“Latviyada 120 nəfərdən
çox azərbaycanlı təhsil
alır”
Azər Abbasov: “Azərbaycanlı tələbələrin
xarici tələbələr ilə bir yerdə təhsil alması daha
çox intellektual səviyyəni
yüksəldə bilər”
Müsahibimiz Azər Abbasov
4 ildir ki, Latviyada təhsil alır. Bununla
yanaşı, Azərbaycanlı Tələbələr Birliyinin sədri olaraq Latviyada ölkəmizin təbliğini
aparır. Qeyd edək ki,
A.Abbasov 1990-cı ildə Azərbaycanın
qədim və tarixi Şuşa
şəhərində anadan olub. Orta məktəbi
Bakı şəhərində bitirib, Azərbaycan
Respublikasının Silahlı Qüvvələri
sıralarına qatılaraq hərbi xidməti başa
vurduqdan sonra Latviyaya ali təhsil almaq məqsədi ilə gedib.
-Latviyada təhsil almağa sizi vadar edən
nə oldu?
-Bu maraq öncə məndə ailədən
irəli gəlib. Daha təfərruatlı desəm, mənim ilk müəllimim Şuşa
şəhər Mədəniyyət
və Turizm Şöbəsinin müdiri,
atam Zahid Abbasovdur. Atam məhz bu sahədə uzun illərdir fəaliyyət
göstərdiyinə görə
məndə də böyük maraq oyatdı. O da tələbə olarkən
ümummilli lider Heydər Əliyevin təhsil siyasəti olan azərbaycanlı gənclərin Sovetlər
Birliyinin ən aparıcı ali
təhsil ocaqlarında
təhsil almaq üçün göndərilənlər
sırasında olub. Daha sonra Şuşa şəhərinə
qayıdaraq yiyələndiyi
ixtisas üzrə yüksək peşəkarlıqla
keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətində Vilayət
komsomol komitəsində
sədr qismində fəaliyyətini davam etdirib. Mən də bir növ ailə ənənəsini davam etdirərək Latviyada təhsil almağa gəlmişəm. Hazırda Baltik
Beynəlxalq Akademiyasının
Biznesin qurulması və idarə olunması fakültəsində
təhsil alıram.
Qeyd edim ki, bu ölkədə
yaşayan nüfuzlu və Latviya cəmiyyətində kifayət
qədər tanınmış
soydaşlarımız var. Bizim
ailəvi dostlarımızın
Riqa şəhərində
yaşamasını nəzərə
alaraq mənim 4 il ərzində
yerli cəmiyyətə
alışmam daha asan oldu.
-Rəhbəri olduğunuz Azərbaycanlı
Tələbələr Birliyinin
fəaliyyət istiqamətləri
hansılardı?
- Ən yüksək
dərəcədə Azərbaycanı
Latviyaya, eləcə də digər Baltikyanı ölkələrə
tanıtmaqdır. Fəaliyyət istiqamətimiz bu
ölkədə olan universitetlərdə və
beynəlxalq dərəcəli
festivallarda, idman oyunlarında ölkəmizi
layiqincə və dolğun məlumatlarla təbliğ etməkdir.
Başlıca məqsədimiz
bu ölkədə yaşayan gənc azərbaycanlıların əlaqə
şəbəkəsini gücləndirmək
və həm yerli, həm də bu ölkədə
yaşayan digər
dost xalqların gəncləri
ilə ünsiyyəti
düzgün saxlamaqdır.
Biz onların, onlar isə öz növbələrində
Azərbaycan tədbirlərində
yüksək səviyyədə
iştirak edirlər.
Xüsusilə vurğulamaq
istərdim ki,
2014-cü ilin fevral tarixində Riqa şəhərində “Xocalıya
ədalət” beynəlxalq
kampaniyası çərçivəsində
keçirdiyimiz icazəli
aksiya yürüşündə
Latviyada yaşayan müxtəlif dost xalqların
gəncləri də fəal şəkildə iştirak edib.
- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin
olunması baxımdan
nə dərəcədə
əhəmiyyətlidir?
-Mən ziyalı ailəsində anadan olmuşam. Azərbaycan tarixində daim şanlı hərflərlə
yazılan Şuşa
şəhərində çox
alimlər və elm xadimləri yetişib. Məhz bu amildən yola çıxaraq təhsilimin inkişafına
daim önəm vermişəm. Düşünürəm ki, elm və təhsil Azərbaycanın
gələcəyidir. Azərbaycan dünən də elmli insanları
ilə ad çıxarıb,
əminəm ki, sabah da
bu ənənə layiqincə davam ediləcək. Prezident İlham Əliyevin
ölkədə təhsilin
inkişafı üçün
gördüyü işlər
və bu sahədə daim yeni reformların nəticəsi olaraq təhsilimiz də müasir dünya praktikası ilə paralel getməkdədir.
-Bu günlərdə Prezidentin
sərəncamı ilə
müəllimlərin maaşı
artırıldı. Bu məsələ ilə bağlı fikrinizi bildirmənizi istərdik.
-Prezident İlham Əliyevin rəhbərliyi
zamanı, ümumiyyətlə,
müəllimlər, polislər,
həkimlər ve s. maaşı dəfələrlə
artırılıb. İndi müəllimlərin
maaşının 2 dəfə
artması məni heç təəccübləndirmədi.
“Müəllim” sözü asan, işi çox çətin olan vəzifədir. Azərbaycanın təhsil ocaqlarından dəyərli və nümunəli tələbələr
çıxır. Bu da bizim müəllimlərin
layiqincə verdiyi təhsildən irəli gəlir. Gələcək nəsillər müəllimlərimizin
əmin əllərindədir.
-Xaricdə təhsil insana hansı əlavə imkanlar qazandırır?
