. O zaman
Dubaya səfərlər çox olur.
Ümumiyyətlə, ölkə
başçısının turizm sektoruna diqqəti
böyükdür. Hətta 2011-ci il “Turizm ili” elan
olunmuşdu. Azərbaycanda turizm sahəsində
böyük infrastruktur dəyişiklikləri olub. Ölkədə çox sayda 5 ulduzlu otellər,
“Şahdağ” istirahət mərkəzi tikilib. Əksər bölgələrdə böyük
obyektlər tikilir. Gedənlərin də
sayı həddindən artıq çoxdur. Məsələn, bizim bayram günlərində
heç bir bölgədə turist üçün yer tapa
bilməzsən. Bizə gələnlərin
də sayı kifayət qədərdir. Ötən il 1 milyondan artıq turist gəlmişdi. Biz də onları qəbul edirik, otellərdə yerləşdiririk,
avtobuslarla Bakıya, Şəki, Qəbələ və
ölkənin digər görməli yerlərinə səfərlər
təşkil edirik.
- Hazırda həlli vacib məsələlərdən
biri elektron vizaların tətbiqidir. Bu, turizm
şirkətlərinin işini asanlaşdırırmı?
- Elektron
viza artıq tətbiq olunur. Bütün turizm
şirkəti deyil, MTN tərəfindən bir neçə
şirkətə icazə verilir ki, elektron viza ilə məşğul
olsunlar. Təbii ki, turizm şirkətlərinin
işini asanlaşdırır. Elektron viza
zamanı heç bir səfirliyə, yaxud digər yerlərə
müraciət etmədən əldə etmək olur. Bu, ölkəmizə gələnlər
üçün təşkil edilir. Gedənlər
üçün çox təəssüf ki, viza məsələsində
problem hələ də var. Dünyanın heç bir ölkəsində
bu qədər sənəd istəmirlər. Asanlaşdırılmış viza sisteminə
keçildiyi bildirilsə də, çoxlu sayda sənəd tələb
edirlər. Məsələn,
Gürcüstanda viza məsələsi sadələşdirilib.
Ötən il bizdə səfirliklər
viza ilə bağlı 17 nəfərin müraciətini rədd
etdilər. Heç bir səbəb də
göstərmirlər. Bir siyahı təqdim
edirlər ki, hansı səbəblərə görə turistlər
geri qaytarıla bilər. Yazırlar ki,
sizin gedib geri qayıtmağınıza heç bir zəmanət
yoxdur. Başqa heç nə göstərilmir.
Müraciət edənlər imkanlı ailələrdir,
müəyyən məbləğdə vəsait ödəyirlər.
Məsələn, Karlovı Varı şəhərinə
bron edib, 12-13 min avro məbləğində vəsait ödəyənlər
var. Problem yarandıqda pullar da batır. Vətəndaş
və turizm işçiləri ziyana düşür. Müəyyən məbləği ödənilsə
də, vizadan imtina edildikdən sonra otel də pulu qaytarmır.
Məcbursan ki, o pulu qaytarasan. Bəzi səfirliklər belə problemlər yaradır.
Bizim vətəndaşlar həmin ölkələrdə
10-15 min manat pul xərcləyirlər. Amma
xaricilər bizə gəldikdə bu məbləğin
yarısını xərcləyirlər. Minlərlə
insan Karlovı Varıda 2-3 min avro otelə verir, 6 min manat pul xərcləyirlər.
Xaricdən bizə turistlərin gəlməsində
heç bir problem yoxdur. Amma bizdə iş yerindən
arayış, əməkhaqqı 500 manat olmalıdır,
kredit kartın və içində müəyyən məbləğ
olması, eləcə də bankdan arayış, kredit
kartının surəti, nikah kağızı, şəxsiyyət
vəsiqəsinin surəti və digər sənədlər tələb
olunur.
- “2016-2025-ci illər
üçün Azərbaycanda turizmin inkişaf
strategiyası” hazırlanıb. Bu
strategiyanın ölkədə turizmin inkişafında
hansı rolu olacaq?
- Bu
gün kifayət qədər turizm obyektləri tikilib. Ölkə başçısı da bildirdi ki, 5
ulduzlu otellər kifayət qədər tikilib, artıq bəsdir,
indi 3-4 ulduzlu, qiymətləri aşağı olan otellər
tikmək lazımdır. Hazırda iş əsasən bu
istiqamətdə aparılır. İndi ikimərtəbəli
avtobuslar fəaliyyətə başlayıb. Bunlar hamısı turizmin inkişaf proqramında
öz əksini tapıb. Turizmin əsas məqsədi
ölkəyə gələn turistlərin sayını
çoxaltmaqdır. Ölkənin gəlir
əldə etməsi sahəsində fəaliyyətimiz zəifdir.
Biz göndərdikdə pul ölkəmizdən
gedir, elə etməliyik ki, pul ölkəyə daxil olsun.
Qruplar təşkil olunmalıdır, xaricdən
turist cəlbi istiqamətində fəaliyyətimiz zəifdir.
Xariclə əlaqələrimiz, təbliğat,
reklam işlərimiz zəifdir, gərək Almaniya,
İtaliya, İspaniya, Fransadan turistləri cəlb edək.
Onlar Azərbaycanı görsünlər,
ölkəmizlə bağlı yüksək təəssürat
yaransın. Getdikcə turistlərin
sayı artsın. Çox təəssüf ki, hələ
bu sahədə iş zəifdir. Turizmin
inkişafı ilə bağlı dövlət proqramında
da əsas istiqamətlərdən biri məhz turistlərin
ölkəmizə cəlbi ilə bağlıdır. Məsələn, ölkəmizdən minlərlə
turist qonşu Türkiyəyə istirahətə getsə də,
bu ölkədən bizə turist gəlmir. İş adamları gəlsə də turist kimi gəlmirlər.
