“İslahatlar yaxın
illərdə ölkəmizin iqtisadi gücünün daha da artırılmasını təmin edəcək”
Nazirlər
Kabinetinin 2016-cı ilin
birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bir
sıra məsələlərə toxunan
ölkə başçısı iqtisadi
sahədə həyata keçirilən tədbirlər və
nəzərdə tutulan məsələlərə toxundu.
Birinci rübdə iqtisadi islahatların daha da sürətlə aparıldığını deyən Prezident 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını, ilin əvvəlindən bu istiqamətdə çox fəal işlərin görüldüyünü bildirdi: “Bir çox sərəncamlar, qanunlar imzalanıb və qəbul edilib. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilib”. İqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən etdiyini deyən ölkə başçısı onu da qeyd etdi ki, iqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir, ona görə, iqtisadi sahədə lazım olan bütün tədbirlər görüləcək və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcək: “Bir sözlə, bu il biz gərgin işləməliyik ki, bütün vəzifələr icra edilsin, Azərbaycan iqtisadiyyatı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar”.
Mütəxəssislər də mövcud iqtisadi vəziyyət
və onun həlli yolları ilə
bağlı ölkə başçısının fikirlərinin
bu sahədə problemlərin aradan qaldırılmasında, eləcə də
iqtisadiyyatın daha da
inkişafında mühüm rol oynayacağını deyirlər. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin
sədri, iqtisad elmləri doktoru,
professor Fikrət Yusifov
bildirdi ki, Prezident İlham
Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bildirildi
ki, birinci rübün ümumi iqtisadi yekunları, gözlənildiyi kimi, müsbət olmayıb: “Dünya
bazarlarında neftin qiymətlərinin 3-4
dəfə aşağı düşməsindən sonra, bir neft
ölkəsində belə bir nəticə
gözlənilən idi. Lakin
heç kim buna faciə kimi
baxmamalıdır. Hökumətin son 5-6 ay ərzində
ölkədə qeyri-neft sektorunun
sürətli inkişafını təmin edilməsi istiqamətində
atdığı qətiyyətli addımlar, birinci
rübdə iqtisadiyyatın neftdən kənar sahələrində
əldə edilmiş pozitiv
nəticələr, deməyə əsas verir
ki, biz doğru
yoldayıq. Birinci rübün
yekunlarına görə qeyri-neft sənayesindəki
5 faizdən çox, aqrar
sahədəki 2,7% artım, dünya
iqtisadiyyatının tənəzzül yaşadığı
bir dövrdə, bizi optimist əhvali-ruhiyyədə olmağa səsləyir. Bu müşavirədə Prezident 2016-cı ili dərin
iqtisadi islahatlar ili adlandırdı. İlin
başlanğıcında iqtisadi, maliyyə
və sosial islahatların dərinləşdirilməsi
istiqamətində atılan qətiyyətli addımlar deməyə
əsas verir ki, bu il biz,
həqiqətən, real sektorun
inkişafı istiqamətində indiyə qədər görə bildiyimizdən daha kordinal addımların şahidi
ola biləcəyik”.
İqtisadçının sözlərinə görə, ali məqsəd, ilk
öncə Azərbaycanda normal biznes mühitini
formalaşdırmaqdan və bu hesaba iqtisadiyyatın real sektoruna həm daxili və
həm də xarici investisiyaların cəlb
olunmasını təmin etməkdən ibarətdir: “Son bir neçə ay ərzində bu istiqamətdə
kifayət qədər ciddi qərarlar qəbul
edilib. Azərbaycan hökuməti qeyri-neft sektorunun sənaye,
aqrar, tikinti, nəqliyyat,
turizm kimi sahələrinin
hər biri üzrə konkret
tədbirlər planı ortaya qoyub. Bu plan yerlərdə sənaye
zonalarının yaradılması və aqrar
sektorda taxıl, pambıq və barama kimi strateji
məhsul növlərinin istehsalının bir
neçə dəfə artırılması hesabına
ölkənin ixrac potensialının əsaslı
şəkildə genişləndirilməsini, tranzit
yükdaşımaların və ölkəyə turist axınının
artırılması hesabına ölkəyə valyuta axınının kifayət qədər
artırılmasını nəzərdə tutan
bir plandır. Məqsəd, yaxın bir neçə ilə ölkə
iqtisadiyyatının neftdən asılılığına son qoymaqdır. Bu məqsədə
çatmaq yolunda
ölkədə aparılan institusional
islahatların və struktur
islahatlarının rolu kifayət qədər
böyük olacaq”. F.Yusifov bildirdi ki, aparılan islahatlar
yaxın illərdə ölkəmizin iqtisadi
gücünün daha
da artırılmasını təmin edə
biləcək: “Dünyanın siyasi
müstəvisində ölkəmizin gücünün
artması və Qarabağ məsələsinin
istədiyimiz şəkildə həlli də məhz iqtisadi cəhətdən daha
güclü olmağımızı bizdən
tələb edir. Bütün
görülən işlər buna istiqamətlənməlidir.
Güclü iqtisadiyyat
həm siyasi güc, həm
hərbi güc və həm də Azərbaycan
vətəndaşının sosial durumunun güclənməsi deməkdir”.
Nigar Abdullayeva
Palitra.-2016.-12 aprel.-S.5.