“Praktik dərslərə daha geniş yer verilməlidir”

 

“Humanitar, ictimai və fundamental elm sahələrinin inkişafı üçün də sosial sifarişə ehtiyac var”

Layihə çərçivəsində müsahibimiz Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyevdir:

 

-1990-cı ildən Naxçıvan Dövlət Universitetində işləyirəm. Universitetimizin fəaliyyəti uğurla davam edir. Belə ki, keçən il Universitetimizdə 21 elmi istiqamətdə elmi-tədqiqat işləri yerinə yetirilir, bu elmi istiqamətlər üzrə 35 kafedrada və “Regionun inkişafı problemləri” elmi-tədqiqat laboratoriyasında 22 problem üzrə 262 əməkdaş 257 mövzu üzrə elmi-tədqiqatlar aparıb. 2014-cü ilin nəticələrinə görə Naxçıvan Dövlət Universiteti əməkdaşlarının 122 kitabı, o cümlədən 30 monoqrafiyası 2 dərsliyi, 52 dərs vəsaiti, 38 metodik vəsait və proqramı, 802 elmi məqaləsi çap olunub ki, bunlardan 115-i xaricdə nəşr olunub. Xaricdə nəşr olunan məqalələrin 10-u Tomson Royter İnstitutu tərəfindən qəbul edilən Science Citation İndex seriyasına daxil olan jurnallarda dərc olunub. Həmçinin əməkdaşların 83 tezisi nəşr olunub və məruzə edilib ki, bunların da 40-ı xarici ölkələrin payına düşür. Əməkdaşlardan 1 nəfəri elmlər doktoru proqramı, 7 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə müdafiə edib, 1 nəfər professor, 9 nəfər isə dosent elmi adı alıb.

- Elmin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanda elmin bütün sahələri dinamik inkişaf etməkdədir. Elmin elə sahələri var ki, nisbətən daha intensiv inkişaf edir bu da həmin sahələrə olan tələbatla bağlıdır. Elm geniş məfhumdur və onun çoxlu müxtəlif sahələri var. Texniki elmlər, fundamental elmlər, humanitar və ictimai elm sahələrinin hər birinin inkişafı özünəməxsus yanaşma tələb edir.

 

“Ölkə sənayesinin, iqtisadiyyatın inkişafı elə qurulmalıdır ki, onlarda elmə, yeni innovasiyaların tətbiqinə tələbat yaransın”

 

Yəni bütün elm sahələrinin inkişafının eyni üsulla getməsi mümkün deyil. Məsələn, tətbiqi elmlər üçün elmin hədəfi təklif səviyyəsində deyil, tələb şəklində olmalıdır. Belə ki, əvvəl tələb olmalıdır, yəni hər hansı bir sahənin inkişafı üçün sifariş olmalıdır, sonra elm sahəsi inkişaf etməlidir. Humanitar, ictimai və fundamental elm sahələrinin inkişafı üçün də sosial sifarişə ehtiyac var.

- Son zamanlar texniki sahələrdə durğunluq olduğu bildirilir. Sizin buna münasibətiniz necədir?

- Mən də hesab edirəm ki, bu sahədə gözə çarpan durğunluq kadr hazırlığı sahəsində, sadəcə, tələbələrin universitetlərdə ixtisas seçimi ilə əlaqədardır. Ancaq əslində bu durğunluq texniki sahədə əməyin stimullaşdırılması ilə bağlıdır. Bu problemin həlli üçün bir sıra problemlər həll edilməlidir. Bunlar iqtisadiyyatla, sənayenin inkişafı ilə bağlı problemlərdir. Belə ki, ölkə sənayesinin, iqtisadiyyatın inkişafı elə qurulmalıdır ki, onlarda elmə, yeni innovasiyaların tətbiqinə tələbat yaransın. Bu tələbatla da elm adamlarının qarşısına çıxılsın, ondan sonra elm adamları başlasınlar o sahələri inkişaf etdirməyə. Belə olanda elm daha mütəşəkkil şəkildə inkişaf edər. Alimlərin I Qurultayında rabitə və yüksək texnologiyalar naziri hörmətli Əli Abbasovun çıxışında bu məsələlərə geniş yer verildi. Mən onun fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, bu cür yanaşma ilə elmimizin gələcək inkişafına nail olmaq mümkündür. - Qurultayda təhsil naziri bu istiqamətdə qarşılıqlı əlaqələrin qurulmasının vacibliyini bildirdi. Sizcə bu, hansı imkanları yarada bilər?