Onları cəlb etmək lazımdır.
Bir də bizdə qiymətlər xeyli bahadır. Turistləri cəlb
etmək üçün onları maraqlandırmaq
lazımdır. Xarici turistə bir otaq 500
manat qiymətə dedikdə verməyəcək, 20-30 avroya
yer axtarır, əsasən gəzmək, baxmaq istəyir,
komfort istəmir. Gəlib görəndə
ki, otel 200-250 manatadır, o zaman gəlmir. Qiymətləri
tənzimləmək lazımdır, turizm qiymətləri
bahadır. Məsələn, Türkiyəyə
700 manata aviabilet, yemək, 7 gün otel, qarşılayıb
aparmaq daxildir. Yaxud Dubayda hər şey
daxil olmaqla 500 manatdır. Bizdə 500 manata
qalmaq mümkün deyil. Bizdə ucuz yerlərin
heç birində hovuz yoxdur. Məsələn,
Nabranda heç kanalizasiya sistemi yoxdur. Yeməklər
aşağı səviyyədə, ancaq 2 nəfərlik yeməyə
100 manat verməli olursan. Bunların
hamısını həll etmək lazımdır. Kökündən dəyişiklik etmək
lazımdır. Biz bahalı otellər tikməyə
başladıq. Gərək elə
Nabrandan, Masallıdan, istisulardan, radon vannalarından
başlayaydıq. Əhalimiz bu gün
müəyyən xəstəlik, məsələn, revmatizma
ilə bağlı başqa ölkələrə gedir. 2-3 ulduzlu, insanların cibinə uyğun otellər
tikmək lazımdır. Bunlar turizmin eybəcərliklərindən
biridir. Açıq desək, mövcud
turizm şirkətləri qazanc əldə etməyə
çalışır. Yəni
müştəri əldə etmək istəyir. Turizmdə nə isə yaratmaq lazımdır. Ölkəmizdə bu sahədə Turizm Assosiasiya fəaliyyət
göstərir. Ancaq fəaliyyəti yoxdur.
- Bu gün turizm sektorunda, o cümlədən
turizm şirkətlərində çalışan
kadrların fəaliyyəti sizi qane edirmi?
- Turizm
sahəsində çalışanların fəaliyyəti
çox aşağıdır. Bu gün turizm
şirkətində 2 min insan çalışır və
yeni turfirma açanlar işçi axtararkən qızları
işə götürür, xarici görünüşü,
müştərini cəlb etmək bacarığı kimi
keyfiyyətlər əsasında seçilir. Ancaq gələndə baxırıq ki, heç nə
bilmir. Elə qız var ki, 50 firmada işləyib.
Turizmin səviyyəsini endirən belə amillərdir.
Keyfiyyətli kadrlara ehtiyac var. Bu gün 10 nəfər
keyfiyyətli turizm işçisi ancaq tapmaq olar. Bu sahədə çalışan qızların bəziləri
təəssüf ki, fırıldaqçılıqla məşğul
olurlar. Belə oğlanlar da var. Ali təhsil
müəssisələrində yetişən kadrlar isə əsasən
otellərdə çalışmağa üstünlük
verirlər.
Başqa problemlər də var. Məsələn, turist
üçün 235 manata Bakı-Minvod-Bakı
üçün təyyarə bileti yazmışam. Turist getmirsə,
100 avro cərimə edilir. Onu müştəriyə
demək olmur. Bilet AZAL-ındır.
Bir ölkə üçün 400 turfirma çoxdur. Firmalar
arasında da rəqabət yoxdur. Sağlam
rəqabət lazımdır. Turfirmaların
rəhbərlərini bölgələrə aparmaq
lazımdır. Bizdə Antalyaya bilet yayda
600 manata başa gəlir. Ancaq Rusiyada 500
manatdır. Ölkəmizdən
Gürcüstana 1 milyon 200 min turist gedir. Əvvəllər
15 dollar otel, indi 50 dollar olub. Dünyada ən
yaxşı servis xidməti Türkiyədədir. Bizdə servis yoxdur. Bizdə hara
getdikdə deyirlər menyuda kabab var. Mədəniyyət yeməkdən
də başlayır. Təkcə kabab
menyu demək deyil. Adi salatı bəzən
çox kobud şəkildə hazırlayaraq turistə təqdim
edirlər. Türkiyədə servis xidməti
çox yüksək səviyyədə təşkil
olunduğuna görə, otellərdə boş yer tapmaq olmur.
Turizmdə bunların hamısı ilə məşğul
olmaq lazımdır. Bizdə turizmə
alver gözü ilə baxırlar. Məsələn,
indi yay turizm mövsümü başa çatdı. Türkiyə turizm firmaları 25 nəfəri dəvət
edirlər, 5 ulduzlu otelləri gəzdirirlər, bütün xərcləri
ödəyir, təbliğ edirlər. Bizdə
isə belə tədbirlər həyata keçirilmir. Bu istiqamətdə addımların atılması
vacibdir.
Turizm Azərbaycanın
ən gəlirli sahələrindən biri ola
bilər. Buna dövlətin dəstəyi
lazımdır. Avstriyanın 200 milyard avro
büdcəsi var, 9 milyon əhalisi var. 60-70 faiz gəliri
turizmdəndir. Bizdə bu sektoru inkişaf
etdirmək lazımdır.
Yəqin ki, gələcəkdə yaxşı olacaq.
Nigar Abdullayeva
Palitra.-2015.-24 sentyabr.-S.5.