“Uşaqların tərbiyəsi üçün təhsil müəssisələrində tətbiq edilən metodlar qənaətbəxşdir”

 

Nəcibə İbrahimova: “Düzgün tədris gələcəkdə sağlam düşüncəli insanların yetişdirilməsinə xidmət edir”

Uşaqların, eləcə də gənclərin təhsil şüurunun inkişaf etdirilməsi aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin də diqqətindədir. Artıq Azərbaycanda bu istiqamətdə profilləşmiş saysız qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bu istiqamətdə regionlarda da aktiv işlər görülür. 1998-ci ildən fəaliyyət göstərən Ucar Uşaq Təşkilatı da məhz bu istiqamətdə işini davam etdirir. Təşkilatın sədri Nəcibə İbrahimova qəzetimizə müsahibəsində uşaqların təlim-tərbiyəsindən və görülən işlərdən danışıb.

 

-Öncə özünüz haqqında məlumat vermənizi istərdik...

-Mən ixtisasca pedaqoqam. Gənclik illərimdən ibtidai sinif müəllimi işləmişəm . Uzun illər Ucar rayon təhsil şöbəsində, Uşaq Yaradıcılıq mərkəzində və Uşaq Təşkilatında işləmişəm. Müəllim işlədiyim ilk günlərdən Nəcibə müəllimə kimi uşaqların dostu olmağa çalışdım və bunu bacardım. Bu gün də elə olur ki, hansısa tədbirdə, yaxud başqa bir yerdə illər öncə balaca dostlarım böyüyüb ailə, uşaq sahibi olmalarına baxmayaraq, mənimlə rastlaşırlar və uşaqlıq illərini xoş xatirələrlə yada salırlar. Bu sözlə, ifadə ediləcək bir halda deyil, daha çox bunu yaşamaq lazımdır .

-Ucar Uşaq Təşkilatı nə vaxtdan fəaliyyət göstərir və məramı nədən ibarətdir?

-Ulu öndər Heydər Əliyev uşaqlar haqqında deyib: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Ucar Uşaq Təşkilatı 1998-ci ildə ulu öndərin Respublika Gənclər Forumunda uşaq təşkilatlar ilə bağlı verdiyi tapşırıqdan sonra yaradılıb. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. O vaxt ölkədə çox sahədə olduğu kimi, uşaqların diqqət və qayğı ilə əhatə edilməsində yaranmış boşluqların aradan qaldırılması üçün ulu öndərin bir kəlmə sözü bizə stimul oldu. Təşkilatımızın məramı hər zaman uşaqların yanında olmaqdır. Məktəbdə, bağçada, xəstəxanada, küçədə, ümumiyyətlə, hər yerdə hər zaman uşaqları diqqətdə saxlamaqdır. Onları zərərli vərdişlərdən qorumaqdır.

- Uşaqların inkişafında tədrisin nə kimi rolu var?

-Müasir dövrdə yeni texnologiyalar, yeni təlim üsulları daha interaktivdir, ancaq bütün bunlar nə qədər sürətlə inkişaf etsə də, təcrübəli müəllimlər dərsi tədris etməklə öz vəzifə borcunu bitmiş hesab etmir. Məktəb müxtəlif fənlərin uşaqlara öyrədilməsi üçün nəzərdə tutulmuş bir məkan olmaqla həm də uşaqların mənəvi baxımdan sağlam düşüncəli bir fərd kimi yetişdirilməsini öz üzərinə götürmüş yeganə təşkilatdır. Düzgün tədris gələcəkdə sağlam düşüncəli insanların yetişdirilməsinə xidmət edir .

-Təşkilat uşaqların tərbiyə və təhsili ilə bağlı nə kimi fəaliyyət göstərir?

-Uşaq Təşkilatımız Ucar rayonunda orta təhsil müəssisələrində təhsil alan uşaqlarla daimi ünsiyyətdə olur və məktəblilərin təhsil almasında bir çox istiqamətdə işlər görür. Mütəmadi olaraq məktəblərə gedirik və şagirdlər arasında həvəsləndirici yarışlar təşkil edirik. Təhsil ili ərzində vətənpərvərlik mövzusunda bir neçə yazı müsabiqəsi keçirib qalibləri mükafatlandırmışıq. Bundan əlavə, bu yaxınlarda ödənişsiz və təmənnasız olaraq sınaq imtahanları da keçirəcəyik.

-Uşaqlara əsasən hansı sahədə dərslər verirsiz?

-Yeni əsrin başlanğıcında informasiya texnologiyaları insanların yaşam tərzinə tam sirayət etdiyindən biz də qərara gəldik ki, aztəminatlı ailələrin övladlarına informasiya texnologiyaları sahəsində ödənişsiz kurslar və dərnəklər yaradaqindi əsasən bu istiqamətdə uğurlarımız çoxdur. Biz bu addımı atdıqda ilk dəfə zəif idik. Düzdü, bu işdə bəzi maneələrdə oldu, ancaq, necə deyərlər, zəhmət çəkdik bəhrəsini də gördük. İndi yüzdən çox uşaq artıq kompüter ustasıdır. Bu bizə gələcək üçün çox şanslar verir. Ümumiyyətlə, İKT sahəsində bizim rayonda son bir ildə atılan addımlar gələcəkdə çox böyük nəticələr verəcəyinə inanırıq. Bu işdə biz tək deyilik, Ucar Rayon İcra Hakimiyyəti, Gənclər Təşkilatları və könüllülər də bu xoşməramlı işə qoşulub. Artıq bizim rayonda bu sahədə öyrənib-öyrətmək bir ənənə halını alıb. Buna çox sevinirik.

-Uşaqlara inkişaf baxımdan hansı yardımlar göstərirsiz?

