Mühəndis və nitq mədəniyyəti

 

“Gələcəyin mühəndislərinə öz fikirlərinin, ideyalarının, təklif etdikləri yeniliklərin üzərində dayanmaq, etik normalar çərçivəsində israrlı olmaq, qarşıdakını inandırmaq vərdişləri də aşılanmalıdır”

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Afaq Ağayevadır:

-Mühəndis peşəsini insanlarla az ünsiyyətdə olan sahə hesab edirlər. Gələcəyin mühəndisləri üçün nitq mədəniyyətinin tədrisinin önəmi barədə nə deyə bilərsiniz?

-Universitetimizdə artıq 2 ildən artıqdır ki, Azərbaycan dilinitq mədəniyyəti fənni tədris edilir. Prezident İlham Əliyevin 2013-cü ildə Azərbaycan dili haqqında verdiyi qərarın məntiqi nəticəsi olaraq, təhsil naziri Mikayıl Cabbarov texniki ali məktəblərdə Azərbaycan dilinitq mədəniyyəti fənninin tədrisi ilə bağlı sərəncam imzaladı. Sözügedən qərar ədəbi ictimaiyyətdə də böyük əks-səda doğurdu. Akad. Nizami Cəfərov televiziya ilə çıxışında nəinki müəllimlərin, həkimlərin, hətta digər sənət sahiblərinin də işə qəbul olunarkən nitq mədəniyyətindən imtahan vermələri, sual-cavab edilmələrinin labüdlüyü təklifini irəli sürdü. Ziyalılar ordusunun, demək olar ki, çoxsaylı hissəsini təşkil edən mühəndislər də, şübhəsiz, bu prosesdən kənarda qala bilməzlər. Təsadüfi deyil ki, özəl və qeyri-özəl sektorlara dövlət qulluqçusu vəzifəsinə qəbul olunmaq istəyən şəxslər üçün ən mühüm və məsuliyyətli mərhələ - müsahibədir. Bəs gələcək mühəndislərin modeli olan tələbələrimizi nitq mədəniyyətinə yiyələndirmək məqsədilə biz-müəllimlər tədris etdiyimiz fənnə hansı mövqedən yanaşmalıyıq? Daha obrazlı desək, “texniki” təmayüllü “nitq mədəniyyəti”ndə hansı cəhətlərə də diqqət yetirməliyik? Bəzən tələbələrdə belə bir sual yaranır: Axı biz mühəndis, texniki işçilər olacağıq. Nitq mədəniyyətinin bizə faydası nə ola bilər? Bütün bu suallara cavab verməzdən əvvəl mühəndislik ixtisasının spesifik cəhətlərinə nəzər salaq. Dahi Sokrat mühəndisliyi incəsənətin bir növü adlandırmışdı. Çünki mühəndislik, doğrudan da, yaradıcı sənətdir: salınan körpülərdən tutmuş, biotibbi cihazlaradək gündəlik həyatımızda istifadə olunan qurğuların layihəsi, cizgisi mühəndislərin yaradıcı əməyinin məhsuludur. Mühəndislik - həkimlik, müəllimlik ixtisaslarına nisbətən, insanlarla az ünsiyyətdə olan sahədir, yəni onların «tərəf müqabili» maşınlar, cihazlar, aparatlars-dir. İnstitutu bitirdikdən sonra gənclər elə situasiyalarla qarşılaşırlar ki, orda yalnız professional sahədə əldə etdikləri bilik və bacarıqlarla kifayətlənmək olmur. Möhkəm iradə, prinsipiallıq, təşkilatçılıq, məsələlərin öhdəsindən gəlmək üçün insanları öz ətrafında toplamaq, başqalarının, özünün fəaliyyətinə qiymət vermək və s. bacarıqlara yiyələnmək lazım olur ki, bunların da təməli məhz ali məktəbdə qoyulmalıdır. Digər tərəfdən, onların düşüncəsi, təfəkkür tərzi - qrafik təsəvvürə əsaslanır. Buna görə də, gələcək mühəndislərə, elmi-texniki sferada çalışacaq işçilərə nitq mədəniyyətindən kifayət qədər zəngin «bilik baqaj»ı verməklə yanaşı, dil fondunun, ümumi mədəniyyətinin, yaradıcı təfəkkürünün inkişafı üçün ixtisas fənni, bədii ədəbiyyat, həyatın müxtəlif sahələrinə aid oxu mətnlərindən istifadə etmək lazımdır.

