“Gəlin birgə oxuyaq!”

 

Oxu günü” layihəsinin əsas məqsədi yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır

 

Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşününbilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda mütaliə ilə bağlı məqamlara toxunacağıq.

Məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələri təşkil ediləcək

 

Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdəmilli dəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir. Hazırkı vaxtda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ilbəil təkmilləşən texniki informasiya vasitələri ilə məlumatlanmaq imkanları genişlənsə də, mütaliə inkişafetdirici amillər arasında öncül mövqeyini saxlamaqdadır. Bununla belə, aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləmişdir. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir. Bu məqsədlə təhsil naziri müvafiq əmr də imzalayıb. Həmin əmrə əsasən, pedaqoji kollektivlər hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanmasını, məktəb kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməsi, dərs ili ərzində bədii əsərlərin oxusunun və müzakirəsinin təşkilini, məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş yazıçıların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməsini, şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşlərinin keçirilməsi, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılması, müvafiq təbliğat işlərinin həyata keçirilməsini, şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşalarına aparılması və onların müzakirəsinin keçirilməsini, oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkilini təmin etməlidirlər. Eləcə də şagirdlər tərəfindən oxunantamaşa olunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçirilməsi, bu əsərlər əsasında yuxarı sinif şagirdlərinin təəssürat, rəy və mülahizə xarakterli inşa yazmalarının təşkil edilməsi, məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsi, məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin yaradılması, mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrinin digər həmyaşıdları ilə onlayn mühitdə paylaşmalarına şagirdlərin istiqamətləndirilməsi və bununla əlaqədar onlara lazımi mənəvi və texniki dəstək göstərilməsi tapşırılıb.

 

Kitab bayramı

Mütaliə mədəniyyətinin inkişafı, kitaba maraq yaradılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Onlardan ən kütləvisi “Oxu günüdür. Bakının Nəsimi rayonunda yerləşən Zorge parkında növbəti “Oxu günü” layihəsi həyata keçirilib. Bu layihənin əsas məqsədi isə mütaliədir. Yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmağı hədəfə alan "Oxu günü 2” layihəsində yazarlar, tanınmış insanlar, ziyalılar və gənclərdən ibarət yüzlərlə insan iştirak edib. Zorge parkında keçirilən “Oxu günü”ndə parkda ilk dəfə yüzlərlə insan birarada mütaliə edib, bir-birinə hədiyyə olaraq kitab bağışlayıb. Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və "Hədəf” nəşrlərinin təşkilatçılığı ilə keçirilən "Oxu günü 2” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, "Medika Hospital”, "Qlobal Karyeraİnstitutu, "ASAN Könüllüləri” və "Hədəf” kursları təşkilati dəstək verib. "Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil edilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edib. Festivalın ideya müəllifi və layihə rəhbəri Şəmil Sadiq çıxış edərək tədbirin məqsədləri barədə danışıb, tədbirin keçirilməsində dəstək olan hər kəsə öz təşəkkürlərini bildirib. Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, təhsil nazirinin müavini Firudin Qurbanov da tədbir iştirakçılarını salamlayıb, bu cür tədbirlərin keçirilməsinin uşaqların, gənclərin biliklərini artırmasındakı əhəmiyyətini qeyd edib, hər kəsi kitab oxumağa səsləyiblər. Tədbirdə, həmçinin Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Aqil Abbas, digər yazıçılardan İlqar Fəhmi, Müşfiq Xan, şairə Zərəngiz Dəmirçi Qayalı, Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlu öz oxucuları ilə həmsöhbət olublar. Layihənin dəstəkçilərindən olan "ASAN-radio" və "ASAN könüllüləri"nin iştirakı ilə maraqlı flaşmob təşkil edilib: hər kəs bir dəqiqə müddətində yüksək səslə kitab oxuyub. Tədbirin ən əhəmiyyətli və maraqlı aksiyalarından biri də "Əsgərə kitabolub. Aksiyada məqsəd əsgərlərimizin də "Oxu günü” layihəsinin iştirakçısı olduqlarını bildirmək və onların da mütaliəyə cəlb olunmasını təmin etməkdir. Bu məqsədlə ayrılan stendə çox sayda kitablar hədiyyə edilib və onların üzərində isə əsgərlərimizə ünvanlanan ürək sözləri qeyd olunub. Toplanan kitablar Müdafiə Nazirliyinin dəstəyi ilə müxtəlif hərbi hissələrin kitabxanlarına göndəriləcək. Bir-birinə hədiyyə edilən, əsgərlərə göndərilən kitablar, müxtəlif nəşriyyatlar, təhsillə bağlı müxtəlif layihələrin təqdimatlarının keçirilməsi isə tədbirin məqsədinin genişliyindən xəbər verir. Tədbir bədii hissə ilə davam edib. Müğənni Şəmistan Əlizamanlının ifasında gözəl mahnılar səsləndirilib, yeni fəaliyyətə başlamış "M-teatr”ın səhnəciyi nümayiş edilib, Nəsimi rayonundakı məktəblərin, mədəniyyət mərkəzlərinin, uşaq evlərinin yeniyetmə sənətçiləri konsert proqramı ilə çıxış ediblər.

 

Qax rayonunun kitab

həvəskarları daOxu

günü” layihəsinə qoşulub

Mütaliəyə diqqətin artırılması məqsədi daşıyan “Oxu günü” layihəsi Qax rayonunun yeniyetmə və gəncləri tərəfindən də böyük maraqla qarşılanıb. Cəfər Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında “Gəlin birlikdə oxuyaq” adlı tədbir keçirilib. Tədbirdə kitabxana və təhsil işçiləri, ziyalılar, məktəblilər iştirak ediblər. Tədbir çərçivəsində əvvəlcə kitabxanaya yeni üzv yazılan gənc oxuculara maraqlandıqları kitablar təqdim olunub. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova çıxış edərək, layihənin yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitaba marağın artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, bədii ədəbiyyat uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Uşaqların kiçik yaşlarından maraqlarına uyğun ədəbiyyatla tanış olmaları onlarda həyat hadisələrinə, insanlara, təbiətə böyük maraq yaradır. Bədii əsərlərdəki obrazlar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirir, məlumatlarını artırır. Tədbirdə rayonun ağsaqqal ziyalılarından olan Abdurahman Aşurov və başqaları çıxış edərək, uşaqlara kitabı, mütaliəni sevməyi, Azərbaycan və dünya yazıçılarının əsərləri ilə yaxından tanış olmağı tövsiyə ediblər. Sonra oxucular qruplara bölünərək, intellektual oyunlarda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

 

Anar Miriyev

Palitra.-2016.-26 aprel.-S.6.