“İKT-nin çoxsaylı istiqamətlərindən biri məhz

təbliğat işlərinin həyata keçirilməsidir”

 

“Sosial şəbəkələr xüsusi olaraq, biz, gənclərin həyata keçirtdiyi fərqli tədbir və ya konfransların, layihələrin ictimaiyyət arasında tanınması, təşviq edilib, üzə çıxması, bir növ cəmiyyət üzvləri arasında son dərəcə marağa səbəb olması baxımından mühüm bir vasitədir”

 

Hər bir ölkənin informasiya məkanı və informasiya mühiti, informasiya ehtiyatları və texnologiyaları cəmiyyətin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının  səviyyəsini və dinamikasını müəyyənləşdirir. Cəmiyyət həyatının informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir tələbləri çərçivəsində inkişafı, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və şəffaflığının artırılması, yeni-yeni milli informasiya ehtiyatlarının yaradılması və təhlükəsizliyinin təmin edilməsi, müasir elmi biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, qlobal informasiya fəzasında inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya cəmiyyətinə keçidi təmin edəcək fəaliyyətin tərkib hissələridir. Müasir texnologiyaların, internetin Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının beynəlxalq aləmdə təbliği, ölkəmizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, dünya azərbaycanlılarının həmrəyliyi ideyalarının yayılmasında rolu böyükdür. İctimai fikrə təsir imkanları baxımından televiziya və radio ilə yanaşı, müasir dövrdə elektron kütləvi informasiya vasitələri xüsusi çəkiyə malikdir. Azərbaycan da demokratik ölkə kimi vətəndaşlarına sərbəst şəkildə informasiya kommunikasiya texnologiyalarından istifadə etməsi üçün bütün imkanları yaradıb. Hazırda hər bir azərbaycanlı İKT-dən maneəsiz istifadə etməklə internet üzərindən informasiya alır, lazım olan məlumatları toplayır, onları məhdudiyyətsiz paylaşır, eyni zamanda informasiya portallarına azad şəkildə şərhlərini yaza bilir. Son illərdə informasiya və kommunikasiya texnologiyalarında inqilabi sıçrayışlar internet məkanında istifadəçilərin sayının sürətlə artmasına gətirib çıxarıb. Bu tendensiya, eyni zamanda internetin əhəmiyyətinin insanlar arasında artmasına gətirib çıxarıb. Belə texnologiyalardan ən sürətlə genişlənəni isə sosial şəbəkələrdir. Dünyanın ən müxtəlif yerlərindən ən fərqli insanların bir-biriləri ilə bu şəbəkələr vasitəsilə ünsiyyət qurmaları dünyada sürətlə və geniş yayılmaqdadır. Ölkəmizdə əhali, o cümlədən gənclər müxtəlif sosial şəbəkələrdən istifadə edir.

Layihə çərçivəsində müsahibimiz YAP Sabunçu RT-nin İdarə heyətinin üzvü, Murad Cənnətovdur:

- Yüksək texnologiyalar əsri adlandırılan ÕÕI əsrdə istər ölkələrin iqtisadiyyatının, istərsə də infrastruktur səviyyəsinin yüksək səviyyədə ölçülməsi üçün informasiya kommunikasiya texnologiyalarının (İKT) xüsusi yeri və eyni zamanda bu işin ictimailəşdirilməsində isə sosial şəbəkələrin önəmli rolu var. Son zamanlar Azərbaycan dövlətinin hərtərəfli inkişafında misilsiz xidmətləri ilə seçilən İKT özünün hazırda ən yüksək reytinqinə yiyələnməkdədir. Hələ keçən əsrin sonunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edildi və telekommunikasiya sahəsinin təşəkkülü üçün əlverişli şərait yaradıldı. 2003-cü ildə qəbul edilən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” İKT imkanlarının daha da artırılmasına zəmin yaratdı. Son illər ərzində Prezident İlham Əliyev İKT sektorunun inkişafına olduqca böyük töhfələr verib, dinamik inkişafın həyata keçirilməsi üçün yollar açıb.

- İKT-nin istiqamətlərindən faydalanmaqla təbliğatın aparılmasını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, İKT informasiya kommunikasiya texnologiyaları ifadəsinin qısa yazılışıdır. İKT dedikdə, ilk öncə informasiyanın əldə olunması, saxlanılması, təkrar istifadəsi və həmçinin, qorunması ilə bağlı geniş fikirlər insan düşüncəsinə gəlir. Bu ifadəyə qısaca olaraq İT-də (informasiya texnologiyaları) deyilir. Sözügedən sahədə çoxlu sayda istiqamətlər var. Bu istiqamətlərin də hər birinin özünəməxsus cəhətləri, müxtəlif çətinlikləri və yüksək şəkildə potensialları var.

