Orta məktəblərdə də
məktəbəqədər hazırlıq təşkil olunacaq
Məlum
olduğu kimi, bu yaxınlarda Prezident tərəfindən
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planı”nın təsdiq
edilməsi haqqında sərəncam imzalanıb. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda planla
bağlı məqamlara toxunacağıq. Qeyd
edək ki, bu məsələ
dünən Təhsil Nazirliyində keçirilən mətbuat
konfransında müzakirə edilib.
Fevral ayında müəllimlər əlavələrlə
artım olan
əməkhaqqını
alacaqlar
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirdi ki, dövlət başçısının sərəncamı ilə müəllimlərin dərs yükünün artırılması dünya standartlarına uyğunlaşmaq baxımından əhəmiyyətlidir. A.Əhmədov qeyd etdi ki, 1992-ci ilə kimi Azərbaycanda müəllimin dərs yükü 18 saat müəyyənləşdirilib: “İşləyən müəllimlərin 1 stavka dərs yükü 18 saatla tarifləşdirilirdi. Müəllimlər üçün 1 stavka dərs üçün 18 saata nə qədər əməkhaqqı düşürdüsə, 1992-ci ildən sonra 1 stavka üçün dərs yükü 12 saata endirildi. 1992-ci ildən bu günə kimi dərs yükü normasının azaldılması nəticəsində müəllimlərin sayı 20 min nəfərədək artdı və müəllim-şagird nisbəti fərqləndi. Bu da təhsildə müəyyən məsələlərə səbəb oldu”. Nazirlik təmsilçisi onu da dedi ki, Prezidentin bu sərəncamı müəllimlər üzərində də müəyyən öhdəliklər qoyur: “Bir məsələni qeyd edim ki, bu prosesdən sonra Bakı şəhərində müəllimin 6 saatdan az dərs yükü olmayacaq”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev qeyd etdi ki, indiki halda müəllimlərin əməkhaqqı onların təhsili və iş stajı ilə ölçülür. Onun sözlərinə görə, gələcəkdə isə differansial əməkhaqqı sisteminin - nəticə yönümlü, rəqabət əsaslı sistemin yaradılması nəzərdə tutulur. Buna əsasən də artıq müəllimlərin əmək haqqına onların təhsili və bilik səviyyəsi deyil, müəyyən nəticələri də təsir edəcək. Hazırda bu istiqamətdə iş gedir”. O qeyd etdi ki, müəllimlərin dərs yükü norması və əməkhaqqının artırılmasından sonra artımın nə qədər olacağı barədə hər hansı bir konkret rəqəm vermək mümkün deyil: “Hazırda müəllimlərin əməkhaqqı üçün dərs yükü norması 18 saatdır və ona uyğun olaraq əməkhaqqı hesablanacaq. Yanvarın 1-dən etibarən müəllimlər üçün yeni əməkhaqqı hesablanacaq və fevral ayında müəllimlər əlavələrlə artım olan əməkhaqqını alacaqlar”. Dərs yükü normasının artırılmasının müəllimlərin ixtisarına səbəb olub-olmayacağına gəlincə, qeyd olunub ki, sərəncamda söhbət dərs yükünün rasionallaşdırılmasından gedir və bu gün hər hansı bir müəllimin ixtisarından söhbət getmir.
Təhsilin İnkişaf proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev qeyd etdi ki, Prezidentin sərəncamında müəllimlərin dərs saatının deyil, dərs yükü normasının artırılmasından söhbət gedir: “Bu o demək deyil ki, məcburi şəkildə bütün müəllimlərin dərs saatı artacaq. Dərs yükü normasının 12 saatdan 18 saata kimi artırılması nəzərdə tutulur. Buna uyğun olaraq müəllimlər artıq 1 stavkada 18 saat dərs yükü ilə işləyəcəklər. 18 saata əsasən müəllimlər 1 stavkanın 2/3 hissəsini işləmiş olacaq. Amma bu o demək deyil ki, müəllimlərin hamısının dərs yükü məcburi şəkildə 18 saata kimi artırılmalıdır. Müəllimlərin dərs yükünü tədricən artırmaq üçün gələcəkdə müxtəlif tənzimləmə vasitələrindən istifadə edilə bilər.
Son 1 il yarım ərzində görülən iş nəticəsində dərs saatlarının rasionallaşdırılmasına görə məktəblərdə şagird-müəllim nisbəti 9:11 və ya 9:12-yə doğru azalıb. Ümumilikdə, əməkhaqqının artırılması çətin məsələdir. Müəllimlərin əməkhaqqının artırılması zamanı müəllimin 1 stavka əməkhaqqına düşən məbləğ artır. Bu da ancaq Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaq. Regionlarda isə bu islahatı o zaman keçirmək mümkün olacaq ki, bunun üçün zəmin yaradılsın”.
