Naxçıvan Dövlət Universiteti reytinqdə birinci olub
Bu gün 10 fakültədə 56 ixtisas
üzrə ali
təhsil alan 5000-ə
yaxın tələbə,
magistr və aspirantın ixtiyarında müasir tədris korpusları, elektron kitabxana, Olimpiya mərkəzi, konservatoriya,
tələbə evi və qonaq evi,
sosial mərkəz, xəstəxana, internet mərkəzləri,
fənn kabinələri
və laboratoriyalar var
Məlum olduğu
kimi, “Azərbaycan Respublikasında Təhsilin
İnkişafı üzrə Dövlət
Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin
reytinq sisteminin
yaradılması məqsədi ilə Təhsil Nazirliyi yüzdən artıq hökumət və
qeyri-hökumət təşkilatlarının
iştirakı ilə “İctimai təşəbbüslərə
dəstək” müsabiqəsi təşkil edib.
Layihə çərçivəsində təqdim etdiyimiz yazıda təşkil edilən bu müsabiqənin mahiyyəti və nəticələri
yer alıb. Belə layihələrin
keçirilməsi təhsilimizin inkişafı
baxımından əhəmiyyət kəsb edir.
Çünki ali məktəblərin
fəaliyyətinin müqayisəli təhlili onların
müsbət və mənfi tərəflərinin üzə
çıxarılması, sağlam rəqabət
mühitinin yaradılması baxımından
vacibdir. Naxçıvan
Dövlət Universitetinin Mətbuat
şöbəsinin müdiri Mehriban Sultanın “Palitra”ya verdiyi məlumata görə,
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər
təşkilatı (AKTAM) “Azərbaycanda ali
məktəblərin reytinqinin müəyyən
edilməsi” layihəsi ilə qeyd edilən
müsabiqənin qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət
sifarışı alıb. Layihəyə əsasən
ilk dəfə Azərbaycanın 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq
standartlara uyğun reytinq cədvəli hazırlanıb, ali məktəblərin fəaliyyəti
müqayisəli qiymətləndirilərək ölkə
ictimaiyyətinə çatdırılıb. Tədqiqat
nəticəsində Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində
birinci yer tutub, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer alıb. Bu münasibətlə
Naxçıvan Dövlət Universitetində keçirilən
tədbirdə əvvəlcə universitetin
yarım əsrə yaxın tarixinə, keçdiyi
inkişaf yoluna nəzər
salınmış, elm, tədris, beynəlxalq
əlaqələr, mədəniyyət, idman
sahəsində qazandığı nailiyyətlər barədə
məlumat verilib. Qeyd olunub
ki, ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının müqəddaratında,
təşəkkülündə və inkişafında mühüm rol
oynamış, dəfələrlə universitet
kollektivi ilə görüşərək
tarixi çıxışlar edib, Naxçıvan Dövlət Universitetini Azərbaycanın ən dəyərli,
qabaqcıl ali məktəblərindən,
ali təhsil ocaqlarından biri
kimi yüksək dəyərləndirib. Prezident İlham Əliyevin “Naxçıvan Dövlət
Universitetinin 40 illik yubileyinin qeyd edilməsi
haqqında” 31 mart 2007-ci il
tarixli sərəncamında isə universitetin zəngin maarifçilik
ənənlərinə malik
Naxçıvan diyarında yüksəkixtisaslı
kadrların yetişməsinə, elmi mühitin formalaşdırılmasına və
bütövlükdə regionun tərəqqisinə
müsbət təsiri yüksək qiymətləndirilib. Bu gün dövlət qayğısı sayəsində
108 hektarlıq universitet kampusunda
yaradılan möhtəşəm tədris binaları, elektron kitabxana, Olimpiya mərkəzi, konservatoriya,
tələbə evi və qonaq
evi, sosial mərkəz,
xəstəxana regionda elm,
təhsil və mədəniyyətin, habelə ictimai fikrini
inkişafına geniş
meydan açıb. Universitetin rektoru,
AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmov kollektivi
təbrik edərək bu böyük
uğuru Azərbaycanda, o
cümlədən Naxçıvanda elm və
təhsilin inkişafına göstərilən hərtərəfli
dövlət qayğısının bəhrəsi kimi dəyərləndirib. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bilavasitə təşəbbüsü
və qayğısı sayəsində universitetin
güclü maddi-texniki
bazası formalaşıb, dünya
standartlarına cavab verən, müasir texnologiya və
avadanlıqlarla təchiz edilmiş tədris
korpusları, internet mərkəzləri,
fənn kabinələri, laboratoriyalar
yaradılıb. Bu gün 10 fakültədə 56 ixtisas üzrə ali təhsil
alan 5000-ə yaxın tələbə, magistr və aspirant
müstəqil Azərbaycanın dövlətçilik
maraqlarını gerşəkləşdirə biləcək layiqli nəsil, dəyərli mütəxəssis
