Professor Rauf Sultanov: “Pambıqçılığın
inkişafı ölkəmiz üçün
çox vacibdir”
“Bu sahənin inkişafı həm
yeni iş yerlərinin açılması, həm də ixrac
məhsulunun istehsalı deməkdir. Bu
zaman ekoloji mühitin sağlamlığının
qorunması da vacib məsələ
kimi diqqətdə saxlanmalıdır”
Nazirlər
Kabinetinin 2016-cı ilin
birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında ölkə
başçısının toxunduğu
məsələlərdən biri də mövcud ekoloji vəziyyət
və bu istiqamətdə həyata
keçirilən tədbirlərlə
bağlı idi. Prezident
çıxışında ekoloji tədbirlərin
davam etdirilməsinin çox
önəmli olduğunu bildirdi
və qeyd etdi ki, son illər ərzində
həm Bakı şəhərində, həm bölgələrdə
bu istiqamətdə çox
böyük işlər görülüb:
“Hesab edirəm ki,
Bakı şəhərinin sakinləri bunu
hər gün hiss
edirlər. Bakının havası təmizləndi. Bakıda indi havanın meyarları yüksək səviyyədədir.
Bunu hər bir vətəndaş
hiss edir. Bəziləri
unudurlar ki, əvvəlki
vəziyyət necə idi. Ancaq
biz bunu
xatırlayırıq. İndi biz Bakıda möcüzələr
yaradırıq ki, şəhərimiz
gözəlləşsin, ekoloji vəziyyət
yaxşılaşsın, insanlar sağlam olsunlar”. Mütəxəssislərimiz
də ekoloji sahədə həyata
keçirilən tədbirlərin təqdirəlayiq olduğunu deyirlər. Müsahibimiz
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya
fakültəsinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq
Fondunun prezidenti Rauf Sultanovdur:
“Hər bir insan
yaşadığı, çalışdığı yerdə
ekoloji mühiti qorusa, bu
tarazlığı təmin edə bilərik”
- Ölkə başçısı Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı bir sıra sahələrlə bağlı fikir bildirib və o cümlədən respublika iqtisadiyyatının inkişafı ilə əlaqədar müxtəlif orqanlara müvafiq tapşırıqlar verib. Bu tapşırıqlardan biri də müəyyən sahələrdə, ekoloji durumun, sabitliyin qorunması, mühafizə edilməsi məsələləri ilə bağlıdır. Ümumiyyətlə, bu gün ölkəmizin qarşısında duran əsas məsələlərdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bunun üçün kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məqsəd kimi qoyulub. Məsələ ondan ibarətdir ki, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün həm sənaye, həm də qida məhsullarının istehsalı nəzərdə tutulur. Qida məhsullarının istehsalı ilə əlaqədar olaraq dünya miqyasında genetikası dəyişmiş, modifikasiya olunmuş orqanizmlərin və ya onların məhsullarının dünya bazarında satışının nəzərdə tutulması, yaxud Azərbaycana gətirilib istifadəsinin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilir. Lakin buna baxmayaraq, bəzi fermerlər həmin məhsulların istehsalı ilə az da olsa məşğul olurlar. Doğrudur, Azərbaycanı dünya miqyasında Rusiya, Türkiyə kimi qonşu ölkələr ilə müqayisə etdikdə genetik modifikasiya olunmuş orqanizmlər və onların məhsullarının istehsalı, demək olar ki, bizdə yox dərəcəsindədir. Ona görə də Azərbaycanın istehsal etdiyi məhsullara dünya bazarında böyük ehtiyac var. Bu gün ölkədə məhsul istehsalının artırılması ilə yanaşı, onun keyfiyyətinin yaxşılaşdırılması da ən mühüm tələblərdən biridir. Ölkəmizdə istehsal olunan hər bir məhsulun standart göstəriciləri olmalı, ölkə miqyasında təsdiq olunmalı, həmin standartlara uyğun məhsulların istehsalı təmin olunmalıdır. Bundan sonra maarifləndirici tədbirlər aparmaqla öz məhsullarımızı dünya bazarına çıxa bilərik. Bizdə qeyri-neft sektorunu, kənd təsərrüfatını, xüsusilə də üzümçülüyü, o cümlədən ölkə başçısının qeyd etdiyi kimi, pambıqçılığı inkişaf etdirməyin vacibdir. Ölkəmizdə ənənəvi sahələrdən olan pambıqçılığın inkişafı çox vacibdir. Bu sahənin inkişafı həm yeni iş yerlərinin açılması, həm də ixrac məhsulunun istehsalı deməkdir. Bu zaman ekoloji mühitin sağlamlığının qorunması da vacib məsələ kimi diqqətdə saxlanmalıdır. Ona görə də bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi lazımdır.
