“Diasporun hərtərəfli
inkişafı üçün akademik yanaşma mühüm əhəmiyyətə
malikdir”
Gənc
alim diasporla bağlı təkliflər verib
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı ilə müsahibəni təqdim edirik.
-Diasporun potensialından necə
istifadə etmək olar?
-Azərbaycanın
tarixi və mədəniyyəti kimi, diasporu da kifayət qədər
qədim və zəngindir. Dünyada təqribi
sayı 50 milyon nəfər olan azərbaycanlıların 10
milyondan çoxu hazırda etnik torpaqlarından kənarda
yaşayır. Planetin 5 qitəsində məskunlaşan
soydaşlarımızın sosial-mədəni və
iqtisadi-siyasi fəaliyyətləri yaşadıqları
ölkələr, oradakı şərait, mənəvi dəyərlər
kimi, müxtəlif meyarlarla sıx əlaqədardır.
Diaspor strateji faktor kimi yaşadığımız
dövrün vacib elementi hesab olunur. Diaspor ideoloji vasitə
olmaqla, hər bir xalqın və dövlətin xaricdə immunitet
və spesifıkliyinin, tanıdılması və təbliğatının,
nüfuzunun və mənafeyinin məcmusudur. Diaspor amilinin xalqlararası əlaqələrin
yaranmasında, dövlətlərarası münasibətlərin
inkişafında özünəməxsus yeri və rolu
vardır. Bəşəriyyətin təkamül
prosesi ölçüsüz və zamansızdır. Lakin bunu sürətləndirən səbəblər
və mövcud proseslər vardır ki, onların içərisində
inteqrasiya özünəməxsus rol oynayır. Məhz diaspor amili bu əlamətlər ilə təmas
təşkil etməklə həm milli vəhdəti, həm də
bəşəri təkamülü özündə əks
etdirir.
Məlumdur ki, diaspor amili müasir dünyada mühüm
əhəmiyyət kəsb etməklə, beynəlxalq aləmdə
xalq diplomatiyasının subyekti statusunu qazanıb. Hətta mütəxəssislər
diasporu müasir dünyanın ayrılmaz atributu hesab edirlər,
çünki diaspor dünyada gedən qlobal proseslər,
geosiyasi hadisələr fonunda baş verən dəyişikliklər
nəticəsində “siyasi alətə” çevrilərsə,
milli müxtəlifliyin qorunmasına, saxlanılmasına zərbə
vura bilər. Bu da bizi bir daha
düşündürməyə vadar edir və milli
maraqlarımızın qorunmasında həssas məsələ
hesab oluna biləcək diasporun potensialından düzgün
istifadə etməyin və istqamətləndirməyin
vacibliyini ön plana çəkir. Diaspor fəaliyyətində
başlıca məqsəd mənsub olduğu etnik
azlığın mədəniyyətini, dilini qoruyub saxlamaqdan
ibarət olmalıdır. Beynəlxalq səviyyədə
isə müxtəlif xalqların diasporları ilə “milli və
bəşəri dəyərlərin qorunması naminə birgə
fəaliyyət proqramları”nın
hazırlanması və tədbirlərin həyata
keçirilməsi məqsədəuyğundur. Əksər
tədqiqatçıların gəldiyi qənaətə
görə qloballaşan dünyada dövlətlərin xarici
siyasət və diplomatiya sahəsində qazandığı
nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də
onun xaricdə formalaşdırdığı diasporun potensial
imkanları ilə ölçülür.
Məhz müstəqillik illərində milli diasporumuzun
və diplomatiyamızın birgə səyinin nəticəsidir
ki, Azərbaycanın haqq işi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələləri ilə
bağlı uğurlar əldə olunub. Məsələn, İslam
Əməkdaşlıq Təşkilatında Xocalı
soyqırımı ilə bağlı qətnamənin qəbuluna,
Pakistan və Meksika Senatı, Kolumbiya, Çexiya, Bosniya və
Herseqovina, Peru və Honduras parlamentində Azərbaycanın
Xocalı şəhərində baş vermiş
soyqırımının rəsmən tanınmasına nail
olunub. Həmçinin ABŞ-ın 20-dən çox
ştatında Azərbaycan əhalisinin kütləvi qətlini
təsdiq edən “Xocalı soyqrımı”na və “31 mart-azərbaycanlıların
soyqrımı”na dair qətnamə qəbul edilib.
-Milli diasporun lobbiçilik fəaliyyətini
necə qiymətləndirirsiz?
