“Beynəlxalq sərgilərdə ölkəni
təmsil etmək rəssam üçün
şərəfdir”
Könül İsmayılova: “İstanbulda
və Azərbaycanda fərdi sərgimin
açılmasını təklif ediblər. İnşallah,
bu il öz
işlərimi bir neçə beynəlxalq
festivalda, Sankt-Peterburqda,
Brüsseldə və Slovakiyada təqdim
edəcəyəm”
Ölkəmizdə
həyata keçirilən gənclər siyasəti onların
fiziki-mənəvi baxımdan sağlam nəsil
kimi yetişdirilməsinə xidmət edir. Müxtəlif sahələrdə həyata
keçirilən tədbirlər gənclərin tariximizi, mədəniyyətimizi, incəsənətimizi
daha dərindən mənimsəməyə
imkan verir. Bu gün gənclər idman yarışlarında
çıxış edir, muğam
müsabiqələrində iştirak edir, müxtəlif rəsm sərgilərində
öz əsərlərini təqdim edirlər.
Bununla da belə
müsabiqələrdə, yarışlarda iştirak
etməsi gənclərimizin mənəvi inkişafında mühüm rol oynayır.
Müsahibimiz məhz belə gənclərdən
biri, rəssam Könül
İsmayılovadır:
- Ötən müddət ərzində
bir çox tədbirlərdə
və sərgilərdə iştirak
etmişəm. 30 noyabr 2013-cü ildə Amerika məktəbində mənim işlərim
xeyriyyə sərgisində nümayiş etdirildi. 3 dekabrda isə
Beynəlxalq Əlillər Gününə həsr edilmiş konfransda iştirak etmişəm. Daha sonra
6 dekabr tarixdə isə işlərim Azərbaycan
Diplomatiya Akademiyasında xeyriyyə sərgisində
nümayiş etdirildi.
18 dekabrda “Müstəqil həyat” Mərkəzinin
iştirakı ilə Britaniya Konsulluğunun konfransında iştirak
etdim. 2014-cü il də
mənim üçün bir
sıra tədbirlər və sərgilərlə yadda qaldı. 7 fevral
2014-cü ildə BMT-nin Əlillərin
hüquqları haqqında Konvensiyasına paralel
hesabatın hazırlanmasında Azərbaycan Karlar
Cəmiyyətinin roluna həsr edilmiş konfransda iştirak etmişəm. 10-12 apreldə isə CATEC-2014 Caspian International Aqua Technologies
Exhibition and Conference sərgisində iştirak etmişəm. Sərgidə
keramika (dulusçuluq)
bölməsində mənim diploma layiq görülən “Balıqçılar”
adlı rəsm işim təqdim edilmişdi. 18 apreldə “Sərsəng
Harayı” adlı sərgidə iştirak
etmişəm. Sərgidə mənim diploma
layiq görülən “Qurumuş
torpaq” adlı rəsm işim
təqdim edilmişdi. Sərgi Yevlax və Tərtər bölgələrində,
eləcə də Belçikada keçirildi. Həmin tarixdə
Şirvanşahlar sarayında baş tutan sərgidə
mənim “İçərişəhər” adlı rəsm işim 3-cu yerə layiq görüldü. Sərgi Beynəlxalq Tarixi Abidələr Gününə həsr edilmişdi. 30 apreldə isə “Nar” sərgisində iştirak
etmişəm. Sərgidə mənim “Narlar”
adlı rəsm işim təqdim edilmişdi. Sərgi Azərbaycan Rəssamlar
İttifaqında həyata keçirilirdi.
Bundan başqa, “Art Baku” Gənc Rəssamların
sərgisində,15 mayda isə Kapelhuase-da keçirilən “Almaniya
Rəssamların Gözü ilə”
adlı sərgidə iştirak etmişəm.
Sərgidə “Kelndə Məscid” adlı rəsm işimi təqdim etmişdim.
Rəsm işi diploma layiq görüldü.
22-28 may tarixində Azərbaycan Rəssamlar
İttifaqında təşkil olunan “Rəngli
düşüncələr” adlı sərgidə, 11 iyunda CATEC-2014 Caspian International Aqua Technologies Exhibition and Conference sərgisində
iştirakıma görə təntənəli
mükafatlandırma mərasimində iştirak
etmişəm. Burada 128 rəssam
arasında yalnız 20 rəssam seçilmişdi.
28-30 iyun 2014-cü ildə “Azərbaycan mənzərələri”
adlı sərgidə iştirak etmişəm.
Sərgi Qusarda bədii qalereyada
baş tutmuşdu. Orda mən “Qarabağda Alban Kilsəsi” və “Şirvanşahlar
sarayı” adlı iki rəsm işini təqdim etmişdim.
