“Nəbatatla bağlı gənc alimlər
hazırlanır”
Yusif Zeynalov: “Biologiya üzrə alim hər
hansı bitkini öz əlləri
ilə əkib yetişdirdikcə, üzərində
davamlı işlədikcə inkişaf edir”
Azərbaycan florasında olan bitkilərin genofondunun qorunmasında bu sahə üzrə alimlərin də üzərinə mühüm vəzifə düşür. AMEA-nın Mərkəzi Nəbatat bağının əsas fəaliyyət istiqamətlərindən biri də budur. Elə müsahibimiz də Mərkəzi Nəbatat bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının rəhbəri, dosent, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalovdur. Qeyd edək ki, Y.Zeynalov 1949-cu ildə Gədəbəy rayonunda anadan olub. 1971-ci ildə indiki Bakı Dövlət Universitetini bitirib. Elə həmin il Leninqradda (Sank-Peterburq) Pavlov adına Tibb Akademiyasında elmi təcrübə keçib. Azərbaycanda bır sıra vəzifələrdə çalışıb. 1976-1996-cı illərdə Respublika Biologiya Olimpiadasının rəhbəri olub. Həmçinin 20 il Türkiyənin müxtəlif universitetlərində Biologiya fənnini tədris edib. 8 kitabın müəllifidir.
-Mərkəzi Nəbatat
bağının əsas fəaliyyət istiqamətləri nədən
ibarətdir?
- Mərkəzi Nəbatat bağı Azərbaycan florasında olan bitkilərin bir araya toplandığı yerdir. Bunun da məqsədi alimlərimizi, eləcə də gənclərimizi, tələbələrimizi, məktəblilərimizi təbiətimizdə yetişdirilən bitkilərlə tanış etməkdir. Həmçinin bitkilərin faydalarından istifadə etmək yollarını göstərməkdir. Eyni zamanda məqsəd Mərkəzi Nəbatat bağında yetişdirilən, təcrübə ilə çoxaldılan bitkilərin Azərbaycanın uyğun olan yerlərində əkib çoxaltmaq, təbiətimizi zənginləşdirmək və ekologiyamızı təmizləməkdir.
Bakının yaşıllaşdırılmasında Mərkəzi Nəbatat bağının çox böyük rolu olub. Mərkəzi Nəbatat bağı 1934-cü ildə dövlətin qərarı ilə Bakının dağlıq hissəsində salınıb. Bu bağın ərazisində böyük bitkilər, əsasən, 1936-cı ildə əkilib. Bütün respublikada biologiya üzrə alimlərin böyük bir hissəsi burada çalışıb və təcrübə keçiblər.
Mərkəzi Nəbatat bağı quru subtropik bölgədir.
Burada yayda su problemi olur. Su az olduğu üçün bir çox bitkiləri yayda saxlamaq olmur.
-Gənc alimlərin Mərkəzi Nəbatat bağında çalışmağa,
araşdırma aparmağa
marağı necədir?
- Mərkəzi Nəbatat
bağında gənc
alimlərimizin yetişdirilməsi
davam edir. Amma əməkhaqqının nisbətən
az olmasına
görə hələlik
gənclərin sayı
o qədər də çox deyil. Xüsusən də oğlanlar çox az gəlir.
Əsasən qızların marağı
var. Mərkəzi Nəbatat
bağı elə yerdir ki, təbiətlə
təmasda olmaq, bitkiləri canlı yığıb gətirmək
lazımdır. Bitkiləri toplamaq
üçün lazım
gəlir dağa çıxırsan. Qızlar üçün
də bəzən bu, çətin olur. Hazırda dünyanın əksər
ölkələrində Mərkəzi
Nəbatat bağında
yetişdirilən alimlər
fəaliyyət göstərir.
Xüsusən də Türkiyədə
belə alimlərimiz daha çoxdur. Bu alimlər hər
kəs tərəfindən
sevilirlər. Mən istəyirəm
ki, bu gün
də əvvəlki ənənə davam etdirilsin. Daha savadlı, elmli
alimlərimiz yetişdirilsin.
