Avropa universitetləri ilə yarış

 

Azərbaycanda təhsil marafonu öz sürəti ilə davam edir. Ancaq bu marafonun məsafəsi 15-20 il ərzində daha uzaq əraziləri əhatə etməyə başlayıb. Belə ki, məşhur Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən təməli qoyulan, ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli lider Heydər Əliyev tərəfindən geniş vüsət alan, hal-hazırda da Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısı sayəsində daha geniş coğrafiyanı əhatə edən xaricdə təhsilalma strategiyası ildən-ilə daha da güclənir. Bunun ölkə təhsili üçün müsbət bir göstəricinin olması, təbii ki, danılmazdır.

Ancaq maraqlıdır ki, təhsil almaq üçün xaricə gedən tələbə sayı kifayət qədər çox olsa da, təhsillərini bitirib yenidən Azərbaycana qayıdan məzunlar olduqca azdır. Hətta internet saytlarında bu mövzu ilə bağlı bir neçə yazıda xaricə təhsil üçün gedən, bitirdikdən sonra isə vətənə qayıtmaq istəməyən tələbələr haqqında fikirlərə də rast gəlmişəm. Təbii ki, bu fikirlər birmənalı deyil. Bəziləri buna ölkə təhsilinə yeni fikirlərin daxil olması naminə müsbət addım kimi baxsa da, bəziləri də xarici təcrübə görmüş kadrların öz ölkəmizdə fəaliyyət göstərməli olduqlarını bildirirlər. Maraqlıdır, bəs təhsilini xaricdə alıb əmək fəaliyyətini isə Azərbaycanda davam etdirən Qafqaz Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sənnur Əliyev bu məsələ ilə bağlı hansı fikirdədir? Bu barədə layihə çərçivəsində S.Əliyev bizə məlumat verdi.

Azərbaycandan xaricə çox sayda tələbə və işçi axını var.

Xaricə və xüsusilə də Qərbə tələbə axını dedikdə ağıla ilk olaraq Amerika Birləşmiş Ştatları, daha sonra Avropa ölkələri gəlir. Buna görə də təhsil axtarışında olan gənclərin böyük bir qismi həmin ölkələrə üz tuturlar. Bu barədə fikir bildirən S.Əliyev xaricə, sadəcə, tələbələrin deyil, çoxlu sayda işçi qüvvəsinin də axın etdiyini bildirdi: “Zaman keçdikcə elmə, biliyə olan maraq gəncləri ölkə hüdudlarından kənara çıxmağa cəlb edir. Buna görə də gənclərimizin xarici universitetlərdə təhsil almaları və gənc mütəxəssislərin də bu ölkələrdə kifayət qədər təcrübə toplamaları çox müsbət bir addımdır. Bu o demək deyil ki, Azərbaycan universitetləri tələbələrimizə keyfiyyətli təhsil vermir. Birincisi ona görə ki, Azərbaycanla müqayisədə xarici universitetlərin yaranma tarixinə nəzər saldıqda, həmin universitetlərin tarixinin çox qədimlərə dayandığını görürük. Hətta tarixi XVI- XVII əsrlərə aid olan universitetlər var. Bu cür universitetlər dünyanın ən məşhur universitetləri sırasında qərar tutur. Ən yeni hesab olunan universitetlərin tarixi isə XVIII-XIX əsrlərə məxsusdur. Belə olan halda da məlum məsələdir ki, bu universitetlərin təcrübi keyfiyyətləri daha yüksəkdir”.

 

Azərbaycan universitetləri artıq Avropa universitetləri ilə yarışır

Qeyd edək ki, bir müddət əvvəl millət vəkilləri tələbələrin xarici ölkələrdə təhsil aldıqdan sonra həmin ölkədə qalıb fəaliyyətlərini davam etdirmələrini müzakirə etmişdilər. Buna narazı olub etirazını bildirənlər olsa da, əksinə, bunun müsbət nəticəsi olacağını düşünənlər var. Sənnur müəllim isə bu mövzuya belə münasibət bildirdi: “Məsələyə real baxsaq, tələbələrin təhsil almaları üçün xaricə üz tutmalarını çox təbii bir hal kimi dəyərləndirmək lazımdır. Hətta bu, ölkə təhsili adına da müsbət bir göstəricidir. Çünki, məlum məsələdir ki, Azərbaycanla müqayisədə, Amerika, eyni zamanda bir çox Avropa ölkələrinin təhsil səviyyəsi daha yüksəkdir. Çünki bu ölkələrin universitetlərində məzun olan tələbələrin öz ixtisaslarına uyğun işlə təmin olunma imkanları var. Bu da ən mühüm faktorlardan biridir. Məsələn, Biznesin idarə edilməsi fakültəsindən məzun olan bir tələbə çox rahat bir şəkildə oxuduğu ölkədə qalaraq özəl bir şirkət qura bilər, yaxud İqtisadiyyat fakültəsindən məzun olan bir tələbənin oxuduğu universitetdə qalaraq akademik fəaliyyətini davam etdirmə imkanı var. Buna görə fəaliyyətlərini həmin ölkələrdə davam etdirmələri məzunlar üçün təcrübə adına böyük uğurdur”. Müsahibim bunun, sadəcə, məzunlar üçün deyil, ölkə təhsili üçün müsbət addım olduğunu vurğuladı: “Xarici təcrübənin ölkə təhsilinə göstərdiyi müsbət təsirləri çoxdur. Yəni xaricə təhsil almaq üçün gedən tələbələrə oxuduqları təhsil müəssisəsindən məzun olduqdan sonra limitli olmaq şərtilə müəyyən müddət həmin ölkədə qalıb imkanlarını genişləndirmə fürsətləri var. Ölkəyə geri qayıtdıqdan sonra isə qazandıqları təcrübənin Azərbaycanda tətbiq olunması çox gözəl nəticələr verəcək. Belə olan halda biz qısa zamanda standartı tutub, tələbələrimizi Azərbaycanda saxlamaqla Avropa təhsilini verə bilərik. Məlum məsələdir ki, artıq Azərbaycan universitetləri, demək olar ki, Avropa universitetlərindən geri qalmırlar. Dövlət tərəfindən təhsilə göstərilən qayğı bununla bağlı atılan addımların bariz nümunəsidir. Elə ölkədaxili təhsilin 5 il öncəsi ilə bu gününü müqayisə etsək, təhsilimizin daha yüksək səviyyədə olduğunu görərik.” Məlumat üçün qeyd edək ki, dövlət tərəfindən xaricdə təhsil alan tələbələrə müəyyən miqdarda təqaüd ayrılır ki, məzun olduqdan sonra həmin tələbələr ölkəyə geri dönüb fəaliyyətlərini öz vətənlərində davam etdirsinlər.