- Öncə bu mənim şəxsi hobbimdən irəli gəlir. Mən məktəb illərindən
arzulamışam ki, əcnəbi millətlərin
həyat tərzini anlayım, onların dilini və mənəvi dəyərlərini
öyrənim. Dünyagörüşünü genişləndirib xarici ölkələrdə
Vətənimizi layiqincə
təmsil etmək həyəcanı ilə qarşılaşmaq uşaqlıq
çağlarından arzum
olub. Düşünürəm
ki, xarici ölkələrdə təhsil
alan hər
bir gənc soydaşımızın əsas
amalı gələcəkdə
bu ölkələrdə
yiyələndiyimiz elmi
incəlikləri öz
Vətənimizdə praktikada
tətbiq etməkdir.
-Azərbaycanlı
tələbələr Latviyada,
əsasən, hansı
sahələrdə təhsil
alırlar?
-Latviyanın müxtəlif
universitetlərində 120-dən çox azərbaycanlı
tələbə təhsil
almaqdadır. Ümumiyyətlə, tələbələr ayrı-ayrı
ixtisaslar üzrə təhsil alırlar, amma daha çox
tələbə turizm
sahəsinə üstünlük
verir. Burada bizim kimi bu ixtisasa yiyələnmək
üçün bir çox ölkələrin
tələbələri təşrif
buyurmaqdadır.
-Azərbaycanın
Latviyada tanıtımı
üçün hansı
işlər görürsüz?
- Həm Latviyada, o cümlədən Avropada keçirilən tədbirlərdə çalışırıq iştirak edək. Latviyada ayda bir dəfə radio vasitəsilə Azərbaycan xəbərləri və diaspor xəbərləri ilə paylaşırıq. Azərbaycan və latış dilində muğam oxuyan ifaçılarımız var. Belə tədbirlər ilə Latviya sakinlərinə öz mədəniyyətimizi tanıtmağa çalışırıq. Məsələn, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı və s. tədbirlər keçiririk. Həmçinin milli mətbəximizi həm xarici vətəndaşlara, həm də xarici tələbələrə təhsil idarələrində təqdim etdiririk. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalov bu ölkədə təhsil alan gənclərimizlə dəfələrlə müxtəlif formatlı görüşlər keçirir və bu görüşlərdə hər bir tələbənin fikirləri dinlənir. Səfirliyin dəstəyi ilə də tədbirlər və universitetlərdə Azərbaycanın reallıqları və İlk Avropa Oyunları ilə bağlı təbliğat xarakterli işlər görülməkdədir. Qeyd etmək istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə də gələcəkdə ortaq layihələrdə iştirak etməyə hazırıq. Bu il komitənin əməkdaşlarının Latviyaya səfəri zamanı azərbaycanlı tələbələrlə də görüşü keçirilib. Görüşdə ümummilli lider Heydər Əliyevin diaspor və lobbiçilik fəaliyyətinə verdiyi əhəmiyyət və günümüzdə Azərbaycan diasporunun yayılma coğrafiyası barədə fikir mübadiləsi bizlərə gələcək işlərimizdə daha güclü motivasiya verdi.
-Bu
işlərin həyata keçirilməsində yerli təşkilatlarla əməkdaşlıq
edirsizmi?
-Universitetlərdə qurulan digər əcnəbi gənclərin birlikləri və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə fəal əməkdaşlığımız var.
-Sizcə, tələbə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
-Ümumiyyətlə, intellektual səviyyəni artırmağın müxtəlif yolları var. Lakin, fikrimcə, azərbaycanlı tələbələrin xarici tələbələr ilə bir yerdə təhsil alması daha çox intellektual səviyyəni yüksəldə bilər. Müxtəlif ölkələrdən gələn tələbələrlə təhsil rəqabətinin olması, bizi də bir azərbaycanlı kimi fərqlənməyə sövq etməkdədir. Biz həm ingilis, həm latış dilini mükəmməl öyrənərək yerli cəmiyyətə inteqrasiya prosesində daha sürətliyik. Beləcə, bu ölkədə təşkil olunan elmi konfranslarda, beynəlxalq festivallarda iştirak edir və çıxışlar etməkdəyik.
-Yeni
hansı layihələriniz gözlənilir?
- Biz yerli
medianı da aktiv
şəkildə izləyirik. Latviya-Azərbaycan əlaqələri
hər zaman yaxşı olub.
Hər iki ölkə səfirliklər səviyyəsində
ildən-ilə bu dostluq
prosesini daha da möhkəmlədir. Azərbaycan
haqqında yerli ictimaiyyətdə
yaxşı mövqe formalaşıb. Bu baxımdan ölkədə yaşayan
Azərbaycan diasporunun da
rolu böyükdür.
Dəfələrlə yerli mediada ölkəmiz haqqında müsbət fikirli xəbərlər dərc olunub. Biz də gənclər
olaraq bu il Xocalı soyqırımı haqqında bir neçə dildə mətn hazırlayaraq
yerli KİV-ə ünvanlayacağıq. Daha sonra İlk
Avropa Oyunlarının Azərbaycan guşələri
təşkil olunacaq. Azərbaycanda fəaliyyət
göstərən vətəndaş cəmiyyəti üzvləri
ilə birgə Qarabağ layihəmiz
müzakirə olunmaqdadır. Bu layihənin
Riqada təşkil edilməsi gözlənilir.
Və təbii ki, Diaspor
Jurnalistləri Birliyi kollektivi
ilə gördüyümüz işlərin
məlumatlarının Vətənimizdə də dərc
olunması istiqamətində sıx əməkdaşlığımız
olacaq.
Fuad Hüseynzadə
Palitra.-2015.-23 yanvar.-S.7.