“İnnovasion fəaliyyətin
əsas subyekti müəllim, idarəetmə
obyekti isə təlim-tərbiyə prosesidir”
Dosent İlham
Əhmədov: “Təhsil müəssisəsi üçün
müasir innovasiya
prosesləri, innovasiyaların idarəedilməsi kifayət qədər
mürəkkəbdir, bu səbəbdən
innovasiyalar sahəsində səriştəli
məsləhət xidmətlərinə ehtiyac
var”
Layihə çərçivəsində təqdim etdiyimiz yazı təhsildə innovasiya fəaliyyəti ilə bağlıdır. Müasir yeniliklərin tətbiqi olmadan təhsilin inkişaf etdirilməsi mümkün deyil. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kompüter Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov qeyd edir ki, innovasiya - yeniliyin məzmunu və reallaşmasıdır. Bu termindən iqtisadiyyatda, sonralar isə müxtəlif elmlərdə geniş istifadə etməyə başlamışlar. İnnovasiyaların, yeniliklərin yaradılması müxtəlif elm sahələrində spesifik cəhətlərlə müəyyən edilir. Onun fikrincə, müasir zamanda innovasiyaların yaranmasına səbəb ola bilən bir sıra tendensiyaları qeyd etmək olar:
• tədris prosesinin humanistləşməsi;
• uşaqların təhsilləri və gənc nəslin inkişafı keyfiyyətinə verilən yüksək tələblər;
• mədəni-mənəvi dəyərlərə yönəlmə;
• təhsil müəssisələri arasında rəqabətlilik münasibətləri.
Dosent İlham Əhmədov hesab edir ki, hər bir təhsil müəssisəsi yeniləşmə prosesində 3 mərhələdən keçir:
• təşəkkül (yeni təhsil müəssisəsinin, yeni kollektivin yaranması və ya kollektivin böyük hissəsinin təzələnməsi mərhələsi).
• fəaliyyət (təlim-tərbiyə prosesinin ənənəvi, stabil proqram və pedaqoji texnologiyalar əsasında işinin təşkili mərhələsi)
• inkişaf (təlim-tərbiyənin köhnə məzmunu və mövcud pedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərə cavab vermədiyindən yeni məzmun, forma və texnologiyaların yaradılması və tətbiqi mərhələsi).
İlham Əhmədov qeyd edir ki, inkişafda olan təhsil müəssisələri ənənəvi, stabil formatda işləyən təhsil müəssisələrindən fərqlənir: “Bu fərqlər özünü idarəetmədə də göstərir. Ənənəvi iş rejimində müsbət nəticə verən pedaqoji texnologiyalar yeni-innovasion iş rejimində bəzi hallarda arzu olunan nəticələr verməyə bilər. Təhsil müəssisələrində innovasion fəaliyyətin əsas subyekti müəllim, idarəetmə obyekti isə təlim-tərbiyə prosesidir. İnkişaf etmiş təhsil müəssisələrində idarəetmənin predmeti təhsilin məqsədi, məzmunu, metod və formalarıdır. Praktik olaraq, hər bir innovasion təhsil prosesinin obyekti təhsilalanlardır. Tədqiqatçıların və təhsil müəssisəsi rəhbərlərinin əsas vəzifəsi təhsilin proqnozlaşdırılan nətıcələrinə maksimum yaxınlaşmaqdır. Ona görə təhsil müəssisəsində tətbiq edilən hər bir innovasiya prosesi idarəedilməlidir”. Onun fikrincə, hər bir innovasiya, yenilik, yeniliyin tətbiqi öz inkişafı prosesində müəyyən mərhələlər keçir: ideyanın yaranması, məqsədin formalaşması, yeni ideyanın konkretləşməsi (formalaşması), yeniliyin reallaşdırılması, yayılması, yeniliyin “adiləşməsi”, “köhnəlməsi”. İnnovasion rejimdə təlim-tərbiyə prosesinin bütün iştirakçılarının-müəllim və şagirdlərin fəal şəxsi özünütəyin prosesi gedir: “Bu, insanların qarşılıqlı münasibətlərinin xarakterində öz əksini tapır. İnnovasiyaların həyat mərhələləri yeniliyi qəbul edən kollektivin inkişaf mərhələləri ilə sıx bağlıdır. Təhsil müəssisələrində innovasiyaların yaranmasının 5 yolu mövcuddur:
1. Müəssisəyə məxsus yeni təcrübənin yaranması;
2. Kənar təcrübədən istifadə;
3. Elmi araşdırmaların nəticəsi;
4. Eksperiment;
5. “Sınaq və səhv” yolu.
İnnovasion prosesə daxil olan kollektiv, bir qayda olaraq,
öz inkişafında
bir neçə mərhələ keçir. Cəsarətsizlik-“əməkdaşlığın” stabilliyi-yetkin kollektiv.
Son iki mərhələ-innovasiya
prosesinin kollektiv tərəfindən yüksək
dərki mərhələsidir.
Bu, kollektivin hər
bir üzvünün bütün mərhələlərdə
iştirakı ilə
təyin edilir. Kollektivin cəsarətsizlik mərhələsindən
yetkinlik mərhələsinə
inkişafı innovasiya
tsikillərin dəyişmə
sürətindən asılıdır.
