Sahibkarların dövlətə inamı
artır
Salman Umudov: “Sahibkarlar Günü”nün təsis olunması dövlət tərəfindən
sahibkarlığın inkişafına göstərilən
diqqətin bariz nümunəsidir”
Vətəndaş cəmiyyətində gənclərin aktivliyi gündən-günə artmaqdadır. Artıq vətəndaş cəmiyyətində müxtəlif sahələr üzrə ixtisaslaşmış gənclərdən ibarət QHT-lər fəaliyyət göstərir. “Gənc Sahibkarlar Klubu” İctimai Birliyi də bu kimi QHT-lərdəndir. Təşkilatın sədri Salman Umudovun qəzetimizə müsahibəsini təqdim edirik.
-QHT olaraq dövlət gənclər siyasətinə
nə kimi töhfə verirsiz?
- “Gənc Sahibkarlar Klubu” (GSK) İctimai Birliyi 1996-cı il yanvarın 5-də yaradılıb. Azərbaycanda QHT sektorunun pionerlərindən olan GSK İctimai Birliyi öz ətrafında onlarla gənci birləşdirir. 20 ildir ki, GSK İctimai Birliyi Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi işində iştirak edir, dövlətin bu istiqamətdə apardığı işə öz töhfəsini verməyə səy göstərir. Azərbaycan Respublikasında QHT-lər, o cümlədən gənclər təşkilatlarının fəaliyyəti üçün yaradılmış əlverişli şərait, QHT-hökumət əməkdaşlığı digər təşkilatlarla yanaşı, GSK İctimai Birliyinin də daha səmərəli fəaliyyətini şərtləndirib. GSK İctimai Birliyinin bu günədək qazandığı nailiyyətlər - təşkilatımızın üzvləri və onlarla könüllülərimiz, QHT sektorunda təcrübəmiz, çoxsaylı layihələrimiz bizi təşkilatımızın keçdiyi yola qürur və fəxrlə baxmağa sövq edir. Çoxillik təcrübəmiz bizim nə kimi ictimai məsuliyyət daşıdığımızı daha yaxşı anlamağa kömək edir və gələcək uğurlara ruhlandırır.
-Hazırda
müxtəlif sahələrdə gənclərin təmsilçiliyi
yetərincədirmi?
-Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və sair sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir. Son bələdiyyə seçkilərindən sonra seçilən bələdiyyə üzvlərinin 28 faizi, yəni 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir.
Sahibkarlığa dəstəklə bağlı dövlət tərəfindən bir sıra proqramlar qəbul olunub, Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Azərbaycanda hər bir sahədə olduğu kimi, sahibkarlıq sahəsində də gənclər təmsil olunurlar. Ölkə əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyini nəzərə alsaq, dövlətin gənclərlə bağlı yürütdüyü siyasəti, onlara sahibkarlıqla məşğul olmaları üçün yaradılan şəraitin əhəmiyyətini daha gözəl anlayarıq.
-Dövlətin
sahibkarlıqla bağlı gördüyü
işləri necə qiymətləndirirsiz?
-Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi tərəqqinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Bunun nəticəsidir ki, ölkədə sahibkarların normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarlığın inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir. Son zamanlar dövlət tərəfindən bu istiqamətdə daha təkmil işlər görülməkdədir. Xüsusən, yersiz yoxlamaların dayandırılması sahibkarlar təbəqəsinin dövlətə inamını daha da artırıb. Nazirlər Kabinetinin aprelin 10-da keçirilən iclasında da Prezident İlham Əliyev qeyd etdi ki, biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılıb. Dövlət başçısı bir çox sahələr kimi, sahibkarlıqla da bağlı göstəriş və tapşırıqlarını verdi. Bu, o deməkdir ki, ölkə başçısı səviyyəsində sahibkarlıq fəaliyyəti diqqətdə saxlanılır. Fikrimcə, hər bir sahibkar dövlətin onlar üçün yaratdığı bu imkanlardan yararlanmalı və qeyri-neft sektorunun inkişafı üçün öz töhfəsini verməlidir.
-Azərbaycanda “Sahibkarlar Günü”nün təsis olunmasının bu sahənin inkişafında nə kimi rolu olacaq?
-Bildiyimiz kimi, ötən həftə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu günün qeyd olunması dövlətin sahibkarlar üçün bir töhfəsidir. Bu, həm də dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Sahibkarlıq fəaliyyəti ilə bağlı dövlət tərəfindən atılan bu və digər addımlar onu göstərir ki, artıq bu sahədə yeni bir mərhələ yaranır.
-Bu
vaxta kimi hansı mövzularda layihələriniz olub?
- GSK İctimai Birliyi olaraq əhatəli mövzularda layihələr həyata keçirmişik. İlk layihələrimizdən biri “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində gənclərin işlə təmin olunması və yeni iş yerlərinin açılmasında özəl sektorun yeri və rolu” adlanır. Bu layihə çərçivəsində regionlarda gənclər arasında maarifləndirici tədbirlər keçirdik. Bundan başqa, “Sahibkarlığın inkişafı və təlim proqramı” adlı layihəmizi də misal göstərmək olar. Uğurla icra edilən bu layihə bir çox gənclərə sahibkarlıqla bağlı biliklər qazanmağa imkan verdi. Ümumiyyətlə, indiyə kimi ahılların sosial xidmətlərinin tənzimlənməsi, kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar, ekoloji, işsizlik və s. mövzularda 10-dan çox layihəmiz olub.
Bu layihələri həyata
keçirməkdə bizə İqtisadiyyat
Nazirliyi, Gənclər və İdman Nazirliyi, Prezident yanında QHT-lərə Dövlət
Dəstəyi Şurası, Prezident
yanında Gənclər Fondu bizə dəstək
göstəriblər.
Fuad Hüseynzadə
Palitra.-2016.-26 aprel.-S.7.