-Son illər
diasporumuzun fəaliyyəti sosial-mədəni sferadan
çıxaraq ictimai-siyasi fəaliyyət müstəvisinə
keçib, bu da lobbiçiliyin təkamülü və
inkişafına əsas yaradıb. Bununla əlaqədar
bir neçə faktı sadalamaq kifayət edər.
Ölkəmizin dünyada geniş auditoriyaya malik nüfuzlu
“Avroviziya” mahnı müsabiqəsində qələbəsi,
respublikamızın 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi,
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumuna, Davos İqtisadi Forumuna, Birinci Cənubi Qafqaz Forumuna ev
sahibliyi etməsi, habelə 2015-ci ildə ilk Avropa
Oyunlarının Bakıda keçirilməsi həm dövlətimizin,
həm də müvəqqəti və daimi milli diasporumuzun və
lobbimizin uğuru hesab etmək olar.
Hazırda bu sahədə yeni mərhələyə
başlanılıb. Belə ki, xaricdə Azərbaycanın mədəniyyət
və ticarət evlərinin yaradılması, milli tariximizi əks
etdirən eksponatlardan ibarət sərgilərin keçirilməsi,
milli brend məhsullarının yarmarkalarının təşkili,
butiklərin açılması kimi tədbirlərin
reallaşdırılması ənənəsinin davam etdirilməsi
vacib xarakter daşıyır. Bu sahənin
inkişafı və zamanın
çağırışlarına cavab verməsi
üçün elmi potensialdan, kütləvi informasiya vasitələrindən
və müasir texnologiyanın imkanlarından yetərincə
yararlanmağımız vacib hesab edilə bilər. Nəzərə almalıyıq ki, diaspor
könüllü fəaliyyət olub, ictimai xarakter
daşıyır. Diasporu milli
maraqların, adət-ənənələrin qorunmasında
vasitə kimi görürüksə, onun hər hansı bir mərkəzi
adda birləşməsi o qədər də əhəmiyyət
kəsb etmir. Buna görə də milli
diaspor şüuruna malik şəxsin hər hansı bir mərkəzləşdirilmiş
təşkilatda birləşməsi vacib deyil. Əgər o kəsdə “diaspor şüuru” formalaşıbsa,
o, yaşadığı cəmiyyətə inteqrasiya olunubsa,
öz milli xüsusiyyətlərini, dilini qoruyub saxlayacaq və
gündəlik həyatında vətənini təmsil edəcəkdir.
Qeyd edək ki, diasporun hərtərəfli
inkişafı üçün akademik yanaşma mühüm əhəmiyyətə
malikdir. Xarici ölkələrin kütləvi informasiya vasitələrində
ölkəmizlə bağlı məlumatların yerləşdirilməsi
və ya təhsil ocaqlarında azərbaycanlı mütəxəssislərin
iştirakı ilə dərs saatlarının keçirilməsi
səmərə verə bilər.
-Azərbaycan diasporunun inkişaf və
təşkilatlanma prosesi qaneedicidirmi?
-Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsi, səbatlı
daxili və xarici siyasət, regional və beynəlxalq əməkdaşlıq
manevrləri, həyata keçirilən meqaiqtisadi layihələr
dövlətimizin beynəlxalq arenadakı müttəfiqlərinin
sayının artmasına imkan yaradıb. Belə
bir şəraitdə məntiqi olaraq diasporumuzun da inkişaf və
təşkilatlanma imkanları daha asan gerçəkləşməkdədir.
Dünyanın bir çox dövlətlərində
səfirlik və konsulluqların, əlaqələndirici təşkilatların
təsis olunması da milli diasporun inkişafına təkan verən
faktordur. Bu rəsmi dövlət nümayəndəliklərimizin
xarici ölkələrdə bilavasitə olaraq diaspor
quruculuğunu himayə etməyə cəlb edilməsi azərbaycanlı
diaspor cəmiyyətlərinin, milli icmaların yaranması
işini daha da sürətləndirib. Onu
demək kifayətdir ki, bu instansiyalar ölkələrarası
gediş-gəlişi asanlaşdırmaqla xalqlar və ölkələrarası
münasıbətlərin qurulmasına, adət-ənənələrlə
qarşılıqlı tanışlıq və transformasiyaya
öz töhfəsini verir. Digər
prizmadan yanaşıldıqda bu təmsilçiliklərin
siyasi əhəmiyyətini də aydın şəkildə
görə bilərik. Danılmazdır ki,
bu təsisatlar hüquqi baxımdan
soydaşlarımızın müdafiə olunmasını və
himayəsini təmin edir, hərtərəfli əməkdaşlıqlar
üçün yeni şərait yaradır.
