Britaniya Avropa
Birliyindən çıxsınmı,
çıxmasınmı…
“Brexit” Birləşmiş
Krallığın və qitənin siyasi gündəmini zəbt
edib…
(əvvəli
ötən saylarımızda)
Britaniyada olduğum müddətdə orada “Brexit” sözü siyasi gündəmi zəbt etmişdi. “Britaniya” və “exit”(çıxış) sözlərinin birləşməsinin qısaca forması olan bu söz Birləşmiş Krallığın Avropa Birliyindən çıxması məsələsini ifadə edir. Həmin müddətdə oxuduğum bütün Britaniya qəzetlərində, demək olar ki, əsasən, bu məsələ manşetə çıxarılır, hətta Londonun meri, babası mənşəcə türk olan Boris Jonson kimi rəsmilər səviyyəsində ölkənin Avropa Birliyindən çıxarılmasının lazım gəldiyi əsaslandırılırdı.
Maraqlıdır ki, orada ünsiyyət qurduğum ingilislərin hamısı da ölkənin AB-dən çıxmasını dəstəkləyirdilər. Britaniyanın AB-dən çıxacağına rastlaşdığım digər avropalılar da inandıqlarını bildirdilər. Məsələn, AB-də əsas söz sahiblərindən olan, qurumun iqtisadi lokomotivi Almaniyanın vətəndaşı, kurs yoldaşım Kim He Britaniyanın AB-dən çıxacağına əminliyini vurğuladı. Deyilənə görə, qarşıdakı iyunda Britaniyada Avropa Birliyindən çıxmaq haqqında referendum keçiriləcək. Britaniyadakı digər miqrantlar inanırlar ki, ölkənin Avropa Birliyindən çıxması nəticəsində ümumi vəziyyət, xüsusən də onların vəziyyəti daha da yaxşılaşacaq, çünki işlə təmin olunma məsələsində Avropa Birliyi vətəndaşlarıyla onlar arasındakı fərq aradan qalxacaq.
Amma, necə deyərlər, sən saydığını say, gör Britaniya hökuməti iyunda nə sayır… Xüsusi mövqe və kaprizlərlə indiyədək AB-də qalan Birləşmiş Krallıq, bundan sonra hansı yön və tələblərə üz tutacaq, bunu AB-də çox həyəcanla gözləməkdədirlər…
Yüksək həyat səviyyəsinə görə bahalı ölkə
Öncəki yazıda qeyd etmişdim ki, Birləşmiş Krallıq, xüsusən də London olduqca bahalı yerdir. London dünyanın ən bahalı şəhərləri sırasındadır. Öncə qeyd etmək lazımdır ki, burada qiymətlərin bahalığı, əslində, insanların yaşayış səviyyəsindən irəli gəlir. Burda maaşlar kifayət qədər yüksəkdir və yerli əhali arasında işsizlik səviyyəsi çox aşağıdır. Məsələn, Londonda orta illik əməkhaqqı 40 min funt civarındadır. Bu isə təxminən, 100 min manata bərabərdir. Amma burada vergilər də çox yüksəkdir, 20-40 faiz arası dəyişir. Əgər gəlirin ildə 300 min funtdan çoxdursa, 54 faiz vergi ödəməlisən. Amma bütün bunlara baxmayaraq, dünyada, demək olar ki, ən böyük bizneslərin mərkəzi ofisləri Londonda yerləşir…
Dünyanın muzeylər və heykəllər mərkəzi
Britaniyalıların tarixə böyük önəm verdikləri Londonun heykəllər və muzeylər şəhəri olmasından da görünür. Dünyanın ən böyük imperiyalarından biri olmuş (Ən böyük imperiya Çingizxan imperiyası sayılır, amma hazırda bir sıra ingilisdilli mənbələrdə Böyük Britaniya imperiyasının ərazicə daha böyük olduğu iddia edilir). Böyük Britaniya imperiyasının müxtəlif tarixi mərhələlərində önə çıxan liderlər, müharibə qəhrəmanları və başçılarının heykəlləri ilə şəhərdə, demək olar ki, addımbaşı rastlaşmaq mümkündür. Bundan başqa, London özünün möhtəşəm muzeyləri və dünyanın ən qədim, müxtəlif sivilizasiyalarına məxsus misilsiz orijinal eksponatları ilə öyünə bilər. Orada olarkən bir neçə muzeyi gəzmək imkanım oldu. Xüsusilə maraqlı idi ki, Viktoriya və Albert muzeyində Səfəvilər dövrünə aid qiymətli eksponatlarla rastlaşdıq. Dünyanın ən böyük xalçalarından biri olan möhtəşəm Ərdəbil xalçası - Azərbaycan mədəniyyətinə məxsus möhtəşəm nümunə muzeyə gələnləri çox heyrətləndirirdi. Bundan başqa, Səfəvilərlə bağlı digər eksponatlar da olduqca böyük maraq doğurdu. Ümumiyyətlə, bu cür qiymətsiz eksponatların dünyanın müxtəlif yerlərindən - sonradan Britaniya imperiyasının nüfuz dairəsinə düşmüş ölkələrdən müxtəlif yollarla gəlib bura çıxmasının özü ayrıca bir araşdırma mövzusudur…
Həmçinin London ətrafında turistləri maraqlandıracaq açıq muzey - eramızdan öncə 3-cü-2-ci minilliklər arasında ortaya çıxdığı ehtimal edilən daş abidələr - “Stonehenge” var. Bu kimi yerlərə turistlər üçün ayrıca ödənişli turlar təşkil edilməkdədir.
