“Xaricdə təhsil almaq yalnız universitetdə oxumaq demək deyil...”

 

Toğrul İmaməliyev:“Azərbaycan gənclərinin xaricdə təhsil alması onların həm dünyagörüşü, həm mənəvi inkişafına böyük təkan verir

 

Gənclərin elm və təhsilə yiyələnməsi Azərbaycan dövlətinin prioritetlərindəndir. Məhz bunun üçündür ki, son illər gənclərimizin xaricdə təhsil almasına geniş imkanlar yaradılıb. Müsahibimiz Toğrul İmaməliyev də belə gənclərimizdən biridir. Qeyd edək ki, Gəncədə anadan olan T.İmaməliyev 2013-cü ildə Bakıda 46 saylı orta məktəbi bitirib. Elə həmin il Şimali Kiprin Nikosia şəhərində Kipr Beynəlxalq Universitetinə qəbul olub. 2014-cü ildə isə təhsil aldığı yeri Litvanın Vilnüs Dövlət Universiteti ilə dəyişib.

 

- İlk ali təhsil aldığınız universiteti hansı səbəbə görə dəyişibsiniz?

- Əslində, mən yerimdə durmağı, hər gün dərsə get, evə gəl, yəni sadə tələbə həyatı yaşamağı sevmirdim. İctimai fəaliyyət göstərmək, aktiv olmaq, xarici təşkilatların layihələrində iştirak edib yeni nə isə öyrənmək və eyni zamanda öz mədəniyyətimi də təbliğ etmək istəyirdim. Çox təəssüf ki, saydığım perspektivləri Kipr Beynəlxalq Universitetində tapa bilmədim və bir ildən sonra Litvanın Vilnüs Dövlət Universitetində ingilis dilində biznes və idarəetmə fakültəsinə qəbul oldum.

-Bəs, Litvada bu istəklərinizi həyata keçirə bilirsizmi?

-Litva gənclər sektoruna xüsusi önəm verən ölkələrdən biridir. Mən Azərbaycanın Litvadakı Gənclər Təşkilatının (AYOL) aktiv üzvlərindən biriyəm və bu təşkilatda artıq 100-dən çox üzv var. Biz təşkilatda Litvada oxuyanburda yaşayan azərbaycanlılarla sıx əlaqə saxlayırıq.

-Gənclərin xaricdə təhsil alması onların intellektual inkişafına nə dərəcədə kömək olur?

-Azərbaycan gənclərinin xaricdə təhsil alması onların həm dünyagörüşü, həm mənəvi inkişafına böyük təkan verir. Xaricdə təhsil almaq yalnız universitetdə oxumaq demək deyil, eyni zamanda həyatla tək mübarizə aparmaq, özünü dərk etmək, bir sözlə, şəxsiyyət kimi formalaşmaq deməkdir. Daha fərqli mədəniyyətləri yaxından öyrənmək və hətta onların həyatını yaşamaq, hər hansı bir yeni mədəniyyətin bir parçası olmaq, gələcəyin bir marketoloqu kimi yaradıcılıq qabiliyyətimi artırır.

- Litvadakı azərbaycanlı gənclər ölkəmizi layiqincə təmsil edirlərmi?

- Dünyanın hər bir ölkəsində oxuyan azərbaycanlı gənclər canla-başla çalışır ki, ölkəmizi layiqincə təmsil etsinuzaqdan da olsa ölkəmizə bir az da yaxın olsun.

Litvada azərbaycanlı gənclər öz savad və bacarıqları ilə ölkəmizi layiqincə təmsil edirlər. Biz azərbaycanlı gənclər əsas diqqətimizi Qarabağ probleminin dünyada tanınmasına və onun təbliğinə yönəldirik. Hər il Xocalı soyqırımı günü nəinki insanlar arasında, hətta sosial şəbəkələrdə müəyyən təbliğat aparırıq. Nəzərinizə çatdırmaq istərdim ki, artıq bizim Novruz şirniyyatlarımız və milli rəqslərimiz Litvada təhsil alan avropalı tələbələr və litvalı tələbələr arasında çox məşhurdur və sevilir. Təbii ki, bu da azərbaycanlı tələbələrin Litvada göstərdiyi uğurlu fəaliyyətin nəticəsidir.

-Gənclərin xaricdə təhsili onların gələcəyi üçün hansı perspektiv açır?

-Əvvəla, ingilis dilində təhsil, yəni ingilis dilinin akademikümumi səviyyədə öyrənilməsi deməkdir. Gənclər nəinki ingilis dilini, hətta başqa əcnəbi dilləri öyrənmək şansı qazanırlar. Dərslər həm nəzəri, həm də praktiki keçirilir. Əcnəbi mədəniyyətləri kitabdanya internetdən yox, real görüb yaşayırlar. Həmçinin məntiq və yaradıcılıq qabiliyyəti inkişaf edir. Vətənpərvərlik hisləri güclənir. Xaricdə təhsil həyatla tək mübarizə aparmağı, məsulliyyətli və hər zaman güclü olmağı və s. öyrədir.

-Sizcə, azərbaycanlı gənclər nə dərəcədə Qərb gənclərinə nümunədir?

