“Peşə təhsilini bitirənlərin
sayı ilə iqtisadi tələbat
üst-üstə düşmür”
Fəxrəddin Həsənzadə:
“Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə
Dövlət Agentliyinin yaranması iqtisadi inkişaf tempinin
artmasına xidmət edir”
Xəbər verildiyi kimi, ölkə Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sözügedən agentlik ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılır. Qeyd edək ki, ümumiyyətlə, son vaxtlar Azərbaycanda təhsilin müxtəlif pillələrinin inkişaf etdirilməsi, zamanın tələblərinə cavab verən və ölkədə mütəxəssis, şəxsiyyət formalaşdırılmasını ən optimal səviyyədə reallaşdırmağa imkan verən islahatlar həyata keçirilməkdədir.
Dövlət tərəfindən həyata keçirilən və təhsilin ümumi inkişaf məqsədləri naminə ən yeni tələblərə uyğun formalaşdırılmasını nəzərdə tutan bu islahatlar sırasında Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılması ilə bağlı qərarı da xüsusilə qeyd etməyə dəyər. Xatırladaq ki, yuxarıda qeyd edilən fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin təsdiq edilməsi, Nazirlər Kabinetinin Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatı işçilərinin say həddini bir ay müddətində müəyyən etməsi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etməsi; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməsi kimi məsələlər nəzərdə tutulub.
Göründüyü kimi, peşə təhsilinin inkişaf etdirilməsi olduqca vacib önəm kəsb edir və bunun postneft erasında insan kapitalının formalaşdırılması baxımından müstəsna yeri var. Bu baxımdan sözügedən agentliyin yaradılması təhsil ictimaiyyətində və təhsillə bağlı ekspertlərdə olduqca müsbət qənaətlər formalaşdırıb.
Bu baxımdan bizə fikirlərini bildirən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə də agentliyin yaradılması ilə bağlı qərarı bu sahədə olduqca vacib amil hesab etdiyini bildirdi: “Cənab Prezidentin 20 aprel 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması ölkənin iqtisadi rifahı naminə insan resurslarından daha effektli faydalanmasına şərait yaradacaqdır. Əslində peşə təhsilinə dövlət tərəfindən bu cür diqqət göstərilməsi və yatırılan sərmayə cəmiyyət üçün yüksək gəlirliyə səbəb olacaq. Anlaşılan odur ki, digər təhsil növlərindən fərqli olaraq peşə təhsilinin sosial, iqtisadi təsir imkanları daha genişdir”.
F.Həsənzadə qeyd etdi ki, bu fərman, həmçinin cəmiyyətdə “ filankəs peşə təhsillidir” stereotiplərinin sındırılmasına vəsilə oldu: “Aydın görmək olar ki, hər bir valideyn övladının potensialına və bazarda tələb-təklif göstəricilərinə varmadan övladının ali təhsil müəssisəsində təhsil almasını istəyir. Təsadüfi deyil ki , orta ümumtəhsil məktəb məzunlarının cəmi 12 faizi peşə ixtisas təhsili müəssisələrini seçir. Buna səbəb isə bir çoxlarının peşə təhsilinə nisbətən kinayə ilə yanaşması və bu sahədə təhsil alan gənclərə qeyri-ciddi, yalnız diplom xətrinə iki il davamiyyət güdən kimi yanaşmalarıdır. Amma ümid edirəm ki, Agentliyin fəaliyyəti tezliklə paytaxtda, xüsusən də regionlarda peşə təhsili müəssisələrinin maddi-texniki baza imkanlarının artırılmasına, regional əmək bazarları üçün savadlı və intellektual kadrların formalaşmasına səbəb olacaq. Çünki hər bir sənət sahibi sabahın nəinki potensial əmək bazarında mütəxəssis, həm də özlüyündə işəgötürən olacaq. Bunun üçün isə bəlli hədəflər və spesifik modullar tətbiq olunmalıdır. Belə ki, regionlarda peşə təhsili həmin bölgənin mövcud imkanları və iqtisadi tələbatı ilə uzlaşmalıdır.
Bu işdə məsuliyyət təkcə Təhsil Nazirliyi üzərinə deyil , həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlər Məşğulluq Xidmətinin, böyük biznes qurumlarının və qeyri-hökumət təşkilatlarının payına düşür. Biznes qurumları öz istehsalat müəssisələrini tələbələrin ixtiyarına verməli və öz sosial məsuliyyətlərini dərk edərək biznes-dövlət partnyorluğuna önəm verməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də, bu prosesdə xüsusi qayğıya ehtiyacı olan, əlilliyi olan şəxslər üçün xüsusiləşmiş peşə hazırlığı proqramları işləməlidir. Əsas bu sahədə problemlərdən biri də təhsil infrastrukturunun olmaması ilə yanaşı, təhsilverənlərin akademik və istehsalat təcrübələrinin uyğunsuzluğudur. Əksər hallarda müvafiq peşə sahələri üzrə yüksək istehsalat səriştəsinə sahib olan təhsilverənlər metodika, pedaqogika əsaslarından xəbərsizdirlər. Bu baxımdan peşə müəllimlərinin hazırlığı qismən təkmilləşdirilməlidir”.
Ekspert bildirir ki, Gənclər üçün Təhsil Mərkəzi olaraq 2015 -ci il yanvar ayının 13-dən etibarən fəaliyyət göstərdikləri 6 regionda “Peşə təhsili üzrə regional məsləhət və yardım xidməti” yaradılıb: “Bu gün bu proqram əsasında təmənnasız olaraq Ağcabədi rayonunda xalçaçılıq , toxuculuq, Füzuli rayonunda isə qadın bərbərlik,dərzi kurslarımız davam edir. Yaxın zamanda digər regionlarda da icra strukturları ilə əməkdaşlıq çərçivəsində peşəyönümlü tədris kurslarımıza start verəcəyik”.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə “Peşə təhsili üzrə regional məsləhət və yardım xidməti” yaradılıb. Bununla bağlı Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva cari ilin fevralından fəaliyyətə başlayacaq məsləhət və yardım xidmətinin yaranma zərurətindən danışıb, görüləcək işlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, gənclərin ixtiyarına verilən toxuculuq, xalçaçılıq, rəssamlıq, kompüter, musiqi və s. kurslar ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.
Fəxrəddin Həsənzadə peşə-ixtisas
təhsili müəssisələrini bitirən şəxslərin
sayı ilə iqtisadi tələbatın
üst-üstə düşmədiyini də qeyd
edib: “Yeniyetmə və gənclərin
peşə təhsilinə diqqətin artırılması, regionlarda belə xidmətlərin
yaradılması vacibdir”. O da qeyd edildi
ki, xidmətin fəaliyyət göstərməsi
üçün zəruri şərait
yaradılıb, işçi qüvvəsi
cəlb olunub.
İlkin AĞAYEV
Palitra.-2016.-22 aprel.-S.11.