- Bəli. Təhsil naziri hörmətli Mikayıl Cabbarov da bu məsələlərə aydınlıq gətirdi. Elm adamlarının məktəblərə inteqrasiyası, elmlə universitet arasında əlaqələrin sıxlaşması kimi fikirlər səsləndi. İndi AMEA-nın alimlərinin, universitetlərdə çalışan alimlərlə apardıqları birgə tədqiqat işləri o qədər də çox deyil. Düzdür, elmi-tədqiqat işlərinin vahid koordinasiyası mövcuddur, ancaq bunların daha sıx əlaqəli şəkildə işləməsi, müştərək elmi işlərə müəllimlərin cəlb olunması, yəni tək tədris deyil, elmi sahələrə də alimləri cəlb etməklə bu sahəni daha da inkişaf etdirmək olar. Digər tərəfdən akademiyanın elmi-tədqiqat institutlarında maddi-texniki baza yaranıb. Uyğun elm sahələri bir-birinə inteqrasiya etsə daha yaxşı nəticələr almaq olar. Həmçinin elmi istiqamətlərin qloballaşması, xarici ölkələrin aparıcı sahələri ilə bizim alimlərin məşğul olduğu elm sahələri arasında əlaqələrin gücləndirilməsi, müxtəlif proqramlar çərçivəsində bu sahələrdə işlərin aparılması, elmi işçilərin əməkdaşlıq etməsi bu sahənin daha da güclənməsinə, perspektivli sahələrin meydana çıxmasına gətirib çıxarar ki, bu da elmin inkişafına yüksək təsir göstərər.

- Ümumiyyətlə, son dövrlərdə elmə marağın azalması fikri var. Siz bu fikirlə razılaşırsınızmı?

- Bu məsələ də qurultayda müzakirə olundu. Mən yenə o fikrimə qayıdıram ki, elmin hədəfi sifariş olsa və istehsal sahəsi, özəl sektor öz inkişafını təmin etmək üçün elmə vəsait ayırsa, o zaman bu məsələ də və təbii ki, elmin maliyyələşdirilməsi məsələsi də həll olunacaq. Digər tərəfdən dövlətimiz buna geniş yer verir, gündən-günə alimlərimizin maddi vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülür, büdcədən elmə ayrılan vəsaitlərin artırılmasının şahidi oluruq. Digər tərəfdən magistraturaya qəbul olunan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi bu işlərin daha da inkişafına gətirib çıxara bilər. Çünki tələbə oxuyur, universiteti bitirdikdən sonra magistraturaya daxil olur, sonra gedir hərbi xidmətə, gəldikdən sonra onun elmə qayıtması, yenidən o sahəni inkişaf etdirməsi haqqında onda müəyyən əlavə fikirlər yaranır, müxtəlif dünyagörüşü formalaşır, bu da təbii ki, elmdən uzaqlaşmasına gətirib çıxarır. Bu gün belə bir reallıq var ki, qızlar daha çox elmə maraq göstərir, ancaq bu məsələ həm də, məhz magistraturaya daxil olan oğlanların əsgərlik məsələsi ilə bağlıdır.

- Bu il AMEA institutlarının magistratura pilləsinə qəbul imtahanı keçirilməsi nəzərdə tutulur. Siz bunu necə qiymətləndirirsiniz?