İnnovasion proseslərini idarə
edən rəhbərin
ilkin vəzifəsi innovasiyalara olan münasibəti öyrənmək,
bu barədə fərqli münasibət və rəyləri toplamaqdır. Yeniliyin yaranması
və tətbiqi bu yeniliyə olan mürəkkəb münasibətlər sistemi
ilə xarakterizə edilir. Statistik məlumatlara görə, yeni ideyaların yaranma mərhələsində
təhsil müəssisəsi
kollektivinin üzvləri
yeniliyə motiv dərəcəsindən asılı
olaraq təxminən bu qruplara bölünürlər:
1. Liderlər qrupu (1-2%).
2. Müsbət yanaşanlar qrupu (50%).
3. Neytral olanlar qrupu (30%).
4. Mənfi yanaşanlar qrupu (20%).
Yeniliyin mənimsənilməsi və
tətbiqinə zəif
motivləşən insanlar
bu yeniliyə müxtəlif formalarda müqavimət göstərirlər. Təcrübə göstərir ki, pozitiv nəticələr insanların yeniliyə qarşı münasibətlərini
dəyişir. Yeniliyə “köklənmə”
şəxsiyyətin fərdi
xüsusiyyətlərindən -sinir sisteminin tipindən, refleksiya dərəcəsindən, həyacanlanma
səviyyəsindən, kreativliyindən,
səriştəliliyindən, özünüqiymətləndirməsindən
və s. asılıdır.
İnnovasiya prosesini idarə
edənin əsas vəzifəsi 3-cü və
4-cü qrupda olan insanları yüksək motivləşmə zonasına
keçirməkdir. Məhz bu
səbəbdən, yeniliyin
tətbiqi zamanı məlumatlandırma, təlimatlandırma
mühüm rol oynayır. Bu zaman hər bir iştirakçı öz vəzifəsini, missiyasını düzgün
dərk edir. Əgər insan öz missiyasını,
vəzifəsini düzgün
dərk edirsə, onda özünütəyin,
özünüifadə, özünürealizə
prosesləri başlayır,
onun stereotipi dəyişir, özünüinkişaf
baş verir. Təhsil müəssisəsi
üçün müasir
innovasiya prosesləri,
innovasiyaların idarəedilməsi
kifayət qədər
mürəkkəbdir, bu
səbəbdən innovasiyalar
sahəsində səriştəli
məsləhət xidmətlərinə
ehtiyac var. Burada məqsədi təyinetmə,
təhlil, planauyğun
addımlar, pedaqoji texnologiyalar, yeniliyin təşkili, ekspert nəzarəti, bir sözlə, innovasion idarəetmənin bütün
elementləri iştirak
edir. Çalışmaq lazımdır ki,
daha çox özünənəzarət və
özünütənzimləmə elementləri olsun, nəinki kənardan tənzimləmə. İnnovasiya proseslərini
idarəetməklə, nəticə
etibarı ilə kollektivin inkişafını
idarəetmək mümkündür”.
Dosent İlham Əhmədov qeyd edir ki, hər
bir innovasion proses ehtimallı xarakter daşıyır:
“İnnovasiyaların nəticəsini
proqnozlaşdırmaq asan
deyil, risq yüksəkdir. Layihələndirmə və modelləşdirmə
mərhələsində bir
çox səhvlərdən
xilas olmaq üçün yeniliyin analitik əsaslandırılması
və innovasion sınaq proqramının tərtib edilməsi məqsədəuyğundur. İnnovasion sınaq proqramını eksperimenti həyata keçirən fərd (qrup) hazırlayır.
Bu proqram daha
sonra ekspertlər tərəfindən təhlil
edilməlidir. İnnovasion sınaq
proqramınına verilən
rəyə, əslində
yeniliyin tətbiqinə
dair rəy kimi baxmaq olar.
Rəydə bu məsələlər öz
konkret əksini tapmalıdır: proqramın
məzmununun tamlığı,
onun hissələrinin
və bloklarının
struktur əlaqələri
və ardıcıllığı,
məntiqliyi, konstruktivliyi,
səhvlər, nöqsanlar,
çatışmazlıqlar, əsaslandırılmış təkliflər və proqrama əlavələr,
yekun ekspert rəyi ( rəydə
birmənalı olaraq bildirilir ki, yenilik təklif edilən variantda tətbiq edilə bilər, yoxsa bütün nöqsanlar və səhvlər yenidən işlənilməlidir).
Təhsil müəssisəsinin innovasiya fəaliyyəti proqramı müəyyənləşdikdən
və əsas gözlənilən nəticələr
proqnozlaşdırıldıqdan sonra, müəssisənin
rəhbərləri təşəbbüs
qrupu ilə birgə məqsədli kompleks proqram hazırlaya bilər.
Bu proqram təşkilati
tədbirlərdən və
innovasiyaların reallaşdırılması
mərhələlərindən ibarət olacaq”.
Anar Miriyev
Palitra.-2015.-24 yanvar.-S.11.