Valideyn övladının hansı filmlərə baxdığına nəzarət etməlidir”

 

Talibə Quliyeva: “Uşaqlara aid bir çox cizgi filmlərində aqressiya nümayiş etdirilir

 

Müsahibimiz Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru, psixoloq Talibə Quliyevadır. Qeyd edək ki, T.Quliyeva 2011- ci ildən bu günə kimi xarici ölkələrin tanınmış psixoloji mərkəzlərində praktika keçib. İstanbulda bir sıra autizm mərkəzlərində təlim və praktikalarda olub, uşaqlarla işləyib. Kiprdə Girnə Amerikan Universitetində yazdığı "Autizmin həyatımızdakı yeri” adlı məqalə ilə çıxış edərək təşəkkürnamə və sertifikatlara layiq görülüb.

 

-Peşəkar Psixologiya Mərkəzi nə vaxt yaradılıb və məqsədi nədən ibarətdir?

-Peşəkar Psixologiya Mərkəzi 2 aprel 2011-ci il Dünya Autizm Günündə yaradılıb. Mərkəzimizdə təcrübəli və xarici ölkələrin tanınmış klinikalarında təcrübə keçmiş mütəxəssilər fəaliyyət göstərir. Mərkəzin yaranmasında əsas məqsədlərimizdən biri autizmonun spektr pozuntularından əziyyət çəkən uşaqlara psixoloji baxımdan yardım etmək idi. Çünki həmin ildə çox az mərkəz var idibu sahədə inkişaf çox da deyildi. Biz Peşəkar Psixologiya Mərkəzi kimi, istəyimizə nail olduq, xarici ölkələrdə olan ən son yenilikləri tətbiq etməyə başladıq və nəticlərimiz də yüksək oldu.

 

-Siz təşkilat olaraq uşaqların psixi inkişafı üçün hansı işlər görürsünüz?

-Uşaqların inkişafı üçün Uşaq İnkişaf Klubumuzda bir sıra xidmətlər mövcuddur. Bunlar Uşaq Teatr Klubu, rəsm və bacarıqlı əllər, psixoloji xidmət, loqopedik xidmət, məktəbəqədər hazırlıq, ebru sənəti, qum terapiyası, su terapiyası, qrup terapiyası və s.-dir.

 

-Uşaqların məktəbəqədər hazırlıq səviyyəsi qaneedicidirmi?

-Hal-hazırkı dövrdə məktəb proqramı çətin olduğundan uşaqların məktəbəqədər səviyyəsi kifayət qədər qaneedici deyil. Bu da uşaqların məktəbəqədər hazırlıq keçməsini zəruri edir. Məktəbəqədər təhsildə uşaq artıq məktəb proqramına müəyyən dərəcədə uyğunlaşır, beləliklə, məktəbə gedərkən uşaq auditoriyaya daha asan adaptasiya olur, uşaqlarla daha asan ünsiyyətə girir, məktəb rejiminə qismən də olsa hazır olur.

 

-Uşaqların sağlam mənəvi- psixi inkişafı üçün hansı addımların atılmasına ehtiyac var?

-Uşaqların sağlam böyüməsi üçün valideynlərə böyük öhdəliklər düşür. İlk olaraq onu qeyd etmək istərdim ki, indiki dövrdə, texnologiyanın bu qədər geniş yayıldığı bir zamanda hər bir uşağın əlində telefon, planşets. mövcuddur. Texnologiya ilə bu qədər sıx vaxt keçirmək uşaqlarda bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Xüsusilə də, 3 yaşına qədər olan uşaqlar televizor, telefon, kompüter, planşetlə çox vaxt keçirdikdə onlarda diqqət defisiti, ünsiyyət problemləri, nitqipsixi inkişafdan geri qlamabaşqa problemlər meydana çıxır.

 

-Valideynlərə, bu baxımdan hansı tövsiyə verərdiniz?

-Valideynlər bütün yaş dövrlərində uşaqları ilə daha yaxından ünsiyyət qurmalı, onlarla sıx vaxt keçirtməlidirlər. Bundan başqa, uşaqlara izlətdirəcəyimiz cizgi filmlərini, uşaq verilişlərini, uşaq kinofilmlərini diqqətlə seçməliyik. Uşaqlara aid bir çox cizgi filmlərində aqressiya nümayiş edilir. Bu da uşaqların aqressiv böyüməsinə səbəb olur. Cizgi filmləri seçərkən öyrədici və tərbiyəvi olmasına diqqət yetirmək lazımdır.

 

-Valideyn diqqətsizliyi uşaqlarda hansı psixoloji problemlər yaradır?

-Valideyn diqqətsizliyi uşaqlarda bir sıra problemlər yaradır. Yuxarıda da qeyd etdiyim kimi valideyn diqqətsizliyi uşaqlarda ünsiyyət problemləri, uşaqda pedaqoji ləngimə və s. kimi problemlərə yol aça bilər.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-8 yanvar.-S.7.