Kanadada Liberal partiyasının keçirdiyi tədbirlərə dəvət alıram”

 

Rəna Müslümova: “Azərbaycanla bağlı möhtəşəm tədbirlərin Kanadanın da böyük şəhərlərində keçirilməsini çox istəyirəm”

 

Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, Kanadadakı soydaşlarımız da aktiv diaspor fəaliyyəti göstərirlər. Soydaşlarımız bu işi sosial şəbəkələrdə də davam etdirirlər. Müsahibimiz Rəna Müslümova da Kanadadakı fəal həmyerlilərimizdəndir. O, “Facebookda yaratdığı "Azerbaijanis in Canada" qrupunda Kanadadakı soydaşlarımızı virtul olaraq bir araya gətirməyi hədəfləyib. Qeyd edək ki, R.Müslümova Kanadanın Monreal şəhərində yaşayır. Bakıda doğulub, böyüyüb. 6 ildən çox müddətdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda çalışıb. Ailəlidir, 3 övladı var.

-Necə oldu ki, Kanadaya getməli oldunuz?

-Kanadaya 2007-ci ildə gəlmişəm. Həyat yoldaşım burada yaşayır. O, Kanadaya məndən illər öncə gəlib. 3 övladım var hər biri burada dünyaya gəlib; Leyla 8, Fərid 7, Nilüfər 4 yaşındadır. 2 dəfə Vətənəgetmək imkanımız olub. Uşaqlar heç qayıtmaq istəməyiblər. Bakını çox seviblər. Hər gün deyirlərSən niyə bura gəldin?”,“Gedək Bakıya”,“Gedək dənizə s... Əslində, hər il getmək istəyirəm. Ən çoxda Novruz bayramında uşaqları aparmaq istərdim, adət-ənənələrimizi daha yaxından görsünlər. Hələ körpəlikdən uşaqlarımı xalq musiqilərimizin, muğamlarımızın sədaları altında laylayla yatızdırmışam.

-Kanadalıların azərbaycanlılara münasibəti necədir?

-Çox böyük əksəriyyət, yəni həm əsl kanadalılar,eyni zamanda bura immiqrasiya etmiş digər xalqlar Azərbaycanı tanımır. Mənim ya ərəb, ya da ispan dilli olduğumu soruşurlar. Onlara Azərbaycan haqqında danışanda, sadəcə, etika xatirinə üzümə gülümsəyirlər. Soruşuram bilirsiz haradır? Eyni cavabı alıram: “Yox”. Yaxşı ki, indi telefonlarda hər imkan var. Əvvəl xəritəni göstərirəm, sonra tarixi coğrafiyası haqda danışıram. Soruşurlar hansı dildə danışırsız? Deyəndə ki, bizim dilimiz Türk dilləri qrupuna aiddir, həmçinin türk dilinə daha yaxındır. Bəzən türk deyən kimi çoxları, o türklər, erməni genosidi ediblərreplikasını atırlar. yenə mən başlayıram həqiqətləri danışmağa. Bunu tək mən yox, Kanadada yaşayan hər bir azərbaycanlı edir. Hamımız Azərbaycan həqiqətlərini, tarixini, coğrafiyasını, Qarabağ haqqında, ümumiyyətlə, hər bir şeyi danışırıq.

Mən həmişə belə odlu -alovlu danışmağa başlayanda tez-tez bir sual eşidirəm- Əgər sən öz dövlətini bu qədər sevirsənsə, niyə öz ölkəndə qalmadın?

Hamıyada eyni cavabı verirəm: “Mən olmasam siz mənimVətənimi haradan tanıyarsız. Mən öz ölkəmin könüllü səfiriyəm, sizə tanıdıram”.

Burada bəzi millətlərin nümayəndələri Qarabağ məsələsində ermənilərin tərəfini tuturlar. Onların həqiqəti bilmədiyini deyirəm əslində, vəziyyətin necə olduğunu anladıram. Bəzən buna görə məni işə götürməkdən belə, imtina ediblər. Amma bütün hallarda imkan verməmişəm mən olan ortamda kimsə ölkəmiz haqqında haqsız nəsə danışsın.

-Azərbaycanı kanadalılara necə tanıdırsız?

-Burada 2014-cü ildə erməni yalanlarının ifşa olunması istiqamətində aksiyada iştirak etdik. Türkiyə türkləri ilə azərbaycanlılar birgə keçirdilər. Ötən il Kanadada Bakının ermənilərdən azad olunmasının 95 illiyi qeyd olundu. Xocalı ilə bağlı Torontoda tədbir keçirildi. Bu il Həsən Abbası Novruz bayramını təşkil etdi. Tədbirin bədii hissəsini mən hazırladım. Tərtib etdiyim mahnıları və klipləri Torontaya yeni gəlmiş, vaxtilə mənim yoldaşım olan Abbas Talıyev hazırlamışdı. Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayeviştirak etdi.

-Kanadanın ictimai həyatında fəallıq göstərirsizmi?

-Mən bu il Kanadada parlament seçkiləri ərəfəsində yaşadığım Brossard-Saint-Lambert seçki dairəsindən deputat Alexandra Mendes (Liberal partiyası) və onun komandası ilə 1 aydan çox beneval işlədim. Parlament seçkiləri günü isə Scrutateur (Seçkinin nəticələrinin doğruluğunu yoxlayan komissiyanın üzvü) kimi fəaliyyət göstərdim. Həmin gün səs çoxluğu ilə qələbə qazandıq və Justin Trudeau qalib gələrək Kanadanın baş naziri seçildi.Seçkinin necə şəffaf və demokratik yolla keçirildiyinin şahidi oldum. Beləcə, Liberal partiyasının Brossard-Saint-Lambert dairəsində keçirdiyi bir sıra tədbir və ziyafətlərə dəvət alıram.

-Hansı planlarınız var?

-Əslində, çox planlarım var.Amma bunun üçün gərək hansısa bir rəsmi qurumun adından çıxış edim və mənə dəstək verən olsun. Hələ ki, sırf Rəna Müslümova kimi fəaliyyət göstərirəm.

Monrealda yayda çox festivallar olur. Azərbaycanla bağlı belə möhtəşəm tədbirlərin Kanadanın da böyük şəhərlərində olmasını çox istəyirəm. Ən böyük arzum Kanadanın Azərbaycanda səfirliyinin açılmasıdır.Tanıdığım gözəl fotoqraflar var. Çox istərdim ki, onların fotosərgisini keçirim. Azərbaycanın bir-birindən gözəl şəhər və məkanlarının fotolarını sərgiləyim.

Fuad Hüseynzadə

 

Palitra.-2016.-14 aprel.-S.7.