“Xaricdəki mütəxəssislərimizi ölkəmizdə elmi-texniki inkişafa cəlb etmək olar

 

Alı Adıgözəl: “Elmimizin bütün sahələrdə örnəyə çevrilməsi üçün ciddi nəticələr ortaya qoyulmalıdır”

 

Xaricdə təhsil alan tələbələrimizin sayı gündən-günə artmaqdadır. Onlar xaricdə təhisl almaqla yanşı ictimai aktivlik də göstərirlər Almaniyanın Türingiya vilayətində yeni yaranmış “Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası” da ətrafına belə gənclərimizi toplayıb. Assosiasiyanın sədri Alı Adıgözəl qəzetimizə müsahibəsində perspektiv planlarından danışdı. Xatırladaq ki, A.Adıgözəl 2008-2012-ci illər Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisasında bakalavr dərəcəsi üzrə təhsil alıb. Bakalavr təhsilindən sonra hərbi xidməti başa vurub. Hal-hazırda Almaniyanın ən qədim və məşhur universitetlərindən olan Fridrix Şiller adına Yena Universitetində (Friedrich Schiller University Jena )Dünya İqtisadiyyatı” (World Economy) ixtisası üzrə master təhsili alır.

 

-Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası nə vaxtdan fəaliyyət göstərir?

-Azərbaycanda olduğum müddətdə ictimai işlərdə fəal olmağa çalışmışam və bu sahədə müəyyən təcrübə əldə etmişəm. Odur ki, 2014-cü il oktyabr ayında Almaniyaya gəldiyim gündən etibarən Türingiya vilayətində təhsil alan və işləyən azərbaycanlılarla təşkilatlanmaq imkanlarımızı müzakirə etdim. Bu müzakirələr zamanı gənclərimizin ölkəmiz adına görmək istəyi və enerjisinin olması bizim təşkilatlanmağımızı zəruri etdi. Nəticədə, keçən il noyabr ayının 21-də Fridrix Şiller adına Yena Universitetinin “Beynəlxalq Mədəniyyət Mərkəzində” “Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası”nın (“Thuringen Azerbaijani Students Association”) təsis konfransı keçirildi. Konfransda Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak etdilər. Onlar təşkilatın 7 nəfərdən ibarət İdarə Heyətini və təşkilatın sədrini seçdilər.

-Təhsil aldığınız sahə ilə bağlı ölkəmizdə hansı yeniliklər etmək istərdiniz?

-Azərbaycan iqtisadiyyatında əsas prioritet istiqamət neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsində səmərəliliyi və faydalılığı artırmaqdır. Bu prioritet məsələ mənim üçün də aktualdı. Bakalavr dərəcəsində diplom işimin mövzusunun adı da elə məhz “Azərbaycanda neft sənayesinin qeyri-neft sektorunun inkişafına təsiri” olmuşdur. Təbii ki, əldə etdiyimiz biliklər və qazandığımız təcrübələr bu sahədə bizdə yeni fikir və təşəbbüslər yaradır. Düşünürəm ki, peşəkar və innovativ təşəbbüslər ölkəmizin inkişafı üçün etmək istədiyimiz yeniliklərə yol açacaq. Bu mövzuda diqqət etməli olduğumuz əsas məsələ isə təhsildir.

-Azərbaycan təhsilində Almaniya təhsilindəki hansı metodları tətbiq etmək olar?

-İstənilən mükəmməl metodun işlək və faydalı olması üçün, həmin metodu icra edəcək şəxslərin güclü stimul və motivasiyası olmalıdır. Məsələn, əgər, Almaniyada təhsil sahəsində çalışan işçilərin əmək haqları və sosial təhlükəsizliyi səviyyəsi ciddi şəkildə aşağı salınarsa nə baş verəcək?! Təbii ki, bu sahədə çalışan işçilərin, müəllimlərin, professorların işə münasibəti və davranışı kəskin dəyişəcək. Yekunda, bizim üçün nümunəvi olan alman təhsil sistemi öz cazibədarlığını itirmiş olacaq. Odur ki, ilk öncə təhsil sistemində effektivliyi azaldan neqativ hallar aradan qaldırılmalı və təhsil işçilərinin ehtiyacları ən üst səviyyədə qarşılanmalıdır. Yalnız bundan sonra, tətbiq olunacaq hər hansı uğurlu metod gözlənilən nəticəni verə bilər.