-Məktəblərdə daimi olaraq tədbirlər keçiririk. Milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik mövzularında keçirdiyimiz tədbirləri, çalışırıq ki, sıradan, formal xarakterli tədbirlər olmasın. Bəzən uşaqların düşüncələrinə, həyata baxışlarına uyğun olan onlarla razılaşdırılan formada tədbirlər keçiririk. Biz əvvəl-əvvəl çətinlik çəksək də ancaq təcrübəli müəllimlərimizin köməyi ilə müasir dövrün uşağı necə olmalıdır və onun mənəvi saflığı mövzusunda mütəmadi olaraq görüşlər keçiririk və artıq bizim uşaqlar müstəqil olaraq öz fikirlərini, irad və təkliflərini təşkilatımıza da yollayırlar.

-Bu baxımdan valideynlərin də üzərinə hansı məsuliyyət düşür?

-Uşaqların sağlam inkişafı məktəblə bərabər, ailədən daha çox asılıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən ailələrimiz öz uşaqlarına yetərincə diqqət ayırmırlar. Ailədaxili münaqişələr uşaqların psixoloji sağlamlığına ciddi təsir göstərir. Bizim rayonda məktəb müəllimləri artıq neçə illərdir ki, hər biri vicdanla bu məsələyə qarşı birləşiblər və uşaqları qoruyurlar. Bir sözlə, uşaqların təlim-tərbiyəsində valideynlərin üzərinə hüquqi və mənəvi məsuliyyət düşür .

-Uşaqların tərbiyəsində hansı metodlara üstünlük verilməlidir?

- Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Uşaqların hüquqlarını qorumaq onların sosial təhlükəsizliyinin, emosional vəziyyətlərinin stabil saxlanması, sağlam şəxsiyyətlər olaraq formalaşmasını təmin etmək deməkdir. Uşaqların tərbiyəsində təhsil müəssisələrində tətbiq edilən metodik üslublar, fikrimcə, qənaətbəxşdir. Məktəblərdə bu istiqamətdə zamanın tələblərinə uyğun olaraq təlim-tərbiyə işləri sürətlə aparılır. Ümumiyyətlə, uşaqların gələcəkdə potensial kadr kimi yetişməsi üçün onların təhsilinə önəm verilməlidir. Uşağın təhsilinə qoyulan xərc gələcək üçün investisiyadır.

-Ümumiyyətlə, uşağın tərbiyəsi ilə nə vaxtdan məşğul olmaq lazımdır?

- İnsanın öyrənmə qabiliyyətinin 50%-i həyatının ilk 3 ilində inkişaf edir. Qalan 30%-i 3 yaşından 8 yaşına qədər inkişaf edir. Onun gələcəkdə ömrü boyu yiyələnəcəyi biliklər bu fundament əsasında formalaşır. Uşağın harmonik inkişafı, yüksək intellektə sahib olması və gələcəkdə uğur qazanması üçün onunla anadan olandan sistematik şəkildə məşğul olmaq lazımdır. Uşaq beyni üçün əsas impuls, ötürücü siqnal sözdür. Ona görə də, uşağın nitqi vaxtında və düzgün inkişaf etdirilməlidir. Uşaq onu əhatə edən səs və söz dünyasında yaşamalıdır. Uşaq ünsiyyətə girməklə ətraf aləmi öyrənir, onun diqqəti, yaddaşı, təfəkkürü inkişaf edir. Onda öyrənməyə həvəs, bilik, təcrübə, bacarıqlar yaranır və uşaq bir şəxsiyyət kimi inkişaf edir.

-Uşaqların tərbiyəsində, şəxsi keyfiyyətlərinin üzə çıxmasında hansı metodlara üstünlük verilməlidir?

-Uşaqların şəxsi keyfiyyətlərinin üzə çıxarılması üçün üç istiqamətdə işlər aparılmalıdır. Birinci istiqamət məktəblərdə təlim-tərbiyə sahəsində metodik üslublardır. İkinci istiqamətdə isə valideynlər və məktəb müəllimləri birgə işləməli, uşaqlara öz düşüncələrində sərbəstlik verilməlidir. Üçüncü, ən mühüm olanı isə odur ki, uşaqlarımızı, övladlarımızı hər bir müəllim, hər bir valideyn cəmiyyətin bütün üzvləri zərərli vərdişlərdən qorumalıdır. Bəzən ailədən, məktəbdən mükəmməl təhsil, tərbiyə alan uşaqlar ətrafdan çox qorxulu mənəvi təsirlərə məruz qala bilir. Bunun üçün ailələr və məktəblər arasında bağlılıq olmalı, zəhmətlə böyüdüb tərbiyə etdiyimiz övladlarımızı qorumalıyıq.

-Uşaqlarda dərsə həvəs oyatmaq üçün valideynlərə nə tövsiyə edərdiniz?

-Valideynlərə tövsiyəm budur ki, uşaqlara sərbəstlik versinlər. Çalışıb onlarla dost olsunlar, dərslərində və həyatda daim diqqət və qayğını uşaqlardan əsirgəməsinlər. Bütün hallarda uşaqların qayğıya ehtiyacı var. Düşünürəm ki, uşaqlara qayğı gələcəyimizin qarantıdır. Mənəvi baxımdan sağlam şəkildə böyüyən, mükəmməl təhsilə yiyələnən uşaqlar gənclik çağında da zamanın nəbzini tuta bilir. Ona görə də valideynlər uşaqların təhsilini daim diqqətdə saxlamalıdırlar. Bununla yanaşı, valideyn uşağın böyüdükcə potensialını qiymətləndirməli, onun maraqlarını bilməli və gələcəkdə peşə seçimində dəstək olmalıdır.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-6 aprel.-S.11.