- AMEA-nın müxtəlif institutlarına qəbulun keçirilməsi mütərəqqi haldır. Çünki magistrlar eyni zamanda elmi-tədqiqat işləri aparırlar. Bunu elmi-tədqiqat institutlarında aparsalar daha yaxşı nəticələr verər. Çünki elmi-tədqiqat institutlarında müxtəlif sahələr üzrə laboratoriyalar və tədqiqat metodları formalaşıb ki, bu da magistrlərin həmin sahələr üzrə püxtələşməsinə müsbət təsir edə bilər. Hansı elmi-tədqiqat institutunun magistraturasına daxil olubsa o sahəni daha yaxşı mənimsəməsi, onun gələcəkdə yaxşı elmi işçi kimi formalaşmasında, tədqiqat metodlarının öyrənilməsində, o sahə ilə tanışlığında böyük rol oynayacaq. Yoxsa, belə çıxır ki, kadr hazırlanır, nəzəri biliklərə yiyələnir, ancaq praktiki təcrübəsi yoxdur. AMEA institutlarında magistraturanın açılması bu sahənin inkişafına gətirib çıxaracaq.

- Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, dövlət idarəçiliyinin müxtəlif sahələrində ən yeni metodlara yiyələnmiş yüksək hazırlıqlı kadrların yetişdirilməsi zərurəti var. Yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Siz bu barədə necə düşünürsünüz?

- Dünyanın inkişaf etmiş ölkələrində universitetlər müxtəlif istiqamətlərdə qurulublar. Sırf ixtisaslaşmış universitetlər var. Məsələn, bir metallurgiya zavodunun universiteti var. Bu universitetdə ancaq metallurgiya sahəsi üzrə kadrlar hazırlanır. Burada söhbət onlara ali təhsil verilməsindən getmir, təhsil 2 və ya 4 illik də ola bilər. Ancaq məqsəd kadrların sırf bu sahədə ixtisaslaşmasından ibarətdir. Onlar bir və ya bir neçə cihazın idarəetmə sistemini bilən kadrlar hazırlayırlar. Bunun üçün ancaq o cihazı bilmək kifayət edir. Onlara həmin müəssisələrdə praktika keçirlər, 2 illik kursları bitirmələri haqqında diplom verilir. Bundan başqa, xarici universitetlərdə təkcə bakalavr, magistr, doktorantura səviyyəsi deyil, eyni zamanda onlarda peşə təhsili istiqamətində kurslar keçirlər. Bu yaxınlarda biz Cənubi Koreyanın Çinq-Çonq Universitetində olduq. Orada stüardessa, tibb bacısı, ali təhsilli müəllim, diş həkimi ixtisasları var. Yəni universitet ancaq ali təhsil üçün nəzərdə tutulmur. Eyni zamanda təhsilin bütün pillələri üçün lazım olan kadr hazırlanmasında iştirak edir. Belə olduqda həm universitetin reytinqlərinin yüksəlməsi imkanı yaranır, həm də onların hazırladığı kadrlar tələbata uyğun seçilir. Məsələn, Koreyada stüardessaya olan tələbatı ödəmək üçün o universitet stüardessa hazırlayır. O da 2 il ərzində bu sahədə nələri bilməlidirsə, onu öyrədir. Yaxud barlarda çalışmaq üçün barmen hazırlayırlar, ümumiyyətlə, xidmət sahələrinin bütün növləri üzrə onlar mütəxəssislər hazırlayırlar. Belə olanda həm universitetin bütün göstəriciləri yüksəlir, həm say tərkibi çoxalır. Reytinq cədvəllərinin ölçülməsində bu ixtisasların göstərilməsi, ixtisas çoxluğu, kadrların nə səviyyədə hazırlanması, praktik vərdişlərə yiyələnməsi böyük rol oynayır. Praktik vərdişlər üçün olan maddi-texniki baza, eyni zamanda nəzəri hissədə bakalavr təhsili alanlar üçün praktik vərdişlərinin yaranmasına gətirib çıxarır. Bu da akademik Ramiz Mehdiyevin dediyi fikirlərlə uzlaşır ki, praktik vərdişlərə, dərslərə daha geniş yer verilməlidir. Ancaq praktik dərslərin də keçilməsi üçün platforma olmalıdır. Bəs harada keçilməlidir? Bunun üçün istehsalata gedilməlidir, ya da universitetin özündə qurulmalıdır. Belə halda təbii ki, praktikanı keçmək üçün heç bir çətinlik yaranmayacaq.

 

Nigar Abdullayeva

Palitra.-2015.-15 yanvar.-S.11.