23 avqustda “Works of Young Talents”
adlı sərgidə iştirak etmişəm
ki, sərgi “Natəvan” bədii
qalereyasında keçirilirdi. Orada mənim
“Kelndə Məscid”, “Balıqçılar” və “Məşədi
İbad” adlı rəsm işlərim təqdim
edilərək diploma layiq
görüldü. 11-13 sentyabrda
ADEX 2014 “SÜLH” 1-ci Azərbaycan Beynəlxalq Müdafiəsi
Sənayesi Sərgisində iştirak
etmişəm və burada mənim “Dinclik” adlı işim nümayiş etdirildi və diploma layiq görüldü. 13 oktyabrda mən “Fırçaların söhbəti”
adlı sərgidə iştirak etmişəm.
Həmin sərgidə “Natürmort”
və “Qış səhəri” adlı iki
işim təqdim edildi
və diploma layiq görüldü. 5 noyabrda
Dövlət Bayrağı Gününə həsr edilmiş sərgidə mən diploma
layiq görüldüm.
25 noyabrda keçirilən “Narkomaniyaya yox deyək”
adlı sərgidə mənə diplom
təqdim edildi. 6 dekabrda
Fireland vineyards-da təşkil
edilən “Abşeronun rəngləri”
adlı sərgidə “Köhnə küçə”və “İmprovizasiya” adlı iki
rəsm işimi təqdim etdim.
Bundan başqa,
2014-cü ildə “Uluslararası
Aktivist Sanatchilar Birliyi”nə (UASB) üzv oldum. 35-dən çox ölkədə nümayəndəlikləri
olan birliyin mərkəzi İzmir şəhərində yerləşir.
- Gənc rəssam kimi hansı sənətkarların
əsərlərini dəyərləndirirsiniz
və sizin üçün bir məktəb rolunu oynayıb?
- Qeyd etmək istəyirəm ki, mən incəsənətdə
impressionizm və postimpressionizm adlı istiqamətlərin böyük
pərəstişkarıyam. Buna görə də
rəssamların bu üslublarda işlərinə
üstünlük verirəm.
Bu fırça ustalarının işi məni heyran edir, ovsunlayır və mənə ilham verir. Onlardan Klod və
Eduard Mone, Oqyust Renuar, Kamil Pissaro,
Beta Morizo, Alfred Sisley, Frederik
Bazil, Edqar Deqa, Jeyms Uistler,
Kent R.Valis, Anri Matiss, Andre Kon, Leonid Afryomov və digərlərinin adlarını
çəkə bilərəm.
Əlbəttə ki, Toğrul Nərimanbəyov,
Ağəli İbrahimov,
Arif Hüseynov, Tahir Salahov, Səttar Bəhlulzadə,
Sakit Məmmədov, Vəcihə Səmədova,
Vüqar Əli kimi Azərbaycan xalq rəssamlarının
işlərinə də
rəğbətim var. Bundan
başqa, nəinki Azərbaycanda, həm də xarici ölkələrdə məşhur
olan müəllimlərimin-
Elçin Bünyatovun,
Emin Qəhrəmanovun
və Zöhrab Cabbarovun da adını
xüsusilə qeyd etməliyəm. Mən onların necə
işlədiyini, rəsmlərin
işlənməsi texnikası
və incəliklərini
saatlarla zövqlə müşahidə edə bilərəm. Müəllimlərim sarıdan bəxtim çox gətirib. Onlara bir rəssam kimi yaradıcılıq təşəbbüslərimi dəstəklədiklərinə
və əməklərinə
görə hər zaman minnətdaram.
-Əsərlərinizdə
daha çox hansı amillərə üstünlük verirsiniz?
- Mən, əsasən, peyzajlar və natürmortlar çəkirəm.
Təbiətimizin, dənizin, köhnə
şəhərimizin vurğunuyam.
Məni payızın çiskinləyən
yağışı və
ağacların yarpaqlarını
xışıldadan xəfif
küləyi, dənizin
və şəlalələrin
səsi, eləcə də İçərişəhərdə
gəzintilər ilhama
gətirir. Köhnə evlər
və küçələr,
Şirvanşahlar sarayı,
qala, məscidlər məni heyran edir və rəsm
işlərimdə müraciət
etdiyim sevimli mövzularımdı. Bundan başqa,
mən Avropanın rahat və səliqəli
şəhərlərini də
çəkməyi sevirəm.
Avropa ölkələrinin
memarlığı məftunedicidir:
sirli qəsrlər, nağıllardakı evlərə
bənzər evlər,
yaxtaları və qayıqları olan balıqçı körpüləri.
Belə rəsmlər çəkəndə
sanki keçmişə
səyahət edirsən
və ya nağıla düşürsən.
Mən həm pianino, skripka, gitara ilə ifa edilən
klassik musiqinin, həm də sadəcə müasir, lakin romantik mahnıların sədaları
altında işləməyi
sevirəm.
