Gənc heykəltəraş Toğrul Ağayevin sənət dünyası

 

Azərbaycan təsviri sənətinin özünəməxsusluğu ilə seçilən və bədii həllinə görə olduqca maraqlı növlərindən sayılan heykəltəraşlıq sənəti formalaşdığı gündən öz aktuallığını qorumaqdadır. Bu sahədə fəaliyyət göstərən görkəmli tişə ustalarımızın yüksək bədii-plastik keyfiyyətlərini uğurla davam etdirən istedadlı gənclərdən biriToğrul Ağayevdir.

31 dekabr 1991-ci ildə Sumqayıt şəhərində dünyaya göz açan Toğrul, kiçik yaşlarından bu sənətə maraq göstərib. Hələ məktəb illərində qrafik, rəngkar, sonda isə heykəltəraş olmağa qərar verən Toğrul 2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənət” fakültəsinin “Heykəltəraşlıq” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin fakültənin eyniadlı ixtisası üzrə magistr pilləsinə qəbul olaraq təhsilini davam etdirir. O, bu sənətə gəlişini ətraf mühitə olan marağı ilə əlaqələndirir. Təsviri sənətin bir neçə qolu ilə məşğul olaraq bir çox sənət nümunələri yaradan Toğrul həyatı boyunca öyrənərək rəssam olmaq arzusundadır. Heykəltəraşın fikrinə əsasən “Yaxşı sənətkar olmaq üçün yaxşı tələbə olmaq lazımdır”. Buna görə də təhsil aldığı müddət ərzində kurs işlərini layiqincə yerinə yetirməyə çalışmış, müəllimlərinin yaradıcılığından yararlanmışdır. O, təhsil illərində xalq rəssamı, akademik Ömər Eldarovun fərdi yaradıcılıq emalatxanasında heykəltəraşlıq sənətinin incəliklərini dərindən mənimsəmiş, eləcə də Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərən Xalq rəssamı Natiq Əliyev, Əməkdar incəsənət xadimi Akif Əsgərov, Əməkdar rəssam Arif Qazıyev, Əməkdar rəssam Zeynalabdin İsgəndərov və Sevil Süleymanova kimi tanınmış tişə ustalarından dərs almışdır.

2012-ci ildə Rusiyada “Beynəlxalq Təsviri-sənət Akademiyası” - Burqanov mərkəzində keçirilən “Heykəltəraşlıq üzrə beynəlxalq simpoziumda Toğrul Ağayevin iki heykəl, bir rəsm olmaqla üç işi nümayiş olunmuşdur. Estetikideya baxımından diqqəti cəlb edən “Müasirliyin tarixi” əsərində Azərbaycan tarixi göz önünə gətirilmişdir. Qobustan qayaları püskürən vulkan formasında və Azərbaycanın milli geyimli gəncini də lavaların üzərində işləyərək ortaya çox gözəl bir əsər meydana gətirmiş Toğrul Ağayev digər iştirakçılardan fərqlənmiş və Azərbaycan incəsənətini layiqincə nümayiş etdirmişdi.

T.Ağayevin Bakıda təşkil olunmuş bir çox sərgilərdə, müsabiqələrdə fəal iştirak edərək uğurlar əldə etdiyini, 40-a yaxın fəxri fərman və diplomlarla mükafatlandırıldığını vurğulamalıyıq. “Bizim Xəzər” adlı müsabiqədə və “Qlobal istiləşmə” mövzusunda keçirilən sərgidə Respublika birincisi olmuşdur. İncəsənətlə yanaşı, elmə də böyük həvəs göstərən Toğrul, intellektual yarışmalarda da iştirak etmişdir.

Bir azərbaycanlı kimi yaratdığı sənət nümunələrində daha çox fəlsəfi və milli mövzulara yer verən gənc heykəltəraşın bakalavr diplom rəhbəri professor Akif Əsgərov, diplom işi isə Azərbaycanın ilk polis Milli Qəhrəmanı “Səfərov Sərdar”dır. Əsərdə Sərdar Səfərov ayaq basdığı torpağı müdafiə edərək hücuma atılır. Həqiqətən də, əsərə baxanda eynilə bu cümləni oxumaq olur.

