Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olunub
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur.
Yubiley tədbirlərinin
yüksək səviyyədə qeyd
olunması ilə əlaqədar Prezident sərəncam
imzalayıb. Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin təşkilatçılığı
ilə Suraxanı rayon Heydər Əliyev
Mərkəzində Azərbaycanın korifey
sənətkarı, Xalq artisti
Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı ilk
tədbir keçirilib. Tədbiri açan aparıcı Kamran
İsrafilov xalqın sevimlisinə çevrilmiş aktrisanın
oynadığı rolların zəngin ifadə vasitələri,
yumorun milliliyi, təbii
reallığı ilə səhnəmizin nadir
inciləri sırasında durduğunu
vurğulayıb. Söz Suraxanı rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri
Barxudar Barxudarova verilib. Daha sonra Nəsibə xanımla
"Yuxu" filmində rol
alan Əməkdar artist,
teatr və kino
aktrisası Ayan Mirqasımova
iştirakçılarla öz xatirələrini
bölüşüb. Əməkdar incəsənət
xadimləri Rafiq Sadıxov, Aydın
Kazımzadə, tanınmış aktyor və
sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə, ssenarist və aktyor Qasım Səfəroğlu
çıxışlarında aktrisanın istər kinoda, istərsə də teatrda
yaratdığı kiçik rolları
belə yaddaqalan, baxımlı etmək
bacarığına, istənilən obrazı
tamaşaçıya yüksək səviyyədə təqdim
edib və sevdirmək ustalığına
malik olduğunu qeyd ediblər.
Çıxışlardan sonra Nəsibə
Zeynalovanın nəvəsi Nəsibə Əsgərova öz ürək sözlərini yubiley iştirakçıları ilə
paylaşıb, onun səhnədə hər
zaman gülən və güldürən
aktrisa olmağı ilə yanaşı, çox qayğıkeş ana,
qaynana və nənə olduğunu
vurğulayaraq, Nəsibə
xanımın ailəsi adından tədbirin təşkilatçılarına
dərin təşəkkürünü bildirib.
Suraxanı rayon Heydər Əliyev Mərkəzində
rəssam vəzifəsində çalışan Aynur Novruzova tərəfindən
çəkilmiş Nəsibə Zeynalovanın portreti nəvəsi N.Əsgərovaya xatirə
hədiyyəsi olaraq təqdim olunub.
Palitra.-2016.-21 aprel.-S.16.