İKT-nin çoxsaylı istiqamətlərinin ən vacibindən biri məhz təbliğat işlərinin həyata keçirilməsidir. Zamanın tələbinə uyğun olaraq bu gün İKT-nin bu istiqamətdə rolu, sözün əsl mənasında, əvəzolunmazdır. İstər təhsil, istərsə də səhiyyə, iqtisadiyyat, siyasət, ümumilikdə, bütün sahələrdə, eyni zamanda müxtəlif məqalələrin, fikir və düşüncələrin ictimailəşdirilməsində, təbliğat və ya təşviqat kompaniyalarında İKT-nin rolu və önəmi çoxdur. Adicə bir sadə məsələnin müzakirə edilib, ictimaiyyət arasında yayılması hazırkı zaman üçün çox qısa bir müddət hesabına başa gəlir. Bu bir daha İKT imkanlarının bol olduğunu özündə ifadə edir. Demək olar ki, dünya ölkələrində baş verən istənilən bir hadisə dərhal, hətta deyərdim ki, işıq sürəti ilə - məhz İKT imkanlarının sayəsində bütün bəşəriyyətə yayılır və müzakirə obyektinə çevrilir.

- Bu gün sosial şəbəkələr mühüm təbliğat vasitələrindən birinə çevrilib. Siz, gənclər, öz fəaliyyətinizdə sosial şəbəkələrdən necə yararlanırsınız?

- Məlumatların, fikir və düşüncələrin qısa zaman çərçivəsində yayılması cəmiyyətin sosial şəbəkələrdən geniş şəkildə istifadəsi ilə birbaşa əlaqədardır. İnternet əsri adlandırılan bu günümüzün tələbatlarından biri də məhz sürətli internet, mobil operator sistemləridir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hər hansı bir tədbir, konfrans, təlim və ya müəyyən bir iclasın təbliğatında sosial şəbəkələr mühüm rol oynayır. Sosial şəbəkələr xüsusi olaraq, biz gənclərin həyata keçirdiyi fərqli tədbir və ya konfransların, layihələrin ictimaiyyət arasında tanınması, təşviq edilib, üzə çıxması, bir növ cəmiyyət üzvləri arasında son dərəcə marağa səbəb olması baxımından mühüm bir vasitədir. Prezidentimizin biz, gənclərə yüksək şəkildə qayğı və diqqətinin nəticəsidir ki, bu gün ölkəmizdə müxtəlif sahələri özündə birləşdirən gənclər təşkilatları, onlarla ictimai birliklər, müxtəlif sayda cəmiyyətlər istedadlı gənclər tərəfindən təsis edilib və müxtəlif sektorlar üzrə öz fəaliyyətlərini davam etdirməkdədirlər. Sözügedən birlik, cəmiyyət, təşkilatlar və sairlərin günbəgün istənilən – sosial, iqtisadi, təhsil, səhiyyə və sair baxımından həyata keçirdikləri layihələrin, tədbirlərin, konfransların, forumların təbliğatı üçün sosial şəbəkələr çox önəm kəsb edir. Sosial şəbəkələrdə fəaliyyət göstərən xüsusi qruplarda həmin həyata keçirilmiş layihələrin işıqlandırılması çox asan bir yolla alınır. Təbii ki, bu da bir daha yaşadığımız əsrin internet əsri – İKT əsri olmasını sübut edir.

Ümumiyyətlə, sanki, yeni bir internet dünyası, yeni bir internet ölkəsi yaranıb və insanlar da bu ölkənin vətəndaşlarına çevrilib. Bu “vətəndaşlar” bir-birinə qarşı istənilən münasibəti göstərə bilərlər. Amma bu, real münasibətlərdən fərqli olaraq, bir qədər virtual münasibət sayılır.

Əgər illər əvvəl qəzetlər daha çox oxunardısa, bugünkü zamanda internet portalları, müxtəlif saytlar və ya sosial şəbəkələrdə dərc olunan, yazılan bütün informasiyalar oxunma sayına görə reytinqdə öndədir. Təbliğat işinin aparılmasında sosial şəbəkələr və İKT imkanları günümüzün reallığıdır. Xüsusən bu istiqamətdə biz gənclərin daha çox istifadə etməsi isə yetişməkdə olan gənclər ordusunun intellektli, dünyagörüşlü, internet imkanlarını daha tez qavramasını və tətbiq etməsini özündə təcəssüm etdirir.

- Sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı gənclərə nə tövsiyə edərdiniz?

- Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasının strateji əhəmiyyəti olduqca böyükdür. Qlobal informasiya məkanında daha geniş təmsil olunmaq, Azərbaycan haqqında obyektiv informasiyanın yayılma coğrafiyasının genişləndirilməsi sosial şəbəkələrdə strateji istiqamət kimi daim ön planda olmalıdır. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının dünya birliyində öz yerini tutması, ulu öndərin daxili və xarici siyasətinin müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin regionda şəksiz lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun daha da artması və mövqelərinin möhkəmlənməsi, habelə İKT imkanlarının maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi sayəsində dövlət səviyyəsində görülən ardıcıl tədbirlər respublikamızın İKT resurslarının və sosial şəbəkələrdən daimi istifadənin yaranması üçün həlledici rol oynayıb. Bir sözlə, Azərbaycanın yeni informasiya məkanında öz mövqeyinin möhkəmləndirilməsində, ölkəmizin üzləşdiyi problemlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələrin və İKT-nin olduqca mühüm yeri var.

 

Nigar Abdullayeva

 

Palitra.- 2016.- 9 avqust.- S.11.