Azərbaycana gələn

turistlərin sayı artmaqdadır

 

Hazırda turizm sektorundan faydalanmağa çalışan bir çox ölkələr bu istiqamətdə müxtəlif addımlar atırlar. Bu baxımdan turistlərin cəlbi məqsədilə yeni-yeni layihələr həyata keçirirlər. Turizmin inkişaf etdiyi ölkələrdən olan Türkiyə bu sahədə yeni bir mərhələyə başlayıb. Mədəniyyət və turizm naziri Nabi Avcı, Türkiyə turizminin inkişafı ilə bağlı yeni addımların atılmasının vacibliyini bildirib və qeyd edib ki, Ərəb Turizm Təşkilatının başçısı Dr. Bandar Fahat Al Fehaidlə İstanbulda görüşüb. Onlar ərəblərin tətillərini Türkiyədə keçirməsi üçün qarşılıqlı nə etmək lazım olduğunu danışıblar. Nazir bildirib ki, qısa müddətdə sıx şəkildə ərəb turist axını gözləyirlər. Qısa zamanda Türkiyə turizminin rus monopoliyasından xilas olacağını da vurğulayan Avcı qeyd edib ki, "Niyə yalnız rus turistlərə məhkum olaq, hədəfimiz olan bazarlar üçün potensialımızı istifadə etməmişik. Çin, Yaponiya, ABŞ və Latın Amerikasında da təqdimatı davam etdirəcəyik”. Türkiyənin yalnız yaz turizmi ilə tanındığını və potensialını tam istifadə etmədiyini deyən nazir, "Yeni dövrdə mədəniyyət, səhiyyə, təhsil, yemək-içmək və qış turizmini də təşviq edəcəyik. Bununla Türkiyəni 4 mövsüm turizm cənnəti halına gətirəcəyik" deyib.

 

Üstünlük ilk növbədə Rusiya

vətəndaşlarının payına düşür

Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu tendensiya özünü 2016-cı ilin ilk 6 ayında göstərib. Şübhəsiz ki, bu statistikaya Azərbaycanda ilk dəfə keçirilən dünyanın ən məşhur yarışlarından sayılan “Formula-1” üzrə Avropa Qran-prisi də təsir göstərib. Qədim tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti və qonaqpərvərliyi ilə seçilən Azərbaycan son illər turistlərin üz tutduğu məkanlardan birinə çevrilib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin apardığı təhlillərə görə, son 6 ay ərzində Rusiya, Avropa, ərəb ölkələrindən, İran və MDB-dən gələn əcnəbi qonaqların sayı artmaqdadır. Bu ilin may ayında ölkəmizə səfər edən turistlərin sayı ötən illə müqayisədə 30 dəfə artıb. Cari ilin 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 972 min nəfər təşkil edib. Bu rəqəmin içində üstünlük ilk növbədə Rusiya vətəndaşlarının, daha sonra İran, Türkiyə və ərəb ölkələrinin payına düşür.

Şübhəsiz ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu rəqəmlərə müsbət təsirini göstərib. Ötən il tarixdə ilk dəfə təşkil edilən Birinci Avropa Oyunları və bu il keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi ölkəmizə daha çox turistlərin cəlb olunmasında mühüm rola malikdir. “Formula -1” yarışının tamaşaçı auditoriyası bütün qitələri əhatə edib. Bakı Avropa Qran-prisi 187 ölkədə izlənilib. Yarışı dünyanın 50-dən artıq televiziya kanalı yayımlayıb. Yarım milyarddan çox insan bu yarışların həyəcanını yaşayıb. Bu isə bir o qədər tamaşaçının Azərbaycan paytaxtının gözəlliyi və möhtəşəmliyini görməyə imkan yaradıb. Digər beynəlxalq nüfuzlu tədbirlər kimi “Formula-1” üzrə Avropa Qran-prisi də ölkəmizə turist axınının sürətlənməsinə, əcnəbi vətəndaşlar tərəfindən daha yaxından tanınmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına müsbət təsirini göstərib.

 

Şamaxının tarixi abidələri

turistləri daha çox cəlb edir

Füsunkar təbiəti olan Şamaxının antik və orta əsr tarixi abidələri son vaxtlar nəinki yerli, xarici turistləri belə özünə daha çox cəlb edir. Şamaxıda antik və orta əsrə aid 60-a yaxın tarixi abidə var. Gülüstan və Buğurd (Bəyqurd) qalaları, Şirvanşahlar sarayının qalıqları, Cümə məscidi, Yeddi günbəz kompleksi kimi tarixi abidələr turistləri daha çox maraqlandırır. Təsadüfi deyil ki, son illərdə Şamaxıya gələn turistlərin sayı durmadan artır. Təkcə cari ilin ötən yeddi ayında rayona 58 mindən çox turist gəlib. Bu, ötən ilin müvafiq dövründəkindən 10 faiz çoxdur. Turistlərin 12 min 582 nəfəri xarici ölkələrin, o cümlədən Yaponiya, Rusiya, İngiltərə, Türkiyə, İsrail, Fransa və İranın vətəndaşlarıdır.

 

Xaçmazda turist qəbul edən qonaq evi

sahibləri təlimlərə cəlb olunublar

 

Xaçmazın kəndlərdəki qonaq evi sahibləri turistlərin qəbulu forması, onlara xidmətlərin təqdimatı, bələdçilik, nəqliyyat və digər xidmətlərin göstərilməsi keyfiyyətinin yüksəldilməsi məqsədilə iki günlük təlimlərə cəlb olunublar.

Təlimlər “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Kiçik sahibkarlığın inkişafı məqsədilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitin çapı” layihəsi çərçivəsində keçirilir. Kiçik sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən layihə üçün əvvəlcə rayonun istirahət zonalarında qonaq evlərinin sahibləri ilə görüşlər keçirilib, təlimlərə seçim aparılıb.

Nabran istirahət zonasında keçirilən təlimlərdə kənd turizminin rayon iqtisadiyyatına təsiri, Xaçmazın turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib.

Təlim zamanı qonaq evlərində qəbul qaydaları, nümunəvi xidmətin göstərilməsi yolları, turist marşrutlarının tərtibi qaydalarına aid tapşırıqlar həll edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Layihə çərçivəsində keçirilən təlimlər Xaçmaz və İsmayıllı rayonlarını əhatə edir.

 

İsmayıllıda

üçulduzlu otel tikilir

 

İsmayıllıda üçulduzlu otelin inşasına başlanılıb. Beş mərtəbədən ibarət olacaq otel şəhərin Heydər Əliyev prospektində 1336 kvadratmetr ərazidə inşa edilir. Burada 43 nömrə olacaq. Oteldə 30-dan çox yerli sakin işləyə biləcək. Obyektin inşasına 3,5 milyon manat investisiya qoyulacaq.

 

Nigar Abdulayeva

 

Palitra.- 2016.- 5 avqust.- S.6.