Tanıdığımız və tanımadığımız Qax

 

Beynəlxalq Turizm Gününü turist olaraq qeyd etmək həqiqətən də insan üçün ikiqat bayramdır. Yəni həm bayram əhvali-ruhiyyəsində olursan, həm də görmədiyin yerləri gəzib unudulmaz anlar yaşayırsan. Bu baxımdan Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədovun (İlisuyski) və Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü fotoqraf Rüfət Əliyevin təşəbbüsü ilə keçirilən növbəti “Tour d`Qaxtam yerinə düşdü. Britaniya turizm korporasiyası “AirTrips.comun dəstəyilə həyata keçirilən bu səfərdə iştirak edərkən təkcə turist olaraq qala bilmədim. Özümdən asılı olmayaraq peşə məsuliyyəti məni məcbur edir ki, Qaxda gördüklərimə jurnalist mövqeyindən yanaşım.

Düzü, Qax deyəndə həmişə mənim ilk ağlıma gələn İlisu kəndi olur. Qaxın bu kəndini bir çoxlarının, təbii şəraiti, təmiz havasına görə “Azərbaycanın İsveçrəsi”nə bənzətdiyini eşitmişdim. Bu baxımdan həmişə İlisuya getmək marağımda idi. İlisuya gəldikdə bu istəyimdə heç də yanılmadığımı gördüm. Burda ilk diqqəti çəkən və insanı heyrətləndirən təmiz havadır. Tüstülü-dumanlı şəhərdən gələn insan dəniz səviyyəsindən 1585 metr yüksəklikdə yerləşən bu kənddə nəfəsinin ciyərinə hopmasını belə, hiss edir. İlisuya girərkən sanki iki dağ səni öz ovcunun içinə alır. Lakin sonradan bu dağların kənd boyu hər iki tərəfdən uzandığının şahidi olursan. Dağların ətəyindən axan Kürmükçayın səsi isə təbiətin səssizliyində həzin musiqi kimi insana mənəvi zövq verir. Buranın sakitliyi səsli-küylü şəhərdən gələn turistin ruhuna rahatlıq bəxş edir. Təbiət incisi olaraq İlisu turist kimi dincəlmək üçün əvəzedilməz yerdir.

İlisunun əsas əhalisi yerli azərbaycanlılar və saxurlardır. İlisuluların özlərinə məxsus ləhcələri vardır. Hərçənd onlar ləhcə ilə danışanda deyilənləri başa düşmək çətin olur. Amma burada yaşayan insanlar da sanki turistlərə xoş olmaq üçün təbiətlə əlbirdirlər. Xüsusən həyətyanı sahələrdə yolboyu əkilən barlı-bağatlı alma ağacları göz oxşayır. İnsanlar hazır dayanıblar ki, bu almalardan ürəyi çəkən hər hansı turistə sevinərək pay versinlər.

Tarixi brend olan İlisu sultanlığı

İlisu, turizmlə yanaşı, tarixi əhəmiyyətli bir məkandır. 16-cı əsrdə Səfəvilərin xeyir-duası ilə yaradılan İlisu sultanlığı Qaxın, ümumiyyətlə, Azərbaycanın tarixi brendidir. Bu sultanlığa aid bir körpü, məscid, Sumu qalası və Sultan evi İlisuda hələ də qalmaqdadır.

Deyilənə görə, Kürmükçayın üzərindəki Ulukörpünün tikintisində yumurtadan istifadə olunub. Ona görədir ki, bu gün də həmin körpü öz möhkəmliyini saxlayır. Eləcə də “Ulu” məscidi də bu gün istifadəyə yararlıdır. İlisu sultanlığının yadigarı olan bu məscid yerli camaatın ibadət yerinə çevrilib.

Müdafiə məqsədilə tikilən Sumu qalası isə respublika əhəmiyyətli abidə olaraq mühafizə olunur. Qeyd edək ki, bu qala sovet dönəmindən tanınan “Qorxma, mən səninləyəm” filmi ilə də yadda qalıb. Bu filmin bir neçə epizodları burada çəkilib.

Lakin 300 ilə yaxın davam etmiş İlisu sultanlığının tarixi dərindən öyrənilməli, ona aid bayraq, gerbtarixi əşyalar tapılıb muzey yaradılmalıdır. İlisu sultanlığını zirvəyə qaldıran Danyil sultanın ömür yolu və fəaliyyəti də əhatəli araşdırılmalıdır. Qaxın ziyalıları, vətənpərvər insanlarının bu istiqamətdə də fəaliyyəti məqbuldur. Bu, İlisuda tarixi turizmiinkişaf etdirmək üçün vacibdir. Nəzərə alaq ki, İlisuda Alban dövründən də qalma abidələr günümüzə gəlib çatıb. Ümumiyyətlə, Qax rayonunda ekoturizm, dağ turizmi, piyada turizmi, ekskursiya üçün əlverişli şərait var. İstər rayonun coğrafi şəraiti, istərsə də rayonun ərazisindəki bir neçə qədim yaşayış məskənikurqanlar, Alban məbədləri, məscid, qala qapısı və divarları buna imkan verir.

