“Baramaçılıq və ipəkçilik
gəlirli fəaliyyət növünə çevrilə bilər”
Aqrar-sənaye klasterlərinin
yaradılması, kiçik və orta sahibkarlıq subyektlərinin
dəstəklənməsi, müasir texnologiyaların tətbiqi
ilə bu sahənin inkişafına yönəldilmiş
investisiyaların özünü ödəməsi təmin
edilə bilər
Müsahibimiz sabiq Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru, hazırda ARKT-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu nəzdində "Arıçılıq" Mərkəzinin rəisi, aqrar elmləri doktoru Allahverdi Seyidov bu sahədə mövcud problemlər və inkişaf perspektivləri ilə bağlı fikirlərini bildirdi.
- “Azərbaycan Respublikasında İpəkçiliyin İnkişaf Konsepsiyası” layihəsində Azərbaycanın kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafı prioritet vəzifə olaraq müəyyən edilib. Burada kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının həm ölkə daxilində, həm də xaricdə satışının, habelə aqrar elmin maddi - texniki bazasının möhkəmləndirilməsi və bu sahənin inkişafı üçün müasir tələblərə cavab verən kadrların hazırlanmasının dəstəklənməsi öz əksini tapıb. Bərdə, Ucar, Zərdab, Balakən, Qax, Şəki rayonlarında, Naxçıvan Muxtar Respublikasında ipəkçilik məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulub. Bu Konsepsiya çərçivəsində Azərbaycan Respublikasında ipəkçiliyin mövcud vəziyyəti təhlil olunub, problemləri üzə çıxarılıb, ipəkçiliyin inkişafı üzrə dövlət siyasətinin prinsipləri, istiqamətləri, məqsədlər və strateji hədəflər, inkişaf istiqamətləri və qarşıda duran konkret vəzifələr, Konsepsiyanın reallaşdırılma mərhələləri və gözlənilən nəticələr öz əksini tapıb. Konsepsiya Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi istiqamətində uzunmüddətli dövr üçün konkret tədbirlərin hazırlanması məqsədilə hüquqi, iqtisadi və təşkilati əsasların müəyyən edilməsinə istiqamətlənib.
-Ölkədə
ipəkçiliyin güclü və zəif
tərəfləri, bir sözlə, inkişaf perspektivini necə
qiymətləndirirsiniz?
- Azərbaycanda ipəkçiliyin inkişaf perspektivinin qiymətləndirilməsi məqsədilə sahənin inkişafının SWOT təhlili aparılıb. İpəkçiliyin güclü tərəfləri Azərbaycan ipəyinin keyfiyyətinin yüksək olması, ipəkçiliyin inkişafı üçün elmi-tədqiqat bazasının mövcud olması, rayonlaşdırılmış çəkil sortlarının varlığı, rayonlaşdırılmış tut və ipəkqurdu cinslərinin və hibridlərinin mövcudluğudur. Həmçinin buraya ölkədə baramaçılıq ənənəsinin və bu sahədə böyük potensialın mövcud olması, bu sahənin daha da inkişaf etdirilməsi üçün zəruri olan avadanlıq və xammala tətbiq edilən idxal gömrük rüsumlarının aşağı dərəcədə olması daxildir. Azərbaycan ipəkçiliyinin zəif tərəflərinə gəldikdə isə baramaçılığın məhsuldarlığının aşağı olması, baramaçılıq infrastrukturunun fiziki aşınması, kümçü təsərrüfatların, Az.ETİİ, damazlıq stansiyaları, barama toxumu zavodlarının texniki təchizat səviyyəsinin zəif olması, istehsal imkanlarının daxili tələbin dəfələrlə aşağı olması, sahənin inkişafına yönəlmiş spesifik qanunvericilik bazasının olmamasını göstərmək olar. Eləcə də baramaçılıq və ipəkçilik sahələrinə tələb olunan ixtisaslar üzrə mütəxəssislərin sayının azlığı, mövcud tut bağlarının müasir əkin və qulluq texnologiyaları tələblərinə cavab verməməsi də buraya daxildir. SWOT təhlildə Azərbaycan ipəkçiliyinin inkişaf imkanları da öz əksini tapıb. Buraya əlverişli iqlim şəraiti, kənd təsərrüfatında çalışan işçi qüvvəsinin sayının çoxluğu, məhsul istehsalını stimullaşdıran sənaye strukturunun mövcudluğu və genişləndirilməsi imkanları, kənd təsərrüfatına dövlət dəstəyinin prioritetliyi daxildir. Azərbaycanda ipəkçiliyin inkişafına təhdidləri də göstərmək olar ki, dünya bazarında müqayisəli üstünlüyə malik rəqiblərin mövcudluğu, daxili bazarda ipəkçilik məhsullarına tələbin zəif olması, baramanın bazar qiymətinin ucuz olması, barama bazarının monopsonik strukturu, ipəkçiliyin iqtisadiyyatın digər sahələrinə nisbətən az gəlirli olması da buraya daxildir. İpəkçiliyin uzunmüddətli kapital qoyuluşu tələb etməsi, Azərbaycanda ipək sənayesi üzrə kiçik və orta müəssisələrin olmaması, baramaçılıq və ipəkçiliyin sahəsində müvafiq qanunvericilik bazasının olmaması, baramaçılıqda və ipəkçilikdə tətbiq olunan standartların beynəlxalq tələblərə cavab verməməsi və s. göstərmək olar.
