“Rusiyadakı azərbaycanlı şagirdlərin
təhsil səviyyəsi qaneedicidir”
Sevil İsmayılova: “Rusiyada
yaşayan şagirdlərimizə dilimizi, tariximizi, mədəniyyətimizi
öyrədirik”
Dövlətimiz
təkcə ölkə daxilində deyil,
xaricdə yaşayan
soydaşlarımızın da elm və təhsilə yiyələnməsini
diqqətdə saxlayır. Müxtəlif ölkələrdə
fəaliyyət göstərən Azərbaycan həftəsonu
məktəbləri bu missiyaya
xidmət edir. Bu məktəblərdə
azərbaycanlı uşaqlara dilimiz, tariximiz,
coğrafiyamız, ədəbiyyatımız və s. öyrədilir. Belə məktəblərlə
yanaşı, xarici ölkələrdə
sırf Azərbaycan məktəbləri də fəaliyyət
göstərir. Layihə çərçivəsində
Moskvadakı K.Ə. Kərimov adına 157 saylı etno-Azərbaycan
komponentli ümumtəhsil məktəbi haqda məlumat verəcəyik. Bu
haqda məktəbin təşkilatçı
-müəllimi Sevil İsmayılova
danışacaq. Qeyd edək ki, S.İsmayılova ömrünün
35 ilini gənc nəslin təlim və tərbiyəsinə
sərf edib. 1998 -ci
ildən isə K.Ə. Kərimov adına 157 saylı məktəbdə
təşkilatçı -müəllim vəzifəsində
işə qəbul olunub. 2000-ci ildən məktəbin
nəzdində fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzində
çalışır.
- K.Ə. Kərimov
adına 157 saylı etno-Azərbaycan komponentli
ümumtəhsil məktəbi nə vaxtdan
fəaliyyət göstərir və məramı nədən
ibarətdir?
-1996-ci ildə Moskvanın 226 saylı məktəbinin nəzdində “Azərbaycan təhsil mədəniyyət mərkəzi” açılıb.1997-ci ildə Heydər Əliyev və Moskva meri Yuri Lujkov arasında bağlanan sənədə əsasən 157 saylı məktəbin nəzdində “Azərbaycan təhsil mədəniyyət mərkəzi” fəaliyyətini davam etdirir. Daha sonra məktəb etno-Azərbaycan komponentli ümumtəhsil ocağına çevrilib. 2012-ci ildə məktəbin 15 illiyində K.Kərimovun adı verilib.
- Məktəbin
özəlliyi nədədir?
-Məqsədimiz Moskvada yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz xalqlarının adət-ənənələrini öyrənmək imkanı verməkdir. Bizim məktəbin özəlliyi ondan ibarətdir ki, o, təkmillətli yox, çoxmillətlidir, burada təhsil alan müxtəlif xalqlardan olan uşaqlar isə əlavə olaraq Azərbaycan mədəniyyətini və dilini öyrənirlər. Azərbaycan musiqisinə, rəqsinə maraq göstərən şagirdlərimiz daha çoxdur. Bizim məktəbdə 25-dən çox millətə mənsub uşaqlar təhsil alır. Bura beynəlmiləl məktəbdir. Burada təhsil alan uşaqlar tolerant, dialoq düşüncəsi ilə inkişaf edirlər.
- Azərbaycanla
bağlı hansı tədbirlər keçirirsiz?
- İşlədiyim müddətdə çalışıram Azərbaycanın mədəniyyətini burda təmsil edək və qeyri-millətlərə göstərək. Bütün diasporlarla iş birliyimiz var. Keçirilən bütün tədbirlərdə 157 saylı məktəbin şagirdləri və özüm çıxış etmişəm. Azərbaycan yazıçı və şairlərindən Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Cəlil Məmmədquluzadə, Rəsul Rza, Nigar Rəfibəyli, Sabir və digərləri ilə bağlı tədbirlər keçirmişik. Mərkəzin görkəmli qonaqları olub; xalq yazıçı Anar, Fikrət Qoca, Sabir Rüstəmxanlı, Nəsibə Zeynalova, Afaq Bəşirqızı, müğənnilərdən Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, virtuoz musiqiçi Mahmud Saleh, Elman Novruzlu, Adilə Nəzərli və s. Onlardan bir çoxunun yaradıcılıq gecəsini də təşkil etmişik.