Yaradıcılığında Azərbaycanın qədim mədəniyyətinin təsviri, tariximizə maraqlı yönlərdən baxışı ilə onun doğma yurda olan sevgisinin şahidi oluruq. Toğrul Ağayevin heykəltəraşlıqla yanaşı, rəngkarlıq sahəsində də uğurlu kompozisiyaları var. Milli ideologiyaya əsaslanan ən maraqlı rəngkarlıq işlərindən biriİtirilmiş incilər” əsəridir (2010). Bu tabloda Azərbaycan parçalanmış bir nar, Bakının əvəzolunmaz abidəsi olan “Qız Qalası” isə narın tacı kimi təsvir olunmuşdur. Həmçinin parçalanmış narın dənələrinin hər biri Azərbaycan şəhərlərini simvolizə edir. Nar dənələrinin bir neçəsi qiymətli daş formasında çəkilərək Azərbaycan şəhərlərinin qiymətini göstərir. Bu əsərin həm estetik görünüşü, həm də düşünülmüş ideyası sənətsevərlərin diqqətini çəkir.

Muğamtablosu (2008) öz ideyasına görə milliliyin təkrarolunmaz gözəlliyinin bədii ifadəsinə həsr edilmiş ən uğurlu rəngkarlıq nümunələrindən sayılır. Vətən torpağında Qobustan qayalarına dayanan tar, kaman, qaval təsvirinin öz gücünü bu qayalardan aldığı fikri müəllifin bir daha yaradıcılığında milli mövzulara qiymət verdiyini göstərir. O, əsərlərində müxtəlif materiallardan, həmçinin qarışıq texnikadan istifadə edərək əsərlərinin fikrinin güclü olmasına əhəmiyyət verir. İnsan anatomiyasını ən gözəl quruluş adlandıraraq, əsərlərində insanın ən gözəl tərəflərini verməyə çalışır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərən Arif Qazıyevin “Çılpaq fiqurun çəkilişi” (2015) adlı dərs vəsaitində Toğrul Ağayevin 6 işi illüstrasiya olaraq kitaba əlavə olunmuşdur.

Toğrul Ağayev hal-hazırda Rəssamlıq Akademiyasının II kurs magistr tələbəsidir. Heykəltəraşın təhsil illərindəki yaradıcılıq axtarışlarının uğurlu nəticəsi kimi “Bakı xanı Hüseynqulu xan” adlı diplom işi yenə də öz milliliyi və əsərdə çətin kompozisiya seçimi olan atın işlənməsi ilə xüsusi diqqətəlayiqdir. Diplom rəhbəri Xalq rəssamı Natiq Əliyevdir. Hüseynqulu xan bu əsərdə statik daxili dinamikliyi ilə seçilərək şaxə qalxmış at belində təsvir olunmuşdur. Hazırda üzərində işlənilən diplom işi tarixi, milliliyi özündə əks etdirir. Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ilk iki fiqurlu kurs işi Toğrul tərəfindən yaradılıb. Təhsil almaqla yanaşı, həmçinin tədris ustası olan gənc sənətkar müəllimlərinin də diqqətini cəlb edərək istedadlı tələbə olaraq tanınmışdır. Toğrulun yaradıcılığın əsas məqsədi daima öyrənmək və insanları maarifləndirməkdir.

Ümid edirik ki, daima öz üzərində çalışan gənc heykəltəraşın yaxın gələcəkdə maraqlı kompozisiyaları ilə tanış ola biləcəyik.

 

Asiya Osmanova

ADRA-nın Sənətşünaslıq

fakültəsinin II kurs tələbəsi, sənətşünas

palitra.-2016.-30 aprel.-S.15.