-İpəkçiliyin
inkişafının əsas prinsipləri kimi
nə təklif edirsiniz?
- Əsas prinsiplərdən biri Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsinin dünya praktikasında özünü səmərəli təşkilat forması kimi doğrultmuş aqrar-sənaye klasterləri yaradılması yolu ilə həyata keçirilməsi, baramaçılğın və ipək sənayesinin inkişafında müasir texnologiyalardan istifadədir. Eləcə də baramaçılıq infrastrukturunun maddi-texniki təchizat səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması, mülkiyyət formasından asılı olmayaraq ipəkçilik təsərrüfatları üçün bərabər imkanların yaradılması vacibdir. Dövlət, özəl və bələdiyyə mülkiyyətinə əsaslanan ipəkçilik təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi üçün müəyyən olunmuş qaydaların vahidliyi də prinsiplərə daxildir.
Bundan başqa, ipəkçilik sahəsinə dövlət dəstəyinin ünvanlılığı - ipəkçilik sahəsində kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, ipəkçilik təsərrüfatlarının özünümaliyyələşdirmə əsasında işləməsinin təmin edilməsi - intensiv metodlar əsasında məhsuldarlığın və ümumi məhsul buraxılışının artırılması, habelə, “dərin istehsal” üsulunun tətbiq olunması yolu ilə baramaçılığın və ipəkçiliyin gəlirli fəaliyyət növünə çevrilməsi, sahənin inkişafına yönəldilmiş investisiyaların özünü ödəməsi və bununla da sahənin özündə inkişaf potensialının formalaşmasını göstərmək olar. Həmçinin Özbəkistanda ipəkçilikdə yaradılmış texnopark modelinin Azərbaycana gətirilməsinə nail olmaq lazımdır.
Sahənin inkişaf etdirilməsi üçün tələb olunan resurslar və əldə ediləcək nəticələrə dair Cost & Benefit təhlili də hazırlanıb. Təhlilə görə, xərclər (cost), əsasən, kənd ərazilərində infrastrukturun inkişaf etdirilməsi ilə bağlı xərclər, ipəkçilik məhsulları istehsalı ilə məşğul olan təsərrüfatların yaradılmasının stimullaşdırılmasına yönəldilən vəsait, ipəkçiliyin maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı xərclərdir. Əkinəyararlı torpaq sahələrinin tut bağlarının salınmasında istifadəsi, tut bağlarının suvarma şəbəkəsinin təkmilləşdirilməsinə çəkilən xərclər, elmi tədqiqatların səmərəliliyinin artırılmasına maliyyə vəsaitinin ayrılması, ölkədə və xarici ölkələrin müvafiq tədris və elmi tədqiqat müəssisələrində zəruri ixtisaslar üzrə müasir bilik və bacarıqlara malik kadr hazırlığının təşkil olunması da buraya daxildir.
Faydaya (benefit)
gəldikdə isə ipəkçiliklə məşğul olan kiçik və orta sahibkarlıq subyektlərinin yaranması, barama və ipək məmulatları
istehsalının artması və sahədə rəqabətin
güclənməsi, toxuculuq sənayesinin
inkişafı ən vacib məqamlardandır.
Bundan başqa, ipəkçiliyin texnoloji
strukturunun yenilənməsi və
müasirləşməsi, digər sənaye sahələri üçün tələb olunan
yerli ipək xammal təminatı,
kənd ərazilərinin infrastruktur təminatının
yaxşılaşması və sənayeləşməsi, yeni tut bağları
salınması hesabına ekoloji vəziyyətin
yaxşılaşdırılması, ipəkçiliyin elmi potensialının artırılması, kənd
ərazilərində məşğulluğun səviyyəsinin
artırılması da bu
sahənin inkişaf etdirilməsində
önəmlidir.
Nigar Abdullayeva
Palitra.-2016.-19 aprel.-S.10.