“Elmlə məşğul olmağa
başlarkən cəmiyyətə xidmət barədə
düşünmək vacib şərtdir”
Azərbaycanda elmin inkişaf etdirilməsi
ilə bağlı məsələlərin müzakirələri
son dövrlərdə olduqca
aktuallıq kəsb etməkdədir. Bu məsələlələrə
elmi yanaşma ilə
yanaşı, sırf elm sahəsində ciddi tədqiqatlar aparılması, elmi kadrların formalaşması və
onların cəmiyyətin ümumi
inkişafına töhfə verməsi olduqca
zəruridir. Çox vaxt
elmi biliklərə can
atmağa çalışan və bu sahədə konkret ixtisaslara yiyələnmək istəyənlər
əslində nədən başlamalı olduqlarını,
hansı sahədə özlərini sınamağın daha əlverişli olduğunu
bilmirlər. Elmi bilik
sahələrinin differensiasiyası və təsnifatı məsələləri
barədə ictimaiyyət, elmi sahələr
üzrə mütəxəssis kimi
yetişmək istəyənlər yalnız səthi məlumata
malikdir.
Digər tərəfdən, bu məsələlərin peşəkar səviyyədə tədqiqi və müəyyənləşdirilməsi də arzuolunan səviyyədə deyil. Hazırda Azərbaycan dövləti elmin inkişafı üçün çox ciddi və intensiv tədbirlər görür. Məsələn, Elmin İnkişafı Fondunun yaradılması, ayrı-ayrı milli donor qurumlar tərəfindən alimlərin, xüsusilə də gənc alimlərin layihələrinin maliyyələşdirilməsi, gənc alimlərin xaricə təkmilləşmə kurslarına göndərilməsi və sair məsələlər qeyd edilə bilər. Bundan başqa, ayrı-ayrı elmi-tədqiqat institutlarına ölkə Prezidentinin təşəbbüsülə maliyyə dəstəyinin göstərilməsi, akademiyanın maddi-texniki bazasının tamamilə yenilənməsi, modern elmi kitabxananın qurulması bu baxımdan xüsusilə qeyd edilməlidir. Bununla belə, elmin inkişafı proseslərinin və bütövlükdə elmi proseslərin mahiyyətini dərk etmək də vacib hesab edilir. Bu, həm elmi ictimaiyyət, həm də cəmiyyət və elmlə maraqlananlar üçün önəm daşıyır. Bu proseslərin fəlsəfi yozumu da maraq kəsb edir.
Mövzu ilə bağlı bizə fikirlərini bildirən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının idarə heyətinin sədri, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilova görə, elmlərin, elmi bilik sahələrinin təsnifatı məsələsinə həm pozitivizmdə, həm də fəlsəfədə geniş yer verilsə də, biliklərin struktur səviyyələrinə görə bölgüsü çox az tədqiq olunub. Elmiliyin meyarı problemi ilə bağlı olaraq alim bildirir ki, elmiliyin meyarı problemi elmin məntiqi-qnoseoloji aspektinə və ya epistemologiyaya aiddir. Lakin «elm» və «elmilik» anlayışları müxtəlif əhatə dairələrinə malikdir. Məsələ burasındadır ki, elmilik şərti Qərb fəlsəfəsində bir qayda olaraq yalnız biliklə əlaqədar işlədilir, yəni biliklərin elmiliyindən və ya başqa sözlə, elmi bilikdən söhbət gedir. Halbuki «elmi fəaliyyət», «elmi mübahisə», «elmi jurnal», «elmi müəssisə», «elmi işçi» və sair bu kimi çox müxtəlif obyekt və hadisələr üçün də elmilik meyarından danışmaq olar və bütün bu hadisələr «elm» anlayışında əhatə olunduğundan onun həcmi çox genişdir. Elmin müxtəlif en kəsiklərində, müxtəlif aspektlərdə tədqiqinə ehtiyac da buradan irəli gəlir.
Qeyd etmək lazımdır ki, söhbət elmin mahiyyətindən gedəndə ikinci dərəcəli məsələlər deyil, bilavasitə elmin təbiətindən irəli gələn ən ümumi istiqamətlər nəzərdə tutulmalıdır. Professor bu barədə belə düşünür: “Elmin bu cür mühüm en kəsikləri və buna uyğun olan tədqiqat istiqamətləri əsasən ikidir: məntiqi-qnoseoloji və sosial. Bütün digər aspektlər bu iki mühüm istiqamətin qol-budaqları kimi qiymətləndirilə bilər”.
