20 Yanvar şəhidləri
Təbrizdə yad edilib
Dünən Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Mərasimdə baş konsul Əli Əlizadə çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan tarixində ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda, qəhrəmanlıq, qürur və şərəf günü olduğunu, bu tarixin milli azadlıq və istiqlal uğrunda xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyi bir gün kimi yadda qaldığını diqqətə çatdırıb. Baş konsul bu hadisəni törədənlərin hələ də layiqli cəzalarına çatmadığını, bunun əsas səbəbinin dünyada hökm sürən ikili standartlar siyasətinin olduğunu vurğulayıb.
Ə. Əlizadə həmin dövrdə bütün təzyiqlərə baxmayaraq, yerli və xarici kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında hadisə ilə bağlı yeganə etiraz bəyanatının ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirildiyini xatırladıb. Bu bəyanatın verilməsinin xalqımızın ruhlanması, dünya ictimaiyyətinin məlumatlandırılması və həqiqətlərin ört-basdır edilməsinin qarşısının alınmasında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Baş konsul həmin hadisələrin həyata keçirilməsində birbaşa rolu olan ermənilərin hələ də utanmadan dünya ictimaiyyətini aldatmağa səy göstərdiklərini, zaman-zaman hətta 20 Yanvar faciəsinə dair fotoşəkilləri də qondarma “erməni soyqırımı”nın fotoşəkilləri kimi təqdim etməyə çalışdıqlarını, ermənilərin tarix boyu Azərbaycan, İran, Türkiyə və digər ölkələrin ərazisində həyata keçirdikləri soyqırımının, terror hadisələrinin onların nə qədər təhlükəli olmasını sübut etdiyini bildirib.
Mərasimdə baş
konsulluğun əməkdaşları Nəriman
Orucəliyev, Şahin Əhmədov da çıxış edərək 20 Yanvar hadisələrinin nəticələri, bu hadisələrin Azərbaycan ədəbiyyatında
əks olunmasından danışıb, şairlərimizin
hadisə ilə bağlı şeirlərindən misralar səsləndiriblər.
Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli
film nümayiş etdirilib, ehsan süfrəsi
açılıb, 20 Yanvar hadisələrinə
aid şəkillərdən ibarət
fotostendə baxış olub. Mərasim
iştirakçıları işğalçı Ermənistan
dövlətinin Azərbaycana qarşı terror
və təcavüz aktlarını, 20 Yanvar
hadisələrini özündə əks etdirən kitab, jurnal, buklet, qəzet və digər əyani materiallarla tanış olublar.
Tədbirdə İran Xarici İşlər Nazirliyinin
Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi
Azərbaycan Vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya
vasitələrinin və şəhər ictimaiyyətinin
nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulu və Təbrizdə
yaşayan Azərbaycan vətəndaşları
iştirak ediblər.
Palitra.-2015.-20 yanvar.-S.3.