Gənc rəssam Nicat Muxtarlının yaradıcılıq axtarışları

 

Qədim və zəngin tarixə malik olan Azərbaycan incəsənəti daim inkişaf etməkdədir. Zaman-zaman qoynunda istedadlar yetişdirən yurdumuzun milli incəsənət ənənələrini öz maraqlı axtarışları ilə davam etdirməyə çalışan istedadlı gənclərdən biriNicat Muxtarlıdır.

Nicat Muxtarlı 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Zəngi liseyində başa vurduqdan sonra 2009-2013-cü illərdə Azərbaycan Turizm İnstitutunun bakalavr, 2013-2015-ci ildə isə Türkiyədə İzmir İqtisad Universitetinin magistr pilləsində təhsil almışdır. Hal-hazırda isə Qərb Universitetinin doktorantura şöbəsində təhsilini davam etdirir.

İxtisasca iqtisadçı olan Nicatın rəssamlığa olan marağı hələ erkən yaşlarından başlamışdır. Belə ki, o, doqquz yaşında olarkən rəssamlıq üzrə incəsənət dərnəyinə yazılır və zaman ötdükcə bu sənətə olan marağını daha da inkişaf etdirir. Nicat öz yaradıcılıq nümunələrinin ərsəyə gəlməsində daha çox yağlı boyadan və spreydən istifadə edir. Bunlardan əlavə, zərlə işləmə texnikasında da müxtəlif bədii nümunələr yaratmaqdadır. Qeyd edək ki, Nicatın bir çox rəssamlıq əsərlərinin mövzusu bilavasitə müqəddəs kitablardan (“Quran-i Kərim”, “Tövrat” və “İncil”) götürülmüş hadisələri əks etdirir. Elə gənc rəssamın ilham mənbəyi də müqəddəs kitablardır. Əsərlərinin əsas qəhrəmanı isə Həzrəti İsadır. Bu mənada onun ilk əsəri də məhz “Həzrəti İsanın islama dönüşü” adlanır. Nicat Muxtarlının əsas məqsədi əsərlərində Həzrəti İsanı insanlara başqa cür anlatmaqdır. Belə ki, “Həzrəti İsanın islama dönüşü” əsərində İsa peyğəmbərin kürəyində xaçla məscidə doğru getməsini əks etdirən gənc rəssam, bəşəriyyətdə mövcud olan din ayrı-seçkiliyinə qarşı çıxdığını ifadə etmişdir.

Gənc olmasına baxmayaraq, Nicat Muxtarlının yaradıcılıq nümunələrini nəzərdən keçirtdikdə onun, həqiqətən də, müstəqil süjet seçimi və yaradıcılıq xətti olduğunu aydın müşahidə etmək olur. Qeyd edək ki, Nicat Muxtarlının ən sevimli rəssamları İntibah dövrünün görkəmli nümayəndələrindən olan MikelanceloKaravaccodur ki, onların yaradıcılığından gənc rəssam məharətlə bəhrələnməkdədir. Daha çox qırmızı rənglə işləməyə üstünlük verən gənc rəssamın özünə görə ən uğurlu əsəri “Həzrəti İbrahimin atəşdən xilas olması” əsəridir. Əsərin süjet xətti “Quran-i Kərim”dən götürülmüşdür.

Nicat Muxtarlı çox vaxt əsərlərini çəkərkən emalatxanasında tənha qalmağı və öz daxili - ruh aləminə daxil olub öz fikirlərini ifadə etməyi xoşlayır. Onun fikrincə, rəssamlıq duyumu olan hər kəs gözəl əsərlər yarada bilər. Oyan Salvador”, “Sonuncu səssizlik”, “Həzrəti İsaya vəhy olunması”, “Həzrəti İsanın nurukimi özündə müəyyən fəlsəfi məzmun yükü daşıması ilə seçilən əsərləri Nicat Muxtarlının, eyni zamanda fərqli düşüncələrə malik olmasını da şərtləndirir.

Nicat Muxtarlının yaradıcılığında əsas yer tutan janrlardan biriportret janrıdır. Portret yaradıcılığında daha çox dünyaşöhrətli yaradıcı insanların - aktyorların, müğənnilərin, eləcə də görkəmli şəxsiyyətlərin, elm xadimlərinin portretlərinə yer ayıran gənc rəssam yaratdığı obrazların zahiri oxşarlığı ilə yanaşı, onların daxili aləminə də xüsusi diqqət yetirir. Bu mənada onun akademik Arif Paşayevin doğum gününə həsr etdiyi portreti xüsusilə vurğulamaq olar.

Nicatın əsərlərində qara rəngin, xeyirlə şərin mübarizəsini də müşahidə etmək olar. Gənc rəssam, eyni zamanda yeni dönəmdə Pakistanda baş verən faciəyə də öz münasibətini “Pakistan dövləti faciə içində” əsərini yaratmaqla bildirmişdir. Əsərdə Pakistan dövlətinin bayrağını və silahlı hücum terroru təsvir edilib. Rəssam bu əsəri ilə terrorun əleyhinə olduğunu nümayiş etdirmişdir.

Rəssam öz əsərlərində səma cismlərindən, eləcə də simvollardan da geniş istifadə edir. Misal olaraq ayulduz simvollarını ən çox türkçülüklə bağlı əsərlərində görmək olar.

Üç dünya” adlı əsəri də Nicat Muxtarlının uğurlu əsərlərindəndir. Bu əsərdə fərqli-fərqli insanlar təsvir edilib. Müasir dünyamızı əks etdirən simvolik əsərdir. Bir dünyada əyləncə yaşıl rəngdə, bir dünyada namaz qılan uşaq və nəhayət, sonuncu hissədə isə sevgini əks etdirib. Üç fəlsəfi fərqli dünyanı birləşdirib. Qeyd edək ki, rəssam “Üç dünya” əsərinə görə Bakıda keçirilən sərgilərin birində II yerlə mükafatlandırılmışdır.

Yaradıcılığı boyu müxtəlif sərgilərdə iştirak edən Nicat Muxtarlının ilk sərgisi “Topiyaolub. Gənc rəssamın Türkiyənin İzmir şəhərində isə iki dəfə fərdi sərgisi keçirilmişdi.

Hal-hazırda Nicat Muxtarlı 2016-cı ilin yayında nəzərdə tutulmuş fərdi sərgisi üçün hazırlaşır. Ona fərdi yaradıcılıq yolunda tükənməz nailiyyətlər arzulayırıq.

Emil AĞAYEV

ADMİU-nun Rəssamlıq

fakültəsinin II kurs tələbəsi,

sənətşünas

Palitra.-2016.-14 aprel.-S.13.