-Sizə sadə bir misal çəkə bilərəm. Avropanın bir cox nümayəndələri öz tarixini, dövlət atributlarının mənası bilmirlər və ya milli rəqslərini bilmirlər, amma Azərbaycana getsək uşağından tutmuş böyüyünə qədər hamı ən azından milli rəqslərimizi ifa edə bilir. Yəni deməyim odur ki, biz vətənpərvərliyimiz ilə fərqlənirik. Həm də bizim ailə və dostluq, ümumiyyətlə, insani münasibətlərimiz daha fərqlidir. Yəni təvazökarlıqdan uzaq, bizdə daha sıx və səmimidir.

- Siz Litvada Azərbaycan tarix və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsüz?

-Biz Azərbaycan gəncləri Azərbaycanın tarixi və mədəniyyətinin təbliği ilə əlaqədar bir neçə layihələr edirik. Mənim Litva universitetlərində Azərbaycanın tanıdılması naminə yaradılan layihələrdə çıxışlarım olacaq. Mən orda öz tariximiz və mədəniyyətimiz barədə danışacağam. Bu yaxınlarda universitetimizdə oxuyan xarici tələbələrin milli yeməklərinin sərgisi keçirildibizim hazırladığımız milli yeməklərimiz hamı tərəfindən bəyənildi. Yaxın gələcəkdə daha da böyük layihələrlə Litvada Azərbaycanı tanıtmağa davam edəcəyik.

-Digər təşkilatlarla əməkdaşlıq edirsizmi?

-Bu günlərdə AYOL nümayəndələri olaraq İtaliyada təşkil olunan beynəlxalq layihədə təmsil olunduq. Mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə dəstək vermək məqsədi ilə icra olunan layihə çərçivəsində keçirilən tədbirdə altı nəfər AYOL nümayəndəsi iştirak edirdi. Nümayəndə heyətinin tərkibi litvalı və azərbaycanlı tələbələrdən təşkil olunmuşdu. Ümumilikdə isə, tədbir iştirakçıları İtaliya, İspaniya, Yunanıstan, Azərbaycan-Litva, Polşa olmaqla 6 ölkədən 30 nəfər idi.

Bu tədbir Erasmus proqramı çərçivəsində idi. Hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən 10 günlük tədbirdə İtaliya-Azərbaycan-Litva münasibətləri ətrafında müzakirələr, əməkdaşlığın perspektivləri və gələcək layihələrdə birlikdə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. Burada hər gənc öz ölkəsinin tarixini və mətbəx mədəniyyətini göstərirdi. Biz də layiqincə Azərbaycanımızı və Litvanı təmsil etdik. Burada Azərbaycan-Litva Mədəniyyət günü oldu. Azərbaycan mədəniyyətinin rəngarəngliyi maraqlı təqdimatla iştirakçılara çatdırıldı. Azərbaycan guşəsi də xüsusi marağa səbəb oldu. Hamı tərəfindən bəyənildi, bizim mətbəximizə və tariximizə heyran qaldılar. Bir çox iştirakçı bundan sonra bizə yaxınlaşıb Azərbaycana gəlmək istədiklərini söylədilər.

Qeyd edim ki, ötən ildən başlayaraq AYOL Avropanın müəyyən proqramları çərçivəsində özünü sübut etməyi qarşısına məqsəd qoyub. Təsadüfi deyil ki, gənc bir təşkilat olmağına baxmayaraq, AYOL artıq Litva hüdudlarını aşaraq əlaqələrini genişləndirir və Avropada tanınmağa başlayıb. Qitənin bir sıra beynəlxalq gənclər təşkilatları ilə elm, təhsil, mədəniyyət və informasiya mübadiləsi sahəsində əməkdaşlığını genişləndirir.

- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hansı tədbir keçirdiniz?

- Həmrəylik günü ilə əlaqədar biz bütün dünyada oxuyan azərbaycanlıları bir araya gətirəcək layihə etdik. Belə ki, xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bağlı təbrik videosu hazırladıq. Bu təbrik videoçarxında Rusiya, Türkiyə, ABŞ, Misir, Polşa, Moldova, Özbəkistan, İsveç, Hollandiya, Gürcüstan, İsrail, Qazaxıstan, Şimali Kipr, Çin, Litva, Malayziya, İtaliya, Almaniyadakı azərbaycanlı soydaşlarımızın bayram təbriki cəmlənib.

Qeyd edim ki, bu təşəbbüs bir qrup diaspor gəncinin “Facebooksosial şəbəkəsində olan təklifi əsasında ortaya çıxıb. Videoçarxdakı gənclərin hər biri həm təşkilatçı, həm də iştirakçıdır. Həmrəylik günü fəlsəfəsi paralelliyi videoçarxda öz əksini tapıb. Bu layihə soydaşlarımız tərəfindən çox bəyənildi və internet aləmində kifayət qədər baxışı oldu.

-Ümumiyyətlə, perspektivdə hansı planlarınız var?

-Perspektivdəki planlardan öncəsi, təbii ki, bura gəlmək səbəbim olan universitetimi layiqincə bitirməkdir. Bakalavr pilləsini bitirdikdən sonra planımda başqa bir Avropa, ya da Amerika ölkəsində magistratura pilləsini bitirib. Azərbaycana qayıdıb öz ixtisasım üzrə yeni yerləri açmaqdır.

Fuad Hüseynzadə

 

Palitra.-2015.-20 yanvar.-S.7.