Dünəndən bu
günə Azərbaycan diasporu
Milli diasporumuzun taleyi Azərbaycanın dövlətçilik tarixinin həm işıqlı, həm dramatik səhifələrinə bənzərdir.
Keçmişimizdən bu günə
ölkəmizdə və dünyada yaşanan siyasi proseslərin
diasporumuzun formalaşmasına ciddi təsirləri olsa da onu zəiflədə
bilməyib. Tarixin müxtəlif burulğanlı
çağlarında Avropa ilə Asiya sivilizasiyaları arasında əlaqələndirici
körpü olmuş Vətənimiz
daim öz əlverişli
yaşam şərtləri, zəngin təbii
sərvətləri, milli xüsusiyyətdən
irəli gələn tolerantlığı ilə yadelliləri
özünə cəlb etmişdir.
Azərbaycan adlanan bu coğrafiyaya insanlıq tarixinin
fərqli vaxtlarında həm uzaq, həm
yaxın qonşuların marağı olmuş
və bu siyasi simpatiya günümüzdə də davam etməkdədir.
Sadalanan amillərlə yanaşı azərbaycanlı kimliyinə yad və xaraktercə parçalayıcı ideologiyalar da farağat durmayıb, bu nəcib xalqa özünü sevdirməyə səylər göstərib. Bu çətin proseslərin nəticəsində zaman-zaman azərbaycanlılar qonşu diyarlara, oradan isə digər uzaq dünya coğrafiyalarına səpələnərək məskunlaşıblar. Bu müxtəlif səpələnmə dalğalarında bir qism soydaşımız öz kimliyini itirmiş, bir qismi isə azərbaycanlı kimliyini günümüzə kimi qoruyub saxlamağa müvəffəq olub. Lakin son iki yüz ildə cərəyan edən proseslərdən yola çıxdıqda qarşımıza milli diasporumuzun şəffaf görüntüsü çıxmaqdadır.
XIX əsrin ilk rübündə bölgədə baş verən siyasi və hərbi oyunlar Azərbaycan xanlıqlarının vahid bir mərkəzi aparatda birləşməsinə əngəl olub. Xüsusi ilə Gülüstan və Tükmənçay müqavilələrinin ardınca Azərbaycandan çoxlu ailələr kütləvi halda mühacir düşüb. Bunların bir qismi könüllu, bir qismi isə məcburən başqa diyarlara yol alıb. Həmin əsrdən başlayan köç dalğaları dayanmayıb və XX əsrin əvvəllərində Vətənimizi özünə çarpışma meydanı seçmiş rəqib ideologiyaların mübarizəsi ilə daha da sürətlənib. Bugünkü Azərbaycan Respublikasının varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq istiqlaliyyət dövrünün bitməsi ilə (1920) azərbaycanlıların xaricə mühacirəti durmadan davam edib və bu proses məşhur Stalin repressiyaları dövrü (1937), 1945-ci ildə İkinci Dünya müharibəsinin sonunda Sovetlər Birliyi qoşun qüvvələri sırasında olan minlərlə azərbaycanlının Avropanın fərqli ölkələrində məskunlaşması ilə daha da sürətlənib. Bununla yanaşı, son iki yüz ildə Avropa, Asiya, Afrika və Amerika qitələrində milli diasporun tərkibi əsasən İran Azərbaycanında baş vermiş siyasi və inqilabi hadisələrdən sonra artıb. Özəlliklə İranda Pəhləvi şah rejiminin devrilməsi sonucunda (1979) Tehran, Təbriz, Ərdəbil, Həmədan, Urumiyyə və digər iri siyasi şəhərlərdən azərbaycanlıların xarici ölkələrə səpələnmə amili milli diasporumuzun formalaşmasında mühüm rol alıb.
“Soyuq müharibə” dövründə müasir Azərbaycan diasporunun təşkilatlanması
Azərbaycanın Sovetlər Birliyi tərkibində qalması ilə xaricdə yaşayan azərbaycanlılarla əlaqə kəskin şəkildə məhdudlaşmışdı. Lakin, buna baxmayaraq qürbət ellərdə yaşayan soydaşlarımız Azərbaycanın bir gün hürriyyətinə qovuşacağı ümidi və milli kimliyin qorunması məqsədi ilə müxtəlif ölkələrdə diaspor təşkilatları kimi birləşiblər. Əsasən Türkiyə, Almaniya, ABŞ və digər öləkələrdə vahid birlik halında səfərbər olan azərbaycanlılar öz mübarizələrini davam etdirib, eyni zamanda da yaşadıqları cəmiyyətə inteqrasiya olublar. 1946-1991-ci illərdə dünyanın iki siyasi bloka bölünməsi nəticəsində Azərbaycan diaspor üzvləri arasında da əlaqələrin qopmasına gətirib çıxarmışdı.
