“Çinə elm, təhsil dərvişi qiyafəsində gəlmişəm”

 

Aqil Əliyev: “Ç in dilinin mürəkkəbliyi məktəbəqədər müəssisələrdə təhsilin təşkilini daha ciddi edib

 

Hazırda minlərlə azərbaycanlı gənc xaricə elm ardınca üz tutub. Bu gəncələrimizin məqsədi xaricdə öyrəndiklərini sonradan Vətəndə tətbiq etməkdir. Elə müsahibimiz Aqil Əliyev də məhz bu amalla Çin Xalq Respublikasına yol alıb. Onun bu elm yolunda mücadiləsinə “Palitraolaraq işıq tutduq. Qeyd edək ki, A.Əliyev 13.04.1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakıxanov qəsəbəsində yerləşən Rasim Quliyev adına 107 nömrəli orta məktəbə daxil olub. Orta məktəbi 2008-ci ildə bitirərək elə həmin ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İsrail və Yaxın Şərqşünaslıq ixtisasına qəbul olub. Ali təhsilini 2012-ci ildə başa vuraraq Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursuna qəbul olub. Elə həmin ilin oktyabrında kursu müvəffəqiyyətlə bitirərək leytenant hərbi rütbəsilə motoatıcı taqım komandiri kimi ön cəbhədə hərbi xidmətini davam etdirib. 17.04.2014-cü il tarixindən etibarən hərbi xidməti bitirərək ehtiyata buraxılıb."Şahdağ" MMC-nin tərkibində yerləşən Pik PalacePark Chalet hotellərinin Təhlükəsizlik xidmətində bir ilə yaxın müddətdə çalışdıqdan sonra 2015-ci ilin sentyabr ayından Çinin Wuhan şəhərindədir.

-Sizin təhsildən əlavə hansı maraqlarınız var?

-Orta məktəb illərində idmana və yaradıcılığa, incəsənətə böyük marağım olduğu üçün yaşadığım Bakıxanov qəsəbəsində yerləşən Ədil İsgəndərov adına Mədəniyyət Mərkəzində skripka təhsili almış və rəssamlığın müxtəlif növlərilə məşğul olmuşam. Həmçinin öz şəxsi marağım və təşəbbüsümlə puroqrafiya (taxta üzərində yandırma) və ərəb əlifbası ilə kolliqrafiya ilə ciddi məşğul oluram. İdmanafiziki tərbiyəyə ciddi münasibətim məktəb illərində Təhsil İdman Mərkəzində peşəkar üzgüçülüklə və Olimpiya İdman Mərkəzində həvəskar olaraq güləşin yunan-Roma növü ilə məşğul olmağıma səbəb olub.

Tələbəlik illərində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının aktiv, təşəbbüskar tələbə üzvü olmuşam. Bir sıra universitetdaxili tədbir və layihələrin icraçısı, təşkilatçısı kimi çıxış etmişəm. Bundan başqa, universitet illərində Muai Thai idman növü ilə həvəskar şəkildə məşğul olmuşam. Universitetdə seçilən aktiv tələbə kimi 2011-ci ildə 7-9 aprel tarixlərində keçirilən Mədəniyyətlərarası Dialoq Forumuna, 2011-ci il Bakı Humanitar Forumuna dəvət almışam. Beynəlxalq Tempus Proqramının 2011-ci il 13-14 oktyabr tarixlərində Bakıda keçirilən Müəllim Təhsili və Təlimi Seminarının təşkilat heyətinin üzvü olmuşam. İsrail xarici işlər naziri Aviqdor Libermanın 2012-ci ildə universitetimizdə tələbələrlə görüşündə aktiv iştirak edərək universitet rəhbərliyinə təhlükəsizliklə bağlı təşkilatçılığına köməklik göstərmişəm.

-Necə oldu ki, Çin Xalq Respublikasına üz tutmalı oldunuz?