-Adətən bu sahədə çalışan sənətkarlar
istəyirlər ki, öz əsərlərini
dünya miqyasında tanıtdırsınlar. Sizin
xarici ölkədə
sərgiləriniz təşkil
olunubmu, yaxud istərdinizmi?
- Əlbəttə, hesab
edirəm ki, rəssamların nəinki
öz ölkələrində,
həm də xaricdə məşhur olmağa can atmaları yaxşı haldır. Beynəlxalq
sərgilərdə və
festivallarda iştirak etmək, öz ölkənin mədəniyyətini
nümayiş etdirmək
və başqa ölkələrin mədəniyyəti
ilə tanış
olmaq həm rəssamın özü,
həm də onun təmsil etdiyi ölkə üçün şərəfdir.
Mənim
işlərimi Moskvada,
Polşada və Belçikada beynəlxalq festivallarda nümayiş etdiriblər. Onlardan bəziləri
Azərbaycanda və xarici ölkələrdə
şəxsi kolleksiyaları
bəzəyir. Mənə İstanbulda
və Azərbaycanda rəsmlərimdən ibarət
fərdi sərgimin açılmasını da
təklif ediblər.
İnşallah, bu il öz
işlərimi bir neçə beynəlxalq festivalda, Sankt-Peterburqda, Brüsseldə və Slovakiyada təqdim edəcəyəm.
- Bu gün gənclərin incəsənətə, o cümlədən
rəssamlığa marağını
necə qiymətləndirirsiniz?
- Əlbəttə, maraq
var, həm də incəsənətin
bütün növlərinə. Sevindirici haldır
ki, ölkəmizdə
istedadlı gənclər
çoxdur və dövlətimiz həm sağlam, həm da sağlamlıq imkanları məhdud insanlara həm Azərbaycanda, həm də xaricdə müxtəlif müsabiqələrdə,
festivallarda özlərini
və yaradıcılıq
qabiliyyətlərini nümayiş
etdirməyə şərait
yaradır.
-Sizcə, bu gün ölkəmizdə
rəssamlıq sənətinin
inkişafı ilə
bağlı problemlər
varmı?
- Problemlər həmişə
var, məsələn,
gənc rəssamların
əksəriyyətinin emalatxanası
yoxdur. Evdə işləmək imkanı hər zaman olmur. Bu, əlbəttə ki, inkişaf etməyə mane olur.
Başqa
bir problem isə bahalı materiallar problemidir. Əvvəllər bu problemlərlə
Rəssamlar İttifaqı
məşğul olurdu,
bu qurum rəssamları materiallarla,
emalatxanalarla təmin edir, onları ölkələrini təmsil
etmək üçün
beynəlxalq müsabiqələrə
göndərirdi. İndi isə
belə deyil. Bu sahədə mövcud
problemlər incəsənətə,
rəssamlığa mənfi
təsir göstərir.
-Gənclərin bu kimi peşələrə
marağını artırmaq
üçün hansı
təkliflər irəli
sürmək olar?
- Məncə, gənclərdə incəsənətə maraq oyatmaq üçün mütləq daha geniş şərait yaradılmalıdır. Axı incəsənət əsərləri dövlətin tarixinin ayrılmaz hissəsidir. Rəssamlıq, memarlıq, kino, musiqi, ədəbiyyat - bütün bunlar qalır və öz gözəlliyi ilə məxsus olduğu dövləti əsrlər boyunca mədh edir. Buna görə də dövlət incəsənət xadimləri üçün daha çox şərait yaratmaqla mədəniyyətin inkişafında fəal olaraq iştirak etməli, gənclərə incəsənətə sevgi aşılamalı və onlarda nəinki doğma Vətəndə, həm də onun hüdudlarından kənarda ürəkləri fəth edə biləcək incəsənət əsərləri yaratmaq arzusu oyatmalıdır.
-Siz
uşaqlara rəssamlığın sirlərini
öyrədirsinizmi?
- Bəli, hərdən sağlamlıq imkanları məhdud uşaqlara dərs keçirəm, böyük məmnuniyyətlə onlara rəssamlığın sirlərini açıram. Mən uşaqları çox sevirəm, rəsm çəkərkən onların necə səy göstərdiklərini müşahidə etməyi çox xoşlayıram, onların yaxşı nəticələrinə onlarla birlikdə sevinirəm.
- Gələcək
planlarınız nədir?
- Planlarım çoxdur, onların reallaşması üçün çox işləməliyəm. Hazırda mənim üçün ən əsas iş diplom müdafiəsidir. Allaha yalvarıram ki, fikrilərimi həyata keçirmək üçün mənə imkan versin, axı arzular gerçəkləşməlidir!
Nigar Abdullayeva
Palitra.-2015.-9 yanvar.-S.7.