“Kitablara soyuqluq gənclərin perspektivini sual altına qoymuş olur”

 

Anar Turan: “Azərbaycan xalqı elmi axtarışlar arxasınca qaçan övladını həmişə qiymətləndirib”

Layihə çərçivəsində "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi və İdarə Heyətinin üzvü, AMEA-nın Tarix İnstitutunun dissertantı Anar Turanla müsahibəni təqdim edirik

-Siz həm araşdırmaçı-jurnalist, həm də QHT təmsilçisisiniz. Öncə ictimai fəaliyyətiniz, təmsil etdiyiniz təşkilatlar haqqında məlumat verərdiniz.

-Əslində mən ictimai fəaliyyətə orta məktəb illərindən başlamışam. Lakin bu fəaliyyət aktiv formaya 2002-2003-cü illərdən sonra keçib. Həm təhsil aldığım Bakı Slavyan Universitetində, həm də ilk qələm təcrübələrimi sınadığım “Tələbə dünyası”, “Respublika gəncləri” qəzetində fəallıq göstərirdim. Gənclər Təşkilatları Milli Şurasında da bir neçə il aktiv fəaliyyətim olub. Bir sıra yerli və beynəlxalq təlim kurslarının aktiv iştirakçısı olmuşam. Həmin illərdən etibarən dövri mətbuatda, müxtəlif qəzet və jurnallarda, portallarda müntəzəm çıxış edirəm. Yazılarımda əsasən siyasi və tarixi mövzulara üstünlük verirəm. Əsasən erməni təcavüzkarlığına, Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğalçı siyasətinə, milli-mənəvi dəyərlərimizlə əlaqəli mövzulara müraciət etmişəm. Bu mövzular barədə bir sıra araşdırma yazılarım müxtəlif qəzet və jurnallarda, bir neçə dildə saytlarda yayımlanıb. “105 FM”də “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun təşkilati dəstəyi ilə tariximizin doğru-dürüst işıqlandırılmasını hədəf götürən “Gizli tarixin pıçıltıları” adlı verilişin həm müəllifi, həm də aparıcı olmuşam. Hazırda iki kitabın və bir neçə elmi məqalənin üzərində çalışıram. AMEA-nın Tarix İnstitutunda dissertantam və mövzum cümhuriyyət dövrünün sosialist yönümlü mətbuatda necə işıqlandırılması ilə bağlıdır.

Hazırda jurnalist fəaliyyətim əsasən “Xalq qəzeti” ilə bağlıdır. Bu qəzet 90 illik böyük təcrübəsi, özünəməxsus üslubu və prinsipləri olan mətbuat orqanıdır. Bundan əlavə isə “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi və idarə heyətinin üzvüyəm. “Oğuz”da sözün həqiqi mənasında milli xasiyyətli, elmli-bilikli, təəssübkeş gənc ziyalılar birləşir. Dostlarımız müxtəlif elm-təhsil ocaqlarını təmsil etməklə yanaşı həm də müstəqil tədqiqatçıdır. Özlərinə məxsus baxış tərzləri, yanaşma metodları var. Bizim komanda üçün əsas məsələ tədqiqata cəlb olunan problemi çatdırmaqdan daha çox obyektiv təhlil etmək, cəmiyyəti maarifləndirmək, milli dövlətçiliyimizin ideya və prinsiplərinə uyğun şəkildə hərəkət etməkdir. Bizim təşkilatın bütün addımlarında əsasən vətənpərvərlik, millilik şərt kimi götürülür.

-“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu hansı layihələr həyata keçirib?

-Təşkilatımız bir sıra layihələr həyata keçirib. Onlardan konkret olaraq elmi-küləvi əsərləri misal göstərmək olar. Tədqiqatçı-alim Ceyhun Bayramlının qəhrəman tarixi şəxsiyyətimiz Babəklə bağlı iki məzmunlu elmi əsəri, dastan ədəbiyyatımıza yad təsirlərlə bağlı bir kitabı işıq üzü görüb. Bundan əlavə dosent Vüqar Zifəroğlunun “Media İmperiyası” monoqrafiyası və “Sirr romanı” oxucuların ixtiyarına verilib. ADPU-nun baş müəllimi Taleh Cəfərovun qondarma erməni soyqırımı ilə bağlı monoqrafiyası işıq üzü görüb. Bundan əlavə, “Elektron hökumət”in təbliği istiqamətində bir neçə təşkilatla koalisyon şəkildə layihə keçirərək regionlarda bu işin effektivliyini maarifləndirmək istiqamətində müxtəlif tədbirlər həyata keçirmişik. Bundan savayı gənclər üçün maarifləndirmə disskussiya klubları təşkil etmişik və müxtəlif fəlsəfi-tarixi mövzular alimlərin iştirakı ilə müzakirə olunub.

-Gənclərin təhsil səviyyəsinin artırılması üçün lazımi işlər görülürmü?

-Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır.

Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər - yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. taleyüklü məsələlərdir.

Prezident İlham Əliyevin son 10 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstərişləri, sərəncamları qeyd etmək yerinə düşər. Həmin faktlar dövlətin bu sahəyə olan qayğısının birbaşa Prezidentin nəzarətindən kənarda olmadığını göstərir və Prezidentin də bu işdə nə dərəcədə maraqlı olduğunu sübut edir.

- Gənclərin xaricdə təhsil almalarının elm və təhsilin inkişafına nə kimi töhfəsi var?

-Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora olan etibarının nəticəsidir. Gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan ulu öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir. Bu gün xarici ölkələrdə Dövlət Neft Fondunun vəsaitləri hesabına təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin gənclər təhsil aldıqları, işlədikləri ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatlarının fəal üzvlərinə çevrilərək respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində çalışır, onların arasında tanınmış ictimai- siyasi xadimlər, görkəmli alimlər yetişir. Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Son illərdə ölkədə, sərhədlərimizdən kənarda müasirlik və modernləşmə prinsipləri ilə əlaqədar keçirilən bütün tədbirlərdə, idman yarışlarında, olimpiadalarda Azərbaycan gəncləri fərqlənirlər.

- Gənclərin mütaliəyə marağı hansı səviyyədədir?

-Hazırda bu sahədə əvvəlki illərə nisbətən xeyli irəliləyiş var. Çünki, fikir verirsinizsə, son vaxtlar şəhərimizdə bir sıra kitab mağazaları açılaraq fəaliyyət göstərir. Hətta çox yaxşı haldır ki, şəhərin brend dükanlarının bir yerə toplaşdığı ticarət mərkəzlərinin içində belə kitab mağazaları işləyir. Bu çox yaxşı haldır. Əlbəttə, bu azdır. Bizim xalq həmişə oxuyan, öyrənən xalq olub. Son iyirmi ildə həm keçid dövrü ilə əlaqədar, həm də erməni təcavüzkarlığı nəticəsində cəmiyyətimizin başı problemlərinin həllinə qarışdığından mütaliəni arxa plana keçirdi. Lakin son vaxtlar yaranan bu boşluq yenə aradan qaldırılmağa doğr gedir desəm, məncə, yanılmaram.

Azərbaycan cəmiyyəti oxumağa borcludur. Bizim alim və yazıçı şəcərəsinin davamı mütləq olmalıdır. Bu xalq elmi axtarışlar arxasınca qaçan övladını həmişə qiymətləndirib. Tarix əvvəlcə yaradılır, sonra yazılır. Yaradıcı insanlarımızın yetişməsi, güclü təxəyyülə, təfəkkürə, yüksək dünyagörüşünə sahib olan Azərbaycan vətəndaşının ərsəyə gəlməsi üçün kitab ən uğurlu seçimdir, əziz oxucu. Mütaliə tarixən bütün bilik və bacarıqların əsasında dayanıb. Dünya millətləri arasında davamlı rəqabət aparmaq, həll etməli olduğumuz problemləri zamanında çözmək üçün hərtərəfli biliyə sahib olmaq gərəkdir. Bunun üçün isə oxumaq, öyrənmək ən müqəddəs yoldur.

-Ümumiyyətlə, kitablara qarşı soyuqluq gənclərin perspektivi üçün nə kimi problemlər yarada bilər?

-Əlbəttə, kitablara soyuqluq gənclərin prespektivini, əslində, sual altına qoymuş olur. Sizcə, kitab oxumayan kadr necə layiqlilər arasına düşə bilər? Belə kadr istənilən qurumda bir neçə ildən sonra artıq yük kimi görünəcək. Mütləq savadı artırmaq, bilik və bacarıqları genişləndirmək gərəkdir. Əks halda gənclərin potensial imkanları məhdudlaşacaq və kütləvi savadsızlıq nəticəsində zombiləşmə gedəcək. Bu isə heç bir gəncə xoş, firavan, hörmətli həyat vəd etmir.

- Sizcə, gənclərin daha da maariflənməsi üçün hansı tədbirlər görülməlidir?

- Şübhəsiz ki, bu sahədə ilk növbədə məsul qurumlar fəallıq göstərməli, problemlərə təkcə baxmaqla kifayətlənməməli, həm də təkliflərlə çıxış etməli və konkret əməli işə keçməlidirlər. Bu sahədə QHT-lərin, KİV-lərin də rolu əvəzsizdir. Xüsusilə media təbliğatının gücü bu sahəyə yönəlməlidir.

-“Oğuz”un hansı planları var?

-Təşkilatımızın maarifləndirmə sahəsində ciddi planları var. Bu işdə tədqiqatçılarımızın yeni kitablarının nəşri gözlənilir. Bunda əlavə, kitabların elmi ictimaiyyətə təqdim edilməsi tədbirləri və həmin mövzular üzrə ekspert kimi KİV orqanlarında iştirak etmək fəaliyyətimizə daxildir. Radio və TV layihələri həyata keçirmək də diqqətimizdə olan məsələdir. Hər halda burada dəstəyin də olması önəmlidir. Biz bütün fəaliyyətimizdə milli dövlətçiliyimizin qürurunu qoruyuruq və onun ənənələrini gələcək nəsillərin oxuyub faydalanması üçün ümumi iş ortaya qoyuruq. Bu gün tarixi şəxsiyyətlərimizə qarşı müxtəlif hücumlara qarşı təşkilatımızın fəallarının ortaya qoyduğu mövqe ilə çoxlarınız tamışsız. Yəni ki, biz, bizə məxsus dəyərlərin, həqiqətlərin, tarixi şəxsiyyətlərin hər birinə hörmət göstərilməsinin tərəfdarıyıq. Və araşdırmalarımız da əsasən onlar barədə bilinməyənləri üzə çıxarmaqdan ibarətdir.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-27 yanvar.-S.11.