Sovet Azərbaycanı dövründə də xaricdə yaşayan milyonlarla soydaşımıza biganə qalınmayıb və onlarla Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti üzərindən təmasa keçilib. Daha sonrakı illərdə (1960) “Vətən səsi” mətbu orqanı təsis edilib və bu qəzet vasitəsilə qürbət ellərdəki həmvətənlərə tarixi Vətəndə gedən mədəni, sosial proseslər haqqında məlumatlar çatdırılıb. “Soyuq müharibə”nin son rübündə digər ölkələrdə olduğu kimi Azərbaycanda da müstəqillik həyəcanları artmağa başlamışdı. Belə ki, ilk dəfə 1989-cu ildə Naxçıvanda Sovetler Birliyinin sərhəd dəmir dirəklərinin dağıdılması ilə başlanan əsarətə son zərbələri, həmin ilin Türkiyənin İstanbul şəhərində keçirilən türkdilli xalqların Konfransında dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması dəstəyi ilə davam etdi.
Müstəqillik dövründə Azərbaycanın diaspor və lobbiçilik siyasəti
1990-cı ildə dünyada iki hərbi-siyasi blokun (NATO, Varşava Müqaviləsi Təşkilatı) rəqabəti sona çatmış, Sosialist düşərgə iflas olmuşdu. Həmin ildə ölkəmizdə vüsət almış milli azadlıq hərəkatı və on minlərlə azərbaycanlının meydan aksiyaları nəticəsində yetmiş illik əsarətin dəmir qəfəsi qırılmış və hürriyyət günəşi Azərbaycanın səmalarında parlamışdı. Elə bu ərəfələrdə mənfur qonşu Ermənistan tərəfindən minlərlə soydaşımızın tarixi yurdumuz olan Qərbi Azərbaycandan sürgünə uğraması, ardınca Qarabağ münaqişəsi işğalı ilə yüzlərlə ailənin keçmiş Sovet Respublikalarına və digər ölkələrə mühacirəti ilə davam edib. Azərbaycan Respublikası öz müstəqilliyini yenidən qazanandan sonra dövrünün ölkə rəhbəri, böyük azərbaycanlı, uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyev xaricdə yaşayan milyonlarla azərbaycanlıya daim önəm verib. O, hər xarici səfərlərində həmin ölkələrdə yaşayan Azərbaycan diaspor heyəti ilə görüşlər keçirir, onlara Ana Vətən Azərbaycan ətrafında milli mənafelərin qorunması naminə sıx birləşmələrini tövsiyə edirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin inadlı təşəbbüsü ilə məhz 1989-cu il hadisələri, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi milli bayramlar təqviminə qızıl hərflərlə həkk oldu. Ümummilli liderin diaspor və lobbiçilik sahəsinə verdiyi önəmin təzahüru kimi milli tarixə düşmüş fərmanlarından biri də dövlət mütəqilliyimizin 10 illik yubileyi ərəfəsində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olub. 2001-ci ilin 9-10 noyabr tarixində Bakı şəhərində təşkil olunmuş Qurultaya dünyanın dörd bir yanından milli diaspor nümayəndə heyətləri, yaşadıqları ölkələrdə nüfuzlu, tanınmış sima olan onlarla soydaşımız qatılmışdı. Tarixə azərbaycanlı damğasını vuran bu kəlamlar da Heydər Əliyev tərəfindən məhz bu Qurultayda səslənib: “Mən həmişə fəxr emişəm, bu gün də fəxr edirəm ki, Mən azərbaycanlıyam!”. Bəli, bu sözlər özlüyündə dünya azərbaycanlılarına bir həmrəylik fəlsəfəsi istiqaməti göstərməklə yanaşı kökləri keçmişimizə dayanan bir missiyanın başlaması demək idi...