Burda hər il 20 Yanvar, Xocalı faciəsi ilə bağlı tədbirlər də keçiririk. Ən əsası qonaqlarımız, istəyirik ki, həqiqətləri bilsinlər. Novruz bayramını da çox böyük təmtəraqla keçiririk. Bununla yanaşı, digər bayramları da qeyd edirik. Məsələn, ötən il 8 Mart Qadınlar Günü münasibətilə bayram tədbiri keçirdik. Şirniyyat süfrəsi arxasında musiqinin müşayiəti ilə keçirilən tədbir 157 saylı məktəbi və burada çalışan qadınları tanıdan videosüjetlə başlandı. Əməkdar incəsənət xadimi Qorxmaz Axundovun tarda ifası, Moskva “Dərviş” teatrının aktyoru Şirzad Əsədin ana haqqında söylədiyi şeirlər qadınlar tərəfindən alqışlarla qarşılandı. Mənim rəhbərliyimlə məktəb şagirdlərinin hazırladığı kompozisiyalar, musiqi nömrələri ilə şənlik davam etdi.
- Azərbaycanlı
şagirdlərin hansı uğurları var?
-Mərkəzimizdə günün ikinci yarısından sonra dərnəklər var. Burada Azərbaycanın milli musiqi alətlərində ifa etmək, milli rəqslərimiz öyrədilir. Ən əsası tariximiz, ədəbiyyatımız, dilimizin öyrədilməsində ixtisaslı müəllimlər fəaliyyət göstərirlər. Onlardan Əməkdar incəsənət xadimi Qorxmaz Axundov, Yelena Afanasyeva, Şölə Mahmudova, Mətanət İmamverdiyevanın adını çəkə bilərəm. Biz Moskva şəhərində və yaxud digər şəhərlərdə istər müsabiqələrdə, istərsə də konsertlərdə Azərbaycanı təmsil edirik. Dəfələrlə şəhər üzrə keçirilən müsabiqələrin qalibi olmuşuq və bununla da fəxr etmişik. Heç uzağa getməyək. Moskva şəhərində 700-dən çox məktəb və mərkəzlərin iştirak etdiyi müsabiqədə 5 nominasiya üzrə biz Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirinə görə 1-ci yeri tutduq. Belə mükafatlarımız çoxdur, laureatlarımız da var.
- Uşaqların
inkişafında tədrisin nə kimi rolu var?
- Burada yaşayan həmyerlilərimizə, şagirdlərimizə dilimizi, tariximizi ,mədəniyyətimizi öyrədirik. Məktəbimizdə bütün təhsil proqramlar üzrə dərslər keçirilir. Məqsədimiz gələcək nəsillərə öz dillərini öyrətmək, öz köklərini tanıtmaq, milli dəyərlərimizi qoruyub saxlamaq, gələcəyə çatdırmaqdır.
- Əsasən,
hansı fənlər üzrə dərslər verirsiz?
-Rusiya tarixi ilə yanaşı, Azərbaycan dili, tarixi, ədəbiyyatı, coğrafiyasının öyrədilməsinə üstünlük veririk.
- Ümumiyyətlə, bu gün Rusiyadakı azərbaycanlı şagirdlərin təhsil səviyyəsi bir müəllimə olaraq sizi qane edirmi?