-Həyatda təsadüflərə inanmayan kimi, Çin Xalq Respublikasına gəlməyim də təsadüfi olmadı. Universiteti bitirib qarşıma qoyduğum məqsədlərə doğru irəliləyəcəyimi hesablamışdım. Oxuduğum ixtisasa, yəni İsrail və Yaxın Şərqşünaslığa yaxşı yiyələndiyimə əminəm, lakin insanın bir sahədə mükəmməl yetişməsi onun hədəflərinə çatmaqda heç də hər zaman köməkçi amil olmur. Məzun olduğum iki gündən sonra, uşaqlıqdan bəri vəzifəsinə hörmət bəslədiyim, işinin məsuliyyətini dərk etdiyim hərbi sahəyə, daha doğrusu, əsgəri xidmətimi işğal altında olan Kəlbəcər rayonunun bir neçə kilometrliyində yerləşən Murovdağ silsiləsindəki ön cəbhə briqadalarının birində başladım. Bir müddətdən sonra Müdafiə Nazirliyinin ali təhsilli hərbi qulluqçulara yaratdığı şəraiti dəyərləndirib zabitlik kursuna qəbul üçün nəzərdə tutulan imtahandan uğurlu nəticə əldə edərək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursuna qəbul oldum. Kursu bitirdikdən sonra Silahlı Qüvvələrin zabiti kimi əsgəri olduğum ön cəbhə briqadasında xidmətimi leytenant rütbəsilə taqım komandiri kimi davam etdirirdim. Həyatımda təsadüflərin olmamasını, sınaqların zəruriliyi fikrinin formalaşdığı dövr Murovdağ yüksəkliklərindən başlayır. Uğrunda savaşdığın, zirvəsinə çatmağı hədəf seçdiyin məqsədlər ali olduğu üçün sınaqlar, çətinliklər də dolanbaclı yollarda insanların məhrumiyyətləri hesab edildiyi kimi, bir tərəfdən də böyük türk sərkərdəsi Əmir Teymura yorulduğu an kiçik bir qarışqa timsalında qarşısına çıxan bələdçi dosta çevrilir. Xidmətimi 2014-cü ilin yazında bitirib sonrakı əmrləri gözləmək üçün ehtiyata buraxıldım. Təəssüfləndiyim zamanların yaranmasında xidmətimi ən yaxşı və məsuliyyətlə davam etdirməyi layiq bildiyim, ali məqsədimi şərəflə yerinə yetirəcəyimi düşündüyüm Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq şöbəsində vakant yerin olmaması başlıca amil olsa da, bunu da hədəfimin nərdivanla birbaşa çıxaraq əldə edilən deyil, zirvələrdən yüksək olduğu düşüncəsi imdadıma yetişdi. Bir müddət sonsuzluq ümmanında üzən xəyal qayığımın yelkənlərini salaraq sakitliyə çəkilmişdim. Lakin sonsuzluq ümmanının coşqun dənizi xəyal qayığımı hərəkətə gətirir, yelkənləri yenidən qaldırmağım üçün işarə edirdi. Təhsil Nazirliyinə dövlət proqramı vasitəsilə, tarixi ticarət yolundan sələflərimizdən fərqli olaraq, Böyük İpək Yolunun elm, bilik karvanında yolçu olaraq Çin Xalq Respublikasında təhsil almaq üçün müraciət etdim. Həzrəti Peyğəmbərin “elm Çində belə, olsa ora gedin” kəlamı mənəvi bələdçim olaraq yolları Çinə işarələyirdi. Amma, məhrumiyyətlər burada da maneə simasında məni gözləyirmiş. Ali varlıq kimi yaradılan insan və öncədən yazılsa da feli muxtar olan taleyin mübarizə meydanından qorxu, ön mühakiməmi yenərək, ötən ilin sentyabr ayından xəyal qayığımın yelkənini istək küləklərinin səmtinə dəyişərək Çinə elm, təhsil dərvişi qiyafəsində gəlmişəm. Bu il yenidən Təhsil Nazirliyinin xəttilə xaricdə təhsil almaq fürsətindən yararlanaraq diplomatiya ixtisasını seçdim. Düşünürəm ki, taleyin hökmü ali məqsədləri diplomatiya sahəsinə yönəldərək məni zirvələri fəth edəcəyimə əmin edir. Bu il artıq zirvənin fəthi üçün yolumun astanasındayam.

-ÇXR-də hansı sahə üzrə təhsil almağı planlayırsınız?

