Ciddi elmi islahatlar aparılmalıdır”

 

Cavid Əmirov: “Yeni tədris ilində səs gətirəcək bir çox layihələrimiz olacaq

 

Azərbaycan gənclərinin çoxşaxəli fəaliyyəti xaricdə təhsil alan tələbələrimizdə də özünü göstərir. Müsahibimiz Cavid Əmirov da bu baxımdan diqqət çəkir. O, hazırda Türkiyənin Eskişehir Osmanqazi Universitetində Kimya mühəndisliyi fakültəsində oxuyur. Eyni zamanda Anadolu Universitetində İqtisadiyyat üzrə qiyabi təhsil alır. Təhsilindən əlavə olaraq Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyinin Eskişehirdəki rəsmi tələbə təmsilçisidir. Bununla yanaşı, Eskişehirdə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəklər Federasiyasına bağlı Eskişehir Azərbaycanlılar Dərnəyinin (ESAZDER) xarici işlər və təşkilatlar üzrə nümayəndəsidir.

 

-Elm və təhsil üçün sizə xaricə getməyə stimul verən nədir?

-Məktəbdə oxuduğum zamandan etibarən xaricdə oxumaq istəyim var idi. Başqa ölkələrdə qazandığım təcrübələri Azərbaycana gətirmək və ölkəmi xaricdə təmsil etmək istəyirdim. Təhsilin keyfiyyətinə və bizə mədəni və milli yaxınlığına görə Türkiyəni seçdim. Peşman da olmadım: burada təhsillə yanaşı, çox şey qazanmışam. Ən əsası buradan çox təcrübə əldə etdim.

-Öyrəndiyiniz sahəyə marağınız necə yarandı?

-Öyrəndiyim sahəyə marağım böyükdür. Ümumiyyətlə, kimya sahəsi sənaye ilə bağlı bir sahədir və demək olar ki, sənayenin bütün sahələrində mövcuddur və lazımlıdır, xüsusən də neft sahəsində. Ölkəmizdə neft sənayesi böyük paya sahibdir. Neft resurslarının düzgün istifadəsi və maksimum dərəcədə xeyir əldə olunması vacibdir. Düşünürəm ki, bunun üçün də peşəkar kadrlar yetişməlidir. Öz ölkəmizdə nə qədər çox peşəkar kadrlar olsa, xeyrimiz o qədər çox olacaq. Əlavə olaraq, qeyri-neft sektorunun inkişafı vacibdir. İqtisadiyyatımız tək neftdən asılı olmamalıdır. Qeyri-neft sektorunda aparılacaq iqtisadi islahatlar və yaradılacaq əlverişli investisiya mühiti ölkəmizdə sənayenin kompleks inkişafına təkan verəcək. Bunları nəzərə alaraq kimya ilə yanaşı, iqtisadiyyat üzrə də təhsil almağa qərar verdim. Müasir kimya texnologiyaları ilə çalışmaqla nəinki Azərbaycan bazarlarına, o cümlədən bəynəlxalq bazarlara keyfiyyətli məhsul çıxarmaq lazımdır. Buna görə də xaricdə olan “tələbə kapitalından” düzgün istifadə olunması zəruridir.

-Osmanqazi Universitetində Azərbaycanlıların həmrəyliyi necədir?

Tək Osmanqazi Universitetində deyil, Eskişehirdəki hər iki universitetimizdə tələbərimiz digər şəhərlərə örnək olacaq dərəcədə həmrəydir. Universitetimizdə həm təhsil, həm də sosial sahələrdə azərbaycanlı tələbələr aktivdirlər. Azərbaycanlı tələbələr olaraq həm universitetlərdə, həm də şəhərimizdəki tədbirlərdə hər zaman öndəyik. Misal üçün deyə bilərəm ki, “Türk dünyası paytaxtı Eskişehir” layihələrində azərbaycanlılar xüsusi aktivlik göstərirdi və bütün layihələrdə iştirak etmişik. Mən özüm də “Türkvizyon-2013” layihəsində təşkilatçı kimi fəaliyyət göstərmişəm. Bundan əlavə, universitetlərdə fəaliyyət göstərən sosial klublarımız var. Həmçinin rektorluq və digər qurumlarla, müəllim heyətimizlə sıx əlaqə içindəyik. Eskişehirdə hər zaman birsağlam hərəkət etməyi bacarırıq. Bunun ən başlıca səbəbi, məncə, Eskişehirdə dərnəyimizin olması və böyüklərimizin bizə yol göstərməsidir. Bu, fəaliyyətlərimizin daha peşəkar olmasını təmin edir. Şəhərimizdəki hökumət və qeyri-hökumət təşkilatları ilə hər zaman əlaqə içində olmağımıza imkan yaradır.