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyət istiqamətləri
Dünya coğrafiyalarına səpələnmiş milyonlarla soydaşlarımıza növbəti dövlət qayğısının onəmi kimi 2002-ci ilin 5 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış fərmana əsasən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Əsas məqsədi milli diasporun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, soydaşlarımızın milli özünəməxsusluğunun qorunması, bu sahədə olan əngəllərin aradan qaldırılması, milli maraqlarımızın həyata keçirilməsi, diasporlararası şəbəkələşmə əlaqələrinin inkişafı və onların mədəni-siyasi hüquqlarının müdafiəsi olan Komitənin yaradılması diaspor strategiyasının genişlənməsinə böyük təkan vermiş oldu. Daha sonrakı illərdə xarici ölkələrdə sürətli şəkildə təşkilatlanmağa başlayan azərbaycanlı diaspor birliklərinin sayı günümüzdə 453-ün üzərindədir.
Milli maraqlarımız ətrafında sıx birləşən diaspor təşkilatlarımızın növbəti II və III qurultayları 2006, 2011-ci illərdə da uğurla ölkəmizin paytaxtı Bakı şəhərində keçirilib. Ölkə başçısı İlham Əliyevin iştirak etdiyi bu qurultaylarda diaspor təşkilatlarımıza mühüm fəaliyyət istiqamətləri göstərilib, xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində xalqımızın tarixi haqlı mövqeyinin dünyaya çatdırılması, qohum türkdilli xalqların diasporları ilə sıx fəaliyyət qurmaları tövsiyə olunub. Qurultaylarda bir qrup fəal diaspor üzvlərinə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə və xalqlar arasında dostluğun möhkəmləndirilməsinə görə medallar və mükafatlar təqdim edilib. Bildirmək lazımdır ki, bu dövr ərzində ən mühüm hadisələrdən biri də Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncam ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub.
İki yüz illik ayrılıq dövrü ilə müstəqilliq dövrü Azərbaycan diasporunu müqayisə etsək görərik ki, o dövrlərdə müxtəlif ölkələrdə mühacir etmiş soydaşlarımızın bir qismi həmin cəmiyyətlərin içində assimilyasiyaya uğrayıb, bir qismi isə təşkilatlanaraq azərbaycanlı icmalar kimi fəaliyyət göstərə biliblər. Müstəqillikdən sonrakı dövrdə yaradılmış Dövlət Komitəsi öz növbəsində Avropa, Asiya, Afrika və uzaq Amerika qitələrində yaşayan soydaşlarımızın təşkilatlanmasında mühüm rol oynayaraq onlara dəstək olub. Bu kimi diaspor təşkilatlarımızdan Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Paris “Azərbaycan Evi”, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Belarus Azərbaycan İcmaları Konqresi, Misirdəki Azərbaycan Diasporu, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası, Yaponiya-Azərbaycan Dostluq Cəmiyyəti, Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi, Amerika Azərbaycanlıları Şəbəkəsi, Kanada-Azərbaycan Azərbaycanlıları Assosiasiyası, Latın Amerikası Azərbaycanlıları Assosiasiyası, İsveç “Qarabağ” Cəmiyyəti kimi digər onlarla təşkilatların günümüzdə azərbaycançılıq ideyaları ətrafında sıx birləşərək Azərbaycan naminə fəaliyyət göstərməsi, Vətənimizin və xalqımızın beynəlxalq imicinin müsbət formalaşmasında, haqq səsinin daha yüksək səslənməsinə xidmət etməkdədir.
Daha əsas məqamlardan biri də budur ki, Sovetlər Birliyi zamanı xaricdə yaşayan
soydaşlarımız Ana Vətənə
heç səfər edə bilmirdilərsə,
müstəqillikdən sonra Azərbaycanla
bütövləşən dünya azərbaycanlıları
bu gün milli maraqlar ətrafında
sıx birləşiblər. Xatırlatmaq istərdim ki, Dünya Azərbaycanlılarının
növbəti IV Qurultayı Bakı şəhərində
keçiriləcək. Hər beş ildən
bir keçirilən Qurultayda
son illərdə görülən işlər
haqqında daha geniş
hesabatlar dinlənəcək və yeni təbliğat strategiyaları
hazırlanacaq.
Əbülfəz
ŞEYDABƏYOV
Palitra.-2015.-28 yanvar.-S.10.