Alimlərin öz poliklinikası olacaq (Yenilənib)

 

“AMEA biznes dairələri, holdinqlər, istehsalat üçün

yeni təkliflər verməyə hazırdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin mətbuat konfransı keçirildi. Rəyasət Heyətində təşkil olunmuş tədbirdə KİV nümayəndələrinə 2014-cü ildə akademiyada həyata keçirilən layihələr və aparılan islahatların nəticələri təqdim olundu.

AMEA-nın rəhbəri ötən ildə akademiyanın müxtəlif istiqamətlərində həyata keçirilmiş islahatlardan, innovativ xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, multidisiplinar tədqiqatlara üstünlük verilməsi, elm və təhsilin inteqrasiyası, əməkdaşların şəraitinin yaxşılaşdırılması, onlara qayğı ilə yanaşılması və dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin qurulmasından, eləcə də Azərbaycan elminin dünyaya inteqrasiyası barədə məlumat verdi. Akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək, tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək və müəssisələr üçün aktual olan məsələlərin daha geniş müzakirəsinə nail olmaq məqsədi ilə qurumun elmi müəssisələrinin strukturunda dəyişikliklər olunduğu bildirildi. Xüsusilə son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdirildiyini deyən Akif Əlizadə onlara ayrılan diqqət və qayğıdan, alimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir çox layihələrin əsasının qoyulması, o cümlədən "Alimlər şəhərciyi"ndən danışdı. Gənc alimlərin elmi fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə doktorantura və ixtisasartırma təhsili alması üçün dünyanın aparıcı elmi mərkəzlərinə göndərilməsi, bir çox beynəlxalq layihələrə qoşulmasının təmin edilməsi, AMEA-da çalışan gənclərin fəaliyyətini stimullaşdırmağa, elmi potensialını artırmağa, təkliflərini dəyərləndirməyə xidmət edən Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və təşəbbüsü ilə bir çox əhəmiyyətli tədbirlərin həyata keçirilməsi də ötən ilin icra olunan uğurlu vəzifələri kimi vurğulandı. Elmin inkişafını dəstəkləyən fərman və sərəncamların icra vəziyyəti ilə bağlı məlumat verən akademik A.Əlizadə dekabr ayında AR Prezidenti tərəfindən təsdiq olunmuş AMEA-nın yeni nizamnaməsi və “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nı xatırlatdı. Akademik AMEA-nın ümumi yığıncağında qəbul edilmiş hər iki sənədin elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi, elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirdi. Bildirdi ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı məqsəd və vəzifələrdən irəli gələn bu konsepsiyada elmin inkişafının dövlətin vacib vəzifələrindən biri kimi müəyyən edilməsi, elmi tədqiqat müəssisələrində və ali məktəblərdə həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması, regionlarda elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, texnoparklar şəbəkəsinin genişləndirilməsi kimi mühüm məsələlər öz əksini tapır. Azərbaycan alimlərinin I Qurultayı ilin ən yaddaqalan tədbiri kimi qeyd edildi.

 

AMEA-da doktorantura

pilləsinə qəbul kəskin azaldılıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura pilləsinə qəbul kəskin sürətdə azaldılıb. AMEA prezidenti Akif Əlizadə bildirdi ki, əsas məsələ keyfiyyətdir, qəbul bir qədər yüksək səviyyəli olmalıdır. A. Əlizadə qeyd etdi ki, bölmələr tərəfindən doktoranturanın qəbul planına baxılıb, qərarlar verilib, mövzular təsdiq edilib: “Bu il AMEA-nın doktorantura pilləsinə 100-120 nəfər qəbul aparılıb. Bu il plan əsasən yerinə yetirilib. Doktoranturaya qəbul zamanı əsas məsələ gənc alimin istiqamətini müəyyən etməkdir. Əsas odur ki, onun mövzusu keçmişə baxmasın mütləq akademiyanın prioritet istiqamətlərinə uyğunlaşsın”.