Professorun fikrincə, müasir Qərb fəlsəfəsində bu aspektlərdən birinin və ya o birisinin ön plana çəkilməsi, məsələnin birtərəfli qoyuluşu elmin əsl mahiyyətini açmağa imkan vermir: “Xüsusən pozitivizmin bütün formaları elmi yalnız epistemoloji aspektdə tədqiq edir və sosial aspekti nəzərə almır. Bu mövqe idealist fəlsəfə üçün tamamilə səciyyəvidir. Belə ki, müvafiq sosial problemlər elmin obyektiv ictimai hadisələrlə bağlılığından irəli gəlir və onların qəbul olunması həmin məsələdə materialist mövqeyə uyğundur.
Qərb elmşünaslığı, çox yerdə elmi dilin məntiqi təhlili ilə və ya «elm fəlsəfəsi» ilə üst-üstə düşür, problemin sosial aspekti isə ya işlənmir, ya da çox vaxt ayrıca, tam müstəqil bir məsələ kimi öyrənilir: elmin məntiqi-qnoseoloji tədqiqi ilə sosial (əslində yalnız statistik sosioloji) tədqiqatlar arasında heç bir əlaqə yaradılmır. Elmin başlıca vəzifəsi mütləq həqiqətlərin əldə olunması kimi başa düşüldüyündən məsələ tezliklə həqiqət problemi ilə eyniləşir”.
Real vəziyyət göstərir ki, əksər filosofların əsərlərində yeni dövr fəlsəfəsinin ənənəvi müddəaları, o cümlədən, kumulyativ epistemologiyanın, xüsusən Kant epistemologiyasının bəzi tezisləri tənqidi surətdə nəzərdən keçirilmədən, özlüyündə məlum bir şey kimi qəbul edilib: “Belə ənənəvi müddəalardan biri və ən çox yayılanı elmin biliklər sistemi kimi qəbul edilməsidir. Bu mövqe nəinki monoqrafik ədəbiyyatda ən çox rast gələn mövqedir, həm də kütləvi ədəbiyyata və dərsliklərə nüfuz edib, dərin kök salıb. Kumulyativist epistemologiyanın müddəalarına əsaslanan bu mövqe elmin sosial aspektini nəzərə almağa imkan vermir və internalizmə uyğun gəlir.
Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə kəsişir, qalan sahələrdə isə bir-birindən fərqli
məzmunlara malikdir. Bu ümumi
sahə - elmi bilikdir. Elmi bilik «elm» sisteminə
daxildir. «Bilik» anlayışı elmi bilikdən başqa, əməli biliyi də əhatə edir ki, sonuncu «elm» sisteminə daxil deyil. Yaxud da «elm» anlayışının
əhatə etdiyi maddi tərəflər (elmi tədqiqat institutları, laboratoriyalar,
«elmi texnikası» və s.) və yaradıcılıq axtarışları
«bilik» sisteminə daxil deyil.
Biliklər sistemi özündə fəaliyyət momentini əks etdirmir. Elm isə məhz elmi axtarışlar, yaradıcılıq, tədqiqat
prosesində - elmi fəaliyyət zamanı cəmiyyətin tərkib hissəsi kimi, ictimai hadisə kimi qarşıya çıxır”.
Beləliklə, alimə görə,
elmə biliklər sistemi kimi baxmaq
və elmi biliyin digər biliklərə nəzərən
özünəməxsus cəhətini,
elmilik meyarını axtarmaq «elm» sisteminin öyrənilməsi üçün
kifayət deyil: “Nəinki elmin bütöv bir sistem kimi öyrənilməsi,
həm də onun məntiqi-qnoseoloji aspektdə tədqiqi də bu çərçivəyə
sığmır, müəyyən
şərtləri ödəyən
biliklər sistemi ilə yanaşı, ümumictimai və fərdi elmi fəaliyyət proseslərinin
də nəzərə
alınmasını tələb
edir».
Elmin bir sosial sistem kimi
öyrənilməsinə, onun ictimai mahiyyətinin
qiymətləndirilməsinə ən çox bilavasitə elmin sosioloji və iqtisadi problemlərinə həsr olunmuş əsərlər xidmət
edir. Professor bu barədə
bildirir: “Elmdə müəyyən sosial strukturun hələ əvvəllər də mövcud olmasına baxmayaraq, onun tədqiqinə ciddi tələbat yox idi, belə ki, elm bir fəaliyyət
sahəsi kimi yalnız son vaxtlarda ön plana keçib.