- Azərbaycan dilinitq mədəniyyəti fənni ilə texniki fənləri vahid təhsil mexanizminin ayrılmaz tərkib hissəsi hesab edirsinizmi?

- Azərbaycan dilinitq mədəniyyəti fənni ilə texniki fənlər vahid təhsil mexanizminin ayrılmaz tərkib hissələridir. Bu səbəbdən tələbələrimizə «Nitq mədəniyyəti fənninin digər elmlərlə əlaqəsi» mövzusunu izah edərkən texniki fənlərlə riyaziyyat, fizika, kibernetika, eləcə də geoloqlar üçün maraqlı ola biləcək coğrafiya ilə əlaqə haqqında da məlumat vermək lazımdır. Burada Lui de Broyldan sitat gətirmək yerinə düşərdi: Bəşəri kəşfləri də, əldə olunan bilgiləri də riyazi formullarla ifadə etmək mümkündür. Lakin bütün bunları inkişaf etdirmək, nəticələrindən faydalanmaq üçün ilk baxışdan çox adi təsir bağışlayan ədəbi dil lazımdır. Adi görünməsinə baxmayaraq, dilin dəqiqliyi formulların dəqiqliyindən qat-qat güclüdür.

- Ümumiyyətlə, texniki universitetdə humanitar fənlərin tədrisinin hansı üstünlükləri var?

-Müasir dövrdə gənclərimiz hesablama texnikası, informatika, kibernetika elmlərinin prinsiplərinə uyğun təhsil alırlar. Humanitar elmlər zəncirinin bir həlqəsi olan nitq mədəniyyəti isə ADNSU məzunlarını təfəkkürün mühəndis üslubunun dar texniki çərçivəsindən azad olmaq, inkişaf etməkdə olan cəmiyyətimizin sosial sferadakı tələblərinə cavab verməyi bacarmaq ruhunda tərbiyə edir. Çalışmalıyıq ki, istər kollektivlə rəftarında, istərsə də işlədiyi idarədə menecerlə ünsiyyət quranda - çünki menecer, adətən, humanitar ixtisaslı olur - burda əxz etdiyi bilik və vərdişlər onların köməyinə gəlsin.

Məzunlarımız «karyera nərdivanı»nın «briqadir», «usta», «sahə rəisi», «sex müdiri», «direktor» adlanan pillələri ilə irəlilədikcə, artıq «insan+maşın» çərçivəsindən çıxaraq, «insan+insan» amili ilə qarşılaşırlar. Bu vəzifələr mühəndisdən insanlarla işləmək qabiliyyəti tələb edir. Onların idarə rəhbəri kimi elmi-texniki müşavirələr, işgüzar danışıqlar aparanda, tərif və tənqid edəndə yaxud tərif və tənqid ediləndə nitqin etik normalarına riayət etməklə fikrini qarşısındakına çatdıra, həmçinin nitqini qrammatik cəhətdən düzgün qura bilmək üçün yenə də nitq mədəniyyətinin incəliklərindən xəbərdar olması lazımdır.

«Orfoqrafiya», «Orfoepiya» «Vurğu» bəhsində texniki terminlərin orfoqrafiyası, texniki terminlərin orfoepiyası, texniki terminlərdə vurğu haqqında da məlumat verilməlidir. Çalışmalar və tapşırıqlar fərdiliyin cilalanmasına xidmət etməklə yanaşı, həm də formal məntiqi analizdən, texniki təfəkkür tərzindən yaxşı mənada uzaqlaşmağa, yaradıcı təfəkkürün inkişafına yönəldilməlidir.