-Gənclərimizi əlamətdar günlərdə bir araya gətirə bilirsinizmi?

-Bəli. Ümumiyyətlə, daim bir-birimizlə əlaqə içində qalmağa çalışırıq. Hər həftə tələbə toplantılarımız olur. Bundan əlavə, dərnək olaraq tələbələrin boş vaxtlarını dəyərləndirməsi və birlikdə zaman keçirməsi üçün proqramlar hazırlamışıq. Buna misal olaraq bu ilButasertifikat proqramımız oldu. 8 mövzu üzrə peşəkarlar tərəfindən dərslər verilir. Dərslərdə iştirak etmiş tələbələrə il sonunda sertifikatlar verildi. Daha sonra hər ay keçirilən komandalararası bilik yarışlarımız olur. İlin sonunda ən çox xal yığmış komandaya mükafat verilir. Tələbə seminarlarımız var ki, burada hər kəs bildiyi bir sahə üzrə digər tələbələrə seminar verir. Bu da aramızda bilgi paylaşımı etməyimizə imkan yaradır. Azərbaycanın isə demək olar ki, bütün əlamətdar günlərini qeyd edirik. Tədbirlərimiz, konfranslarımız, yürüşlərimiz və bir çox layihələrimiz olub. Dərnəyin tələbələrdən ibarət rəqs və teatr topluluğu fəaliyyət göstərir. Bunlardan tədbirlərdə istifadə edirik. ESAZDER olaraq 2014-2015 tədris ilində bir çox tədbirlər keçirdik. Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin dəstəyilə Türkiyənin müxtəlif şəhərlərindən tələbələrin iştirakı ilə şahmat turniri təşkil etdik. Türkiyədə ilk dəfə olaraq “Xocalı Xatirə Meşəsi” layihəsini gerçəkləşdirdik. 613 şəhidimizin xatirəsinə 613 ədəd ağac əkərək adlarını əbədiləşdirdik. Daha sonra Türkiyə Təhsil Nazirliyi ilə birgə layihə çərçivəsində Eskişehirdəki Mustafa Kamal ilkokulu şagirdlərini Azərbaycana ekskursiyaya göndərdik. İlin sonu Eskişehirdə 80 ölkədən təhsil alan gənclərin ölkə tanıtım çadırları olur. Biz də azərbaycanlı tələbələr olaraq ölkəmizi maksimum səviyyədə tanıtmağa çalışdıq. Milli geyimlərimizi, tarixi yerlərimizi, rəqslərimizi, ölkəmizə aid əşyaları sərgilədik. Bundan əlavə, Xocalıya, 20 Yanvara, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə aid konfranslar təşkil etdik. İranda yaşayan azərbaycanlılara aid tədbirlərimiz olur. Kitab təqdimatımız oldu. Eskişehirdə digər qurumların Azərbaycana aid tədbirlərində də iştirak edərək dəstəyimizi göstərməyə çalışırıq. Layihələrimizi dərnəyin rəsmi saytı olanesazder.com” vasitəsilə də tanıdırıq. Keçirdiyimiz layihələrin cəmiyyətin diqqətini cəlb edəcək şəkildə olmasına diqqət göstəririk.

-Siz Azərbaycan həqiqətlərinin təbliği istiqamətində hansı işlər görürsünüz?