-Çinin Uzaq Şərqdə yaranmış ilk sivilizasiya beşiyi olduğu fikri ilə, yəqin ki, siz də razısınız. Ölkə tarixi, dövlət idarəetmə ənənələri ilə də qədim və dərin köklərə malikdir. Zamanla baş verən işğallar, hücumların dəf edilməsi üçün tikilən, hələ də mövcudiyyətini qoruyub saxlayan məşhur Sədd, qədim Çin dövlətində hərb sənətinin də inkişaf etdiyini sanki öz cazibəsilə nümayiş etdirir. Bununla yanaşı, ərazisi, əhalinin sıxlığı, vətəndaşlarının dünya əhalisinin böyük bir hissəsini əhatə etməsi, o cümlədən etnik tərkibinin zənginliyi və bu zənginlikdən istifadə edilərək yarana biləcək müasir dünyanın bəlası halına çevrilmiş terror təhlükəsinə qarşı Çində ən üst səviyyədə təşkil olunmuş qabaqcıl təhlükəsizlik tədbirləri bu dövlətdə diplomatiya və xüsusən də hərbi, təhlükəsizlik sahəsində təhsil almağımçün əsas amildir. Düşünürəm ki, burada diplomatiya ixtisasına yiyələnərək hərbi və təhlükəsizlik sferasında ölkəmizi beynəlxalq aləmdəki hücum və təhlükələrdən qorumaq sahəsində bir qalxan olacağıma əminəm. Son zamanlar cəbhə zonasında baş verənlər Azərbaycanın onun ordusundan və təhlükəsizlik sistemindən yaxşı, sadiq dostu olmadığının əyani sübutudur. Çinin bu sahədə öz üslubu ilə praktikası ölkəmizdə tətbiq edə biləcəyimiz seçilən nümunədir.

-Çinlilər, bilirik ki, əməksevərdirlər. Bəs onlarda təhsilə maraq necədir?

-Xalq olaraq həm əməksevər, həm də tənbəl olduqlarını düşünürəm. Tarixinə baxsaq “zərurət ixtiranın anasıdır” misalının bariz nümunələrini sadalamaq olar. Kompas, çap sənəti, ipək və təhsil sahəsində ilk imtahan sistemini məhz çinlilər kəşf etsə də, müasir Çin yalnız "sürətçıxarma" ilə məşğuldur. Ailə bağlarının möhkəm olması, müəllimə olan hörməti nisbətən assimilyasiyaya məruz qalmış müasir Çin gəncliyində də görmək olar. Hətta muzeylərin birində gördüyüm heykəllərdə “imperator, çinlilərin düşüncəsindəki tanrı obrazı və müəllim” eyni dərəcədə əks edilmişdi. Lakin əvvəlki illərə nəzərən ölkədə iqtisadi yüksəliş nəzərəçarpacaq sürətlə inkişaf edir. Bu da ucuz işçi qüvvəsinin çoxluğu nəticəsində ölkəyə xarici investisiyaların fonunda cərəyan edib. Sonuncu imperiya dönəmində xalqın böyük hissəsinin aclıq və səfalət içərisində olmasından əməksevərlik ön planda dursa da, sürətlə inkişaf edən dövlətin müasir gəncliyi babaları kimi çalışqan deyillər. Çin dilinin mürəkkəbliyi məktəbəqədər müəssisələrdə təhsilin təşkilini daha ciddi edib. Bağçalar və məktəblərdə şagirdlərə vətən sevgisi, bayrağa hörmət və ciddi nizam-intizam qaydaları kimi fundamental dəyərlər aşılanır. Bağça önündən keçərkən körpələrin bayrağı nizamla və hörmətlə necə dirəkdən asdıqlarını gördüyümdən təhsilin də normal səviyyədə olduğu qənaətindəyəm.

-Çində təhsil alan gənclərimizin həmrəyliyi hansı səviyyədədir?

-Çində azərbaycanlı tələbələrin sayı digər xarici tələbələr qədər olmasa da az deyil. Təhsil səviyyəsinə görə Asiyanın nüfuzlu universitetlərinin sırasında yer alan Çin dövlət universitetlərində tələbə dostlarımız kifayət qədərdir. Mən hal-hazırda Wuhan şəhərindəyəm və buradakı universitetlərdə nəinki təhsil alan, hətta yeganə azərbaycanlı olaraq yeddi nəfərik. Digər ali təhsil ocaqlarında təhsil alan gənc dostlarımızla əlaqələr geniş olmasa da, oxuduqları şəhərdəki həmyerlilərimizlə münasibətlərinin yaxşı olduğundan əminəm. Ümumiyyətlə, həmrəy olmağımız üçün bizi birləşdirən vətən, dövlət, milli kimlik kimi dəyərlərdə həmfikir olmağımız şərtdir. Lakin bəzi anlarda mənim tanıdığım tələbə dostlarımız fundamental dəyərlərdə fikir ayrılığında olaraq “xalqların yalançı qardaşlığı, uydurulma humanizmkimi köklü dəyərlərimizə zərbə olan qondarma fikirlərə düşürlər. Bu da, təbii ki, həmrəy olmağımızda müəyyən məqamlarda maneə törədir.

 

Fuad Hüseynzadə

 

Palitra.-2016.-27 aprel.-S.11.