“Diasporumuzun
virtuallaşmasına ehtiyac var”
Namiq Qurbanov: “Diasporumuz öncə
real, sonra virtual aləmdə bir olmalıdır”
Müsahibimiz Namiq Qurbanov 2010-cu ildən Rusiyada yaşayır. İnformasiya kommunikasiya texnologiyaları üzrə kurs və seminarlarda iştirak edib, diplom və sertifikatlara layiq görülüb. Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun üzvü və fəalıdır. Sosial şəbəkələrdə aktiv şəkildə Azərbaycanın təbliğatını aparır. Qeyd edək ki, N.Qurbanov 1981-ci ildə Gəncədə dünyaya gəlib. O, məşhur qarmon ifaçısı Əli Qurbanovun oğludur. Hazırda Namiq müəllimin oğlu Əli Qurbanov həm babasının adını daşıyır, həm də musiqiyə çox böyük həvəsi var.
-Diaspor
işində və təbliğatda informasiya
kommunikasiya texnologiyalarının (İKT)
hansı rolu var?
-Müasir dövrdə İKT cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. İstəsək də, istəməsək də bunsuz yaşamaq mümkün deyil. Eyni zamanda ictimai-siyasi fəaliyyətdə də İKT-dən istifadə işin həm sürətli, həm də effektli olması üçün vacib şərtdir. Artıq ideoloji baxımdan belə, İKT-dən istifadə gərəkli hesab olunur. Çünki İKT-dən düzgün istifadə insanın öz hədəflərinə daha tez çatması üçün ən əlverişli vasitədir. Diaspor işində də strateji hədəflər müəyyən olunub. Bu hədəflərə doğru biz əsasən İKT vasitəsi ilə irəliləməliyik. Virtual təbliğat vasitələri ilə Azərbaycan gerçəkliklərini ortaya qoymalıyıq. Artıq təbliğatda köhnə metodlarla istənilən nəticəni əldə etmək olmur. İndi informasiya dövrüdür. Hegemon dövlətlər informasiyanın özündən belə, silah kimi istifadə edirlər. Elə buna görə də "informasiya müharibəsi" ifadəsi meydana gəlib. Dünya dövlətləri müasir dövrdə rəqiblərinə, əsasən, informasiya müharibəsində qələbə çalmağa çalışırlar. Azərbaycan da istəsə də, istəməsə də informasiya müharibəsinə cəlb olunur. Hətta Azərbaycanı sevməyənlər ölkəmizə qarşı qara kampaniya aparırlar. Bunların qarşısına virtual güc qoyulmalıdır. Bunun üçün biz də bu meydanda əliboş dayanmamalıyıq. Biz istənilən informasiyanın beynəlxalq aləmə yayılmasında maksimum İKT-dən yararlanmaqla aktivlik göstərməliyik. Əslində, bunun üçün əldə bütün imkanlar var. 50 milyondan çox soydaşımız diaspor olaraq dünyanın 5 qitəsində yayılıb. Koordinasiyalı iş prinsipi qurulduqdan sonra biz Azərbaycan həqiqətlərini və ya istənilən informasiyanı İKT vasitəsilə beynəlxalq gündəmə çıxara bilərik.
-Ümumiyyətlə,
hazırda diasporumuzun təbliğat metodu nə dərəcədə effektlidir?
-Əslində, diasporumuzun az-çox təbliğatı var.
Lakin burada bir çox hallarda ünvan yanlış seçilir. Yəni diasporumuz
öz xəbərlərini
yaşadıqları ölkələrdə
deyil, Azərbaycan saytlarında daha çox yayırlar. Bu isə diaspor
işi deyil, özünütəbliğatdır. Belə anlaşılır
ki, diaspor üzvləri Azərbaycan
təbliğatından çox
öz təbliğatlarını,
daha doğrusu, Azərbaycan adına
öz təbliğatlarını
aparırlar. Yaxşı olardı ki,
diasporumuz yaşadıqları
ölkələrin saytlarında
yazılar çap etdirsinlər və ya yerli əhalinin
marağını doğuracaq
tədbir keçirsinlər
və sonra bunu Azərbaycan saytlarında PR etsinlər.
Ümumiyyətlə, İKT-dən istifadə
edib diaspor sahəsində daha böyük işlər görmək olar. Bunun üçün də orijinal İKT ideyalarına
ehtiyac var.
-Diasporumuz
İKT-nin imkanlarından lazımi
qədər yararlanırmı?
-Bu gün istənilən diaspor üzvünün
İKT-yə çıxış
imkanı var. Lakin, bəzən müasir
İKT vasitələrindən köhnə düşüncə
ilə istifadə olunmasının şahidi
oluruq. Yəni virtuallıq şəbəkələşməyi
tələb edir.
Amma bir çoxlarının isə virtual aləmdə
fərdiləşməyə meyilliliyi müşahidə
olunur. Yəni öncə real həyatda
həmrəy olmalı,
şəxsi mənafe
kənara qoyulmalıdır.
Bunlar olmasa diasporumuz daha tez virtuallaşa
bilər. Virtual həyatın da özünəməxsus qanunları
var. Köhnə fikirli
insanlar burada özlərinə nə qədər istəsələr
də, yer tapa bilmirlər. Ona görə də diasporumuz öncə real, sonra virtual aləmdə bir olmalıdır. Bu çox vacib
amildir. Ümumi desək, bu
gün diasporumuzun virtuallaşmasına ehtiyac
var.