AMEA prezidenti əlavə etdi ki, Azərbaycanda gənc alimi yetişdirmək üçün bütün istiqamətləri nəzərə almaq lazımdır: “Magistraturaya, doktoranturaya qəbul hazırlanırdısa, zəncirdə lisey-gimnaziya nəzarətsiz qalırdı. Bu baxımdan Təhsil Nazirliyi ilə danışılıb. Artıq razılaşmaya əsasən Təhsil Nazirliyi tərəfindən AMEA-ya 2 lisey ayrılıb. Həmin liseylərdə 6-cı sinifdən yuxarı akademiyanın alimləri müxtəlif istiqamətli tədris aparacaqlar. Alimlər ora gedib liseydə akademiya olaraq formada iştirak edilməsini müəyyənləşdirilməlidir. Bununla bağlı hazırda danışıqlar aparılır. Əfsuslar olsun ki, hələlik akademiyanın universiteti yoxdur. Gənc alimlər liseydə oxuyub, sonra təhsillərini ali məktəbin bakalavr pilləsində davam etdirməli, oradan isə AMEA magistraturasına, doktoranturasına üz tutmalıdırlar. Biz bu elm zəncirini təşkil etməyə çalışacağıq. Akademiya ali məktəbinin yaradılması ilə bağlı da razılıq aparılır. Gələcəkdə bu öz həllini tapa bilər”.

AMEA prezidenti qeyd etdi ki, akademiyada magistratura yalnız elmi istiqaməti seçən alim hazırlayacağıq: “Məqsədimiz odur ki, əksər hallarda magistraturanı bitirən şəxs laboratoriyada çalışıb elmlər doktoru dərəcəsi alsınlar”.

A.Əlizadə təhsil sahəsində aparılan işləri qiymətləndirdi: “Təhsil Nazirliyi tərəfindən müəyyən islahatlar aparılır, biz gənc naziri dəstəkləyirik. Təhsil sahəsi çox ağır sahəsidir bəzi çatışmazlıqlar var. Azərbaycanın da tətbiq olunan Boloniya sistemi bu gün bizdə tam qavranılmır, əhatə olunmur. Sistemin özünün nüansları, incəliklər var. Müxtəlif ölkələrdə bu keçid zamanı müəyyən hallarda, mərhələlərdə konstruktiv dəyişiklər edirlər. Biz isə sovet sistemindən birbaşa Boloniya sisteminə keçdik. Bu da ağır olur”.

 

AMEA Rəyasət Heyəti binası üzərində sovet dövrünə

aid elementlərin dəyişdirilməsi ilə bağlı təşəbbüs qaldırıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasının üzərində sovet dövrünə aid elementlərin, yazıların dəyişdirilməsi ilə bağlı təşəbbüs qaldırılıb. AMEA prezidenti qeyd etdi ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, mədəniyyət turizm naziri Əbülfəs Qarayevə məktubla müraciət edib: “Bu, dövlətin işidir. Biz sadəcə, təşəbbüs qaldırdıq”. A. Əlizadə qeyd edib ki, “Akademiya Şəhərci”yinin (Science city) yaradılması istiqamətində növbəti təşəbbüs irəli sürüləcək: “Prezident ilk görüşdə bu işlərimizi dəstəkləyib. Sadəcə, şəhərcik üçün hələlik yer müəyyənləşməyib. Yeri müəyyən etsək, şəhərcik məsələsi həll olunacaq”. A.Əlizadə AMEA Rəyasət Heyətinin yerləşdiyi tarixi binadan (İsmailiyyə binası) çıxarılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. AMEA prezidenti, bu məlumatların yanlış əsassız olduğunu vurğulayıb.

 

AMEA-nın magistratura pilləsinə 7 ixtisas üzrə

qəbul aparılacaq

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura pilləsinin yaradılması bizim üçün vacib məsələlərdən biri idi”. Akif Əlizadə qeyd etdi ki, bu il ilk dəfə olaraq fevral ayında magistraturaya qəbul elan olunacaq. Onun sözlərinə görə, bu il magistratura pilləsinə 7 ixtisas üzrə qəbul aparılacaq: “Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi Təhsil Nazirliyi ilə danışılıb. Bu ilk addımdır nəticəsini gözləməliyik. Magistraturanın təşkili bir neçə kriteriyaya cavab verməlidir. AMEA-nın 7 institutunun bazasında magistratura təşkil ediləcək”. Magistraturaya qəbul aparılacaq ixtisaslara dilçilik, antropologiya, nəzəri riyazi fizika, geologiya, kimyəvi genetika kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir: “Azərbaycan elminə lazımi mütəxəssislərin hazırlanması üçün bu ixtisaslar seçilib”.

