“60-cı illərdən başlayaraq,
ədəbiyyatda yeni poetik
tendensiyalar formalaşıb”
Filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu:
“Həmin dövrün ədəbiyyatşünaslıq
baxımından tədqiqi önəm daşıyır”
Layihə çərçivəsində
mövzumuz bu dəfə
ədəbiyyatşünaslıq, son
dövrlərdə Azərbaycanda bu sahənin
problemləri, milli ruhlu
yaradıcılıq motivləri və bu
sahədə aparılan konkret tədqiqatlarla
bağlıdır. Bu barədə bizə
fikirlərini filologiya üzrə fəlsəfə
doktoru Nəzmiyyə
Yigitoğlu bildirir.
Onun fikrincə, 1960-cı illərdən başlayaraq, həm Azərbaycan, həm də Rusiya ədəbiyyatında yeni poetik tendensiyalar formalaşmağa başlayır. Bu baxımdan həmin dövrün ədəbiyyatşünaslıq baxımından tədqiqi önəm daşıyır. Çünki həmin dövrdən əvvəlki illərin ölçülü, bəzən patetik ənənələrə söykənən şeirindən fərqli olaraq həyat həqiqətlərinə yeni rakursdan baxıb yeni, orijinal tərzdə təsvir, təhlil edən, bənzədən, məna verən poeziya yaranmağa başlayır: “Rus ədəbiyyatşünası və tənqidçisi, o cümlədən, “altmışıncılar” sözünün onun tərəfindən ilk dəfə işlədilməsi söylənilən Stanislav Rassadin ədəbi dövrü xarakterizə edərkən yazır: “Altmışıncılar” poeziyası dedikdə, ilk növbədə, bizim bu dövrün zahiri əlamətləri - şairin şairlə, siyasi rejimlə, senzurayla qarşıdurması diqqətimizi cəlb edib. Bütün bunlar, əlbəttə ki, bizim məişətimizi, dramamızı təşkil edir, lakin incəsənətin əsl həyatı bu deyil. Poeziyanın öz hakimiyyəti var, öz senzurası var. O senzura ki, demokratiyanın ifrat dərəcəyə çatıb özbaşınalığa çevrilməsinə və ya demokratiyanın pozulması hallarına yasaqlar qoyur”. Bənzər arayışı, həmçinin Azərbaycan ədəbiyyatının da 1960-cı illər mərhələsinə aid etmək olar. Tədqiqatlar göstərir ki, bu poeziyanın aparıcı estetik tələbi olan müasirlik, özünü bədii fikrin fəlsəfi, psixoloji obrazlılıqla, beynəlxalq mövzuya həssaslıqla, analitik düşüncə tərzi ilə ifadəsində tapırdı. İnqilabi, azad insan pafosu isə lirik “mən”in əvvəllər olduğu kimi əməllərində, gur nitqində deyil, həyat hadisələrinə münasibətində, fərdi qənaətlərində özünü göstərirdi. Buna İsa İsmayılzadə, Ələkbər Salahzadə,Vaqif Cəbrayılzadə, Əli Kərim poeziyası misaldır: “Xüsusən, sətiraltı mənalar, alleqoriya, rəmzlər vasitəsilə milli əsarətin, müstəmləkəçilik təzyiqinin, azadlıq ehtirasının ünvanı gah Afrikaya, gah Kubaya gah Vyetnama yönəlsə də, əslində Azərbaycan həqiqətlərinə aid idi: “Vaqif Səmədoğlunun “Vətən şirin şeydir, şirindir, talan olsa da, şirindir tək-tük şeiri, mahnısı yalan olsa da” və yaxud “Qoy əzilsin əlimdə yumularkən gözlərim, tapılmamış dərmanın reseptitək Türkmənçay müqaviləsi” misraları kimi”. Müsahibin fikrincə, bu dövrün həqiqi ədəbiyyatı yalnız Azərbaycan dilində deyil, həm də Ezop dilində yaradılıb. Bundan başqa, 1990-cı illərə qədərki poeziyada Bəxtiyar Vahabzadənin “Latın dili”, “Anamın kitabı”, Xəlil Rza Ulutürkün “Laylam mənim, nərəm mənim”, “Afrikanın səsi”, Məmməd Arazın “Araz dili”, Sabir Rüstəmxanlının “Sağ ol ana dilim” və s. əsərlər mətnarası, sətiraltı məqamlarla Azərbaycan xalqının və dilinin şanlı tarixini, soykökünü unutmağa qoymurdusa, 1990-cı illərin narahat, artıq dostun dost, düşmənin düşmən kimi üzə çıxdığı vaxtlarda, xalqçılıq, istiqlalçılıq ideyalarının bayraqdarına çevrilir poeziya.