Bu ildən Bakının seçilmiş 89 pilot
məktəbində
məktəbə hazırlıq qrupları yaradılıb
Şöbə müdiri onu da bildirdi ki, məktəbəqədər hazırlıq bilavasitə məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də təşkil olunacaq. Onun sözlərinə görə, məktəbə hazırlıq çox vacib məsələdir və Dövlət Strategiyasında da bu məsələ nəzərdə tutulub. A.Əhmədov qeyd etdi ki, bir qayda olaraq uşaqların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir: “Ancaq nəzərdə tutulur ki, məktəbəqədər hazırlıq məktəbəqədər hazırlıq müəssisələri ilə yanaşı, məktəblərin özlərində də təşkil olunsun. Bu, uşaqların məktəbəhazırlıqla əhatə olunmasına daha məhsuldar şərait yarada bilər. Bu ildən Bakının seçilmiş 89 pilot məktəbində məktəbə hazırlıq qrupları yaradılıb. Bunların tədris planı, təhsil proqramları hazırlanıb və təsdiq olunub. Gələcəkdə təbii ki, bu şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. Amma eyni zamanda bir cəhəti də nəzərə almaq lazımdır ki, hər hansı bir məsələnin tam həllinə keçməzdən əvvəl mövcud şərait təhlil olunmalıdır. Belə ki, əhalinin ehtiyacı, xüsusilə kənd yerlərində, müəyyən yaşayış məntəqələrində məktəbyaşlı uşaqların sayı, müəssisələrin infrastrukturu nəzərə alınmaqla məsələni həll etmək lazımdır. Sözsüz ki, biz buna başlamışıqsa, hazırda mövcud olan məktəbəqədər təhsil müəssisələrin heç də hamısında məktəbəqədər hazırlıq qrupları yoxdur. Bu müəyyən şəraitlə əlaqədardır. Ancaq bunu məktəblərdə təşkil etmək yaxşıdır. Nəzərə alsaq ki, ölkə ərazisinin bir çox hissələrində, yaşayış məntəqələrində məktəbəqədər hazırlıq müəssisəsi yoxdur, onda bu işin nə qədər çətin olduğu məlum olur”.
Ödənişli
əsaslarla qəbulda tələbə
sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq
Ödənişli təhsillə bağlı məsələyə münasibət bildirən Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirdi ki, bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur: “Sadəcə, dövlət büdcəsindən ödənilmə var. Odur ki, strategiyadan irəli gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə, qəbul planının ləğvindən gedir". Onun sözlərinə görə, bu gün ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsili üzrə qəbul planının ləğv edilməsi təhsilə görə ödəniş haqlarının ləğvi mənasına gəlmir: “Sadəcə, ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq, təhsil haqqı isə əvvəlki kimi olacaq. Orta və ali təhsil müəssisələrinə tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə imkan yaradılacaq”. Qeyd edək ki, ölkə başçısı təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti 2015-2016-cı illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir.
Kurikulumların
12 illik təhsil
sisteminə
uyğunlaşdırılması nəzərdə tutulur
Aydın Əhmədov 12 illik təhsillə bağlı məsələyə
münasibət bildirərək qeyd etdi ki, “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planında 12 illik
təhsillə bağlı tədbirlər nəzərdə
tutulub. Şöbə müdiri
bildirdi ki, 12 illik təhsilə keçidlə bağlı
fikirlər bildirilməzdən öncə dünyanın inkişaf etmiş ölkələrində
təhsillə bağlı məlumatlar təhlil edilib. Onun sözlərinə
görə, belə müəyyən olunub
ki, dünya ölkələrində
ümumi təhsilin müddəti 12 il və daha
artıqdır: “Dünya təhsil sistemlərindən
inteqrasiyadan danışılırsa, Azərbaycanda
da 12 illik təhsilə
keçidlə bağlı müəyyən tədbirlər
görülməlidir. Bu məsələ
artıq dövlət strategiyasında öz
əksini tapıb. 12 illik təhsilə keçid sadə proses deyil. Hazırda ölkədə
ümumi təhsilin müddəti 11 ildir. 11 il ərzində 4 il ibtidai, 6 il
ibtidai orta, 2 il tam orta
təhsil nəzərdə tutulub. 12 illik təhsilə keçid
tədris planlarında köklü şəkildə
dəyişikliyi, buna əsasən dərsliklərin
dəyişikliyini nəzərdə tutur.
Buna da müəyyən
işlərdən başlamaq
lazımdır. Kurikulum üzrə
keçən müddət ərzində təhsil prosesində
müəyyən təhlillər aparılıb. Hazırda
kurikulumların 12 illik təhsil sisteminə
uyğunlaşdırılması nəzərdə tutulur. Bunun üçün müəyyən
müddət müəyyənləşdirilib. İlk olaraq 12 illik təhsilə keçidlə bağlı
mütəxəssislərdən ibarət işçi
qrupu yaradılacaq. 12 illik
təhsilə keçidin əsas müsbət
cəhətlərindən biri də tədris
proqramlarının genişləndirilməsidir”. A.Əhmədov qeyd etdi ki, təhsilin səviyyələri
üzrə bütün təhsil pillələrinə
uyğun təhsil proqramları 12 illik təhsil sisteminə
uyğunlaşdırılacaq: “10 illik ümumi orta, 2 illik tam orta
təhsil-lisey səviyyəsinin müəyyən edilməsi pedaqoji sahə üzrə mütəxəssislər
tərəfindən müzakirə olunacaq.
İndidən hansı tədris ilindən 12 illik
təhsilə keçiləcəyi barədə
danışmaq tezdir. Növbəti
müzakirələrin nəticəsindən sonra
ümumi məsələyə, 12 illik təhsilə keçidlə bağlı
bir çox məsələlərə
aydınlıq gətiriləcək”.
Nigar Abdullayeva
Palitra.-2015.-27 yanvar.-s.6.