“Ali məktəblərin
real reytinqinin müəyyənləşməsi
problemləri üzə çıxarmaq baxımından da əhəmiyyətlidir”
Layihə çərçivəsində
müsahibimiz Naxçıvan Dövlət
Universitetinin elmi
işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyevdir.
-
“Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinə
əsasən 2014-cü il üçün
Azərbaycan ali məktəblərinin
çoxkriteriyalı, beynəlxalq standartlara
uyğun reytinq cədvəli
hazırlanıb, Naxçıvan Dövlət Universiteti
bu reytinq cədvəlində
birinci yer tutub. Bu uğuru necə qiymətləndirirsiniz?
- Əvvəlcə qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən qayğı nəticəsində təhsil müəssisələrinin fəaliyyəti gücləndirilib, ali təhsil müəssisələrində də tədris müasir tələblər səviyyəsində təşkil olunub. Yarım əsrə yaxın bir tarixə malik Naxçıvan Dövlət Universiteti isə zəngin təcrübəyə, tarixi inkişaf yoluna malik, elm, tədris, beynəlxalq əlaqələr, mədəniyyət, idman sahəsində mühüm nailiyyətlər qazanmış bir ali təhsil ocağıdır. Bu gün dövlət qayğısı sayəsində 108 hektarlıq universitet kampusunda yaradılan möhtəşəm tədris binaları, elektron kitabxana, olimpiya mərkəzi, konservatoriya, tələbə evi və qonaq evi, sosial mərkəz, xəstəxana regionda elm, təhsil və mədəniyyətin, habelə ictimai fikrini inkişafına geniş meydan açıb. Bu gün 10 fakültədə 56 ixtisas üzrə ali təhsil alan 5000-ə yaxın tələbə, magistr və doktorant müstəqil Azərbaycanın dövlətçilik maraqlarını gerçəkləşdirə biləcək layiqli nəsil, dəyərli mütəxəssis kimi yetişir. Bu ali məktəb 80-dən çox tanınmış dünya universitetləri ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə tamamlanmaqda olan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bilavasitə təşəbbüsü və qayğısı sayəsində universitetin güclü maddi-texniki bazası formalaşmış, dünya standartlarına cavab verən, müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş tədris korpusları, internet mərkəzləri, fənn kabinələri, laboratoriyalar yaradılıb. Bu gün Naxçıvan Dövlət Universiteti regionun intellekt potensialı ilə təmin olunmasında, elmi-pedaqoji kadr hazırlığında fundamental baza rolu oynayır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökumət və qeyri - hökumət təşkilatlarının iştirakı ilə “İctimai təşəbbüslərə dəstək” müsabiqəsi təşkil edib. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı (AKTAM) “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi ilə müsabiqənin qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət sifarişi alıb. Layihəyə əsasən ilk dəfə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanıb, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilərək ölkə ictimaiyyətinə çatdırılıb. Tədqiqat nəticəsində Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yer tutub. “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində beynəlxalq səviyyədə qəbul olunmuş metodikaya əsasən, respublikanın ali məktəblərində tədrisin keyfiyyətini qiymətləndirmək məqsədilə çoxistiqamətli tədqiqatlar aparılıb, ali məktəblərin milli reytinq cədvəli beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. Reytinq tədqiqatları 20 dövlət, 12 qeyri-dövlət ali təhsil müəssisələri və Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı arasında aparılıb, hazırlanmış forma qiymətləndirmək üçün 17 nazirlik və komitəyə, özəl müəssisələrə göndərilib. Ali məktəblərin reytinq tədqiqatları üçün götürülmüş kompleks fəaliyyətin keyfiyyət göstəriciləri bir-birindən asılı olmayan 3 müstəqil kateqoriyadan ibarət olub. Naxçıvan Dövlət Universiteti bu kateqoriyalardan ali məktəbin akademik resursları üzrə 320, ali məktəbin daxildən müəllim və tələbələr tərəfindən qiymətləndirilməsi üzrə 192, ali məktəbin məzunlarının ölkə ictimaiyyəti, mərkəzi və regional icra orqanları, müxtəlif kampaniyalar tərəfindən qiymətləndirilməsi üzrə 287 bal toplayaraq 799 yekun balla birincilik əldə edib. Bu münasibətlə “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin rəhbəri, AKTAM təşkilatının sədri Natiq Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova məktubla müraciət edib. Naxçıvan Dövlət Universitetinin bugünkü səviyyəyə çatmasında Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elm və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı mühüm rol oynayır. Universitetdə çalışan çoxsaylı professor-müəllim heyətinin, qocaman pedaqoqların, müxtəlif dövrlərdə rəhbərlik edən rektorların, xüsusilə on yeddi ildən artıq bu ali təhsil müəssisəsinə rəhbərlik etmiş AMEA-nını vitse-prezidenti, akademik İsa Həbibbəylinin, bu gün çoxillik ənənələri layiqincə davam etdirən, universitetin indiki rəhbəri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Saleh Məhərrəmovun danılmaz əməyi var. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının ali məktəblərinin reytinqinin müəyyənləşdirilməsi real nəticəni obyektiv şəkildə ortaya qoymaqla yanaşı, bəzi ali təhsil müəssisələrində göstəricilərin aşağı olmasının səbəblərini, universitetlərin böyük əksəriyyəti üçün xarakterik olan problemləri üzə çıxarmaq baxımından da əhəmiyyətlidir. Bu, eyni zamanda elm, təhsil sahəsində inkişafa səbəb olacaq rəqabətə də güclü təkan verəcək.