Alman təhsil sitemində diqqət çəkən əsas məsələ Almaniyada mövcud universitetlərin təkcə ali təhsil ocağı olması deyil, həm də əsas elmi araşdırma və tədqiqat mərkəzləri olmalarıdır. Bu isə öz növbəsində həmin proseslərə tələbələrin cəlb olunmasında mobilliyi artırır. Yekunda, universitetlər peşəkar kadrlar formalaşdırmaqla yanaşı, cəmiyyət üçün çox gərəkli layihələrlə çıxış edirlər. Hesab edirəm ki, bizim universitetlərə də bu metodun tətbiq olunması ölkəmiz adına faydalı olar.

-Almaniyada təhsil alan gənclərimizin həmrəyliyi hansı səviyyədədir?

- “Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası” məhz elə burada təhsil alan tələbələrimizin həmrəyliyinin nəticəsidir. Bunu təşkilatımızın təsis konfransında aydın gördük. Bu həmrəylik təşkilatımızın işində də özünü yetərincə göstərir. Biz təşkilat olaraq 20 dekabrda Türingiya vilayətində “Azərbaycan Mədəniyyət Günü” adlı tədbir keçirdik. Bu tədbirə istər hazırlıqda, istərsə də tədbir zamanı gənclərimiz yüksək səviyyədə birlik nümayiş etdirdilər. Məhz buna görə, hesab edirəm ki, ölkəmiz adına hər hansı işdə gənclərimizin bir araya gələ bilməsi yüksək qiymətləndirilməlidir.

-Tələbələrimiz Almaniyada ölkəmizi yetərincə tanıda bilirlərmi?

-Tələbələrimizin ölkəmizi müsbət mənada tanıtmaqları ilk öncə onların təhsil aldıqları mühitdə təhsilləri və davranışları ilə necə qəbul olunmaqlarından çox asılıdır. Ümumi götürdükdə, bu sahədə vəziyyət arzu olunandır. Almaniyada təhsil alan gənclərimizin ölkəmizi daha faydalı və sistemli təbliğ etmək istiqamətində atmış olduqları ən gözəl addım isə onların təşkilatlanmasıdır. Təşkilatlanmaq ardıcıl, mərkəzləşdirilmiş və daha keyfiyyətli fəaliyyət ortaya qoymaq baxımından çox önəmlidir.

-Almaniyadakı digər xalqların təşkilatları ilə əməkdaşlıq edirsizmi?

-Əsas hədəflərimizdən biri yerli alman təşkilatları və digər xalqların təşkilatları ilə əməkdaşlıq qurmaqdır. Bu barədə ilkin razılıqlar əldə etmişik. Gələcək fəaliyyətlərimizdə bu əməkdaşlıqlar öz nəticəsini göstərəcək. Bununla yanaşı, biz öz layihələrimizin icrasına alman və digər xalqların nümayəndələrini də cəlb etməyi düşünürük. Artıq bu sahədə atmış olduğumuz ilk addım öz müsbət nəticəsini verdi. “Azərbaycan Mədəniyyət Günü” adlı tədbirdə alman tələbə Azərbaycan idmanı haqqında təqdimatla çıxış etdi. Qeyd edim ki, bu təqdimat bizim heç bir müdaxiləmiz olmadan alman tələbənin Azərbaycan və Azərbaycan idmanı haqqında apardığı müstəqil araşdırmasının nəticəsi idi.

- Azərbaycanlı gənclər xaricdə yaşadıqları ölkələrin ictimai-siyasi mərkəzlərinə təsir imkanları olsun deyə hansı addımları atmalıdır?

-Azərbaycanlı gənclər yaşadıqları xarici ölkələrin ictimai-siyasi mərkəzlərinə təsir etmək üçün ilk öncə ictimai-siyasi proseslərə aktiv şəkildə qoşulmalıdır. Bu prosesə qoşulmaq isə iki yolla ola bilər. Ən optimal olan birinci variant, yaşadıqları xarici ölkələrin partiya sistemlərində təmsil olunmaqdır. İkinci variant isə, özləri təşkilatlanaraq yaşadıqları ölkələrin yerli təşkilatları və siyasi elitası ilə səmərəli münasibət qurmaqdır. Bundan sonra, tutduqları mövqe və qazandıqları əlaqələr onlara yaşadıqları ölkələrin ictimai-siyasi mərkəzlərinə təsir imkanları verəcəkdir.