Alim yetişdirmək elə də asan məsələ
deyil. Xüsusən də Mərkəzi
Nəbatat bağında
çalışan alim
gərək təcrübə
keçsin. Biologiya üzrə
alim hər hansı bitkini öz əlləri ilə əkib yetişdirdikcə, üzərində
davamlı işlədikcə
inkişaf edir. Ona görə də maraq yaranmaq
üçün bir az maddi
baxımdan stimul olmalıdır. Ümid edirik ki, maaşlar artarsa, bura gələn gənc alimlərimizin də sayı çoxalar.
-Xaricdən bura alimlər təcrübə üçün
gəlirlərmi?
- Bura bir neçə
ölkədən alimlər
gəlir. Xüsusən də İran
və Türkiyədən
gələn alimlər
çoxluq təşkil
edir. Onlar burada aylarla,
illərlə təcrübə
keçir və elmi işlərini davam etdirirlər.
Eyni zamanda bizim gənclərimiz də Rusiya, Almaniya və başqa ölkələrə
təcrübə üçün
gedirlər. Onlar orada yeni üsulları öyrənərək
gəlib burada tətbiq edirlər.
-Mərkəzi
Nəbatat bağında
yeni hansı bitki növləri yetişdirilir?
-Sovet İttifaqı dağılandan sonra bir çox bitki növlərimiz, az qala,
yarıya-yarı azalıb.
Çünki burada işləyən
alimlərin bir çoxu getmişdilər.
Amma buna baxmayaraq, müstəqilliyimiz yenidən
bərpa olunandan sonra da Mərkəzi
Nəbatat bağının
florası zənginləşdirilib.
Məsələn, mən 1996-cı ildə Türkiyəyə
gedənə qədər
Mərkəzi Nəbatat
bağının ərazisinə
587 növ ağac-kol bitkiləri gətirmişdim.
Bunların hamısını Azərbaycanın bölgələrindən,
həmçinin başqa
ölkələrdən ekspedisiyalara
gedən zaman toplamışdım.
Dünyanın hər yerindən delektuslarla (toxum kataloqları) əlaqə
saxlanılır və
oradan toxumlar alınıb Mərkəzi
Nəbatat bağında
çoxaldılır. Bundan sonra
da hər bitki uyğun olan yerdə əkilir. Çünki quraqlığa dözümlü
bitkini gətirib ağacın kölgəsində
əksən bitməz.
Eləcə də kölgədə
bitən bitkini aparıb açıq ərazidə əksən
bitməz. Yəni bu
sahənin alimləri bunu bilməlidir. Bunun üçün də təkcə kitabdan oxumaqla iş bitmir. Düzdü,
kitabda hamısı
var. Amma kitabda olanları praktiki olaraq tətbiq etmək böyük şərtdir. Bunu təcrübə
ilə öyrənirsən.
Ona görə də yeni bitkilər
hər il
gəlir. Mərkəzi Nəbatat bağının
başqa laboratoriyaları
da var. Xüsusən bu sahə üzrə
gənc alim olmaq istəyənlər bu istiqamətdə araşdırma və axtarış edirlər.
-Bitkilərin nəslinin kəsilməsinə
əsas səbəb nədir? Bunun qarşısı necə alınır?
- Bunun əsas səbəbi ekologiyanın
dəyişməsidir. Yəni ekologiya
istiləşməyə doğru
gedir. İstiliyin ortalama bir dərəcə dəyişməsi
oradakı bitkilərin
bir çoxunun məhvinə səbəb
olur. Ona görə də
bitkiləri ekoloji şərtlərə uyğun
vəziyyətə gətirmək
üçün onu incələyib ora adaptə etmək lazımdır. Bitki uyğunlaşdıqca
onu yenidən təbiətə qaytarmaq olar. Biz burada
bitkiləri uyğunlaşdırıb
təbiətə qaytarır
və zənginləşdiririk
ki, gələcək nəsillərimiz bunların
şəkillərini yox,
özlərini canlı
olaraq görə bilsinlər. Bitki nə
qədər zəngin
olarsa, o qədər də təbiətimiz təmiz olar. Bildiyimiz kimi, bütün canlı sistemin yaşamasını bitkilər
təmin edir. Havanı yaradan bitkidir. Bitkisiz dünyanı təsəvvür
etmək olmur. Bitkisiz oksigen yox olub
gedər. Karbon qazının
miqdarı o qədər
çoxalar ki, heç bir canlı yaşaya bilməz. İndi bunu bəlli
bir səviyyədə
saxlayan bitkilərdir.