-Bütün gördüyümüz işləri, əslində, bərabər əziyyət çəkərək görürük. Nəyisə yalnız öz üstümə götürməyim düzgün olmaz. Sadəcə, mən tələbə təmsilcisi olaraq tələbələrlə əlaqə qurulmasında, layihələrimizin planlaşdırılmasında, həyata keçirilməsində iştirak edirəm. Həmçinin, yeni gələn tələbələrin mühitə uyğunlaşmasında köməklik göstərirəm. Daim tələbələrimizlə əlaqədə olmağa çalışıram. Bacardığım qədər problemlərdə köməklik edirəm. Getdiyim yerlərdə, beynəlxalq tədbirlərdə, təhsil aldığım universitetdə, çevrəmdəki insanlar arasında Azərbaycanı tanıdıb təbliğ edirəm. Eyni zamanda Eskişehirdəki qurumlarla daim əlaqə içində qalmağa, ictimai proseslərdən kənarda qalmamağa çalışıram.

-Universitetdəki əcnəbi gənclərlə əməkdaşlıq edirsinizmi?

- Əlbəttə. Fikrimcə, bu, çox vacibdir. Hər əcnəbi tələbə başqa bir cəmiyyətdən gəlir. Qeyd etdiyim kimi, təhsil aldığım şəhərdə 80-dən çox ölkədən tələbə var. Biz onlara Azərbaycan reallıqlarını çatdırdığımız zaman həmin cəmiyyətlərdə pozitiv bir fikir formalaşdırmış oluruq. Əslində, hər tələbənin borcudur ki, bu cür təbliğatlarla məşğul olsun.

Bu il belə əlaqələrimizi daha da genişləndirməyi düşünürəm. Yaxın gələcəkdə daha geniş layihələrimizin olacağına əmınəm.

-Kənardan Azərbaycanın inkişafı necə görünür?

-Azərbaycan çətin tarixi proseslərdən keçmiş bir ölkədir. Bu proseslərdə böyük qurbanlar vermişik və 24 ildir ki, müstəqilliyimizi bərpa etmişik. Bu tarix ərzində təbii olaraq inkişaf yolu qət etmişik. Bunda da neft strukturlarının çox olması və coğrafi mövqeyimizin böyük rolu olub. Geriyə baxdığımız zaman inkişaf səviyyəmiz göz önündədir. Dünyada sürətlə inkişaf edən dövlətlər arasındayıq. Regionumuzda lider dövlətik. Lakin daha çox islahatların olması vacibdir. Xüsusən də “sovet” beynindən xilas olmalıyıq, deyə düşünürəm. Daha da dünyaya açılmalı, inkişaf etmiş dövlətlərdən örnək alıb tətbiq etməliyik. Fikrimcə, bunun yolu xaricdə təhsil alan tələbələrdən keçir. Dünya təcrübələrini Azərbaycanda tətbiq etməyə, insanların daha çox maariflənməsinə ehtiyac var. Ciddi elmi islahatlar aparılmalıdır. Sağlam təhsil təməlləri atılmalı, elmi araşdırma mərkəzləri qurulmalıdır. Xüsusən də sənaye kapitalı savadlı insan kapitalına çevrilməlidir. Cəmiyyətdə elmə, inkişafa maraq yaradılmalıdır. Savadlı vətənpərvər bir nəsil olduğu zaman inkişaf səviyyəmiz daha da artacaq.

-Qarşıda görüləcək hansı planlarınız var?

-Təhsilimi bacardığım qədər uğurlu tamamlamağı və Avropada magistr təhsili almağı planlayıram. Təhsil aldığım sahədə tam peşəkar olmağa çalışıram. Türkiyədə qalacağım müddətcə universitetdən əlavə vasitələrlə təhsilimi artırmağa davam edəcəm. Eskişehirdəki fəaliyyətlərimizi də davam edəcəyik. Yeni tədris ilində səs gətirəcək bir çox layihələrimiz olacaq. Dekabr ayında Azərbaycan Gənclik qurultayı təşkil edəcəyik. Yaxın müddətdə çalışmalara başlayacağıq.

Fuad Hüseynzadə

Palitra.-2015.-29 sentyabr.-S.11.