Bu gün ölkə vətəndaşlarımızla
yanaşı, onun hüdudlarından kənarda yaşayan
soydaşlarımız tarixi Vətənimiz - Azərbaycanın
keçmişi, indisi, gələcəyi ilə bağlı
milli birlik və həmrəylik nümayiş etdirirlər. Dövlətimizin
səyi ilə əldə olunmuş bu böyük uğur Azərbaycanın
ulu əcdadlarımızdan, ata-babalarımızdan qalan dərin
və dəyərli irsimizi göz bəbəyi kimi qorumaq,
yaşatmaq və gələcək nəsillərə
ötürmək üçün ruh yüksəkliyi verir.
Nəticədə Azərbaycan geniş arealda, sərhədləri
aşaraq dünyanın beş qitəsində
nüfuzunu gündən-günə yüksəltməyə və
xaricdə yaşayan azərbaycanlıların hərtərəfli
qayğısına qala biləcək potensiala qadirdir. Hazırda görülən əməli işlərin
sayəsində Azərbaycan diasporu çiçəklənmə
dövrünü yaşayır. Buna görədir ki,
diaspor nümayəndələrimiz məskunlaşdıqları
və yurd saldıqları donor ölkələrdə rahatca
genişmiqyaslı tədbirlərin təşkil olunmasına,
Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə,
elmi-praktik konfranslar, simpoziumlar, forumlar, müxtəlif təyinatlı
sərgilərin təşkil edilməsinə, milli kinomuzun
nümayişinə, tanınmış şəxsiyyətlərimizin,
ədəbiyyat və incəsənət
adamlarımızın həyat və
yaradıcılıqlarından bəhs edən tədbirlərin
reallaşdırılmasına nail olmuşlar. Bu
ənənəvi tədbirlər
düşünülmüş plana uyğun olaraq intensiv
şəkildə dünyanın müxtəlif ölkələrində
davam etdirilir. O cümlədən lobbi institutları planlı
şəkildə öz səslərini qəbul etdirməyə,
milli məqsədlərimizə nail olmağa
çalışırlar. Bütün bu tədbirlər
Azərbaycan dövlətinin daimi dəstəyi ilə həyata
keçirilməkdədir. Beynəlxalq
münasibətlərin vacib elementinə, qloballaşmanın əhəmiyyətli
atributuna çevrilən, milli varlığı və bəşəri
vəhdəti özündə cəmləşdirən diaspor
müstəqil dövlətçilikdə daim prioritet istiqamətlərdən
sayılmalıdır.
-Ümumiyyətlə, indiki məqamda
diasporumuzun strategiyası necə qurulmalıdır?
-Etnik-milli məzmun daşıyan diaspor çox mürəkkəb təyinata malikdir. Bu fəaliyyət düzgün yönəldilməzsə, maraqlı qüvvələr ondan öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edə bilərlər. Ona görə də bu sahədə strategiya düzgün qurulmalıdır ki, bundan siyasi məqsədlər üçün yox, xalqlararası dostluğun yaranmasında vasitə, sosial yaxınlaşma, doğmalaşma faktoru kimi istifadə edilsin.
Bütün bunlar milli inkişafla bərabər, xalqlararası münasibətlərin, dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə, bəşəri sülhün qorunmasına, əmin-amanlığın yaranmasına və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verə bilər.
Bununla bərabər,
informasiyanın idarəedilməsi, fəaliyyətin qiymətləndirilməsi
və monitorinq keçirilməsi üzrə konsepsiyanın
hazırlanması, diasporla bağlı məlumatların, təbliğat
və təşviqat materiallarının əsaslı,
düzgün-dolğun olması üçün vahid
informasiya bankının yaradılması və bu bank vasitəsilə
süzgəcdən keçilməklə yayılması
lazımdır. Eyni zamanda qeyri-hökumət təşkilatları
ilə əlaqələrin genişləndirilməsi və bu
istiqamətdə yeni qurumların təsis edilməsi, Bakı
şəhərində dünya azərbaycanlıları evinin
və muzeyinin yaradılması, diaspor nümayəndələrinin
Azərbaycan biznes mühitinə təşviq edilməsi
üçün müvafiq layihələrin
reallaşdırılmasına ehtiyac var.
Fuad Hüseynzadə
Palitra.-2016.-10 avqust.-S.7.