- Ekoloji
mühitin
yaxşılaşdırılmasında hansı problemlərin
aradan qaldırılmasını vacib hesab edirsiniz?
- Ekoloji mühitin qorunmasına hərtərəfli yanaşmalıyıq. Məsələn, bizim iri şəhərlərdə nəqliyyat vasitələrinin atmosferi çirkləndirməsi və insan sağlamlığına mənfi təsir görtərməsi amili yüksəkdir. Ölkəyə gətirilmiş avtomobillərin karbüratorlarından havaya buraxılan tüstünün tərkibində karbon-oksidin miqdarı 0,3 faizdən yuxarı olmamalıdır. Xüsusilə Rusiyadan gətirilmiş təzə maşınlarda apardığımız monitorinq zamanı məlum olub ki, 6-8 faizə qədər karbon-oksid var. Yaxud Avropadan gətirilən və havaya daha çox karbon-oksid buraxan köhnə avtomobillərin gətirilməsinin qarşısı alınmalıdır.
İqtisadiyyatın inkişafı ilə bağlı meliorasiya tədbirlərinin həyata keçirilməsi mühüm amildir. Torpaqlar şoranlaşır və onların yuyulması ilə əlaqədar olaraq dövlət səviyyəsində böyük işlər görülür. Lakin burada həmin suların Xəzər dənizinə axıdılması problemi aradan qaldırılmalıdır. Bu gün ölkədə mövcud ekoloji problemlərdən biri də yaşıllıqların qorunmasıdır. Bəzən şahidi oluruq ki, 10-20 il ömrü olan iri ağaclar kəsilir. Bununla bağlı hansısa işbazlara güzəşt olmamalıdır. Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlar tərəfindən bu sahədə mühüm tədbirlər həyat keçirilir. Lakin əsas maarifləndirici istiqamətdə tədbirlər aparmalıyıq. Hər bir insan yaşadığı, çalışdığı yerdə ekoloji mühiti qorusa bu tarazlığı təmin edə bilərik. Ölkə başçısı son çıxışında ekoloji mühitin sağlamlaşdırılması haqqında tapşırıqları təsadüfi verməyib. Xatırlasaq görərik ki, ölkə başçısı yaşıllıqların salınması ilə bağlı müəyyən vəsait ayırmışdı. Bu çox təqdirəlayiq haldır. Yaşıllıqlar salınır, onların sulanması, aqrotexniki qulluğu ilə müəyyən insanlar məşğul olur ki, həmin ağacların inkişafı təmin olunur.
Eləcə də Bakıda su probleminin həlli üçün dövlət səviyyəsində 1 milyard manat vəsait xərcləndi və su kəməri çəkildi. Suyun səmərəli istifadəsinə xüsusi diqqət yetirilməlidir. Dünyanın inkişaf etmiş kapitalist ölkələri ilə müqayisə etdikdə Azərbaycanda bir nəfərə düşən istifadə olunan suyun miqdarı 10 dəfə artıb. Bizdə qənaət rejimi yoxdur və səmərəli istifadə edə bilmirik. Bu istiqamətdə həm suyun keyfiyyətinə nəzarət olunmalı, əhalinin sağlamlığı üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir.