Bəzən təklif edirlər ki, mühəndis kadrları hazırlayan ali məktəblərdə «tədrisin möcüzəsi» sayılan dialoqları EHM-lərlə aparmaq lazımdır. Amma, fikrimizcə, dialoq canlı ünsiyyət vasitəsi kimi daha çox səmərə verər. Fənlə bağlı «Diskussiya mədəniyyəti» mövzusunu, «Təşkil olunmuş nitq» bölməsinin «Məruzə», «Çıxış» mövzularını tədris edərkən elmi-texniki aspektdə keçirilən tələbə elmi konfranslarında, diskussiyalarda, debatlarda uğurlu iştirakı təmin etmək məqsədilə elmi-texniki nitqin öyrədilməsinə diqqət artırılmalıdır. Yeri gəlmişkən qeyd edək ki, hörmətli Prezidentimiz İlham Əliyev bu ilin noyabr ayında AMEA-da olarkən təhsil naziri M.Cabbarov öz çıxışında qeyd edib ki, ali məktəblərdə elmi-tədqiqat işlərinin aparılması gücləndirilsin.

Gələcəyin mühəndislərinə öz fikirlərinin, ideyalarının, təklif etdikləri yeniliklərin üzərində dayanmaq, etik normalar çərçivəsində israrlı olmaq, qarşıdakını inandırmaq vərdişləri də aşılanmalıdır. Bu məqsədlə, texniki ali məktəblərdə elmi üslubun elmi-texniki qolu elmi və elmi-tədris nöqteyi - nəzərindən xüsusi olaraq işıqlandırılmalıdır. Elmi üslub haqqında məlumat verərkən elmi-texniki üslubun özəlliklərinə, elmi-texniki üslubun leksik-qrammatik xüsusiyyətlərinə də toxunulmalıdır.

Nitqi inkişaf etdirmək məqsədilə verilən, klassikmüasir ədəbiyyatdan götürülən söz inciləri ilə yanaşı, «bədii üslubun elmi-texniki qolu» olan elmi-fantastik əsərlər də gələcək mühəndislərin nitqinin inkişaf etdirilməsinə, zəkasının, dünyagörüşünün zənginləşməsinə xidmət etməlidir. Çünki düzgün seçilmiş elmi-fantastik əsərlərdəki terminlər elmi-texniki dilə (məsələn: kibernetika, robototexnika) çox yaxındır. «Rəsmi sənədlərin yazılış qaydaları»nı tədris edərkən ənənəvi üsulla yanaşı, işə qəbul olunanda tələb edilən CV-lərin, əmək müqavilələrinin, əmək təcrübəsi müddətində lazım ola biləcək elmi-texniki sənədlərin: hüquqi şəxslərlə bağlanan işgüzar müqavilələrin, sazişlərin düzgün cəhətdən tərtibi prinsipləri, əmək təhlükəsizliyi jurnallarının doldurulmasına aid nümunələr, əmək təcrübəsində lazım olan digər sənədlərin, aktların (məsələn, «defektasiya aktı»nın) hazırlanması, mühəndisin anketinin doldurulması haqqında yeri gəldikcə məlumatlar verilməlidir.

Nitq mədəniyyətinin texniki təmayüllü olması heçbu fənnin texniki elmlərlə bərabərləşməsi demək deyil, əksinə, texniki təhsilin humanitarlaşdırılmasıdır. Bu konsepsiya institutumuzun korifeylərindən olan akad. Azad Mirzəcanzadənin «Təhsilin humanitarlaşdırılması haqqında etüdlər» əsərində də yeri gəldikcə, öz əksini tapmışdır. Bir sözlə, təhsil prosesində konkret elmlərlə humanitar elmlərin elə bir vəhdətini yaratmaq lazımdır ki, texniki elmlərdə fərdi xüsusiyyətlərin inkişafını buxovlayan «zəncirlər» humanitar elmlər vasitəsilə açılsın.

Gələcək məzunlarımızın aydın, səlis, yığcam, düzgün nitqə malik olmaları, linqvistika sahəsində verdiyimiz bilikləri istehsalatda müvəffəqiyyətlə tətbiq edə bilmələri üçün əlimizdən gələni etməliyik. Düşüncələrimi dahi Sokratın müəllimin vəzifəsi haqqında dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm: «Müəllimin vəzifəsi tələbənin başına bilikləri yerləşdirməklə bitmir. Çalışmaq lazımdır ki, onun başında yeni ideyaların formalaşmasına zəmin yaransın».

 

Nigar Abdullayeva

Palitra.-2016.-8 aprel.-S.11.