kimi yetişir. Bu ali məktəb 80-dən
çox tanınmış dünya universitetləri ilə tərəfdaşlıq
etməklə yanaşı, bir sıra
beynəlxalq layihələrdə də uğurla
təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyi (KOİCA) ilə birgə tamamlanmaqda olan
“Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil
şəbəkəsi və rəqəmsal multimedia
infrastrukturunun yaradılması” layihəsi
isə Azərbaycan ali məktəbləri
içərisində ən irihəcmli layihədir. Məlumat verilib ki,
“Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində
beynəlxalq səviyyədə qəbul olunmuş
metodikaya əsasən, respublikanın ali məktəblərində tədrisin keyfiyyətini
qiymətləndirmək məqsədilə çoxistiqamətli
tədqiqatlar aparılmış, ali məktəblərin
milli reytinq cədvəli
beynəlxalq təcrübəyə əsaslanaraq
hazırlanıb. Reytinq tədqiqatları 20 dövlət, 12 qeyri-dövlət
ali təhsil müəssisələri və
Azərbaycan Müəllimlər İnstitutunun
11 filialı arasında aparılıb, hazırlanmış forma qiymətləndirmək üçün
17 nazirlik və komitəyə, özəl
müəssisələrə göndərilib. Ali məktəblərin reytinq
tədqiqatları üçün götürülmüş kompleks
fəaliyyətin keyfiyyət göstəriciləri bir-birindən
asılı olmayan 3 müstəqil kateqoriyadan ibarət olub. Naxçıvan Dövlət Universiteti
bu kateqoriyalardan ali məktəbin akademik
resursları üzrə 320, ali məktəbin
daxildən müəllim və tələbələr tərəfindən
qiymətləndirilməsi üzrə 192, ali
məktəbin məzunlarının ölkə ictimaiyyəti,
mərkəzi və regional icra orqanları, müxtəlif kampaniyalar tərəfindən qiymətləndirilməsi
üzrə 287 bal toplayaraq
799 yekun balla birincilik əldə edib. Bu münasibətlə
“Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin
rəhbəri, AKTAM təşkilatının sədri Natiq Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri cənab Vasif Talıbova məktubla
müraciət edib. AMEA
Naxçıvan Bölməsinin sədri, akademik
İsmayıl Hacıyev çıxış edərək
Naxçıvan elmi ictimaiyyətinin əksəriyyətinin
universitetlə sıx bağlı olduğunu,
regionun intellekt
potensialı ilə təmin olunmasında, elmi-pedaqoji
kadr hazırlığında bu ali məktəbin fundamental baza rolu oynadığını vurğulayıb.
Akademik,
Naxçıvan Dövlət Universitetinin
bugünkü səviyyəyə
çatmasında professor-müəllim heyətinin, qocaman pedqaoqların danılmaz əməyindən,
universitetə müxtəlif dövrlərdə rəhbərlik
edən rektorların, xüsusilə on yeddi ildən artıq bu ali təhsil müəssisəsinə rəhbərlik
etmiş AMEA-nını vitse-prezidenti, akademik İsa Həbibbəylinin, bu
gün çoxillik ənənələri
layiqincə davam etdirən, universitetə uğurla rəhbərlik edən AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
Saleh Məhərrəmovun rolundan
danışıb. Naxçıvan Özəl Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru,
professor İsmayıl Əliyev,
Naxçıvan Müəllimlər İnstitutunun
rektoru, pedaqogika
üzrə elmlər doktoru, professor Oruc Həsənli,
Naxçıvan Dövlət Universitetinin
Azərbaycan tarixi kafedrasını müdiri, AMEA-nın müxbir
üzvü Zəhmət Şahverdiyev
çıxışlarında qeyd ediblər
ki, Azərbaycanda,
o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən
qayğı nəticəsində təhsil müəssisələrinin
fəaliyyəti gücləndirilib, ali təhsil
müəssisələrində də tədris müasir tələblər səviyyəsində
təşkil olunub. Azərbaycan
Respublikasının ali məktəblərinin
reytinqinin müəyyənləşdirilməsi
real nəticəni obyektiv
şəkildə ortaya qoymaqla
yanaşı bəzi ali təhsil müəssisələrində
göstəricilərin aşağı olmasının səbəblərini,
universitetlərin böyük əksəriyyəti
üçün xarakterik
olan problemləri üzə
çıxarmaq baxımından da əhəmiyyətlidir.
Bu, eyni zamanda elm, təhsil sahəsində
inkişafa səbəb olacaq
rəqabətə də güclü təkan
verəcək. Sonda universitetin
Teatr və mədəniyyətşünaslıq
kafedrasının tələbələri kollektivi
bədii qiraətlə təbrik ediblər. Tədbirdə
Naxçıvan Dövlət Universitetinin
inkişaf yolunu əks
etdirən slaydlar nümayiş
olunub.
Anar Miriyev
Palitra.-2015.-9 yanvar.-S.11.