- Gənclərin
elmə marağının azalmasının bir
səbəbi kimi o
göstərilir ki, bu
gün gənclərimiz sadəcə ali məktəbə qəbul olmağı əsas
meyar kimi
götürürlər. Sizin fikrinizcə
bu, nə dərəcə doğrudur?
- Hər bir valideyn övladının qarşısına məqsəd kimi qoyur ki, ali məktəbə qəbul olsun. Ancaq qəbul olduqdan sonra ali məktəbi necə bitirdi, o ixtisasa necə yiyələnir? Əsas şərt burada olmalıdır. Bu şərt təmin olunduqdan sonra digər məsələlər özü avtomatik surətdə həll olunacaq. Yəni elmə, magistraturaya olan maraq da artacaq. Bunların hamısı, təhsilin keyfiyyəti yüksəldikcə öz həllini tapmış olacaq. Ona görə də bir nömrəli məsələ, təhsilin keyfiyyətinin yüksəldilməsidir. Naxçıvan Dövlət Universiteti bunu bir nömrəli əsas məsələ kimi qarşısına qoyub. Təhsilin səviyyəsi yüksəldikdən sonra təbii ki, elmlə də maraqlanan uşaqlar olur. Digər tərəfdən təhsilin keyfiyyətinin artırılmasında universitetlərarası inteqrasiya, müxtəlif proqramlar çərçivəsində görüşlərin keçirilməsi, tələbə-müəllim mübadiləsi də mühüm rol oynayır. Boloniya sisteminə keçid imkan verdi ki, bütün ixtisaslar üzrə proqramlar eyniləşdirilsin və indi həmin universitetlər tələbələrini, müəllimlərini yerdəyişmə etməklə universitetlər arasındakı tarazlığı düzəldir.
-Bəzən Boloniya sistemini qəbul etmək istəməyənlər də var.
- Mən elə düşünürəm ki, Boloniya sistemi
ən gözəl sistemdir. Çünki Boloniya elə bir sistemdir
ki, burada güzəştə yer yoxdur. Hər hansı bir
sahədə kiçik
bir güzəşt bütün sistemi pozur. Bu isə sonunda
özünü göstərəcək,
sistem işləməyəcək.
Bəzən bu sistemi bəyənməyənlər də
olur. Bu çox
gözəl sistemdir.
Mən bu sistemi dəstəkləyirəm.
Ona görə ki, tələbələrin sərbəstliyinə
və müəllimlərin
fəaliyyəti üçün
geniş imkanlar yaranıb. Təhsil almaq üçün
ən gözəl sistemdir.
- Bu yaxınlarda ölkədə ilk dəfə
Azərbaycan Alimlərinin
I Qurultayı keçirildi.
Bu qurultayı necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə son 2 ili Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində
əsl dönüş
mərhələsi adlandırmaq
olar ki, bu da AMEA-nın
yeni rəhbərliyinin
uğurlu fəaliyyətinin
nəticəsidir. Mən Azərbaycan
Alimlərinin I Qurultayının
keçirilməsini çox
yüksək qiymətləndirirəm.
Elə düşünürəm ki,
bu qurultay nəticəsində hazırlanmış
bəyannamə elmimizin
inkişaf tempinin artırılmasına kömək
edəcək.
- Alimlərin qurultayında toxunulan məsələlərdən biri
də alimlərimizin xarici ölkələrə
inteqrasiyası ilə
bağlı idi. Bu istiqamətdə hansı addımlar atmaq olar?
- Bu yaxınlarda ADA-da “Erasmus Mundus” proqramının
2015-2020-ci illər üçün
təqdimatı oldu. Bu həm doktorantlar,
həm magistr, həm də bakalavr səviyyəsində
kadr mübadiləsi, həm də elmi- tədqiqat işlərinin yerinə yetirilməsi üçün
kadrların mübadiləsini
nəzərdə tutur.
