“Tələbələr üçün imtahan qaydalarını dəyişdirmək lazımdır”

 

Səbuhi Aslanov: “ATMU olaraq tətbiqi elmlər üzrə geniş profilli ali təhsil müəssisəsinə çevrilmək, Ümumdünya Turizm Təşkilatının regional təlim mərkəzinə çevrilmək, reytinqə görə Azərbaycanda lider və Avropada ilk 500-ə daxil olmaq kimi hədəfləri müəyyənləşdirmişik”

Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaqyeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Ölkəmizdə də bu istiqamət hər zaman prioritet olub. Bu gün Azərbaycanın iqtisadiyyat sektorunda olduğu kimi, elm, təhsil və mədəniyyət sahələrində də geniş inteqrasiya prosesləri müşahidə olunur. Elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur.

Bu gün ölkədə fəaliyyət göstərən gənc müəllim potensialı var. Layihə çərçivəsində müsahibimiz Azərbaycan TurizmMenecment Universitetinin müəllimi Səbuhi Aslanovdur:

 

- Gənclərin təhsilə marağı sizi qane edirmi? Bu istiqamətdə problemlər varmı və onların aradan qaldırılması ilə bağlı hansı təkliflər irəli sürərdiniz?

- Respublika səviyyəsində məşğulluq səviyyəsi artdıqca məlumdur ki, gənclərin təhsil almaq, potensial kadr olmaq istiqamətində təşəbbüskarlığı da yüksəlir. Dövlət Statistika Komitəsindən 2014-cü il avqust tarixli əldə olunan məlumata görə, 20-24 yaşlılar arasında məşğulluq 86,7 faiz, 25-29 yaşlı gənclər arasında məşğulluq 93,4 faiz səviyyəsindədir. Digər tərəfdən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində aparılan təşviqedici fəaliyyətlər gənclərin təhsilə olan motivasiyasını yüksəldən faktorlardan sayıla bilər. Bununla belə, bəzən dərs tədris edilən qruplarda təhsilə bağlılığın aşağı səviyyədə olduğu da müşahidə olunur. Tədqiqatlar nəticəsində problemin əksərən məhz təhsil alan uşaqların valideynləri və digər yaxın ətrafı tərəfindən yanlış istiqamətləndirilməsinin də şahidi oluruq. Digər tərəfdən təhsil müəssisələrində hələ də müəllim-kadr ehtiyacının tam ödənilməməsi, təhsil infrastrukturunun zəif olması və digər problemlər tələbələrin təhsilə marağını “zədələyən” faktorlar sırasında sadalana bilər. Alternativ həll yollarından ilkini ali təhsil müəssisələrinin büdcələrini formalaşdırmaq istiqamətində davamlılığa və yüksək effektivliyə sahib orta dövrlü strateji plan tərtibi qeyd oluna bilər. Dərs tədris edən müəllimlərin motivasiyasının rəhbərlik tərəfindən yüksəldilməsi tədris metodikasının mükəmməlləşdirilməsi imkanlarını da tanıyacaq. Bu mənada problemin həllində Kayzen fəlsəfəsindən yanaşmaq zəruridir. Belə ki, Kayzen (“daha yaxşı dəyişmək”) fəlsəfi prinsiplərinə əsasən problem olduğu zaman bilavasitə həmin problemin üzərinə fokslanmaq deyil, onun doğuran səbəbləri tədqiq etmək lazımdır. Menecment alimlərindən M. P. Foletqeyd edir ki, hər bir insanın sosial-psixoloji vəziyyətinin təşkilat tərəfindən tədqiqi və effektiv təsir imkanları nəzərdən keçirilmədən məhsuldarlıq gözlənilməməlidir.

- Dərsliklərin vəziyyətini necə qiymətləndirirsiniz?

- Bu gün menecment ixtisasında Azərbaycan dilində dərsliklər məhdud saydadır. Əksər hallarda dərslik və ədəbiyyatların mürəkkəb dillə ifadə olunmasına, yaxud həddən ziyadə sadəlövcə izahına da rast gəlirik. Tələbələrin mühüm problemi kimi qalmaqda olan dərsliklər və elmi vəsaitlərin hazırlanması istiqamətində ATMU Menecment kafedrası olaraq bir sıra təşəbbüslərimiz var. Hazırda kafedra əməkdaşlarının üzərində uzun müddətdir çalışdığı 5 kitab vardır: “Menecmentin əsasları”, “İnsan resursları menecmenti”, “Strateji menecment və layihələrin idarə olunması”, “Korporativ məsuliyyət”. Menecment kafedrası əməkdaşları tərəfindən tədris olunan fənlərin müəllifi olduqları dərs proqramları Təhsil Nazirliyindən qrif alıb. Kafedra müəllimlərinin bəzi hallarda innovativliyi, öz çalışmalarını davamlı yeniləməsi təşəbbüsləri, dərsliklərin hazırlanması ilə bağlı prosesin uzanmasına gətirib çıxarır.