-Tələbələrimiz ictimai aktivlik göstərirlərmi?

-“Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası” Almaniyanın Türingiya vilayətində yaranmış ilk Azərbaycan təşkilatıdır. Bu vilayətdə təhsil alan və işləyən azərbaycanlılar təşkilatımızı bir mərkəz kimi qəbul edirlər. Assosiasiyanın məqsədlərindən biri də məhz elə burada təhsil alan və işləyən azərbaycanlılar arasında əlaqə mühiti yaratmaq və onların ictimai aktivliyini artırmaqdır. Türingiya vilayətində Almaniyanın nüfuzlu universitetlərinin yerləşməsi bu vilayətə müxtəlif xarici ölkələrdən çox saylı tələbə axınını təmin edir. Bu isə bizə fəaliyyətimizin alman cəmiyyəti ilə yanaşı, digər xalqların nümayəndələrini də əhatə etməyinə imkan verir. Düşünürəm ki, belə bir mühitdə tələbələrimizin ölkəmizin təbliğat məsələsində ictimai aktivlik göstərmələri vacibdir. İndiki durum nə dərəcədə yaxşı olsa belə bununla kiyafətlənmək olmaz. İctimai fəaliyyətdə təhsil və təhsildən sonrakı dövlərin ikisi də önəmli və bir-birinə bağlıdır. Tələbələrimizin təhsil aldıqları dövrdə göstərdikləri ictimai aktivlik onlara bu sahədə müəyyən təcrübə qazandırır. Lakin, təəssüflər olsun ki, təhsil müddətində olan ictimai aktivlik əksər halda həyatına başlamaqla dayanır. Əksinə, bu mərhələdə xaricdə yaşayan və işləyən azərbaycanlılar üçün həmin ölkələrin ictimai-siyasi qurumlarında təmsil olunaraq ictimai aktivlik nümayiş etdirmək onların əsas hədəfinə çevrilməlidir.

-Almaniyanın elmi-texniki inkişafında azərbaycanlılar nə kimi öz töhfəsini verir?

-Almaniyada müxtəlif sahələrdə çalışan azərbaycanlı mütəxəssisləri görmək olar. Onlar, təbii ki, özlərini işlərində doğrultduqları üçün öz mövqelərini qoruyub saxlaya biliblər. Çalışdıqları istər tibb, istər texniki, istərsə də sosial elmlər sahəsində aparadıqları araşdırmalar nəticəsində əldə etdikləri istənilən uğurlu nəticələr Almaniyanın elmi-texniki inkişafına töhfədir. Xaricdə çalışan bu tip nüfuzlu mütəxəssislərimiz ölkəmizdə də elmi-texniki inkişafın artırılması işinə cəlb olunması faydalı olardı. Yaponiya kimi təbii resurslarla kasad olan bir ölkə avropalı mütəxəssisləri ölkələrinin elmi-texniki inkişaf sahəsinə cəlb edərək modern Yaponiyanın yaranmasına nail oldular. Bizə isə ölkəmizdə bu sahənin inkişafına nail olmaq üçün dünyanın müxtəlif ölkələrində çalışan öz mütəxəssislərimizi dəvət etməyimiz kifayət edər.

-Azərbaycan elminin hansı cəhəti almanlar üçün örnək ola bilər?

-Azərbaycan insanı riyaziyyat və digər texniki elmlərdə kifayət qədər uğurludur. Bundan hal-hazırda Almaniya, ABŞ, Türkiyə və digər ölkələr, həmin ölkələrin universitetlərində çalışan azərbaycanlı mütəxəssislərdən faydalanmaqdadırlar. Elmimizin bütün sahələrdə örnəyə çevrilməsi üçün isə ciddi nəticələr ortaya qoyulmalıdır. Dünya, yenilikləri və müsbət təcrübələri qəbul etməyə açıqdır. Yetər ki, yeniliklərin müəllifinə çevrilə biləsən.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-13 yanvar.-s.11.