 

Azərbaycanda işsizlik problemi yoxdur, yaxşı işçi problemi var

 

S.Əliyev Azərbaycanda işsizlik mövzusuna da toxundu: “Bəzən xaricə üçün meyil edənlər bunun səbəbini işsizliklə əlaqələndirirlər. Ancaq nəzərə çatdırmaq istərdim ki, Azərbaycanda işsizlik problemi yoxdur, yaxşı mütəxəssis problemi var. Belə ki, həm axtaranlar, həm işçi axtaranlar çox olsa da, onlar ortaq nöqtədə görüşə bilmirlər. Bunun səbəbi müraciət edən kadrların tələbatı ödəyə bilməməsi ilə əlaqəlidir. Mən burada məsuliyyəti birbaşa olaraq tələbələrin üzərinə qoyuram ki, elə bir təcrübəyə dil səviyyəsinə sahib olsunlar ki, universitetdən məzun olduqları zaman istənilən şirkətin qapıları onların üzünə açıq olsun”.

 

Psixoloqlar xaricdə təhsil alandan sonrakı proseslə bağlı necə düşünürlər?

Xarici ölkələrə təhsil aldıqdan sonra orada qalmaqda maraqlı olan tələbələrin bu istəklərinə Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilov psixoloji aspektdən yanaşır: “Dövlət tərəfindən ayrılmış pul vəsaiti hesabına tələbələrimizin xarici ölkələrdə təhsil almaları çox müsbət bir addımdır. Ancaq təhsil müddəti bitdikdən sonra ölkəyə qayıtması məsələsi bəzən məzunlarda tərəddüd yaradır. Bunun səbəbi nədir? Ümumi fikir formalaşdırmaq olar ki, tələbələrin bir çoxu məzun olduqdan sonra düşünürlər ki, təhsil aldıqları ölkənin sistemini Azərbaycanda tətbiq edə bilməyəcəklər və belə olan halda istədikləri işi qurmaq çətin olacaq. Ən əsası isə öz düşüncələrini qəbul etdirə bilməyəcəkləri üçün psixoloji narahatlığa qapılırlar. Əslində isə bu belə deyil. Azərbaycan sosial bir ölkə olduğu üçün təhsilin yüksək inkişafı naminə hər cür müsbət fikirlərə açıq olacaq qədər təhsil demokratiyasına sahibdir. Buna görə də düşünürəm ki, öz ixtisasına və aldığı təcrübəyə güvənən məzunlarımız bu fikirlərindən yayınmalıdırlar.” Psixoloq bunun digər bir səbəbini də bəzən məzunların xarici universitet diplomu ilə Azərbaycanda fəaliyyət göstərməyi özlərinə sığışdıra bilmədikləri ilə əlaqələndirir: “Bəzi insanlar üçün ətrafdakıların baxışı çox maraqlı olur. “Mən filan ölkədə təhsil almışam, niyə burda qalıb fəaliyyət göstərməyim və s. Mən istərdim ki, belə olan halda xaricdə qalan məzunların üzərinə vəzifə verilsin ki, həmin ölkədə diaspor fəaliyyətləri ilə ölkəmizi təmsil etsinlər. Hətta həmin ölkəyə getməmişdən əvvəl onlara bununla bağlı təlimlər və seminarlar keçmək gözəl olardı. Belə olan halda düşünmək lazımdır ki, hər bir azərbaycanlı xaricdə Azərbaycan haqqında formalaşan bir fikirdir və Azərbaycanın dünyada tanınması üçün aralanmış bir qapıdır. Bunu dəyərləndirmək şərtilə məzunların bu istəklərinə müsbət yanaşıram”.

 

İlkin AĞAYEV

Palitra.-2015.-28 yanvar.-S.11.