Yaxın tarixə nəzər yetirsək, görünür ki, sovet rejiminin “dissident” adını qoyduğu bu yazıçıların əsas müdafiəçisi isə yenə də Heydər Əliyev olub: “1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayında çıxış edərkən ümumilli lider deyir: “Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhvali-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərinin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək, bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”.
Dövrə elə bir rejim hakim idi ki, hətta Vaqif Səmədoğlunun “Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada” misralı məşhur lirik şeirində belə yaşıl rəngə müəyyən mənalar verilir, çapına qadağa qoyulurdu. Yalnız Heydər Əliyevin müdaxilələrindən sonra bu şeir işıq üzü görüb: “Məhz belə yersiz maneələr üzündən V.Səmədoğlu “Günün baxtı” kitabından sonra on il dərc olunmur. Səbəbini isə sonralar müsahibələrində belə izah edir: “Qorxurdum ki, Qlavlitdə mənə deyərlər ki, bu cür yaz və mən də o cür yazmağa başlayardım. Öz içimdə senzorun yaranacağından qorxurdum”.
Onun haqqında Anar yazır: “Vaqif, yaradıcılığının bircə səhifəsini də yaradıcılığı nümayiş etdirmək həvəsinə qurban vermədi. Bu baxımdan aramızda Vaqif hamımızdan çox azad idi. Ona görə ki, hamımızdan az çap olunurdu”.
Bu sahədə tədqiqatlar göstərir ki, V.Səmədoğlunun şeirləri xüsusi başlıqlara bölünmədiyi kimi, xüsusi mövzulara da həsr edilməyib: “O, məqsədli şəkildə mövzu axtarmır. Lakin biz araşdırmamızda məzmun, ideya üzrə konkret nəticələrə gəlmək üçün bu şeirləri təhlil edərək təsnifləşdirməyə çalışdıq: Asketik-fəlsəfi şeirlər, məhəbbət-həsrət şeirləri, Allahla söhbət, ictimai-analitik şeirlər.
V.Səmədoğlu
yaradıcılığı haqqında müəllifin bədii
konsepsiyası yerinə müəllifin həyat konsepsiyası
ifadəsini işlətmək daha məqsədəuyğun
olar. Çünki V.Səmədoğlunun
şeirləri onun birbaşa
öz daxilinin, həyat
fəlsəfəsinin, xüsusən də əsas tematika - ömür, ölüm, tənhalıq
haqqında fərdi, səmimi qənaətlərinin tərcümanıdır.
Buna görə də, onun poeziyasına həzin pessimist, romantik ruh hakimdir. Lirik “mən”in
yaşadığı hal-hazırkı
əhvali-ruhiyyəni, hiss və
düşüncələri, məkanı, həyat hadisələrindən gəldiyi
individual, özünəməxsus məntiqi ifadə edir. Dövrünün şairlərindən fərqli olaraq, burada bütöv fikir, aydın ideya, kütləyə xitab edən məzmundan çox, ürəyində özu-özü
ilə götür-qoy
edən, Allahla danışan, tərəddüdlər,
etiraflar edən obraz yaradılıb.
Bir sözlə, Vaqif dərdlərini hayqırmır, hıçqırır,
çığırmır, xısın-xısın pıçıldayır:
Bu sevincək rənglərin
mənzərəsindən
yorulmuşam,
bezmişəm yaman.
Gözlərim taqətdən düşüb
alabəzəyə baxmaqdan,
neyləyim, yatmır ürəyimə
rənglərin, boyaların
zildən oxunanları.
Beləcə, tənhalıq, ölüm,
məzar, “Ayrılığın
ən sıx meşəsində belə
aza bilmərəm”, “Ayrılıq gözünə
düz baxa bildiyim yeganə dirimdir” deyən ayrılıq mövzusu V.Səmədoğlu poeziyasının
əsas motivini təşkil edir. Ədəbiyyatda geniş məna
çalarlarına malik
olan ölüm-məzar
mövzusu şairin bir neçə şeirində bu dünyanın reallıqlarından
ayrılıb şeir
yazmaq halı ilə qiyaslanır.