Eyni zamanda bir çox
qida maddələri bitkilərdən hazırlanır.
Bununla yanaşı, bitkilərdən
dərman vasitələri
hazırlanır. Təbiətdə bitkilər, şəhərlərin
yaşıllığı nə qədər çox olarsa, orada yaşayan insanların sağlığı
da təmin edilmiş sayılar.
Çünki böyük şəhərlərdə
zavodların, fabriklərin,
avtomobillərin havaya buraxdığı tullantılar
var. Bu da xüsusən
karbon qazının miqdarını çoxaldır.
Onları üzvi maddəyə
çevirən, təmizləyən
bitkidir. Bütün canlı
sistem bitkilərdə
əmələ gələn
maddələrin hesabına
yaşayır və kodlaşıb. Məsələn, bir insanı aparıb Marsda yaşatmaq qeyri-mümkündür.
Çünki bizim orqanizm
buradakı bitkilərə
kodlaşıb. Təbiətdə 100-dən
çox elementlər
var. Bunların hamısı
insan orqanizmində, eləcə də bitkilərdə var. Bunların
hamısını bitkilər
torpaqdan alır, onu da biz alırıq.
Bütün yaşayışımız da onların hesabınadır.
-Hansı bitkilərin nəslinin kəsilmək təhlükəsi
var?
- Bir çox ağac, kol və ot
bitkilərinin nəslinin
kəsilmək təhlükəsi
var. Biz çalışırıq ki, bunların qarşısını alaq.
Bizdə
geofitlər, yəni yeraltı kökümsovlu
və soğanı bitkilər var. Bunların bəziləri təbiətimizdə
bir neçə yerdə qalıb. Hətta eləsi var bir yerdə qalıb. Onları çoxaldıb təkrar
təbiətə qaytarmaq
lazımdır. Və ya
bir çox ağac bitkiləri var. Məsələn, Lənkəranda
Hirkan qoruğunda dünyanın heç bir yerində bitməyən bitkilər
var. Orda təbiət dəyişərsə, o qoruqdakı
bitkilərin hamısı
yox olar. Orada bir ağacın qırılması, çoxlu
sayda bitki növlərinin yox olması deməkdir.
Bundan başqa, bizdə Eldar qoruğu var. Eldar şamı dünyada
yeganə olaraq bu qoruqda qalıb.
Çalışılır ki, oradakı
bitkilərin nəsli kəsilməsin. Əgər
onların nəsli kəsilərsə, o qoruqdakı
bir çox ot və
kol bitkiləri də yox olar.
Ona görə də Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və digər aidiyyəti qurumlar, eləcə də mütəxəssislər
həm ekzotik baxımdan gözəllik əmələ gətirirlər,
həm də təbiəti olduğu şəkildə saxlamağa
çalışırlar. Məqsəd
təbiəti olduğu
şəkildə qorumaqdır.
Təbiət olduğu şəkildə
qorunarsa, deməli, o bitkilərin nəsli kəsilməz. Ən azından
bu şərait düzələrsə, getdikcə
o bitkilər çoxlar,
artar və başqa yerlərə də yayılar. Lakin, bəzən bir çox ölkələrdən
düşünülməmiş şəkildə bir bitkini gətirib əkərək çoxaldırlar.
Bu bitki də
artıb oradakı başqa bitkiləri məhv etməyə başlayır. Hətta çoxlu
xəstəlik də yayılır. Bunlar zərərverici
bitkilərdir. Ona görə
də bitkilərin çoxaldılması zamanı
bu baxımdan da diqqət etmək lazımdır.
Məsələn, 70-ci illərdə ABŞ-dan kartof sortu
gətirildi. Həmin kartof
sortu ilə bura Koloroda böcəyi
də gəldi. Yəni səhv bir addım
atmaq, sonradan bir çox xəstəliklərin yayılmasına
səbəb olur.
Fuad Hüseynzadə
Palitra.-2016.-19 aprel.-S.11.