Əcnəbi turistlərə tolerantlıq nümunəsi

Xüsusən Qaxdakı Alban məbədləri rayonun qədimliyini göstərən və tarixə ekskursiya etmək üçün Azərbaycanın milli-mədəni sərvətidir. Əsasən də xristian turistlərin cəlb olunmasında Alban məbədlərinin əhəmiyyətli rolu var. Çünki Alban məbədləri ən qədim xristian abidələri hesab olunur. Bu baxımdan Alban məbədləri xristian turistlər üçün daha çox maraqlıdır. Müsəlman ölkəsində xristian abidələrinin qorunması əcnəbi turistlərə Azərbaycan tolerantlığını göstərən əyani sübutdur.

Qaxdakı Alban məbədləri respublika əhəmiyyətli abidə olaraq mühafizə olunur. Hazırda bu məbədlərin bir neçəsindən Qaxdakı azsaylı xristian mənşəli xalqlar kilsə kimi istifadə edilər. Hətta qonşu Gürcüstandan bura ibadət üçün gələnlər var. Bu özü də müsbət haldır. Dövlət bu abidələrin təmir və bərpası, eləcə də mühafizəsini həyata keçirir. Lakin istifadə olunan bəzi belə məbədlərin içində heç də təmizliyə riayət olunmur. Bunu isə buradan istifadə edən dindarlar etməlidir. İbadət olunan yerin əsas şərti təmizlikdir. Hər halda burada dindarlar özləri ibadət yerini təmiz saxlamalıdırlar. Belə çirkin şərait əcnəbi turistlərdə də mənfi rəy yarda bilər.

Maqomayevlərin ulu dəmirçi babası

Qaxda 16-cı əsrə aid “İçəri bazaradlanan Qala qapıları və divarları da turizm baxımdan diqqəti çəkir. Bura bir növ Bakının İçərişəhərini xatırladır. Bir çox yerli və beynəlxalq festival və sərgilər burada keçirilib. “İçəri bazar”ın çoxlarına məlum olmayan bir maraqlı cəhəti məşhur müğənnilər - Maqomayevlərlə bağlıdır. Belə ki, baba və nəvə Maqomayevin ulu babası Məhəmməd kişi burada dəmirçilik edib. Hətta dahi bəstəkar Üzeyir Hacıbəyli də 1902-ci ildə Qori Seminariyasında təhsil alarkən baba Müslim Maqomayevlə burada olub.

Milli azlıqların daha çox yaşadığı rayonlarda Tolerantlıq muzeyi yaratmaq olar

İki xarici ölkə ilə sərhəddə olan Qaxda yerli azərbaycanlılarla yanaşı, saxur, ləzgi, inqiloy, avars. azsaylı xalqların nümayəndələri də yaşayır. Yuxarıda qeyd etdiyim kimi, onlar sərbəst şəkildə kilsəyə gedib ibadətlərini edirlər. Əslində, bu özü də əcnəbi turistlərin marağına səbəb olacaq tolerantlıq nümunəsidir. Qax kimi müxtəlif etniklərin daha çox yaşadığı rayonlarda Tolerantlıq muzeyinin yaradılması da mümkündür. Bununla yanaşı, Qaxda azərbaycançılığın təbliğatı gücləndirilməldir. Gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlər keçirilməlidir.

Səfər proqramına uyğun olaraq yolumuz Şəkidən də düşdü. Əlbəttə ki, Şəkinin simvolu Şəki Xan Sarayıdır. İndi Şəkiyə gəlib Şəki Xan Sarayını görməmək, Parisə gedib Eyfel qülləsinə çıxmamaq kimi bir şeydir. Bu baxımdan bizgedib Şəki Xan Sarayını gəzdik. Qeyd edim ki, 27 sentyabr-Beynəlxalq Turizm Günü olduğundan Şəki Xan Sarayında “Açıq qapı günüidi.

Artıq “Tour d`Qax” layihəsi çərçivəsində bir neçə belə səfər təşkil olunub. Bunda əsas məqsəd xarici turistləri ölkəyə cəlb etməkdir. Bu, bir örnək layihəsidir. Hər halda turizm potensialı olan digər rayonlara da belə səfərlərin olması müsbət effekt verə bilər.

 

Fuad Hüseynzadə

(Bakı-Qax-Bakı)

Palitra.-2015.-30 sentyabr.-S.7.