Vaqif Səmədoğlu
şeirlərinin təhlilindən
əldə etdiyimiz nəticələr göstərir
ki, bu poeziya
sentimental fəlsəfi ədəbiyyata
uyğundur. Burada hadisələrin insan mənəviyyatında
əks-sədası, hər
şeyə hissiyyat prizmasından yanaşılma,
təbiəti ideallaşdırıb
onu cəmiyyətin eybəcərliklərinə qarşı
qoyma, sadə insanın mənəvi aləminin zənginliyinin açılıb göstərilməsi,
ədəbi dilin demokratikləşməsi aydın
görünən xüsusiyyətlərdir”.
Dramaturji yaradıcılığa isə
Vaqif Səmədoğlu
1980-ci illərin sonunda-
Azərbaycanın tarixi,
çağdaş həqiqətlərinin,
istiqlalçılıq ideyasının
Azadlıq meydanında
olduğu kimi ədəbiyyatda da əks-səda verdiyi o illərdə gəldi. Onun dramaturji yaradıcılığını
“Qalib”, “Yayda qartopu oyunu”, “Bəxt üzüyü”,
“Generalın son əmri”,
“Mamoy kişinin yuxuları” kimi pyeslər təşkil edir. Dövrün ən məntiqə
uyğun, zamana uyğun tələbi tarixi dram idi. İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə
yaradıcılığına məxsus torpaq, yurd istilaları, erməni ikiüzlülüyü,
Tanrıya müraciət və s. tarixi patriotik əsərlər, əsasən,
mərkəzdənqaçma süjet strukturuna söykənirdi. Yəni cəmiyyətin, xalqın bəla və konfliktləri xarici, kənar qüvvələrin iştirakı,
müdaxilələri ilə
cərəyan edir, ideyanın bədii həlli növ-növ xarakterlərin, məkanların
vasitəsilə həyata
keçirdi.
Araşdırmalar göstərir ki,
V.Səmədoğlu dramaturgiyasında
isə ilk diqqəti çəkən, burada tarixi süjet yox, müasir cəmiyyət hadisələrinin,
əsasən də, dağılan sovet rejiminin satirik yolla ifşasıdır: “Müəllifin pyes qəhrəmanları kəskin
müsbət və ya mənfi tiplərə
bölünmür. Burada güclü,
mətin xarakter də yoxdur. Bizə yaxşı məlum olan “Bəxt üzüyü” pyesinin qəhrəmanları həm
yaxşı, həm də gülünc tərəfləri ilə
tanıdılır. Müəllif konsepsiyası bu əsərlərdə daha
çox, sərxoş,
şikəst, dəli,
işsiz-yəni hardasa
yazıq, marginal obrazların
timsalında öz ifadəsini tapır.
Poeziyada olduğu kimi, burada da müəllif
özünəməxsus həyat
fəlsəfəsini 1990-cı illərin dramaturji poetikasına uyğun olaraq güclü, mübariz obraza deyil, cəmiyyət içərisində tənha,
bir növ həyata sarıla bilməyən zəif obrazlara həvalə edir. Poeziyada bu xüsusiyyət
şeirə lirizm,
sentimental ovqat gətirirsə,
müasir dramaturgiyada
absurd teatrın meyarlarına
yaxınlaşır. Absurd
teatrın əlaqəsizlik,
uyğunsuzluq üzərində
qurulmuş süjeti tənha insan, cəmiyyətdəki özgələşmə
ideyası ətrafında
cərəyan edir.
Burada önə sürülən
fikir və ya düşüncə açıq-aydın göstərilmədiyi
üçün onu hər kəs istədiyi kimi dərk edir”.
Alimin araşdırmasına
görə, Səmədoğlunun
poeziya və dramaturgiyasının forma, janr,
vəzn, sənətkarlıq
xüsusiyyətləri, dil-ifadə
xüsusiyyətlərinə görə təhlili də bu irsi
ehtiva edən bədii bütövlüyü
görməyə imkan
verir.
İlkin AĞAYEV
Palitra.-2015.-30 sentyabr.-S.11.