Elmi fəaliyyət
sahəsinə ümumi
milli gəlirin getdikcə daha çox hissəsinin sərf olunması elmin iqtisadi baxımdan öyrənilməsinə
tələbatı artırır. Lakin bu sahədə də hələ çox az
iş görülüb;
halbuki konkret elmi tədqiqatların faydalılıq dərəcəsinin
artırılması və
elmin düzgün planlaşdırılması üçün
iqtisadi təhlilin rolu böyükdür.
Elmə
xüsusi fəaliyyət
sahəsi kimi baxan Q.N.Volkov hər bir zaman
mərhələsində cəmiyyətin
ona qədər əldə etdiyi biliklər sistemini «elm» anlayışına daxil etmir: «Elmin mahiyyəti
artıq dərk edilmiş olan həqiqətlərdən yox,
onların axtarılmasından,
təbiət və cəmiyyət qanunlarının
öyrənilməsi və
istifadə olunmasına
yönəlmiş eksperimental
tədqiqat işlərindən
ibarətdir. Elm özlüyündə heç
də bilik olmayıb, cəmiyyətin
bilik istehsalı üzrə fəaliyyətidir,
başqa sözlə,
elmi istehsaldır».
Göründüyü kimi,
Q.N.Volkov elmə xüsusi fəaliyyət sahəsi və deməli, proses kimi baxmaqla onun
əhatə dairəsini
həddindən artıq
kiçildir ki, bu da məntiqi
cəhətdən qüsurlu
olan nəticəyə
gətirir: elm - ... elmi
istehsaldır. Halbuki elmi
istehsal «elm» anlayışının
əhatə etdiyi tərkib hissələrindən
yalnız biridir.
Buna baxmayaraq, «elmi istehsal» anlayışının daxil
edilməsi elmin mahiyyətinin və başlıca xüsusiyyətlərinin
öyrənilməsi üçün
böyük əhəmiyyətə
malikdir. Q.N.Volkov öz
mövqeyini elmi şəkildə əsaslandırmağa
və bu işdə daha çox öyrənilmiş
olan istehsal prosesi ilə analogiya yaratmağa çalışmışdır ki, bu cür
təşəbbüs yalnız
təqdirəlayiqdir. Müəllif
daha sonra yazır: «...Texnika maddi istehsalda hansı rolu oynayırsa, elmi bilik də mənəvi
istehsalda həmin rolu oynayır. Bu mənada texnika
insanın əməli
fəaliyyətinin süni
orqanı olduğu kimi, elm də insan beyninin süni orqanıdır.
Lakin təəssüf ki, maddi və mənəvi
istehsal proseslərinin
analogiyasından istifadə
təşəbbüsü ardıcıl surətdə
davam etdirilməyib».
S.Xəlilov daha sonra qeyd edir ki,
elmin müxtəlif aspektlərdəki tədqiqinin
bir-biri ilə əlaqəli şəkildə
aparılması və
bir-birini tamamlaya bilməsi üçün
onun bir sistem kimi müəyyənləşdirilməsi
ən vacib şərtdir: «Amerika alimi H.Liman məhz
bu cəhəti nəzərə alaraq yazır: Biz elmin fəlsəfi, psixoloji, yaxud sosial aspektlərini
fərqləndirməzdən və müzakirə etməzdən əvvəl,
hansı yolla isə elmi müəyyən
bir tam kimi təsəvvür edə bilməliyik».
Elmi bütöv
bir hadisə kimi təsəvvür etməyin, onun mahiyyətini, ümumi inkişaf meyillərini öyrənməyin bu gün cəmiyyət qarşısında duran praktik vəzifələri
həyata keçirmək
sahəsində nə
kimi bir əhəmiyyəti vardır?
Müasir dövrdə insanın maddi rifah halı,
məhsuldar qüvvələrin
inkişaf perspektivləri
ilk növbədə elmin
nə dərəcədə
qabaqcıl mövqe tutmasından asılıdır. Elmi obyektiv
inkişaf meyillərini
bilmədən onu
optimal surətdə təşkil
etmək mümkün
deyil. Elm cəbhəsinin ön xəttinə çıxmaq,
onun nailiyyətlərindən
səmərəli surətdə
istifadə edə bilmək üçün
ən mühüm şərt onun təşkilati strukturunun düzgün müəyyənləşdirilməsi,
elmin özünün
elmi əsaslarla tənzim olunmasıdır”.
S.Xəlilova görə, elmlə elm naminə, şöhrət
naminə və cəmiyyətə xidmət
naminə məşğul
olanlar var. Elmlə məşğul olmağa başlarkən, üçüncüsü
barədə düşünmək olduqca
vacibdir.
İlkin AĞAYEV
Palitra.-2015.-7 yanvar.-S.11.