-Bəli, Rusiyadakı azərbaycanlı şagirdlərin təhsil səviyyəsi məni qane edir. Ucqar yerlərdən gəlib, burda dil öyrənib, sonra da ali məktəblərdə oxuyan şagirdlərimiz çoxdur.15 ildə 18 şagirdimiz qızıl, gümüş, bürünc medal alıblar və ən yaxşı ali məktəblərə qəbul olublar. Bu ili götürsək Moskva üzrə keçirilən olimpiadada (ingilis dili üzrə ) Mahmudov Şahin birinci yerə çıxmışdı. Uğurlarımız böyükdür. Keçən ilin tədrisində 12 azərbaycanlı şagirdimizdən 11-i ən yaxşı ali məktəbə daxil oldu.
- Azərbaycan
dövləti tərəfindən sizə hər hansı dəstək
göstərilirmi?
- Azərbaycan Təhsil Nazirliyi tərəfindən məktəbə pulsuz vəsaitlər göndərilir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məktəbin fəaliyyəti ilə tez-tez maraqlanır. Səfirimiz məktəbin inkişaf etməsi üçün əlindən gələni edir.
Bununla yanaşı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə məktəbdə abadlıq işləri aparılıb. Məktəbə sanki yeni nəfəs verilib. Şagirdlər üçün idman zalı əsaslı təmirdən çıxıb. Yeni, bütün texniki imkanlara malik idman zalı, rəqs zalı istifadəyə verilib.
- Şagirdlərin təlim və tərbiyəsində hansı metodlara üstünlük verilməlidir?
-Fərdi yanaşmağa daha çox üstünlük verilməlidir. Eyni zamanda fərqləndirmək, innovasiya müasir tələblərə uyğunlaşdırılmalıdır.
- Valideynlərin uşaqlara ixtisas
seçimində dəstəyinə nə dərəcədə
ehtiyac var?
-İndiki zamanda gənc nəsil öz fikirlərini, istəklərini daha çox gercəkləşdirməyə cəhd göstərirlər. Əlbəttə ki, valideynlər onları düzgün yol seçmələrində, öz səylərini etməlidirlər. Övladlarının arzusuna qarşı çıxmamaqla yanaşı, düzgün peşə seçiminə yönəltməlidirlər. Əfsuslar olsun ki, çox valideynlərimiz oğlanlarını hüquqşünas, qızlarını isə həkim kimi görmək istəyirlər. Amma hansı ixtisası seçsələr də mükəmməl biliyə malik olmasını istərdim və valideynlərlə söhbətdə həmişə belə tövsiyə edirəm.
- Ümumiyyətlə, uşaqlarda dərsə həvəs oyatmaq üçün valideynlərə nə tövsiyə edərdiniz?
-Bura gələn valideynlərin çoxu övladlarını dilimizdə danışmağa qoymurlar. Çünki güman edirlər ki, dili öyrənmək üçün öz dillərində danışmamalıdırlar. Hər dəfə bu barədə valideynlərlə söhbət edirəm, dünyanın harasında olsalar belə, dilimizi, dinimizi, mədəniyyətimizi unutmamalıdırlar. Valideynlərin nə qədər işləri olsa belə, uşaqlara nəzarət etməlidirlər. Çox vaxt deyirlər ki, uşaqlarına sərbəstlik verirlər. Gələcəyimiz olan balalarımızı ziyalı, mədəni, savadlı bir şəxs kimi formalaşmaqda valideyn köməyi mütləq lazımdır...
- Müəllimlər
hansı keyfiyyətləri ilə şagirdlərə
nümunə olmalıdır?
-Müəllim ilk növbədə
savadlı, dünya görüşlü,
mədəni, müasir tələblərə
uyğunlaşmağı bacaran, obyektiv, eləcə də şagirdləri ilə
yaxşı həmsöhbət olmalıdır. Bununla yanaşı, müəllim, dünyada və ölkədə başa verən hadisələrlə
bağlı uşaqlarla dərsdən əlavə
saatlarda fikirlərini bölüşməlidir.
Fuad Hüseynzadə
Palitra.-2015.-30 yanvar.-S.11.