-Sosial şəbəkələrin diasporun
işinə nə kimi köməkliyi var?
-Bu gün sosial şəbəkələr ən
güclü və interaktiv təbliğat vasitəsidir. Lakin diasporumuz sosial
şəbəkələrdən lazımi qədər yararlanmır. Əvvəla, əksəriyyət sosial şəbəkələrdə öz təbliğatına
üstünlük verir.
Azərbaycanın əleyhinə
xaricdə yayımlanan
xəbərlərə qarşı
paylaşımlar çox
az olur. Ermənilər ölkəmizə qara yaxmaq üçün
sosial şəbəkələrdə
saxta və təxribatçı profillər
yaradıblar. Bunlara qarşı
kütləvi şikayətlər
edib bağlatdırmaq
olar. Amma bu baxımdan
diasporumuz tərəfindən
istənilən addım
atılmır. Bunun da səbəbi odur ki, çoxları sosial şəbəkələrdən
özü üçün
istifadə edir. Yalnız özlərinə aid xəbərləri
paylaşıb bir növ tanıtım edirlər.
Digər
baxımdan da istər Azərbaycandakı,
istərsə xaricdəki
soydaşları
mız əsasən
"Facebook"da aktivdirlər.
Hansı ki, dünyada hər yaşdan olan insanların fikirlərini bölüşdüyü və
əlaqələr qurmaq
üçün önəmli
vasitəyə çevrilən
başqa sosial şəbəkələr də
az deyil.
"V Kontakte",
"Odnoklasniki", "Twitter" və s. kimi sosial şəbəkələrdə
ciddi ictimai-siyasi müzakirələr aparılır,
hətta yeri gələndə bunlar vasitəsilə hər hansı dövlətin daxili və xarici siyasətinə təsir edilir.
Düzdür, burada müsbət hal kimi "V Kontakte"də fəaliyyət
göstərən "Azərbaycan
online" qrupunu qeyd etmək olar. Bu yaxınlarda oxudum ki, həmin qrup 100.000 izləyici sayına sahib olub. Rusiya, Azərbaycan və MDB məkanında diaspor nümayəndələri,
gənclər və bütün yaşlardan olan vətəndaşların
öz fikirlərini ifadə etmək üçün misilsiz imkanlara malik olduğu bir vaxtda, "Azərbaycan
online" qrupu Rusiya və Azərbaycanda yeni media layihələrinin,
diaspor tədbirlərinin,
humanitar kampaniyaların
güclü dəstəkçisi
və tərəfdarı
olub. Bu fəaliyyətlərinə
görə qrup idarəçiləri Orxan
Məcidov, Elvira Cəfərova,
İlknur Vəliyev, Həsən Babayev, Səkinə Əhmədova,
Salman Zeynalzadə, Aynurə Ələsgərliyə
təşəkkürümü bildirirəm və gələcək fəaliyyətlərində
uğurlar arzu edirəm.
Lakin diaspora xidmət edən belə aktiv qruplar yetərincə deyil. Hər halda, aidiyyəti
qurumlar tərəfindən
müxtəlif sosial şəbəkələrdə xüsusi təbliğat qrupları yaradılmalıdır.
Bu qruplarda diaspordan
vebbirqadalar yaradılmalıdır.
Bütün bunlarda ya sosial şəbəkələr,
ya da qruplar
üzrə koordinasiya
edilməlidir.
-Azərbaycanın
İKT gerçəkliyi xaricdən necə görünür?
- Ümumiyyətlə, Azərbaycanın inkişafı xaricdən çox gözəl görünür. İKT baxımından isə ölkəmizin inkişafı müasir gerçəklikdir. Kənardan bu inkişaf daha aydın görünür. Diqqətçəkən məqam odur ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda İKT-yə keçid prosesi çox sürətlə baş verdi. Ötən əsrin sonlarından başlayaraq bu istiqamətdə ilk olaraq informasiya cəmiyyətinin yaranması üçün addımlar atıldı. Həmin zamanlarda bir çox mütəxəssislərdə informasiya cəmiyyətinə keçid məsələsi ilə bağlı narahatçılıq var idi. Amma Azərbaycanda bu proses gözlənildiyindən daha tez oldu. Artıq Azərbaycanda İKT-dən bəzən ifrat istifadə halları müşahidə olunur. Ümumi baxanda isə cəmiyyət artıq İKT-ləşib. Xatırlayıram, mən özüm 2010-cu ildə Gəncədə 6 ay Odlar Yurdu İctimai Birliyinin kompüter kurslarına getmişəm. İndiki uşaqların və ya yeniyetmələrin əksəriyyətinə belə kurslara getməyə, yəqin ki, ehtiyac yoxdur. Çünki indiki uşaqlar "neokid"dirlər. Yəni elə dünyaya sanki İKT bilgili gəlirlər.
-Moskvada
Azərbaycanın adət-ənənələrinin
unudulmaması üçün tədbirlər
keçirirsizmi?
-Moskvada soydaşdarımızın milli həmrəyliyi çox yüksək səviyyədədir. Azərbaycanın bayram və anım günlərini Moskvada yüksək səviyyədə qeyd edirik, adət-ənənələrimizi yaşadırıq. Səfir Polad Bülbüloğlunun Azərbaycanın Rusiyada imicinin artmasında çox böyük rolu var.
Fuad Hüseynzadə
Palitra.-2016.-11 avqust.-S.11.