 

AMEA yataqxanasının yerində yaşayış binaları

inşa olunur

 

“Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında kadr hazırlığında gənclərə böyük önəm verilib, yüksəkixtisaslı gənc alim mütəxəssislər yetişdirilib”. AMEA prezidenti bildirdi ki, bu gün Azərbaycan gəncliyi tam fərqlidir onlar üçün akademiyada olduqca aktiv məqsədyönlü istiqamət seçilib. Onun sözlərinə görə, Azərbaycan elmində bir qədər qocalma prosesinin olmasına baxmayaraq, gənclik püxtələşmiş alimləri əvəz etməyə hazır olmasına ümid var: “Bu istiqamətdə işlər görülür. Qeyd etməliyik ki, bir gənc kadrı hazırlamaq elə asan deyil. Bir gənci, elmi kadrı formalaşdırmaq üçün 10-20 il zaman lazımdır”. AMEA prezidenti qeyd etdi ki, elmin sosial problemləri diqqət mərkəzində olub. Onun sözlərinə görə, artıq AMEA alimlərinin çoxdan arzuladığı akademiya poliklinikasının layihəsi hazırlanır: “Hazırlıq yanvar-fevral ayında yekunlaşsa, işləri tez görmək mümkün olacaq”.

A.Əlizadə vurğuladı ki, AMEA-nın hüquqi baxımından da problemləri həll olunmaqdadır: “Yeni nizamnamə artıq dövlət başçısı tərəfindən imzalanıb. Akademiya yeni hüquqi formatda fəaliyyət göstərməyə başlayıb. Bununla da akademiyanın gələcəyini yeni bir formatda planlaşdıra biləcəyik”.

AMEA prezidenti əlavə etdi ki, bu il üçün sosial baxımından da mühüm işlər nəzərdə tutulub. Onun sözlərinə görə, AMEA yataqxanasının yerində yaşayış binaları inşa olunur: “Bu işlər yekunlaşmaqdadır. Yaxınlarda bu istiqamətdə AMEA alimləri üçün xoşagələn tədbirlər həyata keçiriləcək. Bundan başqa, AMEA-nın məlumat bankı hazırlanıb. Biz həmçinin biznesmen-alim söhbətinin aparılmasına hazırıq. Bu yeni formadır bizim təkliflər biznes tərəfindən qəbul olunur. AMEA 2014-cü ildən tədricən büdcədən kənar vəsait əldə etməyə çalışır. Bu da innovativ təkliflər paketini bizneslə əlaqələndirməyə imkan var. Biznes rəhbərləri, qurumlar, holdinqlərin akademiyaya nəzər-diqqəti artıb. Artıq onlar hiss ediblər ki, akademiya axtarışdadır istehsalat üçün yeni təkliflər verməyə hazırdır. Büdcədən ayrılan vəsaitin elmə sərf edilməsinə gəlincə, biz gözləmirik ki, büdcədən ayrılan vəsait artsın. Akademiya, alim özü qazanmalıdır. Oturub kimdənsə hansısa işi gözləmək sovet düşüncəsi idi. Bu gün alimlər innovativ elm inkişaf etməsini istəyirlər”.

 

AMEA-nın 70 illik yubileyinin keçiriləcəyi

tarix açıqlandı

 

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 70 illiyinə hazırlıq işləri görülür. Akif Əlizadə qeyd etdi ki, artıq akademiyanın 70 illik yubileyinin Tədbirlər Planı təsdiq edilib. Onun sözlərinə görə, AMEA-nın yubiley mərasimi noyabr ayında keçiriləcək. Bununla bağlı ölkə rəhbərliyinin razılığı əldə olunub: “2015-ci ilin aprel ayında AMEA-nın ümumi yığıncağı keçiriləcək. Bu yığıncaqda mühüm işlər barədə cəmiyyətə məlumat veriləcək”.

Ötən il görülən işlər barədə danışan A.Əlizadə qeyd etdi ki, 2014-cü ildə AMEA-nın həyatında bir neçə mühüm tədbirlər olub: “İlk hadisə fevral ayında Gəncə şəhərində akademiyanın yeni bölməsinin açılışı olub. Bakı şəhərində mərkəzləşmiş tədbirlər respublikada geniş yayılması üçün Gəncədə yeni yaranan bölmə akademiya və Azərbaycan elmi üçün vacib məsələdir. Daha sonra elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmağı, gəncləri elmə cəlb etməyi əsas hədəf seçən "Bakı Elm Festivalı - 2014" keçirilibbu festival da ölkədə mühüm rezonansa səbəb olub. Gələcəkdə Azərbaycan üzrə Elm Festivalının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrinin səlahiyyətli nümayəndələrini bir araya gətirən Azərbaycan alimlərinin I qurultayı AMEA tarixində mühüm əhəmiyyət kəsb edib”.

 

Nigar Abdullayeva

Palitra.-2015.-15 yanvar.-S.5.