İlkin Kamalsoy: “Gərək anadan şair doğulasan

 

 “Biz azərbaycanlılar Türkiyədə özümüzü çox rahat hiss edirik

 

Müsahibimiz ədəbiyyat sahəsinə böyük marağı olan gənc yazar İlkin Kamalsoydur. İlkin hazırda xaricdə təhsil alır. O, Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universitetində ali təhsil alır. Bu istedadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

 

Oxuduğunuz universitet barədə ətraflı məlumat verərdiniz. Təhsil-tədrisin səviyyəsi, müəllimlər ümumilikdə bu ölkənin təhsil sistemi.

 

- Oxuduğum universitetdə təhsil sistemi çox yüksək səviyyədədir. Tədris prosesinin bir çox universitetlərə misal göstərilə biləcəyi Bursa şəhərində yerləşən Uludağ Universiteti 1975-ci ildə yaradılıb. Özüm ədəbiyyatçı olub ədəbiyyat, incəsənət üzrə oxumaq arzusunda olmağıma baxmayaraq, qismət elə gətirdi ki, mən İngilis dili ixtisasına qəbul olundum. Əslində bundan narazı da deyiləm. Çox şükür ki, hər şey öz qaydasında gedir. İngilis dili ilə yanaşı, fakültəmizdə alman, fransız yerli dil olan türk dili ixtisasları da mövcuddur. Dərslər yüksək bilik potensialına malik professor və müəllimlər tərəfindən tədris olunur. Türkiyə universitetlərində alınan diplomlar, bildiyimiz kimi, Azərbaycanda da keçərli sayılır. Yəni, bir sözlə, təhsillə bağlı hesab edirəm ki, bu ölkədə problem yaşanmır, əksinə olaraq deyərdim ki, Türkiyədə təhsil mədəniyyəti yüksək səviyyədədir və bir çox Avropa ölkələrinə də nümunə göstərmək olar.

 

- Türkiyədə yaşamağın azərbaycanlılar üçün heç bir çətinlik yaratmadığı deyilir. Dil, din adət-ənənələrdə çox oxşarlıq olan bu ölkəni necə təsəvvür edərdiniz?

 

- Türklərin adət-ənənələrindən söz açanda deyə bilərəm ki, bəli, bizimkilərlə eyniliklər çoxdur. Məlumdur ki, biz Türkiyə ilə dost-qardaş ölkəyik. Yəni iki dövlət-bir millət misalı təsadüfdən yaranmayıb. Amma nə qədər eyni olsaq da, bir o qədər də mədəniyyət baxımından, bəzi fərqlər olmalıdır və var da. Türk dili ilə bizim dilimizdə işlədilən eyni sözlər çoxdur. Çox az fərqli sözlər mövcuddur. Hər hansı bir Türkiyə vətəndaşı Azərbaycan dilində danışmağı bacarmasa da, baxırsan ki, sənin danışdığın Azərbaycan dilini anlaya bilir. Şahid olduğum çox fərqli məqam budur ki, yas mərasimlərində əgər bizdə bir yaxının rəhmətə gedibsə, kişilər bir müddət saqqal saxlayır. Amma bunlarda belə bir adət yoxdur. Bu da, yəqin ki, bəzi təriqət fərqliliyindən irəli gələn məqamlardır.

 

- Ümumiyyətlə, soydaşlarımız Bursada çoxdurmu? Daha çox hansı işlərdə çalışırlar?

 

- Türkiyədə azərbaycanlıların çox olmasını hər kəs bilir. Bursada da konkret bir rəqəm deməyə çətinlik çəkərəm. Bizim universitetə gəldikdə isə, hazırda bu ali təhsil ocağında xeyli sayda azərbaycanlının təhsil aldığını deyə bilərəm. Müxtəlif fakültələrdə təhsil alan 150-dən çox həmvətənimiz mövcuddur. Gənclərimizin burada aktiv olduqlarını da deyə bilərəm. Bir çox tarixi əlamətdar günlərimizdə hamımız bir yerə toplaşıb onu qeyd edirik, müəyyən təbliğat işləri aparıb Azərbaycanın tanıdılması üçün əlimizdən gələni edirik. Amma buradakı tələbələrimizin hamısını da, təbii ki, tanımıram. Yaxından tanıdıqlarım, münasibət qurduqlarım çoxdur. Elə olur ki, təsadüf nəticəsində, ya hansısa tədbirdə yeni tanıdıqlarımız da olur. Çünki hər il qəbul zamanı yeni tələbələr bura gəlir və təhsilə başlayır. Biz həm də istiqanlı millət olduğumuz üçün ünsiyyəti də çox sevirik. Dəfələrlə olub ki, yolda gedərkən, avtobusda, metroda oturanda görürsən ki, bizim dildə danışan biri ilə rastlaşırsan və söhbət əsnasında "haralısan" soruşanda, azərbaycanlı olduğunu deyir və beləcə, yeni tanışlıqlar başlayır. Ümumiyyətlə, biz azərbaycanlılar Türkiyədə özümüzü çox rahat hiss edirik. Sevindirici haldır ki, ölkələrimiz arasında da belə istiqanlı münasibət mövcuddur.

 

-Gənc şair kimi Azərbaycan şairləri ilə Türkiyə şairləri arasında müqayisələr aparmısınızmı?