Bu kadrlar elmi-tədqiqat
işlərinə qoşula
bilərlər. Hansısa Avropa
institutunda inkişaf etmiş bir metodika və yaxud tədqiqat sahəsi varsa onun Azərbaycana gəlməsi, yaxud alimlərimizin o layihələrə
qoşulması ümumilikdə
elmin inkişafına gətirib çıxarar.
-Alimlərimizin beynəlxalq
jurnallarda məqalələrinin
dərc olunması istiqamətində səylərin
artırılmasına da
ehtiyac olduğu bildirilir....
- Elmin nəticəsini çox zaman məqalələrlə hesablayırlar.
Elə sahələr var ki, onları başqa cür dəyərləndirmək mümkün
deyil. Məsələn, humanitar, ictimai
elmlər sahəsində
məqalənin olması
çox vacibdir.
Ancaq elə sahələr var ki, onun
nəticəsi olmalıdır.
Təbii
ki, bu da
haradasa çap olunmalıdır. Əsas elmi
tədqiqat işinin nəticəsidir. Bir
məqalə, 5 məqalədən
daha çox qüvvətli ola
bilər. Yaxud dünya şöhrətli
alimlərimizin o qədər
də çox məqaləsi yoxdur, 12-13 məqaləsi çap olunub, lakin oradakı
nəticələri bütün
dünya müzakirə
edir. Yəni burada məqalə
sayı elmin yüksək inkişafını
göstərən amil
deyil, əsas olan nəticənin alınmasıdır ki, bu da həmin
məqalənin dünyanın
tanınmış jurnallarında
dərc olunmasına imkan verir.
- Son
vaxtlar müzakirə olunan
məsələlərdən biri də
alimlərimizin Nobel mükafatına namizəd
göstərilməsi ilə bağlıdır. Bu barədə sizin fikriniz necədir?
- Elmin elə prioritet sahələri var ki, bu sahələr üzrə bütün inkişaf etmiş institutların tədqiqat laboratoriyaları diqqətlərini həmin sahələrə yönəldiblər. Həmin sahələr üzrə tədqiqat aparırlar. Bu tədqiqatın aparılması üçün onlara hər bir şərait yaradılıb. O cür şərait bizdə də olsa Nobel mükafatına namizədlər olar. Məsələn, deyək ki, nanotexnologiyalar, biotexnologiyalar və s. sahələr olsun. Bunun üçün fanatikcəsinə elmlə məşğul olmaq lazımdır. Nə qədər tələb olunursa o qədər də maddi-texniki baza ilə təmin olunmalıdır, prioritet sahələr üçün heç bir məhdudiyyət olmamalıdır. Böyük bir laboratoriya qurmaq üçün elmi cihazlar, tədqiqat aparatları həddindən artıq bahalı olur. Onlar tək-tək istehsal olunur. Onların alınıb ölkəyə gətirilməsi imkan verər ki, o sahələr daha da inkişaf etsin. Məhdud maliyyə imkanları ilə bunları əldə etmək çətindir. Bunu etmək üçün inkişaf etmiş ölkələrin elmi-tədqiqat mərkəzlərində onlarla birgə işləmək lazımdır.
-Bizdə daha çox humanitar sahələrə maraq
göstərildiyi bildirilir. Bunun səbəblərini nə ilə əlaqələndirirsiniz?
- Bizdə həqiqətən də humanitar, ictimai elmlərə maraq daha çoxdur. Bu da qeyd etdiyim kimi onunla bağlıdır ki, maddi-texniki bazaya ehtiyac olmadan, bir qələmlə tədqiqat apara bilirlər. Ancaq eksperimental fizika sahəsində və yaxud da kimya, biologiya sahələrində hər hansı eksperiment aparmaq üçün kimyəvi maddələr, qurğular lazımdır. Nəzəri tədqiqatı aparmaq olar, ancaq praktik iş görmək üçün maddi-texniki baza lazımdır.
-Universitetdə təhsil alan gənclərin
təhsil səviyyəsi
sizi qane edirmi?
- Bu inkişaf səviyyəsi məni qane edir.
İnkişafı bu səviyyədə davam etdirsək Azərbaycan universitetlərinin
reytinq sıralamasında öz
yerimizi növbəti illər üçün də qoruyub
saxlaya biləcəyik və gələcəkdə
yaxşı nəticələr əldə edəcəyik.
Nigar Abdullayeva
Palitra.-2015.-16 yanvar.-S.11.