Gündə 3 milyon adamın oxuduğu havayı qəzetlər
Onu da qeyd edərdim ki, londonlular, ümumiyyətlə, britaniyalılar oxumağa çox meyillidirlər. Bu, digər avropalılar kimi, onların da əsas şakərlərindən biridir.İstənilən nəqliyyat vasitəsində sərnişinlərin əksəriyyətinin əlində qəzet, kitab və ya jurnala rast gəlirsən. Londonda çoxlu çeşidli kitabların satıldığı kitab mağazaları müştərilərlə dolu olur. Cəmiyyətin inkişaf səviyyəsi və ixtisasların diferensiasiyası baxımından fərqlilik olduğuna görə, buradakı kitablar da əhatə etdikləri mövzulara və yanaşma tərzinə görə fərqlənir.
Maraqlı məqamlardan biri London metrosunda bir neçə qəzetin pulsuz paylanması idi. Belə ki, hər
metro stansiyasında olan
xüsusi köşklərdə
bu qəzetlərdən
bol-bol qoyulur. Gündə
3 milyonadək metro istifadəçisi
bu qəzetləri oxuyur. Hər bir metro istifadəçisi
qəzeti oxuduqdan sonra onu qatarda
digərlərinin də
oxuması üçün
səliqə ilə oturdugu yerə qoyur. Yaxud oxunduqdan sonra
qəzetləri onlar üçün nəzərdə
tutulmuş xüsusi qablara atmaq olar.
Bu qəzetlərin havayı paylanmasında yalnız onların oxunması məqsədi güdülür. Yəni həmin
qəzetlərin redaksiyaları
reklamlardan böyük
məbləğdə pullar
qazandıqları üçün
daha çox oxucu yığmaqda maraqlıdırlar. Ümumiyyətlə, bu ölkənin media və reklam bazarı olduqca inkişaf etmiş və postsovet ölkələri ilə müqayisəyəgəlməz durumdadır.
Amma burada da media ilə bağlı hansısa hüdudların olmadığını
demək olmaz. Məsələn, orada olarkən belə eşitdim ki, ölkədə və dünyada çox populyar olan “The Guardian” qəzeti Kraliça haqqında mənfi yazılar yazdığına görə
dəfələrlə bağlanıb.
Ümumiyyətlə, burada Kraliça
haqqında bu cür yazılar yazmaq yasaq olunub.
Bu cür yasaq edilmiş mövzuların
mövcudluğu Britaniya
mediası ilə bağlı söylənilənlərdəndir…
Həmçinin sosial
şəbəkələrin mənfi təsirləri, aksiyalara səbəb olmaları ilə bağlı, bir neçə il
öncə Böyük
Britaniyada baş nazir səviyyəsində
lazımi məhdudiyyətlər
tətbiq olunmasına
aid çağırışlar da bu qəbildəndir.
Niyə ingilislər öz bahalı maşınlarını sürmürlər?
Britaniyanın dünyanın ən bahalı maşın istehsalçılarından biri
olduğu məlumdur. Belə ki,
avtomobil bazarında dünyanın ən bahalı brendləri ingilislərə məxsusdur.
Məsələn, “Bentley”, “Royce Royce”,
“Range Rover” və sairi
qeyd etmək yetər. Yaxud mobil telefon markalarından minlərlə
dollar qiyməti olan “Vertu” da ingilislərindir.
Amma orada olarkən mühaşidələrimə əsasən,
ingilislərin ən çox alman və yapon maşınlarına
üstünlük verdiklərinin
şahidi oldum. Öz markalarına aid avtomobilləri
sürən ingilis sürücülərlə nadir hallarda qarşılaşmaq
olar. Rəyini soruşduğum bir
taksi sürücüsü
də bildirdi ki, ən çox
alman və yapon maşınlarına üstünlük verilir.
Bundan başqa, yaponların hibrid və ya elektriklə işləyən maşınları
da burada populyardır. Həmçinin alman “Opel” markası Britaniyada başqa ad altında istehsal olunur və yerlilər üçün
ucuz başa gəldiyinə görə,
nisbətən aşağı
gəlirli təbəqəyə
mənsub insanlar arasında populyardır.
Britaniyalıların daha bir neçə
yaxşı xüsusiyyətini
qeyd etməyə dəyər. Orada çox varlı
insanlar belə, özlərini çox təvazökar aparırlar
və pulları ilə heç vaxt öyünməzlər.
Paltarları və digər
əşyaları ilə
fərqlənməyə çalışmazlar.
Özlərini çox sadə
aparırlar. Hətta 3-4 maşını
olan insanların çox vaxt metrodan istifadə etdiklərinin şahidi oldum. Bundan başqa, geyim
məsələsində Londonda
əsl “anarxiya” hökm sürdüyünün
şahidi oldum. Məsələn, soyuq havada birisi gödəkcə geyinibsə, digəri isə şort və qısaqol köynəklə, əsl
yay geyimində küçəyə çıxır.
Bu cür fərqliliklər
burada adidən adi qəbul edilir və kimsəni maraqlandırmır.
(ardı
gələn sayımızda)
İlkin AĞAYEV
Bakı-London-Kardiff-Svansi-
Kent-London-Bakı
Palitra.-2016.-21 aprel.-S.7.