 

- İstedadlı adam ölkəsindən, dilindən fərqli olmayaraq, hər yerdə istedadlıdır. İstedad hər hansı bir qurumla, hər hansı bir yerə üzv olmaqla ölçülmür. Sonradan da şair olmaq olmaz. Gərək anadan şair doğulasan. Müqayisəyə gəldikdə isə şairlərimiz arasında müqayisə apara bilərəm. Mən Türkiyədə AYŞAD ( Aşıqlar Yazarlar Şairlər Dərnəyinin) üzvüyəm. Burada hər bazar günü poeziya axşamı keçirilir. Kifayət qədər gənc şairlər də görürəm ki, şeirlər oxuyurlar. Çox istedadlı gənclər yetişir. Mənim tanıdığım yaxın dostum, gənc şair Sıtkı Ayhan var ki, şeirlərini sərbəst vəzndə yazsa da, özünəməxsus yazı üslubu ilə digərlərindən seçilir. Azərbaycanda da xeyli sayda gənc yazar yetişib. Bizim də ədəbiyyatın özünəməxsusluqları var ki, Türkiyə ədəbiyyatından bu baxımdan seçilirik.

 

- Bir qədər də ədəbiyyat sahəsində qazandığınız uğurlardan danışardınız.

 

- Ümumiyyətlə, qeyd edim ki, yola saldığımız 2014-cü il ədəbiyyat-poeziya sahəsində mənim üçün çox uğurlu bir il oldu. İlk öncə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Bölgələrdən Paytaxta... Paytaxtdan Bölgələrə" layihəsi çərçivəsində həyata keçirilən "Bölgələrdən Səslər" kitabında 62 ən yaxşı yazarlar arasında mən də seçilib o kitaba düşdüm. Bunun üçün Dünya Türk Gənc Yazarlar Birliyində Əkbər Qoşalıya, Əfsanə xanıma, İntiqam Yaşarabütün idarəedici heyətə dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, 12 oktyabr 2014-cü ildə İstanbul şəhərində düzənlənən "ŞİİR FIRTINASI" yaradıcılıq gecəsində iki şeirimlə çıxış etdimbuna görə təşəkkürnamə aldım. Bu il isə 515 şairin yer almış olduğu "Avrasiya şairlər şair antolojisi" dərc olunacaq. Orada da müxtəlif yaş həddində, müxtəlif ölkələrdən şairlər yer alıblar.

 

- Azərbaycan ədəbiyyatının hazırkı durumunu necə xarakterizə edərdiniz, gənc yazarlar gələcəyə nikbin baxmağa əsas verirmi?

 

- Azərbaycan ədəbiyyatının hazırkı vəziyyətində həm xoşagələn, həm də xoşagəlməyən hallar mövcuddur. Xoşagələn və sevindirici hallar ondan ibarətdir ki, müasir ədəbiyyatımızda hazırda istedadlı gənc şairyazarlar yetişir. Bunlardan Nüsrət Həsən, Elçin Nur, Amil Növrəs, Pərviz Arif, Arzu Hüseyn, Şəfa Piriyeva, Çinarə Ömray, İsa Həsənoğlu, Gülnarə İsrafilqızı, Elnur Coşqun və digər gənc yazarlarımızı qeyd etmək olar. Bu gənclər gələcəyə nikbin baxmağa əsas verir. Bu, sevindirici haldır. Xoşagəlməz hal isə ondan ibarətdir ki, hazırkı ədəbiyyatda tənqid qıtlığı yaşanır. Heç kim sağlam tənqidi qəbul etmir. İnsan da elə bir varlıqdır ki, öz yazdığını hər şeydən üstün tutacaq. Mütaliə etməyə, loru dildə desək, ərinirlər. Mütaliəsiz, tənqidsiz ədəbiyyat olmaz. Onsuzda zamanın süzgəcindən keçərək gedən gedəcək, qalan qalacaq.

 

- Türkiyədə təhsil almaq istəyən gənclərə hansı tövsiyələr verərdiniz?

 

- Türkiyədə təhsil almaq istəyən gənclərimizə onu deyə bilərəm ki, burada alacaqları təhsillə vətənimizə xidmət etsinlər. Xaricdə təhsil alan Azərbaycan vətəndaşı, gənc təhsilini bitirdikdən sonra geniş yaşamaq imkanlarını əlində bayraq tutaraq elə oxuduğu ölkədə qalmasın. Bəzən gənclərimiz vətənə dönmürlər. Nə olursa olsun, Cabir Novruz demişkən, "Azərbaycanı sevin, sevin Azərbaycanı" . Ona görə də tövsiyə edirəm ki, hamı Azərbaycana xidmət etsin, xeyir də Vətənə qalsın.

 

- Sonda şerilərinizdən birini yazardınız.

 

- Böyük məmnuniyyətlə.

KÖKÜNDƏN QURUMUŞ AĞAC KİMİYƏM

 

Bilmirəm insanam, bilmirəm nəyəm,

Həyatın hər dərdi, qubarı mənim.

Kökündən qurumuş ağac kimiyəm,

Kökümə çəkiblər mişarı mənim.

 

Bu qara taleyi Yaradan yazıb,

Demirəm dərdliyəm, demirəm şənəm.

Xoşbəxtlər onsuz da xoşbəxt yaşayır,

Bütün bədbəxtlərin ünvanı mənəm.

 

Alovdan ayrılmış od parçası tək,

Düşmüşəm dünyaya alışam, yanam.

Uşaqkən havaya atanda məni,

Deyəsən, tutmağı unudub anam.

 

Artıq həyat keçib...Ölüm yaxındır,

Qalmayıb ömrümün dadı, duzu da.

Baxıram həyatın "səmasına" mən,

Sönübdür, parlamır bəxt ulduzu da...

 

Tural Tağıyev

Palitra.-2015.-27 yanvar.-S.7.