“Balaxanıda olan utilizasiya zavodu Qafqaz miqyasında ən
böyük zavodlardan
biridir”
- Vaxtilə
paytaxtın havasını ən çox
zəhərləyən Balaxanı zibilxanası idi. Bu istiqamətdə həyata
keçirilən layihələri necə dəyərləndirirsiniz?
- Bakı şəhərində olan ekoloji problemlərdən biri də məişət tullantılarının yığılıb və onların təkrar istehsala cəlb olunmasıdır. Bununla əlaqədar Balaxanı ərazisində məişət tullantılarının toplanıb utilizasiya olunması prosesi öz həllini tapıb. Bakı ətrafında sahibsiz heyvanların olduğu ərazidə müəyyən xəstəliklərin yaranma riski daha çoxdur. Ona görə də bu istiqamətdə çox mühüm işlər görülüb. Bu bir faktdır ki, Balaxanıda olan ultralizasiya zavodu Qafqaz miqyasında ən böyük zavodlardan biridir. Orada çeşidlənmə aparılır, təkrar istehsalın təşkil olunması, bioenerjinin alınması kimi işlər görülür. Arzu edərdim ki, bu proseslərə digər rayon və şəhərdə olan tullantıların da toplanaraq həmin zavoda gətirilməsinə diqqət yetirilsin.
“Yodun
istehsalı ilə bağlı daha böyük layihələr
hazırlanmalıdır”
-Ekologiyanı zəhərləyən amillərdən biri də yod zavodu ilə bağlı idi. Bu gün həmin problemin aradan qaldırılması ilə bağlı nə deyərdiniz?
- Dünya miqyasında Azərbaycan yodun miqdarına görə 10 dövlətdən biridir. Yod istehsalı Bakı və ətraflarda aparılır. Məsələ ondan ibarətdir ki, onun istehsal prosesində əmələ gələn qalıqların utilizasiya olunması vacibdir. Həmin qalıqlar ekoloji problemin əmələ gəlməsinə təsir göstərən əsas amillərdən biridir. Fikrimcə, inkişaf etmiş ölkələrdə olan yodun istehsalı ilə bağlı müasir texnologiyalar ölkəmizə gətirilməlidir və onun istehsalı ilə məşğul olmalıdır. Yodun istehsalı ilə bağlı daha böyük layihələr hazırlanmalıdır. Ölkə başçısı da qeyd etdi ki, Bakıda yerləşən Yod zavodunun bütün qalıqları çıxarılıb. Bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən bütün işlər təqdirəlayiqdir.
-Bibiheybət buxtasının təmizlənməsi başa çatıb. Ağ Şəhər layihəsini necə qiymətləndirirsiniz?
- Qeyd etdiyim
kimi ölkədə ekoloji
mühitin
sağlamlaşdırılması istiqamətində mühüm işlər görülür.
Bibiheybət buxtasını bu gün tanımaq qeyri-mümkündür,
cənnətə çevrilib. Orada dövlət səviyyəsində müəyyən
layihələr həyata keçirilib.
Bakıətrafı ərazilərdə də müəyyən
gölməçələr var ki, bu istiqamətdə də
geniş tədbirlərin keçirilməsi
vacibdir. Bu istiqamətdə
dövlət səviyyəsində mühüm
işlər görülüb. Prezidentin fərmanı ilə böyük
layihələr reallaşdırılıb. Bu
gün, doğurdan da, Bakı dünyanın ən gözəl və
təmiz şəhərlərindən biridir.
Hazırda “Qara şəhər”
adını dəyişib Ağ Şəhər
adlanır və onun yerində olan zavodlar köçürülüb,
həmin ərazidə təmizlik işləri aparılıb,
ekoloji mühit
yaradılır. Həqiqətən də, bu
layihələrin hər biri tarixi əhəmiyyət daşıyan layihələrdir.
Nigar Abdullayeva
Palitra.-2016.-14 aprel.-S.6.