- Bu günlərdə ATİ-nin adı dəyişdirilərək ATMU oldu. Sizcə, yeni ad universitetin fəaliyyətində hansı imkanlar açacaq?

- Hazırda ATMU profilinin bu təhsil müəssisəsinə bır sıra avantajlar doğurduğu danılmaz faktdır. Belə ki, Menecment üzrə bir sıra elmlər (İnsan resursları menecmenti, strateji menecment, layihə menecmenti digərləri) üçün gələcəkdə sərbəstliklər genişlənmə imkanları yarana bilər. Menecment üzrə təhsil almaq istəyən gənclərin məhz ixtisas adı keçən profilə sahib təhsil müəssisəsində təhsilə başlamaları motivə edici başlanğıcdır. Bundan əlavə menecment üzrə elmi çalışmaların daha da artırılması imkanları, menecment yönümlü kadr ehtiyaclarını ödənilməsi üçün müasir təhsil mərkəzi statusu formalaşacaq. Habelə, bu adın təhsil müəssisəsinə ciddi məsuliyyətlər yüklədiyini qeyd etmək lazımdır. ATMU olaraq Prezidentin bizlərə olan etimadını doğrultmaq istiqamətində effektiv səylərimizi artırmalı olduğumuzun fərqindəyik. Bu gün ATMU olaraq etimadları doğrultmaq üçün müasir tipli, fasiləsiz təhsil kompleksi kampusu qurmaq, tətbiqi elmlər üzrə geniş profilli ali təhsil müəssisəsinə çevrilmək, TEDQUAL sertifikatını almaq, Ümumdünya Turizm Təşkilatının regional təlim mərkəzinə çevrilmək, ali təhsil müəssisələri arasında reytinqə görə Azərbaycanda lider Avropada ilk 500-ə daxil olmaq kimi hədəfləri müəyyənləşdirmişik.

- Bu gün ATMU gənc müəllimlərin ən çox fəaliyyət göstərdiyi ali təhsil ocaqlarından biri hesab edilir. Bunu necə qiymətləndirirsiniz?

- Gənc müəllimlərə yer verən ali təhsil müəssisələri, əlbəttə ki, təqdirəlayiq hesab olunmalıdır. Gənc nəslin özünəməxsus xarakteri, dünyagörüşü, tələb və düşüncələri mövcuddur. Zaman baxımından bir-birinə yaxın və ortaq keçmişə sahib olan nəslin nümayəndələrinin əməkdaşlığı qeyri-kommersial mühitdə (bəzi hallarda biznes mühitində də) həmişə uğurlu nəticələr doğurub. Ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında son sərəncam, əslində ölkə prezidentinin gənc müəllimlərə verdiyi qiymətin əyani sübutudur.

-Gələcəkdə universitetdə hansı yenilikləri görmək istərdiniz?

- Gələcəkdə az öncə vurğuladığım, ATMU-nun qeyd olunan hədəflərinə nail olunması hər bir təhsil əməkdaşının arzusudur. Bundan əlavə, xarici ölkələrin təcrübəsinə olduğu kimi təhsil kadrları üçün individual otaqlarının verilməsi arzuolunan hallardandır. ATMU Menecment kafedrasının dekanlığa çevrilməsi və onun tərkibində insan resursları menecmenti, strateji menecment, layihə menecmentis. daxili kafedraların formalaşdırılması menecment istiqamətli çalışmalara daha çox imkanlar tanıdacağını düşünürəm.

- Xarici ölkələrin hansı tədris metodlarının ölkəmizdə tətbiq olunmasını vacib hesab edirsiniz?

- Xarici ölkələrin, xüsusilə də Qərbin təhsil sistemində imtahan suallarının verilməsi, imtahanın yazılı bilet çəkilişləri formasında aparılması az hallarda təsadüf edilir. Bununla belə, imtahanlarda praktiki tapşırıqlar xüsusi çəkiyə sahibdir. Bir çox hallarda özəl müəssisələr haqlı olaraq məzun olan gənclərin praktiki yönlərinin çox zəif olmasından gileylənirlər. Bu da ona əsas verir ki, praktiki dərslərin sayı artırılmalı, tələbələrin 50 faiz qiymətləndirilməsi dərs sessiyasının sonuna saxlanılmamalıdır. Məhz klassik qiymətləndirmə təhsil alan gənclərimizdə əzbərçiliyə məcburi meyillilik formalaşdırır. Tədqiq və təhlil qabiliyyəti aşağı olan gənclərin həyatına adaptasiyası da mürəkkəbləşir. Bir çox hallarda təşkilat bağlılığının aşağı olması da bununla əlaqələndirilir.

 

Nigar Abdullayeva

Palitra.-2015.-22 yanvar.-S.11.